Kim ayırd edə bilər göz yaşının təyinatını? Xalq yazıçısı Elçinin dəfnində...

Kim ayırd edə bilər göz yaşının təyinatını? –  Xalq yazıçısı Elçinin dəfnində...
4 avqust 2025
# 16:58

Kulis.az Ulucay Akifin Xalq yazıçısı Elçinin dəfnindən reportajını təqdim edir.

Yazıçı Elçinin ölüm xəbəri bürkülü yay günüdə gəlib çatdı mənə. O an ağlımdan nə “Ölüm hökmü”, nə “Ağ dəvə”, nə də “Mahmud və Məryəm” keçdi.

Hansısa bir xəbərə pis olan kimi evimizin böyük pəncərələrini taybatay açıb dənizə, dənizin ortasında yorulub yuxuya getmiş ilana bənzəyən Narginə, Badamdar dağının ətəyindən qoşa minarələri görünən Bibiheybət məscidinə baxıram.

Uzağı, on gün qabaq telefonuma yazıçı Elçindən zəng gələndə də pəncərənin qarşısındaydım.

Onunla heç vaxt üzbəüz gəlib görüşməsək də, hərdənbir mənə zəng edir, hansısa yazıyla bağlı fikirlərini bölüşürdü. Bu dəfə də eyni səbəblə zəng eləmişdi. Mən də sonuncu müsahibəsində adımı çəkdiyi üçün təşəkkür eləmişdim. Söhbətimizin sonunda dedi ki, bu aralar səhhəti çox pisdir, həkimlərdə qalıb, özünə gələn kimi məni bağına qonaq dəvət edəcək. Mən də təki sağlıq olsun demişdim.

Onda heç ağlımın ucundan da keçməmişdi ki, uzağı, on gün sonra elə bu pəncərənin qarşısında onun ölüm xəbərini alacam.

Bir az Xəzərə baxandan sonra təzədən fərəhləndim:

Bu dünyada ölümün qalib gələ bilmədiyi tək-tük adamlardandır yazıçılar.

Bu fikir içimə su səpdi. Düşündüm ki, əsərini oxuduğumuz hansı yazıçını ölü sayırıq ki?!

İki yüz il, üç yüz il, min il qabaq yaşamış yazıçılar haqqında da fikir bildirəndə “Filan yazıçı çox böyükdür!”, “Filan yazıçını sevirəm!”, ya da elə “Filan yazıçını sevmirəm!” deyib indiki zamanda danışırıqsa, deməli, biz onları heç vaxt ölü qəbul etmirik.


***


Vida mərasiminə çatmasam da, yazıçı Anarın şəklini görüb oradakı ab-havanı duydum. Bir-birinə qarışan səslər, izdiham içində Anar dostu Elçinin qızını qucaqlayıb ağlayırdı.

Onu ilk dəfə belə görürdüm. Şəkilə diqqətlə baxıb ayırd etməyə çalışdım:
Dostunun ölümünə üzülür, yoxsa bu fani dünyada get-gedə daha da tənhalaşmağına, öz halına acıyır?

Kim ayırd edə bilər göz yaşının təyinatını?

Sonra Anarın çıxışını oxuyuram:

“Mən ən yaxın dostumu itirdim. Bu taleyin cəzasıdır, bəlkə də, mən dostlarımın dəfn mərasimində çıxış edirəm”.

Onun bu cümləsi iki-üç il qabaq İstanbulda bir otelin alaqaranlıq yeməkxanasında açdığımız xudmani süfrədəki söhbətimizi xatırlatdı mənə. Rakı içdiyimiz o məclisdə sağlıqlar deyilən zaman da Anar qədəhini qaldırıb dostlarının bir-bir ölməyinin ağrısını dilə gətirmişdi.
Elçinin ölümünə uşaq kimi ağlamağı da bu sitəmin ardı idi, yəqin...


***

Mirmehdi Ağaoğlu ilə vida mərasiminin sonuna çatırıq. Teatrın çölündə siqaret çəkən Azər Turanı görürük:
– Bitdi vida mərasimi? – görüşəndən sonra soruşuruq.
– Hə, dəfnə gedirik indi. Gəlin, mənlə gedək, – deyib siqaretini zibil qutusuna atır.

Yolboyu Elçin haqqında danışırıq. Mirmehdi ilk romanını Elçinin əsərini dekonstruksiya edərək yazdığını deyir. Azər müəllim də xatirələrindən danışır. Sonra Elçinin bir vaxtlar Baş nazirin müavini olmağından da söhbət eləyirik. Öz-özümə fikirləşirəm, indiyə kimi ölkəmizdə neçə baş nazir müavini olub, onlardan hansını tanıyırıq, ya da yadımızda qalıb?


***

Xiyabanda ağacların kölgəsinə sığınıb məzarlara baxıram; Elçin İlyas Əfəndiyevin yanında dəfn olunacaq, üzbəüzündə Bəxtiyar Vahabzadə dayanıb, bir az o tərəfdəki də Vaqif Səmədoğludur.

Hamı məzarın başında, ya da elə bizim kimi ağacların altında dayanıb cənazəni gözləyir.

Qara maşından tabut düşəndə adamlar yenidən canlanır, hərəkətlənir...

Aralanıb tabuta yol açırlar, sonra qarışqa yuvasına yem aparan kimi cənazəni məzara qoyurlar. Mollanın oxuduğu duaları tam eşitmirəm. İçimdə öz dualarımla rəhmət oxuyuram.

Anar, Elçin, Əkrəm, Vaqiflər, Yusif, Mövlud, Fikrət Qoca... Bu cür imzalar “Altmışıncılar nəsli” ifadəsini gətirdi ədəbiyyatımıza. Kimsə bəyəndi, kimsə bəyənmədi onların yazdığını, amma heç kim onları dana bilmədi. Bəzən çiyin-çiyinə verib, bəzən də dalaşa-dalaşa böyük bir ədəbi, mədəni irs yaratmağa çalışdılar.
Və bacardılar.


Oxuduğumuz əsərlərdə, izlədiyimiz filmlərdə, dinlədiyimiz mahnılarda mütləq onlardan nəsə oldu, nəsə qaldı yaddaşımızda.
İndi bu ədəbi nəslin nümayəndələri yavaş-yavaş aramızdan ayrılır. Elə bil nəhəng bir gəmi ağır lövbərlərini dartıb yavaş-yavaş sahildən uzaqlaşmağa hazırlaşır.
Biz isə sadəcə arxalarınca əl yelləyirik.


# 954 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın iki animasiya filmi beynəlxalq festivalda

Azərbaycanın iki animasiya filmi beynəlxalq festivalda

17:57 4 avqust 2025
Məşhur rəssamın nadir eskizi Puşkin İncəsənət Muzeyində sərgilənəcək

Məşhur rəssamın nadir eskizi Puşkin İncəsənət Muzeyində sərgilənəcək

16:46 4 avqust 2025
"Oasis"in konsertində ölüm hadisəsi

"Oasis"in konsertində ölüm hadisəsi

16:16 4 avqust 2025
Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

15:57 4 avqust 2025
Tanınmış gürcü kinorejissoru  vəfat etdi

Tanınmış gürcü kinorejissoru vəfat etdi

15:47 4 avqust 2025
Mehriban Ələkbərzadə:    "Şimala “vətən xaini” damğası ilə gedən Hüseyn Cavidi ora yenidən söz və qələm ustadı kimi apardıq"  - Müsahibə

Mehriban Ələkbərzadə: "Şimala “vətən xaini” damğası ilə gedən Hüseyn Cavidi ora yenidən söz və qələm ustadı kimi apardıq" - Müsahibə

14:35 4 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər