Hamıya şirinlik, sizə zəhər

Hamıya şirinlik, sizə zəhər
21 noyabr 2012
# 16:55

Məclisə tort gəlir. Beşmərtəbəli. Sizin şərəfinizə. Sifarişi özünüz vermisiniz. Qonaqların ağzını şirin etmək üçün. Yaxınlaşıb birlikdə kəsirsiniz. Qonaqlar alqışlayır. Hamıya tort paylanır. Hər kəs gülümsünür. Hər kəs xoşbəxtdir. Hər kəs şirinlik yeyir. Sizsə hamıya gülümsünəndən sonra eyvana çıxıb mübahisə edirsiniz:
Niyə bunu belə dedin! Niyə ona elə baxdın! Niyə..! Niyə..! Niyə..!

Hətta bıçaq-iki əlin birlikdə tutaraq torta sancdığı adi dəmir parçası belə şirinlik içərisində uyuyurkən siz bir-birinizə zəhər daddırırsınız...

Toyunuzun on ilinin tamamı da heç nəyi dəyişmədi demək...
Belə keçir bitişik ömürlər adətən. Belə qapanır evli kitablar çox vaxt...

Şirinliklərdən zövq almaq gərəkirkən zəhər yedirdir bir-birinə bir-birini dəlicəsinə sevənlər. Siz ancaq xəstələnərkən, hardasa birinizin səsi-sorağı kəsilirkən bir-birinizin qədrini bilirsiniz. Siz ancaq bir daha incitməyəcəyinizi itirmək qorxusu canınıza hoparkən söz verirsiniz...

Sonra həyatın reanimasiya dövrü... Hüzur, sakitlik zamanı...
Siz artıq şirinlik yemək arzusunda deyilsiniz. Sadəcə acı olmasın, yetər. Yəni dadsızlıq zamanı... Amma olmur. Nə yesəniz acıdır. Hətta şirinlər belə. Çünki, siz həyatın şirin dövrünü acılar yeməyə sərf etdiniz... Özü də buna sizi heç kim məcbur etmədi. İçinizdəki mənasız qürurdan başqa...

Ömrünüzü ətrafdakıların ağzını şirinləşdirməyə sərf edincə, yaxınlarınızın həyatını şirinləşdirsəniz? Əlbəttə ki, kimin üçün hələ gec deyilsə....

P.S. Mən özüm də çalışıram

# 4052 dəfə oxunub

Müəllifin son yazıları

# # #