#

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif
18 sentyabr 2024
# 12:23

Kulis.az Mübariz Örənin “Çinar yazıları” hekayəsi haqqında Ulucay Akifin yazısını təqdim edir.

Müharibə yazıçının mətn üzərində üçün dördə şəklini çıxaran ən vacib mövzudur. Bu, elə mövzudur ki, burada incə ip üstündə gəzən kəndirbaz qədər ehtiyatlı olmalısan. İpin hər tərəfi uçurumdu. Müəllif bu ipdən yıxılsa, mətnin sağ qalmaq ehtimalı yoxdur.

Mübariz Örənin “Çinar yazıları” adlı yeni hekayəsi də müharibə mövzusundadır.

Hekayə Qələbə gününü təsvir edən reportajvari girişlə başlayır. Düzü, hekayəni ilk oxuduğumda bu hissənin artıq olduğunu, mətnə və oxucuya heç nə qatmadığı düşündüm. Hekayənin birbaşa ikinci hissədən başlamağının daha uğurlu olacağını fikirləşdim.

Hələlik bu fikrim özümdə qalsın, bura daha sonra qayıdarıq.

Müəllifin rəvan dilinə bələd olduğumdan hekayənin dili, təhkiyəsi haqqında nəsə fikir deməyə ehtiyac duymuram.

Hər şeyin sürətli yaşandığı bu dünyada itirməyə çox vaxtımız yoxdur, ona görə də, birbaşa keçirəm hekayənin nüvəsinə.

Sənətin bütün janrlarda müharibənin insanların həyatını necə məhv etdiyi göstərilir: ədəbiyyatda, rəssamlıqda, filmdə, heykəltaraşlıqda, hətta musiqidə də.

İnsanların taleyinin alt-üst olmağı, həyatlarını yaşaya bilməməyi, başqa adama çevrilməkləri...

Müharibə haqqında oxuduğum, izlədiyim və dinlədiyim bütün əsərlərdə bundan agah olmuşam.

“Çinar yazıları”nda da müəllif bizə bunu göstərir, həm də bütün çılpaqlığı ilə.

Tağının Ənnağıya çevrilməyi ilə yazıçı bizə xeyli dərin mətləbləri açır.

Müharibədən sonra Tağının öz həyatını yaşaya bilməməsi, başqa adama çevrilməsi, ömrünün, sözün əsl mənasında, yoxa çıxması...

"Öz adım heç it dəftərində də yoxdu..." - soyunub yerinə girsə də, bu söz onu yatmağa qoymadı. Necə yəni, adım it dəftərində yoxdu!.. Ola bilməz ki insan yaşasın, amma adı heç yerdə olmasın! Öl, başdaşında da başqasının adı yazılsın! Əvvəllər heç vaxt fikirləşməmişdi bu haqda. Nə axmaq taledi bu: ömrünün bir yerinədək yaşa, ondan o yana öz adın itsin!..

Müəllifin ötürmək istədiyi mesaj üçün bundan gözəl variant tapmaq olmazdı, yəqin. Ustalıq budur!

Baş obrazın həyatı ilə tanış olduqca əvvəldə gözümə artıq görünən birinci hissə yavaş-yavaş öz yerinə oturur. Fərqinə varırsan ki, Zəfər günü, qələb əhvalı mütləq göstərilməlidir bu hekayədə.

Çünki müəllif bununla bizə göstərir ki, qələbə hamımızı sevindirsə də, bir çox adamın alt-üst olmuş həyatı bir də heç vaxt əvvəlki kimi olmayacaq. Ona görə, əvvəldə gəldiyim qənaətin səhv olduğunu iki-üç gün sonra hekayəni yenidən oxuyanda anladım.

Sonra mənə qəribə gəldi ki, belə dəyərli hekayə niyə oxucu və ədəbiyyatçıların diqqətindən kənarda qalır?

Bar-bar bağırıb bizdən Qarabağ haqqında mətnlər tələb edən adamlar belə hekayələrə heç gözünün ucuyla da baxmır, yazılanları görməzdən gəlir.

Bütün bu cür münasibətlərin qarşılığında yazıçıya qalan bircə addım var: yazmaq, yazmaq və yenə də yazmaq...

# 1175 dəfə oxunub

Oxşar xəbərlər

Xəyanət edib bədəninin "sirrlərini" öyrənən qadın - Fəridə

Xəyanət edib bədəninin "sirrlərini" öyrənən qadın - Fəridə

12:00 7 oktyabr 2024
Hərəmizin bir "Ağ gəmi"si var - Eminquey

Hərəmizin bir "Ağ gəmi"si var - Eminquey

15:00 5 oktyabr 2024
Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar

15:00 4 oktyabr 2024
Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

09:00 2 oktyabr 2024
Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

14:30 1 oktyabr 2024
“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

14:22 28 sentyabr 2024
#
#
# # #