""Əli və Nino”da domino oynayan, nərd çırpan cümlə yoxdu" MÜSAHİBƏ

""Əli və Nino”da domino oynayan, nərd çırpan cümlə yoxdu" MÜSAHİBƏ
21 noyabr 2013
# 13:00

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət edəcəyik. Budəfəki həmsöhbətimiz şair Qulu Ağsəsdir. Qulu Ağsəsinin ən sevdiyi əsər Qurban Səidin “Əli və Nino” romanıdır.

- Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə “Əli və Nino” romanı sizin ən sevdiyiniz əsərdir?

- 1993-cü ildə Qurban Səid imzasını kitabın üzərində görəndə düşündüm: bu adam kimdir ki “Yazıçı” nəşriyyatı onun romanını çap edib. Çünki o vaxt “Yazıçı” nəşriyyatının direktoru Əkrəm Əylisli idi, ona da heç nə soxuşdurmaq, xətirə salmaq olmazdı. Beləcə, kitabı maraqla oxudum, hər dəfə mütaliə edəndə də yeni fikrilər, işarələr gördüm. “Əli və Nino” romanı mənim dastan kimi də xoşuma gəlir. Ona görə ki, qadın və kişi adı olan, “və” bağlayıcısı ilə bağlanmış əsərləri həm də dastan hesab edirəm.

Azərbaycan xalçaçılığının müxtəlif qatları var. Məsələn, ilk dəfə baxanda düşünürsən ki, bu xalçanın üstünə uzanmaq, divara vurmaq olar. İkinci dəfə baxanda görürsən ki, bütün təbiət təsviri öz əlamətləri ilə əks olunub xalının üzərində. Sonra nəzər salırsan ki, bu təbiət deyil eee, həyatın fanliyi haqqında informasiya daşıyıcısıdır. Sonra görürsən ki, təsvirlər həyatın faniliyi yox, gözəlliyi haqqındadır, yəni, çalış bacardığın qədər mənalı yaşa. Sonda başa düşürən ki deyilənlərin heç biri deyil, tamam ayrı bir məna var xalçada. Belə olan halda, sən o xalça üzərində çoxqatlı düşüncələrə dalırsan. “Əli və Nino” əsəri də bu cür çoxplanlı, çoxqatlı romandır.

Mən biləndə ki, bu əsər Azərbaycan Xalq Cümhuriyyəti dövründən bəhs edir, təəccübləndim. Ən əsası başa düşdüm ki, deməli, bu cür də tarixi roman yazmaq olarmış. Bir var birbaşa tarixi danışmağı məqsəd seçəsən, bir də var, sözü sözün altından keçirib hədəfə elə vurasan ki, oxucunun bu ustalıqdan xəbəri olmaya. “Əli və Nino” dastan kimi məhəbbəti əks etdirirsə, roman kimi tarixin mənzərəsini yaradır.

Bu, yeganə əsərdir ki, Azərbaycan nəsrinin kimlik kartı sayıla bilər, çünki əsərin müəllifi bəlli deyil, ancaq roman heç bir ad-sana xələl gətirmədən bütün dünyada bu “pasportla dolaşır”. Lev Nussimbaum, Yusif Vəzir Çəmənzəminli, Qurban Səid imzaları var, bir də var “Əli və Nino” romanı. “Əli və Nino” romanı müəllifi dəqiq məlum olmadan öz yolu ilə gedir və “müəlliflər”inin fövqündədir.

- Sizcə, əsərin müəllifi kimdir və müəllifi hesab etdiyiniz şəxs barədə hansı arqumentləriniz var?

- Bax, Hacı Zeynalabdin Tağıyev Azərbaycan maarifçilik hərəkatına rəhbərik, sponsorluq edən biri olub. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də çox böyük hörmət sahibi idi. “Əli və Nino” romanında belə bir adamın obrazı Zeynal Ağadır. Romanda deyilir ki, Zeynal Ağa savadsız bir adam idi, qəfil ərazisində neft fontan vurdu və varlandı, sonra pulu o qədər artdı ki, onun üçün yükə çevrildi, başladı məktəb açdırmağa, məscid tikdirməyə, uşaq oxutmağa. Zeynalabdin Tağıyevin ailəsiylə bağlı bədbəxtliklər haqda gör Qurban Səid nə yazır: “Zeynal Ağa bilmirdi ki, bədbəxtlik rüşvət götürmür”. Mən inanmıram ki, Yusif Vəzir Çəmənzəminli mesenat Tağıyevi bu şəkildə ələ sala. Zeynal Ağanın təşkil etdiyi məclisdə o İrandan xanəndə, tarzən və kamança ustadı çağırır, hər üçü də romanda kor kimi təsvir edilir. Bütün bunlar gizli simvollardır. Kamança və tar barədə isə baş-beyin aparan musiqi aləti kimi danışılır əsərdə. Səncə, Şuşada doğulan Çəmənzəminlinin muğamata qarşı belə münasibəti nə dərəcədə ağlabatandır? Şuşalı heç muğamatı ələ salar? Lev Nussimbaum da ona görə yaza bilməz ki, burda tipik azərbaycanlı düşüncəsinə xas nüanslar var, hətta adama sadəlövh görünən məqamlar var, mənsə sadəlövh olacaq və bu şəkildə əsərlər yazacaq yəhudinin mövcudluğuna inanmıram.

- Əsərdə sizcə başqa hansı gizli simvollar var?

- Əlixan Şirvanşir İçərişəhərdə olur, ora da tabularla doludur, yeməyi əllə yeyirlər, adamlar savadsızdırlar və s. Nino isə İçərişəhərdən çöldə yaşayır və Əli İçərişəhərdən çölə çıxan kimi Ninonu görür. Bu Avropa-Asiya məsələsi, Şərq-Qərb mədəniyyətinin fərqlilik nişanəsidir. Müəllif bunu çox incə məqamlarla göstərir.

- Məncə, əsərin ən uğurlu məqamı həmişə problemli olan Qafqaz evi məsələsidir.

- Qafqaz evi məsələsi də əsərdə çox yaxşı təsvir edilib. Ninonun dayəsi necə loyallıqla yanaşır onun başqa bir oğlana öpüşməsinə. Loyallıq gürcü xalqına məxsus əlamətdir. Yaxud Ninonu qaçıran adam-Naxaryanın erməni olması... Erməni xalqının xəyanətkar ruhu, daxili aləmi Naxaryanın timsalında ustalıqla verilib. Əli xan Şirvanşirin atası deyir ki, bu avropalılar Allahın yolu ilə getməyə-getməyə bu qədər inkişaf edirlər, döyüşdə adam öldürənə də, düşmən meyitini yaralı halda meydandan çıxardana da medal verirlər, bu xaçpərəstlərə məəttəl qalıram. Açığı biz deyir Allahın sözünə əməl etdikcə günü-gündən geri gedirik. Yazıçı Əlinin dili ilə Azərbaycanı meşə kimi təsvir edir, deyir ki, səhra birmənalıdır, mən qorxuram orda adam ölər. Səhra bozluqdur, səhra heç nəyi olmamağın nişanəsidir. Ancaq o, Avropanı meşəyə bənzədir, meşədəsə insan acından ölmür. Qurban Səid, nə muğamı, nə aşıq sənətini, nə burdakı xeyriyyəçiliyi sevib. Ancaq fikir ver. Əsəri bətnində bir sevgi və dağılmış, şəhid olmuş hökümətin yanğısı ifadə edilib.

- Əsərin Azərbaycan dilinə tərcüməsinin kimə aid olduğu tam bilinmir. Bilinmir ki, romanı Azərbaycan dilinə Mirzə Xəzər tərcümə edib, yoxsa Məcid Musazadə?

- Əsər 1990-cı ildə “Azərbaycan” jurnalında Mirzə Xəzərin təqdimatında və tərcüməsində çap olunub. Sonra “Azadlıq” radiosunun Mirzə Xəzərdən əvvəlki Azərbaycan üzrə rəhbəri Məcid Musasazdənin oğlu iddia elədi ki, bu tərcümə mənim atamın stolunun üstündə olub, Mirzə Xəzər oğurlayıb onu. O vaxt Mirzə Xəzər Azərbaycanın xaricidə danışan dili idi, bu məsələ çox qabardılmadı ona görə ki, bizim sözümüzü dünyaya çatdıran adamı oğru edəydik? Əsərin tərcüməçisi bu gün də dəqiq bilinmir. Bəlkə, kimsə Avropadan tərcümə edib bu əsəri Məcid Musazadəyə göndəribmiş, yaxud bəlkə bu əsərin elə orijinalıdır? İndi başqa bir məqama fikir ver; Azərbaycanda bu cür ustalıqla tərcümə edilmiş kitab varmı? Gəl kitabı açıb hansı səhifəsindən istəyirsən cümlə oxuyaq, gör sən əsərin tərcümə olunduğun hiss edirsən? Romanda belə bir cümlə var: “dünyanın ən gözəl qızı Nino, dünyanın ən gözəl burnunu qırışdırıb dedi”. Bu cümləyə tərcümə demək olar? Əsərdəki tarixi informasiyaları necə asan qəbul edirik? Sanki əsərin taleyi ilə bağlı hər şey şübhə altındadır. Nə tərcüməçisi dəqiq bilinir, nə də müəllifi. Roman barədə bilinən bəlkə də yeganə həqiqət romanın özüdür.

- Ancaq Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun labüdlüyü də əsərdə əks edilir. Sanki Azərbaycanın müstəqilliyə hazır olmamağı fakt kimi qabardılır.

- Əsərdə Xalq Cümhuriyyətinin kabineti təsvir edilir, naşı adamların yüksək vəzifələrə təyin edilməsi göstərilir. Vətənini, millətini sevən adam ola bilər, ancaq gərək işini də bacarsın. Mən uçmağı sevirəm deyə “Azal” mənə təyyarə verməli deyil axı. Cümhuriyyəti sevən adamları iş başına qoymuşdular, ancaq onların içində iş bacarmayan insanlar da vardı. Dövləti millətçilik ağlı ilə idarə etmək olmaz. Bütün bunlarla Cümhuriyyətin süqutunun səbəbləri gizli şifrələrlə verilir. Seminariyanı ala-babat bitirənlər, “donuz əti” adı gələndə dərsin ortasında sinif otağından çölə çıxıb qusanlar 1918-20-ci illərdə artıq vəzifə başında idilər. Cümhuriyyət labüd rus işğalından başqa idarə etməyə qabil olmayan adamların ixtiyarında idi deyə süqut etdi.

- Qulu müəllim, nəyə görə yazıçı Rusiyanı və Türkiyəni yox, Gürcüstanı Avropaya çıxış hesab edirdi?

- Bu gün artıq bu əsər az qala bir əsr sonra öz nəticəsini göstərir və proqnozlarını doğruldur. Biz Avropaya Türkiyədən, yaxud Rusiyadan min bir zülmlə çıxmamalıyıq, çünki nə Rusiya, nə də Türkiyə Gürcüstan səviyyəsində öz Avropa sistemini qura bilib, bəlkə heç gələcəkdə də qura bilməyəcək.

- Əli, məncə, Avropaya can atsa da şərqli təsiri bağışlayır, onun ilkin faciəsinin səbəbi də məncə bu amildən doğur. Siz necə düşünürsüz?

- Əli xan əsərin sonunda körpünün altında ölür. O, Avropa ilə Asiya arasında mənəvi keçid idi. Bugünkü Azərbaycan da elədir, biz nə avropalıyıq, nə də asiyalı. Əlixan keçid obrazıdır. O, Ninonu sevsə də, onun açıq döşlərini və baldırlarını əlləsə də, onu öpərkən həzz alsa da, Avopaya meyl etsə də daxilən şərqli idi, düşünürdü ki, evə gətirən kimi çadra geyindirəcəm Ninoya.

- Əsərdə Maraş kilsəsi ilə bağlı maraqlı bir məqam var: “Hələ dünən kök bir erməni məni inandırmaq istəyirdi ki, Şuşadakı Maraş kilsəsinin beş min il yaşı var. Ona qayıdıb dedim ki, yalan danışma: Bütün xristianlığın yaşı iki min il deyil. Axı xristian kilsəsi Məsihdən (Xristosdan) qabaq tikilə bilməzdi”. Deməli: bu gün də ermənilərin mübahisələri təxminən bu səviyyədədir.

- Müəllif ermənilərə bərabər, azərbaycanlılara da sataşıb. Gürcülərə də bağlı məqam var ki, Əlinin qayınatası öz xalqını tərifləyir. Onun öz xalqının, gürcülərin hamıdan üstün tutmaq təfəkkürü görünür. Bu əsərdə bircə “nərd oynayan”, “domino çırpan” cümlə yoxdu, ironiyalar o qədər yerindədir ki, adam mat qalır. Tarixi məlumatlar o qədər ustalıqla mətnə yerləşdirilib ki, adam bezmir, hansı ki, əgər o tarixi hadisələri tarix kitabından oxusaq cana yığılarıq.

- Əsərdə türklərə qarşı, xüsusən, xalqın ümidi olsa da Türkiyənin planlı siyasəti barədə ironik və narazı məqamlar da az deyil. Sizcə, bu anlaşılmaz düşüncənin nüvəsində hansı əsas dayanırdı?

- Biz bu gün də ayağımız çuxura düşən kimi türklərdən inciyirik. Azərbaycan Xalq Cümhuriyyətinin dağılmasında Türkiyənin rolunu vurğulayanlar hələ də var. Biz öz işimizi qurmaqdan və müstəqilliyimizi qorumaqdansa düşünürük ki, Türkiyə bizə niyə kömək eləmədi? Bu bilirsən nəyə oxşayır? Moskvalı qardaş paxıldı, ayda 500 yox, 300 dollar göndərir, dolana bilmirik gileyinə. Bu məqamda da anlaşılır ki, əsəri yazan azərbaycanlıdır, yəhudi heç vaxt belə yazmaz.

- Bəs neftin bəla kimi göstərilmə amilinin arxasında nə dayanırdı? Niyə müəllif yazırdı ki: “Mənə elə gəlir ki, böyük bir tonqal qalayıb bütün neft buruqlarını yandırmaq yaxşı olardı. Gözəl bir mənzərə olardı, biz yenə kasıb olardıq. O zaman biz heç kimə lazım olmazdıq, əcnəbilər yaxamızdan əl çəkərdilər”.

- Bu da tipik azərbaycanlı düşüncəsidir. Biz hələ də elə bilirik ki, Ermənistanın nefti yoxdur deyə xoşbəxtdir, dünya ölkələri onun arxasında dayanıb. Əsəri Lev Nussimbaum yazsaydı yəhudi ağlı ilə düşünərdi ki, bizim neftimiz var, bundan necə istifadə edək.

# 5661 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #