Cırtdan it hürən tərəfə gedərsə...

Cırtdan it hürən tərəfə gedərsə...
25 yanvar 2020
# 10:41

Allah ömür verə, müdriklik yaşına çatasan, övladlarını qarşına qoyub belə nəsihətlər də verəsən onlara; məsələn, soyuq bir qış gecəsi, çırta-çırtla yanan odun sobasının böyründə, çiyninizdə damalı yun ədyal oturub bir kitablıq susduqdan sonra deyəsən ki, şəxsiyyətini hər şeydən üstdə tut, oğlum, yoxsa dostlar da düşmənlərə qoşulub tapdayacaqlar onu; bilirsən, igid balam, insanlar ayaq altda olan şeyi əzib-tapdamağı xoşlayır, və bu, onların uşaqlıq əyləncəsidir.

Heç kimi qınama, mənliyin namusundur, qeyrətindir, bayrağındır sənin, onu başının üstündə gəzdir - əlçatmazlarda! Bəs qollar insana neyçün verilib...!

O, başını qaldırıb köks ötürə, sən də xımır-xımır davam eləyəsən: bəzən sən zorla saxlayırsan deyə getmək istəyir gedənlər, ata qurban, rahat burax, görəcəksən ki, heç yerə gedən deyillərmiş...

Qayıdan səndən yaxşısını tapa bilmədiyi üçün qayıtmışdır, və az su çirki təmizləmir, daha da bulaşdırır, odur, su olmaq kifayət eləmir, gərək həm də kifayət qədər su olasan! Yəni kim olursan ol, kifayət qədər ol... - deyib bir çimdik qoparasan uşağın alma yanağından.

Ana Kitabı götürəsən masanın üstündən, öpüb alnına qoya, açıb Əsr surəsini oxuyasan astaca sərçə balalarına: “And olsun zamana. Ki, insan ziyandadır; iman gətirib saleh əməl edənlər, birbirini haqqa, birbirini səbrə çağıranlardan başqa”. “Haqq” nədir ki ata?” –qızın dərhal balıq dodaqlarını uzada, sənsə dinməyəsən, eləcə əllərinin qabarını ağarmış saqqalında gəzdirə, bu duanı zümzümə edəsən özünçün: “Allahım, haqqı bizə olduğu kimi göstər və ona tabe olmağı bizə ruzi et. Batili bizə olduğu kimi göstər və ondan çəkinməyi bizə ruzi et”. Qızın dediklərini meymunca yamsılaya, uğunasınız gülməkdən…

Hə, əzizim, qismət ola, belə-belə maraqlı söhbətlər edəsən uşaqlarınla, deyə-gülə, dərdləşəsən... hələliksə, qəribədir, onlar məni öyrədir, deyim ki, indi mən onlara düz-əməlli nağıl da danışa bilmirəm heç - dərhal dillənirlər, müdaxilə edirlər, redaktə edirlər: “ata, qoy Cırtdangil bu dəfə it hürən tərəfə getsin...” Ağzım nədir razılaşmayam? Amma bir şey var ki, bu yazıq Cırtdanı hara aparırıqsa orda da divlə qarşılaşır, yəni cırtdanı döndərdiyimiz istiqamətlərə qabaqcadan div də yollayırıq, neynəyək, divsiz də nağıl olar?

Məsələn, fikir versəniz, iş ölüb-öldürməyə gələndə, son anda həmişə Tom Jerrini xilas edir. Niyə? Çünki Jerrisiz (oxu: oyunsuz, davasız, dalaşsız) həyat darıxdırıcıdır, yəni əslində, Jerri Tomun mənasıdır, həzzidir, yaşam həvəsidir; Jerri olmasa Tom da yoxdur... bu pəncərədən boylananda az qalırsan çətinliklərə təşəkkür edəsən, deyəsən, ay əziz dərdlərim, nə yaxşı ki, varsınız, yoxsa mən nə çəkərdim?

Düzü, bir dəfə uşaqların israrıyla cırtdanı yuxuya verib divə yem elədiyim də olub, yoxsa qızım etiraz edirdi: atacan, sən bizi aldadırsan, nağıl qəti inandırıcı deyil, cırtdan o boyda divə qalib gələ bilməz, axı.

Sonra bir gün sevinə-sevinə gəlib özü nöqtəsini qoydu söhbətin: “ata, bax, artıq mən də yalan danışa bilirəm: səni çox istəyirəm, amma deyirəm, səndən zəhləm gedir”. Nə deyəcəyimi bilmədim, yadımdadı, su kimi donub qaldım eləcə, ehh, əzizim, Allah ömür verə, müdriklik yaşına çatasan, muncuq balalarını qarşına düzüb onlara şeir oxuyasan:

Bir ağacam, əlil ağac
kənarında durmuşam;
sən olmasan yıxılacam
ay ömrümün əsası!

Bəxtim qara, günüm qara
əlim qara, üzüm qara...
neynirəm mən bunları?
Mən bir qara istəyirəm:
Gözlərinin qarası!

# 3589 dəfə oxunub

Müəllifin son yazıları

# # #