Fahişələrə haqq qazandıran filmimiz

Fahişələrə haqq qazandıran filmimiz
11 iyul 2024
# 15:00

Kulis.az Eminquey Akifin "Sahilsiz gecə" filmi haqqında yazısını təqdim edir.

Yüngül həyat tərzi...

Pul müqabilində cinsi əlaqə...

Əşşi, uzatmayaq: fahişəlik!

Bu peşə Azərbaycanda hər nə qədər açıq şəkildə dilə gətirilməsə də, əfsuslar olsun ki, tələbatlı sahədir. Siqaret kimi bir peşədir. Hər qiymətə var. Pulun var bahalısını, pulun azdır ucuzunu.

İndi danışacağım filmin mövzusu da bu peşənin sahibləri və onların bu yola necə düşməsindən, cəmiyyətin onlara necə yanaşmasından bəhs edir. Özü də 1989-cu ildə.

"Sahilsiz gecə" filmi.

Baş rolları Mehriban Xanlarova, Nuriyyə Əhmədova, Kəmalə Müzəffər, türkmənistanlı aktrisa Oğuldurdi Məmmədquliyeva oynayır. Deyilənə görə, bu obrazı oynamağa o vaxtkı qadın aktrisalarımız razı olmadığı üçün türkmənistanlı aktrisa dəvət olunub.

Açığı, Mehriban Xanlarovanın gənclik illərini görüb ağzı açıq qaldım. Necə gözəl, necə saf bir siması var imiş. O, bu yaxınlarda “Təhminə” filmində Təhminə obrazının, əslində, ona verilməsindən danışmışdı. Sonradan nə olubsa, Meral Konrat canlandırıb. Məncə, Mehriban xanım daha gözəl oynayardı Təhminəni.

"Sahilsiz gecə" baxdığımız bütün Sovet filmi standartlarından kənar çəkilən filmdir. Film müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından, “altmışıncılar” nəslinin nümayəndələrindən olan Xalq yazıçısı Elçinin "Toyuğun diri qalması" povesti əsasında ekranlaşdırılıb və Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilib.

SSRİ-nin hələ mövcud olduğu illərdə və Azərbaycanda milli-azadlıq hərəkatının geniş vüsət aldığı dövrdə Şahmar Ələkbərovun rejissorluğu ilə çəkilən filmin ekranlara çıxması ilə onun ətrafında böyük qalmaqal, ajiotaj yaşanır.

O zaman böyük əksəriyyət filmin Azərbaycan xalqının milli-əxlaqi dəyərlərinə uyğun gəlmədiyini, filmin nümayişinin dayandırılmasını, onun efirdən yığışdırılmasını, hətta, quruluşçu rejissor kimi Şahmar Ələkbərovun cəzalandırılmasını tələb edir. Hətta, iş o yerə çatır ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının önündə günlərlə etiraz aksiyaları keçirilir. Xüsusilə də, Xalq Hərəkatının fəal xanım iştirakçıları filmə kəskin etiraz edirlər.

Filmdə iki azərbaycanlı qadının bir erməni qadın Rozanın başçılığı ilə yüngül həyat tərzi keçirməsindən, əslində isə, onların bir qadın kimi faciəsindən, bu yola düşməyə məhkum edilmələrindən və ona etirazdan bəhs edilir. Açığı, Şahmar Ələkbərov bu filmdə özünə bağışlanmaq yeri qoyub. Mən olsam, özümə belə haqq qazandırardım ki, görmürsünüz, “mamaroza”nı ana qəhrəmanları fahişə Anahit olan erməni kimi vermişəm?! Azərbaycan qadını fahişəliyə düçar olubsa, bunun səbəbi həm də ermənilərdir.

Dürdanə bu üç fahişədən ən üsyankarıdır. Elə bu üsyanın nəticəsində də dəstədən ayrılır, zavodların birində işləməyə başlayır. Dürdanəni canlandıran aktrisa Kəmalə Müzəffər filmdə əsasən ağlamağı ilə diqqət çəkir. O, 1989-cu ildə çəkilən filmdə də ağlayır, 2015-də çəkildiyi serialda da, 2024-də çəkildiyi serialda da. Ağlamaq bu aktrisanın yaradıcılığının anasıdır, hitidir.

Bəs Zibeydə hansı səbəbdən bu yola düşüb? O keçmişi xatırlayanda atasının rejim tərəfindən aparılması yadına düşür. Epizodların birində etiraz edərək “qulaq qızı” ifadəsini işlədir. Ola bilsin ki, yeni nəsil “QULAQ” nədir, bilmir.

1930-cu illərdən 1950-ci illərə qədər, Stalinin dövründə məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu idi QULAQ. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr olan QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir.

Və Zibeydənin atasını da bu düşərgələrə aparmışdılar. Zibeydənin gələcək taleyi rejimin adamlarından birinin papağını axtaran faytonçu atasına “Papağı neynirsən? Bundan sonra papaq sənə lazım olmayacaq” cümləsində gizlənir.

Zibeydə düşdüyü durumdan çıxmaq istəmirdimi? İstəyirdi. Hətta sevdiyi bir oğlan da var idi. Həyətlərində tar çalardı, Zibeydə isə onu xəlvətcə qapıdan pusardı. Bir gün onun müharibədə həlak olduğunu öyrənir və yeganə çıxış yolu olan adamı itirməyi onun əlini hər şeydən üzür.

Dövrü və dövrün həqiqətlərini nəzərə alanda Zibeydənin xilasa doğru çırpınışları kədərlidir, amma indiki dövrün həqiqətlərilə filmi yan-yana qoysaq, hansısa fahişə haqqında belə bir film çəkilsə, yaxud hansısa fahişə belə bir müsahibə versə ki, atamı öldürdülər, fahişə oldum, adamı gic gülmək tutar.

Elə o dövrün ritorikasından, ab-havasından çıxış edən Azərbaycanın bir çox fəal qadınları da heç cür bu məqamla barışmır, filmə, onun quruluşçu rejissoru Şahmar Ələkbərova qarşı sərt mövqe nümayiş etdirirlər.

Rejim etirazları görərək, filmin nümayişinin dayandırılması barədə rəsmi olmasa da, tapşırıq verir və qısa zamanda film sanki çəkilməmiş kimi arxivə göndərilir. Bu ekran əsərinin çəkilməsindən 30 ildən çox vaxt ötsə də, Azərbaycan telekanallarında demək olar ki, hələ də onun yayımına rast gəlinmir.

Bir dəfə Şahmar Ələkbərov Nuriyyə Əhmədovaya zəng eləyir ki, kinostudiyaya gəlmə, burda millət doludur, səni öldürərlər. Demə, qadınlar kinostudiyanın həyətinə yığışaraq etiraz edib qışqırırmışlar. Sonradan məlum olur ki, bu piketin keçirilməsində kinostudiyada işləyən ermənilərin də əli varmış. Əslində, filmdə etiraz ediləsi məqam yoxdur. Filmd' sadəcə olaraq qadınların müharibə vaxtı düşdüyü vəziyyət göstərilird. Göstərilir ki, müharibə qadınları özləri istəmədən fahişəliyə düçar edir. Və o vaxt elə mövzuda film çəkmək çətin bir iş idi. Çox təəssüf ki, bu cür ekran əsəri yiyəsiz qalır.

Filmin nümayişi bəzi etirazlara səbəb olur. Həmin vaxt Şahmar Ələkbərov bərk xəstə olsa da, belə şeylərə fikir vermir. Çox peşəkar yanaşır və deyir ki, belə şeylər olur. Mehriban Xanlarova haqqında da deyirlər ki, guya o filmdən sonra onu döyüblər. Mehriban Xanlarova isə bunu inkar edir və bu filmdə rol aldığı üçün də, Şahmar Ələkbərovla işlədiyi üçün də zərrəcə peşman olmadığını qeyd edir.

Ekran əsərində təkcə Milis “haqq” alıb nahaqqa göz yummur, buranın əhalisi də öz aralarında ayıb işlərini bir-birilərinə rüşvət verməklə ört-basdır edirlər. Elə Ağagülün Zibeydəyə xoruzu rüşvət verməsi kimi.

Ən əsası isə, pəncərədən pərdənin azca aralanaraq baş verənlərin izləndiyi epizoddur. Faytonçu Əbülfəz həbs olunan zaman o pərdə aralanmışdı, bəlkə də, Əbülfəzdən qabaq da, sonra da o pərdə eləcə aralanmış, neçə-neçə adamlar sürgünə aparılmış və o pərdəni aralayan adamlar bircə dəfə də cınqırını çıxarmamış, “bizə nə” deyib yıxılıb yatmışdı. Halbuki, kimsə səsini çıxartsa, kimsə dimdiyində su aparsa bu yanğına, Zibeydə kimi başqa adamların da həyatı xilas olunardı.

Zibeydə gileylənəndə məhz bu pəncərədən danışırdı.

İllərdir nə o pəncərələr mahiyyətini dəyişir, nə də insanlar.

Hətta bu pəncərələrin arxasında gizlənmiş adamlar üçün iki-üç il əvvəl "Pərdə" filmi çəkildi, yenə o pəncərədəki pərdə aralandı, adamlar yenə də etiraz etdilər.

Sahilsiz gecəsi olanların dərdinə boylanmağı bacarmayan insanlarla doludur hər yer…

# 3336 dəfə oxunub

Müəllifin son yazıları

# # #