İlqar Fəhminin əruz eksperimentləri – Yeni şeirlər

İlqar Fəhminin əruz eksperimentləri – <span style="color:red;">Yeni şeirlər
23 iyun 2016
# 15:13

Kulis.az İlqar Fəhminin "Yeni əruz eksperementləri" silsiləsindən növbəti şeirləri təqdim edir.

***

Apar məni uzaqlara bu axşam,
Unut məni sözün bitən yerində
Unut məni, ümidlərin işıq tək
Zəifləyib, ölüb, itən yerində…

Apar məni uzaqlara bu axşam,
Mənim sözüm-sənin səsin bir olsun…
Sözüm sənin səsində gizli qalsın,
Səsin üçün sözümdə bir yer olsun…

Apar məni uzaqlara bu axşam,
Görən olarsa, tez ərit gözündə,
İçin dolanda, ağlayanda hərdən
Gözün yaşıyla sellənim üzündə..

Apar məni uzaqlara bu axşam,
Göz işlədikcə hər tərəf söz olsun…
Xəyallarım burulmasın bir an da,
Həmişə nəm saçın kimi düz olsun…

Apar məni uzaqlara bu axşam,
Unut məni yağış yağan yerində,
Payız yelində titrəyən baxışlar
Şeir kimi mənə baxan yerində,

Unut məni şeir yatan yerində

Unut məni gunəş batan yerində...

İyun 2016

***

Yorğun sevgi – tünd qəhvə

Xəyanət isti qəhvə (-) soyutmaq olmur,
Həyatına dağılsa, (-) qurutmaq olmur…

Kiçik də bir xətadan (-) bulansa sevgi
Böyük də ehtirasla (-) durultmaq olmur.

İnam uşaq kimiymiş (-) gözü yaşarsa,
Öpüb sığallamaqla (-) ovutmaq olmur…

Sevən qadın nəfəsdi, (-) bədən deyil ki…
Ömür keçir, nə atmaq (-) nə tutmaq olmur.

Bir an toxunsa ruha (-) xəyanət ətri,
Yüz il,«unut»,desən də (-) unutmaq olmur…
Unutmaq olmur…

May 2016

***

Həyat maşın deyil ki,
dayansın,
həyatı saxlamazlar.
Qəzaya da düşəndə,
itərlər,
sükan qucaqlamazlar…

Sınıb-tökülsə sevgi,
yerində
qırıntılar da qalsa,
Yığarlar ehtiyatla,
heyifdi,
əzib-ayaqlamazlar...

Mənim içim cəhənnəm
bataqlıq,
bura ayaq basanlar,

Gələndə ağlayarlar,
əzizim,
gedəndə ağlamazlar.

Qadın xəyalı, qəlbi
kitabdır,
içində gizli sirrlər,

Onu bekarçılıqdan,
ayıbdı,
açıb varaqlamazlar.

Günün birində, Fəhmi,
qəfildən,
ürəkdən itsə sevgi,
Səbrlə gözləyərlər
qayıtsın,
gəzib soraqlamazlar.

***

Adam başın qoyub ölə,

saat iki tamam ola,

Fikirləri vəba tuta,

xəyalları cüzam ola.

Nə Sartra əlin çata,

nə Kamyunun qiyamına

Әlində köhnə bir qəzəl,

masanda bircə şam ola.

Ürəkdə bir qaşıq sevinc,

bir az da duzlu iztirab

Beyində bir alay fikir,

bir az da intizam ola.

Sonuncu sevgi boylana

otağına qonaq kimi,

Fəqət yarımçıq olmaya,

kiçik də olsa, tam ola.

Gözəlliyin yanında çox

ağıl, fikir gərəkmidir?

Yetər bir az deyib-gülən,

bir az şirin kəlam ola.

Ağıl, fikir beyində yük,

silib ataq, yerinə kaş

Mənə bir az ümid gələ,

sənə bir az inam ola.

Min ildi elmi-fəlsəfə

cavab gəzir suallara,

Cavabsa xeyli sadədi:

- Adam gərək adam ola.

# 16696 dəfə oxunub

Müəllifin son yazıları

# # #