"Nənə və baba" abidəsi sökülməlidir? - Münasibət

"Nənə və baba" abidəsi sökülməlidir? - Münasibət
2 oktyabr 2023
# 18:35

Bildiyimiz kimi, ermənilərin Xankəndidəki "Biz və bizim dağlar" və ya "Nənə və baba" abidəsi artıq bizim nəzarətimizdədir.
Son günlər sosial şəbəkələrdə sözügdən abidənin bundan sonrakı taleyi müzakirə olunur.
İstifadəçilərin bir qisminin fikrincə, abidə sökülməli, bir qisminin fikrincə, olduğu kimi qalmalıdır.

Məsələ ilə bağlı Kulis.az-a danışan tarixçi Boran Əzizin fikrincə, abidə hələlik sökülməməlidir:

“Bu abidədə erməni kilsəsində xidmət edən rahibə qadın və kişi təsvir olunub. O dövrdə Xankəndi Pedaqoji Universitetində işləyən alimlər, milli ruhlu adamlar deyiblər ki, bu qatı erməni milliyətçilik ruhunu özündə əks etdirən bir abidədir. Abidə xalqlar arasında ayrı-seçkilik yaydığına, gənc nəsli erməni şovinizm ruhunda tərbiyə etdiyinə görə onu bərpa etmək doğru olmaz.

Arxalı köpək qurd basar. Abidə sökülsə, ermənilər dünyaya səs salacaqlar ki, bizim abidəmizi sökdülər. Amma özləri Qərbi Azərbaycanda, Zəngəzurda işğal olunmuş ərazilərimizdəki bütün tarixi abidələrimizi dağıdıblar. 67 məsciddən cəmi ikisi salamat qalmışdı ki, orada da özlərinə oxşar heyvanları saxlayırdılar. Dünya təəssüf ki, buna göz yummuşdu.

İndi bu abidəni sökməyimiz beynəlxalq aləmdə yaxşı qarşılanmaz. Amma gələcəkdə bu barədə düşünmək olar. Hazırda daha vacib işlərimiz var, onlarla məşğul olsaq, daha yaxşı olar”.

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, bu barədə ictimai müzakirə keçirilməlidir:

"Bayraq, gerb və başqa simvolları aradan qaldırmaq lazımdır. Amma elə simvol var ki, onu düşmən işğalı altında olan Qarabağda ermənilərin törətdiyi əməllərdən, həm də tarixi saxtalaşdıran əməllərdən biri kimi qorumaq olar.

Onlar tarixi saxtalaşdırıb, bu ərazinin sahibi olmadıqları halda belə bir abidə qoyublar. Hər halda bölgə tam bizim əlimizdə olandan sonra belə məsələləri ictimai müzakirəyə çıxarmaq olar.

Bizdə sovet dövrünün də belə abidələri qalmışdı. Bir qismini dağıtdıq, bir qismini saxladıq. Bir çox ölkələrdə belə abidələri tarix üçün saxlayırlar. Hər halda bundan sonra erməni gəlib bu abidəni işğal məqsədilə istifadə edən deyil. Artıq o abidənin elə bir dəyəri yoxdur. Amma işğal dövrünə aid fakt kimi bu abidəni saxlamaq mümkündür. Fikrimcə, ictimai müzakirədən sonra buna qərar vermək daha doğru olar".

Yazıçı Şərif Ağayar isə abidənin saxlanılmasının tərəfdarıdır:

“Araya düşmənçilik girəndə yaxşı şeylər də adamın gözünə pis görünür. Müharibə həm də buna görə dəhşətlidir. O abidənin ideyasını qəbul etmirik. Özləri də qəbul etmədilər və qondarma rejimin buraxıldığını elan etdilər. Lakin "Nənə və baba" sənət əsəri kimi çox maraqlıdır. Mən istərdim, saxlanılsın. Təkcə o yox, ümumiyyətlə, işğal vaxtı tikilən bütün tikililər. Kilsələr də daxil olmaqla... Qalib ölkə abidədən niyə çəkinir ki? Sadəcə üstünə balaca bir qeyd yazırsan, məsələnin nə yerdə olduğunu bilirlər. Üstəlik, öz mədəniyyətini, onlar kimi vandal olmadığını nümayiş etdirmiş olursan”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin fikrincə, sözügedən abidə erməni işğalını simvolizə edir:

"Bu həm də dənizdən dənizə böyük Ermənistan dağıdıcı ideologiyasının simvollarından biridir. Eyni zamanda ermənilərin iddia etdiyi Qarabağ bölgəsinin Ermənistanın tarixi ərazisi olması fikrinə söykənir. Heç şübhə yoxdur ki, uzun müddət məhz həmin ideoloji baxış əsasında separatizmi rəsmiləşdirməyə çalışıblar.

Bu abidə tək son otuz il deyil, son 100 il ərzində fikrin düşüncənin yalnız və yalnız müstəqil erməni dövləti qurmaq yolunda olmasının ilham qaynaqlarından biridir.

Bu abidəni saxlamaqla biz böyük ölçüdə ideoloji səhvə yol verə bilərik. Çünki hər sivilizasiyanın, hər ideoloji istiqamətin dövlət siyasətində və xalqın genetik yaddaşına mühüm rolu var. Simvollarla yaşamaq dövrüdürsə, bizim millət yaratma dövrümüz 2020-ci ildə müharibədən sonra başlayıb. Bu qələbələr bizim xalqı, bizim mənəvi ideoloji baxışlarımızı yenidən təsis etdiyinə görə, bizim qələbənin simvolları yaradılmalıdır."

Və onun yerində Qarabağın ən ucqar nöqtəsində, zamanında separatizmin çağladığı nöqtələrdə birmənalı şəkildə Azərbaycana aid elementlər yer almalıdır".

# 3040 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #