On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif
15 aprel 2025
# 12:00

Kulis.az Babək Məmmədlinin “Payız melanxoliyası” hekayəsi haqqında Ulucay Akifin yazısını təqdim edir.

Bilənlər bilir, Jurnalistika fakültəsində təhsil almışam, amma elə tələbəlik illərimdən bədii nələrsə yazmağa çalışmışam. Jurnalistika fakültəsinin tələbələri bədii nəsə yazmaq ehtiyacına o qədər də isti baxmırdılar, deyirdilər ki, şeir, hekayə yazmaq istəyirsənsə, get "Filfak"da oxu da...

“Ədəbi redaktə” fənnini mərhum Ayaz Musayev tədris edirdi mənə. O da rəhmətlik Xalq yazıçımız Qılman İlkinin oğlu idi. Üzrlü sayın, çox keçmişdən gəlirəm, amma sözümün canı var.

Ayaz müəllim mühazirələrdən birində üzünü mənə tutub belə demişdi:

“Bədii əsər yazmaq gözəldir. Şeir, hekayə, roman... Yazıçı bütün ömrü boyu bircə dənə hekayə, ya roman yazsa da, bir dənə şeirlər kitabı çıxsa da, ömrünün axırına kimi yazıçı, şair kimi qalır. Amma jurnalist bircə gün xəbər yazmasa, reportaj hazırlamasa, artıq jurnalist deyil”.

Bəlkə də, tələbəlik illərimdə, hələ hər şeyi götür-qoy elədiyim vaxtlarda yazmaq eşqimin sönməməsi üçün mütləq eşitməli olduğum cümlə idi bu.

On il qabaq müəllimimin mənə dediklərini Babək Məmmədlinin hekayəsi haqqında fikirlərimi yazarkən xatırlamağımın da səbəbi var.

Babək Məmmədlidən ilk oxuduğum mətn “Sevgi şəhəri” hekayəsi idi. Yəqin Babək o hekayədən sonra bir də əlinə qələm almasa belə, mən onu həmişəlik gözəl yazıçı kimi yaddaşıma həkk edəcəkdim.

Hə... Yəni cəmi bir gözəl mətn də müəllifi sevdiyin müəllif kimi yaddaşda saxlamağa kifayət edir.

Bir müəllifdən çox gözəl, əla bir mətn oxumağın pis tərəfi də var: o yazıçının hər növbəti mətninə olan gözləntin daha da artır.

“Payız melanxoliyası” hekayəsindən də gözləntim elə idi. İlk cümlədən bu gözləntimin əbəs olmadığını gördüm:

“Yuxulu gözlərində yol fənərlərinin işıqları bulanıb yayılmağa başlayanda maşını kənara çəkməli olduğunu qətiləşdirdi; Balaxanının mazut qoxulu çöllərindən şəhərin girişinə kimi mürgüləyə-mürgüləyə – Allah umuduna sürüb gəlmişdi”

Yuxulu, yorğun, dilxor sürücünün əhvalına uyğun, boz, qaranlıq küçələrlə aramla axan təhkiyə oxucunu yavaş-yavaş ünvana aparmağa başlayır. O ünvanda səni nə gözlədiyini bilmirsən, elə taksinin arxa oturacağında əyləşib obrazları müşahidə eləyə-eləyə gah hekayənin içinə, gah da yola boylanmağa başladım.

Müəllif məni (oxucunu) sürücü ilə eyni əhvala kökləyəndən sonra arxa oturacaqdan yavaş-yavaş önə, sükan arxasına keçdiyimi hiss elədim. Yəqin müştəriyə mən də ən az sürücü qədər qıcıqlandım.

Amma bəzi məqamlarda müəllifin özünə də qıcıqlanırdım. Çünki bəzi hissələrdə müştərinin rusdilli birinə xas dildə danışmadığını hiss edirdim:

“Tuvalu deyib keçməyin, müəllim. Nə olub ki, Tuvaluya? To est, müstəqil ölkədir, BMT-nin üzvüdür. İqlim dəyişikliyindən ən çox əziyyət çəkən də onlardır. Təsəvvür edin, ölkənin ən yüksək nöqtəsi dəniz səviyyəsindən cəmi dörd-beş metr hündürdədir. Dəniz qalxsa, adalar su altında qalacaq. O cümlədən Amazon meşələri; quraqlıqdan sürətlə məhv olur. Türkiyədə olan meşə yanğınları yadınızdadır?”

Dialoqlarda rusdilli gəncin işlətdiyi bəzi cümlələrdə elə ifadələr, elə sözlər var idi ki, o sözləri nəinki rusdillilər, heç Azərbaycan dilində danışanlar da adi söhbətlərində istifadə etmirlər.

Mətndə dialoqların təbiiliyi ən çox diqqət etdiyim məqamdır. Bu hekayədə bir-iki yerdə dialoqların kökdən düşdüyünü hiss elədim. O məqamlarda oxucu kimi əyləşdiyim “taksi” bəzən şəhərin yamaqlı yollarında çala-çuxura düşüb məni narahat elədi.

Armatur haqqında uzun-uzadı söhbət, Vısotski və Jan Qaben haqqında əhvalatlar da çox ürəyimcə olmadı. Bu söhbətlər sürücü ilə müştəri arasındakı söhbətlərdən çox müəllifin özünün etmək istədiyi söhbətə oxşadı. Açığı, mən inanmıram ki, Azərbaycanda sürücü ilə müştəri Vısotski və Jan Qaben haqqında bu qədər dolğun söhbət edə.

Məncə, ortayaşlı sürücü ilə rusdilli gənc arasındakı fərqləri və oxşar nələrisə daha həyati, daha məişət zəminində söhbətlərlə daha dəqiq göstərmək olardı.

Mətn boyu nəsə gözlədim. Bilmirəm nə, amma gözlədim. Gözlədim ki, nəsə olacaq, indi olacaq, bu döngədən burulandan, bu küçədən keçəndən, bu prospektdən çıxandan sonra nəsə olacaq... amma olmadı.

Yəqin müəllifin istədiyi də bu idi, heç nəyin olmamağı.

Sürücü ünvana, yazıçı mətləbə çatanda mən də oxucu kimi hələ arxa oturacaqda əyləşib “maşından” düşmək istəmədim.

Hekayənin gözəl, yoxsa ortabab, ya zəif olduğunu başa düşmədim. Amma hər halda, yazın ortasında, əhvalımın əla olduğu vaxtda bu hekayəni oxuyandan sonra payız melanxoliyasını ruhumda hiss elədimsə, deməli, ovqatıma təsir elədi.

Amma bu, mənə bəs elədimi? Elə düşünmürəm.

# 2703 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər