Səni sevənlər çoxdu, qov çıxıb gedim

Səni sevənlər çoxdu, qov çıxıb gedim
25 dekabr 2012
# 08:00

Nəsə deyəcəkdim sənə...

Nəsə deyəcəkdim sənə,
sevirəm, deməyəcəkdim,
bilirəm, deməyəcəkdim...
Nə deyəcəkdim?
Sənsiz ölürəm, deməyəcəkdim,
deyə bilmədim ki...
sənə deyəcəyim sözü sonuncu tikə tək uddum...
nəsə deyəcəkdim...

***

yanaşı üzürük mavi sularda,
sənə toxunmaq yasaq,
o zaman
nəyi gözəlmiş ki,
bu dənizin?!..

***

yollar kino lenti kimi əyani deyil,
amma
yaddaşın sıcaqlığı qədər deyil
yolların ömrü...
taleyi taleyimizə bənzəyən
bir şəhərdə
səni aramaq qədər
gözəl bir şey yox, dostum...

Hava proqnozu

Bu göylər gözünü boş yerə sıxmır,
Sənin də yanağın yaşdı, bilirəm.
Dost kimi halıma ürəyin yanır,
Sevgidə ürəyin daşdı, bilirəm.

Deyə bilmirəm ki, səni sevirəm,
Deyərsən, başına at təpib-nədi?!
Səni sevənlər də çoxdu, bilirəm,
Gecikmiş qonağam, qov çıxıb gedim...

Çoxdan xəbərdarsan mənim halımdan,
Yağış pəncərəmə çırpır özünü.
Bilirsən sevirəm, üzə vurmursan,
Bilirsən havamın proqnozunu.

Səsimdən bilirsən hansı kökdəyəm,
Telefonun zəngi uçunur sanki.
Mən “salam” yazanda sual verirsən:
- İçmisən? Susuram, belə olmaz ki...

Eyni havalara köklənirik biz,
Özümüz bilmirik nə sirdi belə.
Mən səni sevdikcə uzaqlaşırsan,
Sevgim də əsirdi-yesirdi belə.

Mən vağzala çatan qataram indi,
Düşürsən ömrümün pilləkənindən.
Bir də uzaq yola çıxa bilmərəm,
Sən yoxsan, azaram dumanda, çəndə.

Çoxdan xəbərdarsan mənim halımdan,
Yağış pəncərəmə çırpır özünü.
Bilirsən sevirəm, üzə vurmursan,
Bilirsən havamın proqnozunu...

# 2902 dəfə oxunub

Müəllifin son yazıları

# # #