İlk və son zəng

İlk və son zəng
15 sentyabr 2014
# 11:00

Orta məktəb də həyat kimidir...

Əvvəl sən zəng çalırsan, sonra sənə zəng çalırlar...


Yəni zənglə başlayır, zənglə də qurtarır...


Bizim birinci sinfimiz 10-cu siniflərin son zəngi ilə yadımızda qalmışdı... Biz son zənglərini səsləndirib onları kövrəltdik, onlarsa hədiyyə verib bizi sevindirdilər. Əslində bu proses hər il baş verirdi. Amma mən onu bir də 9 ildən sonra, yəni 10-cu sinifdə hiss etdim. Öz son zəngimdə...
Bu dəfə bizi kövrəltdilər, biz sevindirdik. Sonra ruh kimi qeyb olduq hərə bir tərəfə. Qayğılar yedi bizi nağılların almalarını yeməyə macal tapmamış...

Həyat da orta məktəb kimidir...

Əlbəttə ki, kiçicik bir fərqlə. Yəni əvvəl sən zəng çalıb sevindirirsən, sonra sənə zəng çalıb kövrəlirlər....
Doğulan kimi ağlayırıq. Bu bizim ilk zəngimiz olur. Hamıya gəldiyimizi xəbər verib sevindirən zəng. Arada çoxlu zənglər olur. Amma oxşar zəng bir də sonda səslənir. Öləndə ətraf ağlayaraq bizim üçün son zəngi çalır. Getdiyimizi xəbər verən son zəngi...

İki ilk, iki son zəng....

Hər ikisinin də sonunda çoxlu şəkillər... Məktəbinki albomlardan, həyatınkı daşlardan baxan, qayğıların yeyə bilmədiyi, alma kimi şəkillər...

Hər dəfə son zəngdən söz düşəndə xatırlayıram ki, indi mənim çəmi bir zəngim qalıb....

Və bu vaxt gözümə uzaqda kiminsə çiynində oturub əlindəki zəngi silkələməyə hazır dayanan balaca bir oğlan uşağı görünür....

# 5036 dəfə oxunub

Müəllifin son yazıları

# # #