Anar: “Dəli Domrulun qadını necə olacaq?” MÜSAHİBƏ

Anar: “Dəli Domrulun qadını necə olacaq?”  MÜSAHİBƏ
18 mart 2014
# 09:00

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz Xalq Yazıçısı Anardır. Anarın ən sevdiyi əsər “Kitabi Dədə Qorqud” dastanıdır.

Hansı məziyyətlərinə görə və bədii keyfiyyətlərinə görə “Kitabi Dədə Qorqud” dastanı sizin ən sevimli əsərinizdir?

– Mən zaman-zaman “Kitabi-Dədə Qorqud” dastanını oxuyuram, varaqlayıram. Elə kitablar var ki, onları oxuyub başa vurmaq olmur. Yəni hər dəfə yenidən qayıdırsan, oxuyursan və hər dəfə də yeni məsələlər səni düşündürür. Bu mənada, “Kitabi-Dədə Qorqud” dastanı mənim üçün bitmir. Dastanı hər dəfə oxuyub örtəndə bir məqam mənimçün qapanır, hər dəfə açanda başqa bir məqam diqqətimi çəkir. Dastanı ilk dəfə uşaq vaxtı oxumuşdum, xatirimdədir ki, kitab evimizdə vardı. Daha sonra gənclik illərimdə oxudum, sonra iş elə gətirdi ki, ssenari yazarkən oxudum, ayrı-ayrı məqalələr yazanda nəzər saldım. Bu gün də özümdə ehtiyac hiss edəndə oxuyuram və mənimçün bu kitab ona görə yüksək məziyyətə malikdir ki, burda türk, Azərbaycan insanının tarixi, dili, dünya görüşü əks etdirilib. Xalqı, onun düşüncəsini bu əsərdə bütün çaları ilə görmək olur olur.

"Duxa Qoca oğlu Dəli Domrul boyu"nda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması var. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə İslamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir. İstərdim bu məqamlardan danışaq.

– Çoxlu xalqlar, millətlər olsa da dünya birdir və bu dünyada yaşayan insanların düşüncələri arasında az fərq var. Xüsusən də, qədim insanların. Ona görə də “Kitabi-Dədə Qorqud” dastanı ola bilər ki, hansısa dastanla, miflə bir-birinə bənzəsinlər. Ancaq müxtəlif fikrlər var ki, dastanın bəzi boylarına İslam motivləri artırılıb, bunu təkcə Əzrailin olmasına görə yox, məişət hadisələri fonunda, eləcə də Dədə Qorqudun dilindəki alqışlardan görmək olur.

Dastanda qədim türk evlənmə adətinə nişan var ki, qadın kişiyə məğlub olur, sonra ona ərə gedir. Dastanda da Banuçiçək Beyrəyə məğlub olur. Yəni İslam adətlərinin sonradan əlavə edilməsi elə bu məqamda da üzə çıxır.

– Bu cür məqamlar göstərir ki, dastana İslam ehkamları sonradan salınıb. Çünki dastanın yazıya alındığı dövr İslamın təşəkkülü və yayılması vaxtına düşüb. Yəni dastan yazıda dəyişib. “Kitabi-Dədə Qorqud”a ən yaxın Orxon yazılarıdır. Orxon yazılarında belə bir ifadə var: “görür gözüm görməztək oldu”. Eyni ifadəyə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir

Sizcə niyə dastanda İslami xas adətlər zəifdir, məsələn, hicab, çoxarvadlıq və s.?

– Mən o fikirdəyəm ki, bu dastan İslam dinindən qədimdir. Dastan da nə qədər İslam dininin yarandığı dövrə xas əlamətlər olsa da, türklərin tarixi köklərinə daha çox bağlılıq var.

"Duxa Qoca oğlu Dəli Domrul boyu"nda ananın oğluna canını verməməsi, sizcə, Azərbaycan mentalitetine uyğundurmu?

– "Duxa Qoca oğlu Dəli Domrul boyu"nda ideya odur ki, eşq ölümə qalib gəlir. İdeya əsas olan məqamda digər nüanslar kənarda qalır, yəni təfərrüata varılmır. Həmin boyda əgər ata, ana öz övladına canını versəydi, onda Domrulun qadını necə olacaqdı? Onda onların sevgilərinin gücünü necə izhar edəcəkdilər? Bizdə aşıq şeirində də var belə məqamlar, məsələn, deyilir ki, “atam anam sənə qurban”.

Dastanda Şöklü Məlik erməndir, ancaq filmdə Qıpçaq Məlik kimi təqdim edilib, buna səbəb o dövrün reallığı idi?

– Dastanın mətnində Şöklü Məliyin erməni olması göstərilmir. Ümumən “erməni” anlayışı yoxdur dastanda, bu da o dövrdə bu ərazidə ermənilərin olmamasına sübutdur. Xristian qıpçaqları da var, yəni xristianlığı qəbul etmiş qıpçaqlar, müharibə də onların arasında gedir. Qafqazda dini mübarizəni məhz o xristianlığı qəbul etmiş qıpçaqlar aparıblar. Sovet dövründə isə dini məsələləri çox qabarda bilməzdim, ümumiyyətlə, Sovet vaxtı o dastana film çəkilməsinə nail olmağımız çox böyük qəhrəmanlıq idi. Bu film Sovet imperiyasının siyasətinə xidmət eləməsə də, Sovet qadağaları təbii ki, müəyyən təsir eləmişdi.

Sizcə, niyə “Kitabi Dədə Qorqud” dastanını insanlar kitabdan yox, filmdən tanıyırlar?

– Ona görə ki, daim müxtəlif imperiyaların əsarətində olmuşuq, öz dövlətimiz olanda da, İslam amili güclü olub, yəni din. Beləliklə, dastanın həyat tərzi, yaşam modeli həyatımıza keçə bilməyib. Sonra Sovet imperiyası yarandı və daha da çox basqılara məruz qaldıq. Ancaq filmin çəkilməsi dastanın daha da şöhrətini artırdı, bunu o mənada deyirəm ki, yəni az vaxtda bütün xalqa çatdı.

Maraqlıdır ki, Bayandur xan dastanda cəmi bir-neçə yerdə xatırlanır, hökümdara xüsusi pərəstiş görünmür.

– Dastanda Bayandur xan az xatırlanır, bir obraz kimi az görünür. Ancaq bir neçə məqamla onun kimliyi əyan olur. Heç Dədə Qorqud da ordakı hadisələrdə çox böyük rol oynamır, sadəcə müqəddimədə xatırlanır, bəzi boylarda iştirak edir və boyların sonluğunda görünür. Çünki “Kitabi Dədəm Qorqud” bir qəhrəmanlı dastanlardan (məsələn, “Koroğlu”) fərqlənir, burda bir nəfərin yox, bir elin qəhrəmanlığından söhbət gedir.

Qazan xanın 16 il əsir alınır, ola bilərdimi ki, oğuz eli 16 il hökmdarsız qalsın?

– Dastan realist əsər deyil ki, biz ona belə tələblər qoyaq. Dastanın öz qanunları olur. Yazıçı əsəri yazanda nəsrdə nələr tələb olunursa, gərək əməl edə. Dastan isə mifoloji təfəkkürün məhsuludur və mif məntiqinə əsaslanır. Ona görə də belə məqamlar ola bilər.

“Kitabi-Dədə Qorqud”da başqa qəhrəmanlıq dastanlarından fərqli olaraq mənfi və müsbət insan xüsusiyyətləri bir yerdə verilir. Sizcə, bu amilin mənfi və müsbət tərəfləri nədən ibarətdir?

– Məncə, bunun mənfi cəhəti yoxdur, həyat bütün rəngarəngliyi ilə əks etdirilir. Sədaqət, sevgi, riyakarlıq, xəyanət və s. bütün insana xas əlamətlər göstərilir. Bu dastanın başqa dastanlardan daha real, daha gerçək olduğuna dəlalət edir.

Dastan haqqında bir fikr də belədir: Məsələn, “Min bir gecə dastan”ı ərəb dilinin quruluşuna uyğundur. Yəni ərəb dili flektiv dildir, sözlər içindən dəyişir, deyək ki, “hökm” və “hakim” sözləri kimi. Ona görə də “Min bir gecə” dastanında dilin quruluşu kimi hadisələr də bir-birinin içindən çıxır, dəyişir. Ancaq Azərbaycan dili iltisaqi dildir. Yəni sözün kökü var və o kökə uyğun şəkilçilərlə sözlər dəyişir. “Kitabi Dədə Qorqud” dastanında da quruluş belədir ki, əsas hadisə, kök qəhrəmanlıqdır, boylarsa o qəhrəmanlığı müxtəlif aspektlərdə mənalandıran vasitələr, belə demək mümkünsə şəkilçilər. Siz necə düşünürsüz, sizcə, dilin quruluşu dastanın quruluşuna təsir edibmi?

– Ola bilər ki, dilin quruluşu dastanın quruluşuna müəyyən təsir etsin. Amma mən oxuyanda o cür məqamlara fikr verməmişəm. Çünki dastanı dilçi kimi yox, yazıçı və oxucu kimi qavramağa çalışmışam.

# 6026 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #