Qarabağ haqqında film: "Pənahəli xanın gülləkeçirməz köynəyi" - Etimad Başkeçid yazır...

Qarabağ haqqında film: "Pənahəli xanın gülləkeçirməz köynəyi" - Etimad Başkeçid yazır...
24 iyun 2020
# 15:11

Uzun prelyudiya vermək istəmirəm.

Hamının bildiyi, amma çoxunun vecinə almadığı bir həqiqət var: çağdaş dünyamızda ölkənin müsbət beynəlxalq imicinin formalaşdırılması məsələsi qüdrətli ordu quruculuğu və iqtisadi dayanıqlılığın əldə olunması qədər əhəmiyyətlidir.

Ölkənin müsbət imici isə biləvasitə «yumşaq güc»ün, yəni ədəbiyyat, kino, teatr və s. kimi mədəniyyət sferalarının köməyi ilə formalaşdırılır.

Amerikanı yenidən kəşf eləmək fikrində deyiləm, amma mən hələ də başa düşmürəm ki, niyə indiyəcən Əhmədiyyə Cəbrayılov haqqında flm çəkməmişik. Özü də fransız aktyorlarla birgə. Şarl de Qollu az qala ilahiləşdirən fransızların ürəyini ələ almaq üçün bundan yaxşı nə fikirləşib tapmaq olar?

Başa düşmürəm, niyə II Dünya müharibəsi zamanı İtaliyanın Monte di Neze kəndində nasistlərin güllələdiyi 120 Azərbaycanlı haqqında niyə film çəkmirik? Özü də italyan aktyorların iştirakıyla. Bilməyənlər üçün kiçik arayış:

«Bu sensasiyalı tarixi həqiqəti məşhur italyan jurnalisti Sandro Teti üzə çıxarıb. Uzun müddət bu hadisə ilə bağlı heç bir məlumat verilməyib. İtalyan tədqiqatçı tamamilə təsadüf nəticəsində soydaşlarımızla əlaqəli bilinməyən bir epizoda rast gəlib. Monte di Neze kəndinin minnətdar sakinləri nəinki nasistlər tərəfindən vəhşicəsinə qətlə yetirilən azərbaycanlıları dəfn ediblər, həm də öz şəxsi hesablarına onların şərəfinə abidə də qoyublar. Cənazə ilə yerli sakin Giovanni Gerardi məşğul olub və böyük bir qardaşlıq məzarlığı inşa edib. Daha sonra qalıqlar oraya köçürülüb. İtalyanlar ölkələrinə gələn azərbaycanlıların dəqiq etnik təsvirini verə bilmədikləri üçün onları “monqollar” və ya “rus monqolları” adlandırırmışlar. Buna görə də uzun müddət abidə üzərində həkk olunmuş tabloda belə yazılırdı: “A ricordo di 120 mongoli caduti per mano fascista. 1945” (“Nasistlərin əliylə məhv edilmiş 120 monqolun xatirəsinə. 1945”). Bu yanlış məlumat yalnız 2014-cü ildə düzəldilib. Hazırda belədir: “In ricordo di 120 Azerbaigiani morti per mano fascista”. Tabloda yazılanların italyancadan tərcüməsi belə dəyişdirilib: “Faşistlər tərəfindən öldürülmüş 120 azərbaycanlının xatirəsinə”.

Ermənilər özlərindən əhvalatlar və tarix uydurur, onların əsasında kitablar yazır, filmlər çəkirlər. Biz isə, olanımızı da küləyə sovururuq.

O qədər belə məsələlər var ki, adam bilmir hansından danışsın.

Qarabağ həqiqətlərini dünyaya yaymaq, bu yerlərin əzəli Azərbaycan torpaqları olduğunu hamıya çatdırmaq üçün çeşidli tədbirlərə ətək-ətək pul xərcləyən, heç kəsin oxumadığı kitablar çıxaran, sayt işlədən qurumlarımızın diqqətinə: gəlin sözü bir yerə qoyun, Pənahəli xanın məşhur gülləkeçirməz köynəyi haqqında bir sənədli film çəkin. Yaxşı alınsa, sənədli filmlər üzrə ixtisaslaşmış beynəlxalq media qurumları buna görə sizə pul da ödəyər; beləcə, Qarabağ haqqında həqiqətləri milyonluq auditorialara çatdırmış olarsınız.

Aşağıda həmin filmin sinopsisini diqqətinizə təqdim edirəm. Buna görə pul-para da istəmirəm.

Pənahəli xanın gülləkeçirməz köynəyi

Filmin sinopsisi

Zirehli geyimin ilk nümunəsi heyvan dərisi sayıla bilər. Qədim yunan miflərində qəhrəmanlar heyvan dərisini bədənlərinə sarıyır və ya çiyinlərinə atırdılar. Herakl öz bədənini məhz bu cür qoruyurdu: onun öldürdüyü Nemey aslanının dərisini adi silahla kəsmək, deşmək mümkün deyildi.

Sehrli müdafiə motivi miflərdən nağıllara, daha sonra isə eposlara keçmişdir.

Sehrli ələkeçməzlik epik qəhrəmanı nağıl qəhrəmanı ilə doğmalaşdıran ecazkar xüsusiyyətlərdəndir. Qədim nağıl eposunun süjetində və qəhrəmanın özünün obrazında nağıl-mifoloji çalarlar var: möcüzəli doğuluş (soyun hamisi olan ilahi əcdaddan), əfsanəvi boy-buxun, sehrli ələkeçməzlik.

İnsanların fantaziyasında məşhur epos qəhrəmanları və xalq kumirləri xüsusi «qorumaya» malik idilər. Məsələn, «Nibelunqlar nəğməsi»ndə Ziqfrid öldürdüyü əjdahanın qanında çimmişdi; İlahə Fetida öz oğlu Axilli müqəddəs Stiksin suyuna salıb-çıxarmışdı.

Hind eposlarından birində Parama adlı qəhrəman və onun yüz qardaşı başqalarının gözlə görə bilmədiyi libas geyinirlər. Belə ki, onların bədəninə ox batmır.

Qırğızların məşhur «Manas» eposunun qəhrəmanı da «odda yanmır, yaralamaq istəsən, balta korşalır, ona ox batmır, topdan atəş açsan, güllə götürmür».

Ümumiyyətlə, Hind-Avropa xalqları eposunda Axill, Ziqfird, İsfəndiyar (Firdovsinin «Şahnamə»si) kimi obrazlar möhkəmlik, ələkeçməzlik xüsusiyyətinə malikdirlər. Ancaq adıçəkilən qəhrəmanların hər birinin zəif yeri var: Ziqfirddə bu, kurəyin ortası, Axilldə – dabanı, İsfəndiyarda – tək olan gözü. Onlar məhz bu zəif yerlərindən xəsarət alaraq həlak olurlar.

Mif, nağıl və dastanlarla bağlı bütün bu və digər materialları, eləcə də, tarixi faktları nəzərdən keçirdikdə, qədim vaxtlarda tayfa başçıları, hökmdarlar, imperatorların nəyə görə özlərinin ilahi mənşəli olduqlarına inandıqlarına aydınlıq gətirə bilirik.

Zaman keçdikcə, insanların inanc sistemində baş verən transformasiyalar nəticəsində hökmdarlar qoruyucu talismanlardan istifadə etməyə və döyüş paltarlarının üzərində dini yazılar yazdırmağa başladılar. Məsələn, Yuli Sezardan tutmuş, Napoleona qədər, bir çox sərkərdələr almazı özlərinə talisman seçmişdilər: belə bir inanc var idi ki, almaz döyüşdə yara almaqdan və ölümdən qoruyur; Tibetdə tarixi Lxasa döyüşü zamanı əsgərlər Dalay-Lamanın yazdığı duaları qurşaqlarına taxıb, müasir silahlarla silahlanmış ingilis qoşununa qarşı vuruşurdular. Güllələrdən sığortalandığını düşünən əsgərlərin böyük əksəriyyəti, təbii ki, bu döyüşdə həlak olmuşdu.

Maraqlıdır ki, XVII əsrdə yaşamış Mixail Romanovun şlemində Qurandan dua həkk olunub: «Doğru yolda olanlara Allahdan kömək və qələbə müjdəsi ver”. XIX əsrdə bu şlemi Rusiya imperiyasının gerbinin mərkəzinə yerləşdirmişdilər. Ruslar inanırdılar ki, bu şlemi Aleksandr Nevski də başına qoyurmuş.

Gallery

Gallery

Gallery

İsveç muzeylərinin birində İvan Qroznın şlemi saxlanılır. Bu şlem, qarışıqlıq zamanı, polyaklar tərəfindən Kremldən Polşaya, sonradan isveçlilər Varşavanı tutanda, İsveçə aparılmışdır. Həmin şlemdə də Qurandan yazılar həkk olunub. Təbii ki, hökmdarlar öz dəbilqələrinin üzərindəki yazını sadəcə gözoxşayan ornament kimi qəbul etmirdilər. Onlar burada həkk olunan ayətlərin sehrli gücünə inanırdılar.

Bunun başqa bir örnəyi kimi XVII əsr Azərbaycan hökmdarlarından Pənah xanın məşhur «gülləkeçirməz köynəyi»ni göstərmək olar

Bu köynəyin tarixçəsi danışılır.

Sonda ümumiləşdirmələr aparılır.

P.S. Filmdə başqa xalqların tarixindəki oxşar nümunələrdən də danışılır, müxtəlif ölkələrdən olan mütəxəssislərin rəylərinə yer verilir.

# 5933 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #