Qan qoxusu - Əsmər Hüseyn Xan

Əsmər Hüseyn Xan

Əsmər Hüseyn Xan

27 noyabr 2021
# 16:29

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Əsmər Hüseyn Xan "Qan qoxusu" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Səhərə kimi aramsız yatdığına baxmayaraq, oyananda yuxudan indiyə qədər bu cür bitkin ayılmadığını hiss etdi. Yorğunluqdan şişmiş gözlərini var gücü ilə ovxaladı. Günortaya az qalmışdı. Otaq dağınıq, alaqaranlıq idi. Ayağa qalxıb pəncərəyə tərəf getmək istədi, bir qədər səndələdi. Divardan tuta-tuta gedib pərdəni araladı.

Yayın ən qızmar ayı idi. Bayırda həyat çoxdan başlamışdı. Üç-beş uşağın arabir topalaşıb söhbətləşdiyini, gülüşdüyünü gördü. Başını yuxarı qaldıranda gün işığı güllə kimi dəydi gözlərinə. Tez də bağladı nimdaş pərdələri. Otaq yenə də qaranlığa büründü. Bir müddət işığın təsirindən aça bilmədi gözlərini. Əlini atıb zəif elektrik lampasını yandırdı. Yavaş-yavaş gözləri alışdı işığa.

Bu qaranlıq otaqdan neçə müddətdi ki çıxmadığını artıq özü də unutmuşdu. Ona elə gəldi ki, özü də nəmli divarlardan biridir və otaqdan çıxsaydı bu ev də sökülüb dağılacaqdı...

Vanna otağına keçdi. Ləkələnmiş aynada güclə sezilən sifətinə baxanda əvvəl diksindi. Özünü tanımadı. Saqqalı uzanmış saçına qarışmışdı. Axırıncı dəfə bu üzü atasını itirəndə görmüşdü. Kişinin qırxından sonra rəhmətlik anası "üzünü qırx, ay bala, pisniyyət olma", - deyib məcbur etmişdi. Yazıq arvad o hadisədən sonra şam kimi əridi balasının dərdindən. Elə oğlunun yatağının başındaca ondan nigaran köçdü bu dünyadan.

Gözləri doldu. Dumanlı beynindən çıxara bilmirdi keçmişini. Unuda bilmirdi yaşadıqlarını. Axı niyə o belə bir insanıydı? Axı niyə xatirələrdən yaxa qurtara bilmirdi?

Çox acdığını hiss etdi. Deyəsən dünən heç su da içməmişdi. Dar dəhlizdən kiçik, amma işıqlı mətbəxə keçdi. Buranın pəncərəsi böyük, pərdəsi ağ olduğundan gün işığının qarşısını ala bilmirdi. Çaydanı doldurdu. Üstü kif bağlamış dəmliyi yaxalayıb çay dəmlədi. Masanın üstündəki siqaret kötükləri ilə dolu külqabını boşaltdı. Masanı təmizləyib stəkanı hazır qoydu. Adəti üzrə başını iki əllərinin arasına alıb gözlərini bir nöqtəyə zillədi. Qəfil səsdən diksindi. Çaydan qaynayıb fit verirdi.

Nazlı ilə birlikdə qatarla şəhərə gəldikləri o ilk günü xatırladı. Onda da qatar bax beləcə fit vermişdi. O vaxt nə ümidlərlə doğma yurdlarından ayrılıb şəhərə gəlmiş, bu evi də elə gəldikləri ay almışdılar. Yenicə evləndiyi üçün işlədiyi zavodda dostu öz növbəsini ona verəndə dünyanın ən xoşbəxt adamı olmuşdu sanki. Ev yeni tikili, səliqəli, üç otaqlı idi. Otaqları bölüşdürmüşdülər də öz aralarında. Biri bizim, biri ananın, biri də uşaq otağı olsun, demişdi Nazlı.
Nazlı çox səliqəli qadın idi. Sahmanına söz ola bilməzdi. Bağça müəlliməliyini yenicə bitirmiş, diplom almasına altı ay qalmışdı. Uşaqları da çox sevirdi.
“Eldar, inşallah, mən işləyəndə öz uşaqlarımızı da yanımda aparacağam, həm də bu yad şəhərdə mənə göz qulaq olarlar" deyəndə doyunca gülüşdülər. Anasının da onlarla birlikdə qalmasına bir söz deməmişdi. Əksinə, sevinmişdi də.

- Nə yaxşı olar, ay Eldar. Mənə ana-bacı olar, kimsəsiz olduğum bu yad şəhərdə. Sonra öz anasını xatırlayıb ağlamışdı da.

Nazlının atası yox idi. İki qardaşın bir bacısı idi. Bir də qoca anası vardı. Kənddə Nazlını istəyən çox idi. Çox elçi gəlmişdi qapılarına. Eldarın anası da, gözünün ağı - qarası oğlunu yanına salıb Nazlıgilin qapısına elçi düşmüşdü. Qardaşları, Eldarın atasız, kasıb olduğu üçün “bizim sizə veriləcək qızımız yoxdur” deyib qapını onların üzünə bağlamışdılar. Nazlının ürəyindəki isə təkcə Eldar idi. Bunu yalnız həm qonşuları, həm də qardaşları ilə dostluq edən İlqara demişdi.

Bir dəfə məktəbdən qayıdanda İlqar onun qabağını kəsib: - Mən səni sevirəm, Nazlı, qalsan mənim, ölsən qara torpağın olacaqsan, - demişdi. Nazlı da onu rahat buraxmayan İlqarın əl çəkməsi üçün Eldara olan sevgisini açıb danışmışdı ona. İlqar da istehza ilə gülərək, “O çulsuz səni bədbəxt eliyər, sən heç bilirsən nə danışırsan? Çiçək kimi qızsan, soldurar Eldar səni” demiş, Nazlı isə onun sözünü yarımçıq qoyub yoluna davam etmişdi.

Nazlının arxasınca boylanan İlqar hirsindən əllərini elə sıxıb yumruqlamışdı ki, dırnaqları ovcunu deşib qanatmışdı. Pıçıltıyla “peşman olacaqsan” demiş, özündən başqa heç kim eşitməmişdi.

Səhəri gün axşam evə qayıdan Nazlının böyük qardaşı Nemət onun üstünə yeriyib İlqardan eşitdiklərini deyəndə hönkür-hönkür ağlamışdı Nazlı. Boğazı quruyan, tir-tir əsən qızın köməyinə anası çatmışdı. - Nə olub, ay bala, nə istəyirsən bu yazıqdan, işin olmasın onunla, mənim qızım heç vaxt səhv hərəkət eləməz, - deyib qızını qanadının altına almışdı. Nemət də cavabında: - Daha sabahdan bu qapıdan bayıra burnunu belə çıxarmayacaqsan, biz kimə versək onunla da evlənəcəksən, - demişdi.

Bu hadisədən sonra gecə-gündüz ağlayan Nazlı birtəhər yolunu tapıb Eldarla danışmış, gecəylə bir-birinə qoşulub qaçmışdılar şəhərə. Və elə o gündən də qardaşları demişdi ki, bizim o adda bacımız yoxdur, vəssalam! Yazıq anası da heç nə deyə bilməmiş, ürəyinə köz bağlayıb susmuşdu...

Nazlı hər şeydən keçib gəldiyi üçün peşman deyildi. Deyirdi ki, neyniyək, bizim də taleyimiz belə imiş. Amma bu darıxmaq ki var, öldürür ey, adamı. O da anası üçün yaman darıxırdı...

Ardı-arası kəsilməyən fit səsi yenə onu fikrindən ayırdı. Bir stəkan çay süzdü. Başını əllərinin arasına alıb peşman-peşman yenə getdi keçmişdəki xoşbəxt günlərə.

***

Eldarı işə yola salan Nazlı narahatlıqdan özünə yer tapa bilmirdi. Gecə gördüyü yuxu sanki həqiqət imiş kimi yaxasını buraxmırdı.

Görmüşdü ki, paltarı qana bulanmış ağ donlu, əlləri saç tükü ilə dolu, başı keçəl bir qadın qışqıra-qışqıra ağlayır. Əlindəki tüklərin üzərində başının dərisinin parçaları var idi. Başından aşağı sinəsi boyu cığır salan ilıq qan, ətəyinə toplanıb orda balaca pişik balalarına dönürdülər. Sonra canlanan pişik balaları bir-bir yerə hoppanıb ayağından yapışırdılar.

- Ana!- deyə qəfil yuxudan ayılmış, Eldarı yanında görəndə bir az toxtamışdı. Amma elə bil başının dərisi ağrıyır, burnuna qan iyi gəlirdi.

Ərini oyatmamaq üçün barmaqlarının ucunda çarpayıdan endi. Vanna otağına keçib əl-üzünü yudu. Saata baxdı. Beş idi. Hava hələ işıqlanmamışdı. Pəncərəni açdı. Sakit yaz gecəsi idi. Gözünü yumub dərindən nəfəs aldı. Gözünü açanda ona elə gəldi ki, kimsə düz onun gözünün içinə baxır. Qaranlıqda parıldayan gözləri dəqiq görmüşdü. Ani olaraq gözlər yoxa çıxdı. Nazlını vahimə basdı. Bir də diqqətlə baxdı. Amma heç nə görmədi. - Yəqin yuxunun təsirindəndir, - deyib pəncərəni yavaşca bağladı. Pərdəni çəkib mətbəxə keçdi. Çay dəmləyib süfrə hazırladı. Eldarın iş saatı yaxınlaşırdı. Otaqlarına keçdi. Ərinin yanında əyləşib diqqətlə onun üzünə baxdı. Tünd qara saçı ağ çöhrəsinə dağılmış, qara qalın qaşları çatılmışdı. Nazlı barmaqlarını Eldarın sifətində gəzdirərək onu oxşadı. - Oyan əzizim, yoxsa işə gecikəcəksən, - dedi. Ərinin çayını süzüb onunla qarşı-qarşıya əyləşdi. Yemək yeyərkən onu izləmək xoşuna gəlirdi.

Nədənsə Eldar bu gün səhər işə getmək istəmirdi. Nazlı isə əksinə: - tez ol, tələs, gecikəcəksən, - deyib onu tələsdirirdi. Onu qapıdan yola salanda bərk-bərk boynuna sarılıb: - Qurban olum, özündən muğayat ol, - demişdi.

- Niyə belə nigaransan əzizim, hər gün getdiyim işdir də.

- Nə bilim, ürəyim az qalır ağzımdan çıxsın. Bax, unutma ha, saat beşdə qatar vağzala çatır.

Eldar isə:

- Narahat olma, unutmaram, anamı da qarşılayıb gətirəcəyəm evimizə, sən də hazırlıq gör, - deyib, adət elədiyi kimi Nazlının alnından öpdü. Beləcə sağollaşıb, ayrılmışdılar.

Nazlı qapını bağlayaraq, qollarını çirmələyib işə başladı. Bəlkə beləcə fikri dağılardı. Dağınıq saçlarını toplayanda aynada özünü görüb təəccübləndi. Gözləri çuxura düşmüş, bənizi solmuşdu. Kövrəldi. Özünün bir il əvvəlki vəziyyətini, İlqarı xatırladı. “Peşman olacaqsan, gül kimi solacaqsan” demişdi İlqar ona.

Lənət şeytana, o hardan düşdü yadına. Sanki İlqar onu eşidirmiş kimi: - Heç peşman deyiləm, - dedi öz-özünə. Saçlarını səliqəyə salıb ev işlərinə başladı...
Axşama doğru idi. Qapı möhkəm döyüldü. Kim idisə elə bil arxasınca qovurdular. “Yəqin Gülzar xalanın nəvəsidir, həmişə bu uşaq mərtəbələri səhv salır” – deyə Nazlı fikirləşdi. Heç düşünmədən tələsik açdı qapını.

Artıq beş aydır üzlərini görmədiyi Nemətlə Natiq düz qarşısında dayanmışdılar. İri cüssəli, ikisi birlikdə qapıya sığmayacaq bu qardaşlar, bacılarını görcək iki əlli onu evə itələyib qapını içəridən bağladılar. Nazlı əvvəl istədi hay-həşir salıb qonşuları çağırsın, sonra fikirləşdi ki, bəlkə barışmaq üçün gəliblər. Elə həmin an böyük qardaş Nemət, üzərinə yuxu gətirici məhlul tökülmüş tənzifi ikiəlli qızın ağzına basdı. Nazlı yerə sərildi. Divanın üstündəki ədyalı otağın ortasına sərib bacılarını bükdülər. Tələsik qapını çırpıb evdən çıxdılar. Pillələri surətlə enərək maşına əyləşib yox oldular.

***

- Nazlı heç vaxt günün bu saatında yatmazdı, ana, görəsən niyə qapını açmır? - deyə Eldar qapının ağzında bir saat əvvəl qarşılayıb evə gətirdiyi anasından soruşdu. Yenə döydü qapını. Yenə səs yox idi. Artıq narahat olmağa başladı. Bir pillə yuxarı qalxıb Gülzar xalanın qapısını döydü:

- Salam, Gülzar xala. Necəsən?

- Yaxşıyam, boyuna qurban olum. Gəl içəri, qapıda niyə dayanmısan?

- Yox, Gülzar xala, oturmağa gəlməmişəm, Nazlını soruşuram. Sizə keçməyib ki?

- Yox, başına dönüm, bizdə deyil.

- Bu gün onu görmüsən? Bilmirsən hara gedib?

- Ağrın ürəyimə ay bala, yox, görməmişəm. Axı bazara gedəndə birinci bizə gələrdi, xala, istədiklərini yaz kağıza, ver alım, deyərdi... Yox, bala, heç bu gün görməmişəm mən onu.

- Xala, Sadiqi çağır bura, bəlkə o görüb. Hə, özü də gəldi.

- Bu gün Nazlı bacını görmüsən? – Eldar Sadiqdən soruşdu.

- Yox, Eldar əmi, görməmişəm, - deyə zəif görkəmli uşaq zəif səslə cavab verdi.

- Nə olub, başına dönüm, narahat qaldım lap, - Gülzar xala soruşdu.

- Bəlkə yarım saatdır qapını döyürəm, açan yoxdur. Əvvəl elə bildim evdədir, yatıb. İndi tam əminəm ki, evdə yoxdur. Amma harda olduğunu bilmirəm.

- Bıy, başıma xeyir, bu arvadı niyə orda saxlamısan? - Gülzar aşağıdan yuxarı qapıya boylanan Eldarın anasını görüb səsləndi. - Qalx yuxarı, ay bacı, başına dönüm, elə bil yad yerdəsiniz, gəl, gəl keç içəri - dedi.

- Düz deyir ana, sən keç otur Gülzar xalayla, mən də yaxınlıqdakı dükanlara baxıb qayıdacağam, - Eldar dilləndi. Sürətlə pillələri aşağı düşüb uzaqlaşdı.
Gülzar xala Eldarın anasını da götürüb alaqaranlıq dar dəhlizdən keçərək balaca və sahmanlı otağa daxil oldu. Qonaq üçün əldən-ayaqdan düşdü. “Sən allah rahat otur, qoy bir çay gətirim, uzaq yoldan gəlmisən. Allah saxlamış bayaqdan səni çıxartmır yuxarı oturaq, qapıda qalmısız” - dedi. – Bala, keç o biri otaqda oyna, səs eləmə, - deyə uşağa səsləndi.

Uşaq yeddi yaşlarında, amma yaşından balaca görünən, arıq, cılız oğlan uşağı idi. Əlində rəngi solmuş top var idi. Utana-utana nənəsinin arxasına keçib dəhlizə qaçdı.

- Allah saxlasın, - Eldarın anası dedi.

- Sağ ol, bacı. Allah sənin də balana qismət eləsin. Qızımın oğludur. Vecsiz atası onu körpə ikən, üç aylıq olanda atıb gedib. Qızım da kafedə işləyir. Səhər gedib, axşam gəlir. Mən onu yetimçiliklə böyütdüm, arxasız qız idi. İndi də balası arxasız qalıb, - Gülzar xala bunu deyib kövrəldi. Yaylığıyla gözünün yaşını quruladı.

- Elə demə, sən varsan, Allaha şükür. Anadan böyük dayaq varmı bu həyatda – Eldarın anası dedi və özü də kövrəldi.

Gülzar çay gətirəndə Tavat arvad dodaqaltı danışırdı: - Ay Allah, axırımızı xeyir elə, balam yazıqdı, bu yad şəhərdə kimi var axı Nazlının, kimə də gedə.
- Narahat olma bacı, Eldar indi harda olsa tapacaq onu. Bir də görəcəksən ki, budur, ikisi də yan-yana qayıdır.

- Amin. Allah ağzından eşitsin, ay bacı. Amma, xeyir olsun, ürəyim yaman narahatdır.

Binanın girişindən gələn səsə ikisi də birdən boylandı. Əvvəlcə Gülzar xala qapıya yüyürdü, arxasınca da Eldarın anası. Kimsə bir kişi qapının dəstəyini əyib, dəmirlə döyəcləyirdi. Tavat arvad irəli keçib pillələri çətinliklə endi. Kişinin arxasında dayanmış Eldar ümidsiz halda anasına baxdı. Anası yaxınlaşıb yavaşca soruşdu:

- Eldar, bala, bir xəbər var?

Eldar barmaqlarını pərişan saçlarına daraq edib arxaya darayaraq dedi:

- Yoxdur, ay ana. Heç kim görməyib bu gün Nazlını.

- Necə yəni yoxdur? Bu gəlin iynə deyil ha, düşə samanlığa.

- Bilmirəm, ay ana, evə girək, görüm bəlkə məktub yazıb qoyub. Həmişə məndən xəbərsiz bir yana gedəndə yazıb qoyardı. Məni məlumatsız buraxmazdı. Tərslikdən bu gün işə gecikirdim deyə evin açarları da yadımdan çıxıb, götürməmişəm.

Qapı açıldı. Tavat əvvəl sağ ayağını atıb içəri keçdi. Eldar ustanı yola salıb, anasının arxasınca evə girərək qapını bağladı. Otaqlarda hər şey öz qaydasında idi. Gözə yad olan heç nə dəymirdi. Bircə həmişə divanın üstünə örtdükləri qırmızı ədyal yox idi. Ədyala ilk gündən gözü alışdığından o dəqiqə yoxluğunu anladı. Divana çöküb başını əllərinin arasına aldı. İlk dəfə idi ki, çarəsiz qalmışdı. Nə edəcəyini bilmirdi. Anası da elə hey Allaha yalvarırdı.

***

Nazlı gözlərini güclə açanda əvvəl heç nə görmədi. Gözü torlu görürdü. Başından aldığı zərbələrin təsirindən üz-gözü şişmiş, ağzında dişləri qırılıb tökülmüşdü. Xeyli vaxtdan sonra harda olduğunu anlamaq üçün ətrafına baxdı. Bura qaranlıq bir zirzəmi idi. Zirzəminin qapısının kənarlarından gün işığı süzülürdü. Görünür, bu gün onun evdən gətirildiyi günün səhərisidir. Dartındı. Ayaqları kəndirlə möhkəm-möhkəm bağlanmışdı. Əlləri açıq idi. Boynu tavandan asılan ipə keçirilmişdi. Onu vahimə basdı. İlahi, yuxu idimi bu gördükləri. Dəhşətə gəldi. Qışqırmaq istədi, səsi xırıldadı. Kəndir boğazını kəsirdi. Dərisini o qədər sürtmüşdü ki, qanı axırdı. Ağzındakı dad gecə gördüyü yuxunu xatırlatdı. Az qaldı ki, gözləri hədəqəsindən çıxsın. Ay Allah, bu nə iş idi onun başına gəlirdi. Gözü qaraldı. Yarı bayğın vəziyyətdə çarəsiz-çarəsiz Eldarın adını sayaqladı.

Üstünə tökülən suyun təsirindən, bayğın gözlərini güclə açanda qarşısında Neməti gördü. Nə qədər elədisə səsi yenə çıxmadı. Nemətin əlində yoğun taxta parçası varıydı. O, dayanmadan ağzı köpüklənə-köpüklənə Nazlıya nalayiq söyüşlər yağdırırdı. Hikkəsindən az qalırdı boynunun damarları partlasın.

- Əxlaqsız, soxdun papağımızı yerə. İlqar köpəyoğlu düz deyirmiş. Nahaq yerə inanmırdıq biz ona. Eldara qoşulub qaçdın, bir söz demədik. Dedik ailə qurub, bir övladları da olar gedərik, barışarıq. Amma sən demə fikrin başqa imiş. Eldardan da İlqara qaçmağı planlaşdırırmışsan. Nə yaxşı ki, İlqar sənin bu gözü dönmüşlüyünü gəlib bizə xəbər verdi. Başqası olsaydı adımızı ellə bir rüsvay edərdi. Arxamızca zurna çalırdı indi kəndin qoduxları. Qan gözünü o qədər bürümüşdü ki, heç bizi fikirləşmədin, ay namussuz? Demədin ki, qardaşlarım bəs bu töhmətlə nətəhər yaşayar? Eldar cəhənnəmə, demədinmi ki, qardaşlarım məni öldürər, qıçımı qırıb oturum xarabamda?
Bayaqdan hikkəsindən yer eşən Nemətin dediklərindən heç nə başa düşməyən Nazlı, İlqarın adını eşidəndə elə bil başına qaynar su töküldü.

İlahi, bu nə yalan idi düşmüşdü içinə. Bu necə dəhşətli şər idi, yaxılmışdı bəxtinə. Güclə eşidiləcək səslə: - Yalandır, - dedi.

Nemət əlindəki dəyənəklə ona elə bir zərbə vurdu ki, qırılan qabırğalarının səsini özü də eşitdi. Nazlı dəhşət içində qıvrıla-qıvrıla inildədi. Qarnında dəhşətli bir sancı başladı. Ayaqlarından aşağı ilıq qan süzüləndə Nazlı anladı ki, hamilə imiş. O anda yaşadıqları bütün ağrılarından da dəhşətli idi. Sanki özü eşidəcəyi səslə: - Körpəm! - deyə bildi.

- Kəs səsini, binamus. Hələ danışırsan da?- Nemət bağırdı. - İlqarın göndərdiyi bir xəbərlə gecə pəncərədə necə qaldığını, onun yolunu gözlədiyini, səhərə qədər yatmadığını, işığı açıq qoyduğunu gözlərimlə gördüm. Səhər də qapınızda idim, Eldarı tez tələsik işə yola saldığını qulaqlarımla eşitdim. Qapını döyənin İlqar olduğundan necə əmin idinsə, heç açanda kimliyini də soruşmadın. Hə, din də, niyə susursan? – dedi.

Nemətin sözlərini qırıq-qırıq eşidən Nazlı artıq ölmək istəyirdi. Daha heç nədən xəbəri olmadığını demək, özünü təmizə çıxarmaq da istəmirdi.

Natiq divarın dibində yerə oturub dizlərini qucaqlayaraq səssiz-səssiz bir nöqtəyə baxırdı. Dişlərini elə qıcamışdı ki, ətini kəsirdi. Amma bir kəlmə də dinmirdi.

- Sənə ölüm yaraşır deyib, - Nemət Nazlının ayağının altındakı oturacağı təpiklə vurub aşırdı. Nazlı xırıldadı. Əli ilə kəndiri tutub saxlamaq istədi. Saçları keçdi əlinə. Əlləri havada bir neçə dəfə yelləndi. Sonra yavaş-yavaş zəifləyən qolları qəfil yanına düşdü. Natiq əli ilə ağzını bərk-bərk bağlayıb bayıra çıxdı. Nemət isə hələ də əlindəki dəyənəyi ikiəlli bərkdən sıxıb saxlamışdı. Sanki Nazlının ölüsünü də döymək istəyirdi.

Nemət əlindəki dəyənəyi yerə atıb soyuqqanlılıqla bayıra çıxdı. Qardaşını bayırda görmədi. Səslənsə də səsinə cavab verən olmadı. Maşına əyləşib ordan sürətlə uzaqlaşdı.

***

Bütün gecəni yatmayan Eldar, evdə var-gəl edir, anasının bayaqdan nə danışdığını eşitmirdi. Qəfil zəngə səksəndi. Tələsik dəstəyi qaldırıb: - Alo! - dedi. Cavab gəlmədi. – Alo!.. Alo!.. Eşidirəm, kimsiniz? - deyə təkrar qışqırdı. Xəttin o başından bir nəfər boğuq və həyəcanlı səslə: - Özünü çatdır, Nemət Nazlını öldürəcək, - dedi.

Eşitdiyi sözdən qulağı cingildədi, gözü qaraldı. Özünü toplayıb: - Necə yəni öldürəcək? Harda? Hardadı Nazlı? Kimsən sən? – təlaşla soruşdu.

Xəttin o başındakı səs zirzəminin harda yerləşdiyini Eldara deyb dəstəyi asdı.

- Alo!.. Alo!.. Alo!..

Natiq telefonun dəstəyini tutduğu dəsmalı cibinə qoydu. Dəstəyi də yerinə asıb ordan uzaqlaşdı.

Eldar aldığı xəbərin təsirindən evdən elə çıxmışdı ki, Tavat arvad bir kəlmə soruşmağa macal da tapmamışdı. Mindiyi taksinin sürücüsünə yalvarırdı ki, sürətlə sürsün...

Eldar, zirzəminin qabağında dayanan maşından göz qırpımında özünü çölə atdı. İçəri girəndə gördüyü mənzərə başının tüklərini qabartdı. Nazlının boynuna keçirilmiş qalın kəndir onu havada saxlamışdı. Yanına düşən əllərində saçlarının tükləri varıydı. Sol tərəfində, yerdə qırmızı ədyalın üstündə yenicə doğmuş ana pişik ölmüş, düz ayaqlarının altında yenicə doğulmuş pişik balaları isə Nazlının barmaqlarının ucundan damcılayan, doğulmamış ölən körpəsinin qanını yalayırdılar...

***

Çayı buza dönmüşdü. Ayağa durub divardan tuta-tuta yatağına tərəf getdi. Son bir ili yatağa bağlı şəkildə yaşayırdı.

Bu hadisədən bir il iki ay beş gün ötürdü. Baxmayaraq ki, ədalət öz yerini tapmış, cinayətkarlar cəzasını almışdılar, amma Eldar hər gözünü qapayanda o mənzərəni təkrar-təkrar yaşayırdı. Bəlkə də nə vaxtsa gördüyü o dəhşətli mənzərəni yaddan çıxaracaqdı, amma ciyərlərinə hopmuş o qan qoxusunu heç vaxt unuda bilməyəcəkdi...


# 2481 dəfə oxunub

Oxşar xəbərlər

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

Mənim xalam qızı - Jalə İsmayılın hekayəsi

15:30 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Yol - Rüstəm Dastanoğlunun hekayəsi

Yol - Rüstəm Dastanoğlunun hekayəsi

17:30 22 aprel 2024
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

09:00 22 aprel 2024
Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

Torpağın ruhu - Rüstəm Dastanoğlunun hekayəsi

14:00 19 aprel 2024
4-cü cild - Mehriban Vəzirin hekayəsi

4-cü cild - Mehriban Vəzirin hekayəsi

09:00 19 aprel 2024
# # #