Cücüyə çevrilməmək üçün nə etməli?

Cücüyə çevrilməmək üçün nə etməli?
3 oktyabr 2013
# 12:46

«Ən sevdiyim əsər» layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri bir əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz tanınmış yaçıçı Afaq Məsuddur. Qeyd edək ki, Afaq Məsudun ən sevdiyi əsər Əbu Həmid Əl Qəzalinin “Səadət iksiri” traktatıdır.

- Əbu Həmid Əl Qəzalinin “Səadət iksiri” əsəri hansı məziyyətlərinə görə sizin sevimli əsərinizdir?

- Bu barədə bir dəfə də demişəm, son illər sufi mətnləri ilə tanışlıq, onların tərcümə prosesi bədii ədəbiyyata olan marağımı azaldıb. Səbəb, ilk növbədə, bu mətnlərin mistikliyi, yüksək bədiiliyi, sona qədər izaha gəlməyən sehrliliyidir. Bədii ədəbiyyat insan mövcudluğunun mahiyyətini, onun iç dünyasını, hislərini, psixolojisini dolama-dolayısı yollarla, bədii ifadələr, ədəbi fəndlər və vasitələrlə açmağa çalışırsa, sufilər bu yolu naxışsız, bərbəzəksiz gedirlər.

Əslində, böyük ədəbiyyat da, fəlsəfə də, sufilik də bir ünvana üz tutub, amma hər biri bu yolu öz marşrutu ilə gedir. Bu mənada, sufi yolu bu yolların ən öncülü və ən qısasıdır, buna görə də ədəbiyyatı üstələyir. Ayrı sözlə desək, sufilər ilahi həqiqətlərə kəsə yollarla çatırlar, insan mövcudluğunun, qəlbin mahiyyətini oxucunu çaşdırmadan, azdırmadan, yormadan açmaq qüdrətinə malikdirlər.

Böyük ədəbiyyatın bizlərə qalın-qalın kitablarda təqdim etdiyi “gözyaşardan həqiqətlər”in bir çoxu burda öz təsirini itirir, böyük və əzəli Haqqa aparan yolun ortasında itib-batır. Məsələnin digər tərəfi – kəşflərin və həqiqətlərin dərəcəsi məqamıdır. Bədii ədəbiyyatın naməlum qaranlıq məkanı əl toxunması ilə öyrənən tək, təşfiq və təsvir etmək “məharəti” burda həmin Məkanın və onun içindəkilərin real görüntüləri ilə əvəz olunur və daha heç bir “təsvirə” ehtiyac qalmır.

Lakin bu heç də o demək deyil ki, ədəbiyyat lazımsız bir sahədi və heç bir təsir qüvvəsinə malik deyil. Mən yazıçıyam, lakin bu dünya, həyat, insanlıq və özüm haqqında ən sirli bilgilərə ədəbiyyatın yox, Quranın və sufi mətnlərinin köməyi ilə çatmışam. Bu mətnlər əzəli və əbədi izaholunmazlıq sirlərinin daşıyıcısı olan böyük mövcudluq, həmçinin, insan və onun mahiyyəti, haqqında bu dünyada yazılmış bütün növ elmi, bədii ədəbiyyatların ən mükəmməlidir və bütün elmləri özündə cəmləyir. Onların geniş kütlə tərəfindən qavranılması bir o qədər asan olmasa da, qəlblərində İlahiyə açılan bağlı qapılar gəzdirənlər üçün bu mətnlər hədsiz qidalı və faydalıdır.

“Sevimli kitab” dedikdə, əslində, mənim ən sevimli kitabım, əlbəttə ki, Qurandır, onu demək olar ki, hər gün oxuyuram. Sizinlə bu söhbətimiz üçün o səbəbdən Qəzalinin bu traktatını seçdim ki, bu əsəri ümumilikdə sufi baxışlarının xülasəsi, ayrı sözlə desəm, insanın və onun qəlbinin mahiyyətini izah edən dərin sufi sisteminin əlifbası sayıram və geniş oxucu kütləsi üçün daha anlaşıqlı hesab edirəm. “Səadət iksiri” böyük sufi İbn Ərəbinin “Məkkə açıqlamaları”ndan, yaxud Məhəmməd Nəsəfinin, kainatın və mövcudluğun sirlərini ustalıqla açan “Zübdət əl Xakayiq” əsərindən fərqli olaraq, insan qavrayışı üçün daha anlaşıqlıdır.

Bunun səbəbi Qəzalinin müəllimlik peşəsi, dediyi hər fikrin izahını vermək vərdişidir. Nə qədər qəribə də olsa, bu gün ilahi, mistik ədəbiyyat kimi, oxuduğumuz bu traktatlar vaxtı ilə Qəzalinin İlahiyyat universitetində tələbələrinə oxuduğu gündəlik mühazirələridir. Məhz bu səbəbdən burda hər deyilən fikrin, ən sirli kəşfin izahı var.

Lakin əksər sufi mətnləri bu Allah aşiqlərinin çatdıqları Məqamların ecazında itib-batdığını, yazılanların nəyinsə naminə kağızda saxlamaq niyyətindən savayı ayrı bir şey olmadığını bildirir. Qəzalidə isə bu “sərxoşluq” yoxdur. Dövründə “İslamın Sütunu” adını almış Qəzalinin niyyəti - duyub çatıb, anladıqlarını öyrətmək, mənimsətmək, izah etməkdir. Yalnız Qəzali İlahini, Ona aparan yolun istiqamətlərini və şərtlərini, böyük sirləri və həqiqətləri, botanika, yaxud, ədəbiyyat fənnini izah edən müəllim tək, izah edir, ən dərin həqiqətləri İnsana və onun Ruhuna dair sirləri açır. Və əslində də, Haqqa çatmaq yolunda bəşəriyyət - Tələbə, Qəzali (eləcə də digər sufilər) müəllimdir.

- “Səadət iksiri” əsərinin girişində yazılıb ki, ruh deyərkən biz qəlbi nəzərdə tuturuq. Yəni ruh qəlbdir. Qurani-Kərimin Əl-İsra (“Gecə vaxtı seyr”) və ya Bəni-İsrail (“İsrail oğulları”) surəsinin 85-ci ayəsində peyğəmbərə müraciətlə yazılıb ki: “ ...və əgər səndən ruh haqqında soruşsalar de ki, o mənim Allahımın işlərindəndir...”. Allah tərəfindən izahı sirr saxlanan ruh məsələsini Əl Qəzali nəyə görə çözmək istəyirdi, özü də Qurani-Kərimə istinadlarla?

- Əvvəla bunu deyim ki, bütün sufilər, eləcə də Qəzali bütün baxışlarında və tədqiqatlarında Qurani-Kərimə dayaqlanıblar. Ayrı sözlə desək, İslam sufilərinin bütün ilahi uçuşlarının qalxma ərazsi Qurandır. Qurandan misal gətirdiyiniz o ayə 6-cı əsrdə nazil olunub. Qəzali və digər sufilər İlahiyə aparan yolun yolçuları olduqlarından həyatlarını insanın və onun ruhunun dərki yolunu təşfiq etməyə həsr ediblər, aclıq, zikr və ibadətlərlə, bacarıqları və qabiliyyətləri dərəcəsində nələrəsə nail ola bilibər, irili-xırdalı kəşflərlə müəyyən sirləri açmağa müvəffəq olublar.

Sufiliklə ilkin tanışılıq zamanı erkən İslamçılığın müqəddəsi, sufi məktəbinin yaradıcılarından olan İmam Həsən Bəsrinin zikrini tərcümə edərkən, ön sözü Nəsəfidən gətirdiyim: “Balaca adam siyahıdır və böyük adamın əlamətlərindən biridir...” fikrinin izahı ilə başlamışdım. Onda, Nəsəfinin “böyük adam” dediyinin yaşadığımız dünya olduğunu anlayanda, bu zahirən sadə, eyni zamanda yüksək bədii istedadla deyilmiş dərin kəlamın möhtəşəmliyindən və sehrindən heyrətə gəlmişdim.

Növbəti kəlamı isə bu qədim sufinin bizlərə – qələm adamlarına ünvanladığı fövqəladə çağırış kimi qəbul etmişdim: “Dünya sözünün mənasını biləndən sonra indi bil ki, sən kiçik adam və kiçik dünyasan. Bütün dünya isə böyük adam və böyük dünya adlanır. Dərviş, sən kiçik dünyasan, bütün dünya böyük dünyadır, sənsə hər iki dünyanın siyahısı “siyahı” burda nüsxə mənasını daşıyır və işarəsisən. Bil ki, böyük dünyada nə varsa, kiçik dünyada da var. Özünü dərk et, aşkarda və gizlində olanlara çat ki, böyük dünyanın əvvəlinə və axırına çata biləsən. Bu yoldan savayı ayrı yol yoxdu. Dərviş, hər şeyi olduğu kimi, görməyə can atan kəs qoy özünü də olduğu kimi görsün...”

Onda yadıma gəlir, tərcüməsinə başladığım bu mətndən halımın dəyişdiyini, ətrafımı bürüyən real aləmdən üzülüb naməlum cazibələrlə harasa geriyə, ya kənara sovrulduğumu hiss edirdim. Ömrüm uzunu burnumun ucunda, gözümün qabağında olan həqiqi dünyaya, yeni-yeni azadlıqlar qoxuyan divarsız, tavansız, ecazkar bir aləmə daxil olurdum.

Sözümü ona gətirirəm ki, Nəsəfinin bu kəşfi, yəni insanın kiçik dünya olması və hər iki dünyanın işarəsi və siyahısı olması cümləsinə olsun ki, Quranda rast gəlinmir. Lakin şübhə yoxdur ki, bu fikrin mənbəyi mütləq şəkildə ordan götürülüb. Axı Quran bizlərin tərcüməsini oxuduğumuz kitab deyil?!.. Fironun, İsrail övladlarının, İsa, Musa, Yusif peyğəmbərlərin həyat tarixçələrindən, insan, ər-arvad münasibətlərindən və sairədən bəhs edən, bu gün bəzilərinin dediyi “konstitutsiya” deyil.

Quranın üst və alt qatları var, yəni görünən və görünməyən qatları, sufilər demişkən aşkarı və gizlini var. Alt qatlar, yəni görünməyənlər üst qatdan, yəni görünənlərdən həm kəmiyyət, həm keyfiyyətcə üstündür, göy sirlərli və izaholunmazlıqlarla doludur.

“Duyğular imperiyası”nda Quranın insanın şüuruna yox, ruhuna hopmaq, onun ağlını, şüurunu yox, ruhunu dəyişmək qüdrəti barədə yazmışam. Quranın bütün kitablar kimi, əvvəli və sonu olsa da, içi tarixi hekayətlər və ibrətamiz kəlamlarla dolu olsa da, heç bir vəchlə yaddaşlarda saxlanılmaması buna əyani sübutdur. Və bunu mütləq şəkildə bilmək vacibdi ki, Quran insanlığa, tərcüməsində oxuduğumuz hadisə və tarixçələri çatdırmaq üçün yox, ümumbəşəri ruhi durumda daim dəyişikliklər yaratmaq, onu mükəmməlləşdirmək, saflaşdırıb durultmaq məqsədi ilə nazil edilib. Onun canı, ruhu və sehri orda olan ayə və surələri təşkil edən ərəb sözlərindədir.

Bu sözlər İlahi enerjinin daşıyıcılarıdır. Gündə-gündə namaz vaxtı deyilən duaların gün ərzində beş dəfə aylar və illərlə dönə-dönə təkrarlanmasının mənası da budur. Sufilər Quranın məhz həmin bu qatından yararlanıblar ki, bu da hər kəsə nəsib olan və elə də asan başa gələn məsələ deyil. Bu barədə haqqında danışdığımız “Səadət iksiri”ndə deyilir ki, əgər insan öz nəfsini bu dünyanın tamah və arzularından təmizləyib, bomboş bir yerdə (yəni adamsız, sakit) əyləşərsə, Allahı cağırıb bütün vücudu və qəlbi ilə Ona yönələrsə, qəlbindəki bağlı qapı açılar və İlahi səltənətin sirrləri ona agah olar.

Sözümü ona gətirirəm ki, Qəzali, eləcə də digər sufilər Ruh haqqında bilgini məhz bu sayaq məqamlar – zikr adlandırılan Allah anımı məqamlarında əldə edə biliblər. Sufilərə görə insanın qəlbində bir qapı var ki, o İlahi sirlərə açılır. Bu qapı üç halda açıla bilir: yuxuda, ölümdən sonra və zikr zamanı. Zikr insanı həyatı boyu minlərlə kitab oxuyub, on illərlə təhsil alsa da, çata bilmədiyi həqiqətlərə çatdırmaq qüdrətinə malikdi.

Qəzalinin “Səadət iksiri” əsərində yazdığı ruh haqqında mətləblər də, onun zikr məqamları anladıqlarıdı. Kamilliyin sonu olmadığı səbəbindən sufilərin bu vaxta qədər duyub anladıqarını Yolun başlanğıcı hesab etmək olar. Beləcə, “Səadət iksiri”ndəki bilgilər də bu barədə bilgilərin Qəzalinin dərəcəsinəcən açılan hissəsidir.

- “Səadət iksiri” ruh haqqında əsərdir. Amma bir çox mətləblər bədən hissələri (baş, mədə, qol, əl və s.) misalı ilə izah olunur. Məsələn deyilir ki, bədən dövlətdir, ayaq və əllər fəhlələrdir, bədənin istəkləri vergi müffəttişliyidir, təcavüzkarlıq hər şeyi dağıtmaq istəyən polisdir, ağıl vəzirdir, ruh şahdır və s. Bununla da sanki ruh haqqındakı kosmik düşüncələr bir anda maddiləşir. Əsərdəki bu cür məqamlar sizin də diqqətinizi çəkibmi?

- Qurani-Kərimdə hamıdan uca Allahın insanlar belə bir müraciəti var: “Mən sizləri öz bənzərimdə yaratdım”. Mənə görə, “İlahi”, “Allah”, “Yaradan” dediyimiz - Kainatı əhatə edən ölçüyəgəlməz subistansiyasıdır. Və baxın, zahirən saysız-hesabsız ulduzlar, Ay və Günəş görünən Kainatı onlar, yaxud digər göy cisimləri idarə edirmi? Bu, məlum həqiqətdir ki, bütün o ölçüyəgəlməzlik, o möhtəşəm ulduz kəhkəşanı gizli, görünməz, şüurlu enerji tərəfindən idarə olunur.

Əks halda, zahirən kosmosa pərakəndə halda dağımış kimi görünən planetlərin hər birinin mütəmadi şəkildə öz marşrutu üzrə hərəkət etməsi, bir-birlərinə münasibətdə xüsusi məsafə və enerji ölçülərini gözləməsi və sair və ilaxır kimi, qayda-qanunlar işləməzdi. Burda da belə. Qəzali həmin bu “Səadət iksiri”ndə bədəni ruhun malikanəsi adlandırır. Əgər bədən olmasa, ruh özünü necə ifadə edər? Ruhun hallarını mütləq şəkildə bədən, yəni üz, gözlər, ovqat, dərinin rəngi və sair ifadə edir. Orda belə bir cümlə var: “İnsan bilməlidi ki, bu bədəni əvvəl-axır ondan alacaqlar, onda o özü qalacaq və “heç nə” yə çevrilməyəcək”. Yəni məhv olmayacaq.

Bax, belə məqamlar ədəbiyyata olan marağımı zəiflədir. Olsun ki, bu fikri çatdırmaqdan ötrü yazıçı oturub iri həcmli bir əsər yazacaqdı, süjet quracaq, obrazlar yaradacaqdı ki, son nəticədə bu fikri çatdıra bilsin. Burda isə bütün bədiilik, süjet, üst qurum, alt qurum bircə cümlənin içində gedir və insanın ruhunu titrədir. Siz bir fikir verin: “O özü qalacaq...” Deməli bu görünün o deyil.

-Qurani-Kərimdə “Əz-Zariyat” (“Sovurub dağıdan küləklər”) surəsinin 55-ci ayəsində belə bir cümlə var: “Mən cinləri və insanları yalnız mənə təzim etmək üçün yaratdım...”. Eyni zamanda dini kitabımızda, Allahın ehtiyacsız olduğu vurğulanır. Qəzalinin əsərində isə bu cür məsələlər qaranılıq qalır. Bu barədə siz nə düşünürsünüz?

- Bu da əlbəttə ki, sirdir və hamıdan ucanın ən mübhəm sirlərindəndir. Qəzali bu məqamın yanından ötür. Yəni ona toxunmur. Olsun ki, bu dünyadan köçən məqama qədər ona bu sirri açmaq dərəcəsi verilməyib. İnsana, hansı dərəcənin daşıyıcı olmasınan asılı olmayaraq, çox-çox sirlər bağlı saxlanılır və bu, bu gün də belədi. Bunun səbəbləri də o sirlərin özü kimi naməlumdu. Hər bir kəs bu sirlər aləminə qəlbindəki o xırdaca qapıdan daxil ola bilir, yalnız ona, yəni özünə açılan sirr qapısından. Orda sonra nə baş verir, bu yalnız Allaha məlumdu. Mənim təsəvvürümə görə bu ayə Allahın bizlərə verdiyi enerjinin dövriyyə etdiyini bildirir. Bu, bumeranqın hərəkətini andıran bir dövriyyədir.

Olsun ki, yaratdıqlarının məmnunluğu, Ona olan sevgisi ümumilikdə kainatın və Allahın mövcudluğunda hansısa zərrəni, ya hərəkəti təmin edir. Onun belə bir kəlamı da var: “Uzun zamanlar mən gizli xəzinə tək, yaşadım. Bu dünyanı yaratdım ki, bilinim.“ Görünür ki, Allah ona olan sevgidən məmnun olur. Bəzən gözəl mənzərələrdən doluxsunarkən, özümü ibadətdə hiss edirəm.

Yəni demək istəyirəm ki, “Mənə təzim etsinlər” i maddiləşmiş təfəkkürlə anlamayaq. Onun bizlərin təziminə olan ehtiyacı biz düşündüyümüz, hesablaşdığımız ehtiyaclardan deyil. Onun bu mənada heç kəsə və heç nəyə ehtiyacı yoxdu, sadəcə, Allah bizləri bu sayaq yaxında duymaq istəyir. Hər halda mən belə düşünürəm.

- Əsərdə səadəti tapmağın yolu Allahı axtarmaq mənasında həll olunur. Yəni, əslində, güclü olmaq üçün insana verilən izahlar və məsləhətlər gəlib bir məqamda Allahı axtarmaq, ona sarı getmək məqamı faş olur. Bununla da ruh haqqında deyilənlər sadəcə insanın ruhunu anlamaq, ruhun xoşbəxt olması üçün Allahı axtarmaq, ötəri canı onun yolunda yorub, əbədi ruhu ona qovuşdurmaq səadətin sirr qapısı doğru yola açılan yeganə çıxış nöqtəsi kimi göstərilir.

- Cavan yaşlarında bu dünya insana çəhrayı rəngdə görünür. Kamillik yaşına çatanda isə insan anlayır ki, Səməd Mənsur demişkən “həpsi rəngdir”. Yəni görünütüdür, fanidir. Elə ki, yağışlar yağır və bu əlvan rəngləri yuyub aparır, əsil mahiyyət üzə çıxır. Və məhz onda insan min bir əziyyət-əzabla, nələr və nələr bahasına əldə etdiklərinin son nəticədə “heç nə” olduğunu, qocalıq və ölüm halında kara gəlmədiyini anlayır. Yalnız onda anlayır ki, bu dünyada çalıb-çapıb əldə etdikləri səadət deyilmiş. Əksinə, onun, yəni ruhunun məhvinə işləyən əzablar dağarcığıymış.

Baxın, bu gün gözümüzün qabağında nə qədər insanlar, uzun illərlə ehtiram bəsləyib pərəstiş etdiyimiz alim və ziyalılar nə günə qalıblar?! Onlar sağ ikən öldüklərindən xəbərsiz halda yaşayır və bunun fərqinə belə varmırlar. Rusların bir sözü var: “xoşbəxt olmaq istəyirsənsə, ol”. Yəni, bu, sənin öz əlindədi. Bunun üçün özünə maneələr yaratma. Rahat yaşamağın yolu özünü tamah və nəfsin, arzuların burulğanına salmamaq, səadətə qovuşmaq – qəlbindəki gizli qapını tapıb onu açmaqdı. Xilas insanın öz içindədi.

-“Səadət iksiri”ndə qeyd edilir ki, sirr qiymətlidir. İnsan da dərk etməyə, yəni sirri, müqəddəsliyi dərk etməyə, açmağa çalışır. Sanki bu mənada daim insanın qəlbi ilə ağlının mübarizəsi gedir. “Səadət iksiri” ini oxuyanda insan bu cür paradokslarla üzləşir və çaş-baş qalır.

- Əsərdə deyilir ki, ruh şahdır, ağıl vəzir. Şah vəzirdən məsləhət almalıdır, amma son qərarı özü verməlidir. Bu o deməkdi ki, son qərarı ağıl yox, qəlb, yəni ruh verməlidi. O səbəbdən ki, ilahi biliyin sahibi odur. Sufilərə görə kitabdan alınan bilik bu dünyada hanısa peşəyə yiyələnmək üçün lazımdır, dünyanın və özünün dərki isə yalnız ilahi biliklə qazanılır. Odu ki, nəhəng kitabxanalar və samballı mütaliələrlə öyünməyək. Bunlar insana kitab savadı qazandırır, çətin məqamlarda isə, tənhalıq və ölüm ayağında insanın dadına çata bilmir.

-Son illər dünyanı bürümüş qloballaşma zəminində sufiliyə meyl sanki azalıb. Bu, belədirmi?

- Uzun müddət bizdə sufilik – insanı bu dünyadan çəkindirən, tərk-dünyalığı, dərvişliyi təbliğ edən təhlükə kimi yasaq olunmuşdu. Lakin sufilik heç də bu deyil. Əlbəttə, İlahi sevginin tilsiminə düşüb öz evini, ailəsini atanlar, tənhalığa, səhralara üz tutub Allaha oralarda tənhalıqda qovuşanlar da olub. Lakin sufilik bunu təbliğ etmir. O bu dünyanın alçaq girdabından çıxmağın, yəni xilasın yolunu göstərir. Cücüyə, həşərata çevrilməməkdən ötrü insanın nə etməli olduğunun, hansı səmtə üz tutmalı olduğunun sirlərini açır.

# 4090 dəfə oxunub

Müəllifin son yazıları

# # #