Mirzə Cəlil məqamı

Mirzə Cəlil məqamı
12 mart 2019
# 13:57

Cavanşir Yusifli

Ədəbiyyat tarixi əslində nədir, başqa sözlə, bizim ədəbiyyat anlayışımız “əsliylə” uyğun gəlirmi? Məsələn, elə götürək Mirzə Cəlili, onun ədəbiyyat tarxində yeri (ədəbiyyat tarixi mətnlərarası virtual əlaqələr kontekstində...), oynadığı rol necə görünür, yaxud görünə bilər və ya görünməlidir. Belə bir kitab təsəvvür edin: açıq, vərəqləri fəzanın dərinliyi və yerin təkindən əsən küləklə çevrilir və bu hərəkət bir an olsun belə dayanmır, ancaq kitabın olduğu məkanın paralelində başqa bir kitab, əslində birinci kitabın əksi, virtual variantı var, külək hansı şiddətlə əsirsə-əssin vərəqlər çevrilmir, çünki ora yazılanlar birdəfəlik yazılıb, həkk edilib, mütləq həqiqət, danılmaz fakt kimi. Burda hərflər sarmaşıqdır, mətnlər lövhə, daha heç bir yazıya yer qalmayıb... Belə bir mənzərənin iki əksi heç bir millətin ədəbiyyat tarixindən çəkilib getmir. Bu və ya digər yazıçını, onun mətnlərini anlamaq dərəcəsi həmin iki kitabın millətin taleyi ilə əlaqəli mövqeyinə ciddi şəkildə təsir edir.

Siz (əlahəzrət oxucu - !) hər hansı şairi və ya yazıçını oxuyanda təbii olaraq müəllifdən ayrı düşürsünüz və bu proses kəsilmədən davam edir, əsər bəlkə də damcı-damcı qavranılır, şüurumuza, ruhumuza sirayət edir. Şairi şairlə, yazıçını yazıçı ilə birbaşa, əlaqəsiz, yalnız ideoloji-ictimai bağlar kontekstində (yaxud, indi deyildiyi kimi, daha absurd bir variantda: Mirzə Cəlilin dövründəki insanlar onun əsərlərində olduğu kimi deyildilər ) müqayisə bizə heç nə vermir. Ancaq deyəndə ki, “bu şairin məqamı başqadır”, bu ifadədə onun yaradıcılığı və qəlb aləminin, daha çox isə üslub və yazı manerasının incəlikləri ifadə olunur. Bu hadisə baş vermədikcə Yusif Səmədoğlunun romanı Bulqakovun kopyası olacaq, Mirzə Cəlilin dram əsərləri dünya sənətindən təxmislər (bəzən də plagiat) səviyyəsində qavranılacaqdır. Demək, problem bədii mətnlərdən çox onu qavrayan insanlardadır. Bu “döyüş” bu şəkildə davam edincə ədəbiyyat anlayışı surroqata çevrilir və olmazın fəsad doğurur. Əgər bunun əksi olsaydı, məsələn elə Nəbati, Nəsimi, Füzuli, Nizami... haqqında çox yüksək səviyyəli filoloji tədqiqatlar yazılmış olardı, ancaq bildiyiniz kimi belə əsərlər yoxdur, yəni mətnlər yazıldıqları əsrlərdə ilişib qalıblar. Mirzə Cəlilin mətnlərindən görünən nəsnələr doğrudan çox acıdır, bu üst, birinci səthdə həyəcanlanan oxucu (yazıçı, mütəfəkkir (-!), şair və sair...) bədii düşüncənin keçdiyi yolu, aşırımları, tərəddüd və şübhələri fəhm etməli, müəyyən məqamda həmin düşüncə qəliblərinin özlərinin əksinə çevrilməsinin məntiqini anlamalıdır. Bədii düşüncənin yolu ziqzaqlıdır, bəzən özünün əksinə çevrilir, bəzən çox müdrik, arifanə nəsnələri ruhun dərinliklərində bir də yoxlayır, işlətdiyi ironiya həm bu günün dəhşətlərini üzə çıxarır, həm də orijinal “mənbənin” görünməyən tərəflərini aşkarlayır (yadınıza salın, “Dəli Yığıncağı”nda Pırpız Sonadan soruşanda ki, niyə belə edirsən (yəni, oynayırsan), deyir, sahibəzzamanın gəlişinə müntəzirəm... Fazil Məhəmməd isə bütün həyəcan və saxtakar üslubunu işə salıb Molla Abbas və Pırpız Sonaya baxa-baxa sahibəzzamanı səsləyir...). İndiyə qədər Mirzə Cəlilə bu mövqedən kimsə baxmayıb, halbuki, təkcə elə “Dəli yığıncağı”ndakı “xamuşluq” məsələsi həmin o dərinliklərdə yeni, son dərəcə orijinal üslubun göründüyü yer və məqamdır. Dəhşətli hadisələr baş verir, hər şey, bütün dəyərlər yerlə yeksan olur. Yer üzünə tükürpədici sakitlik hakim kəsilir. Dünyanın sonudur. Molla Abbas: «...Allah şahiddir ki, bir belə xamuşluq, bir belə sakitlik bu dəqiqə mənim də qəlbimdədir» Demək, Miurzə Cəlilin məqamı tam fərqli, tam başqadır.

Molla Abbas (Dəlilərə tərəf üzünü tutub çığırır: Yoldaşlar! Dəlilər gülə-gülə qayıdıb gəlirlər. Dəlilərə tərəf acıqlı. Nəyə gülürsünüz? Mən sizə min dəfə demişəm ki, əgər siz məni vaiz hesab eləyirsiniz, gərək mən vəz edən vaxt siz mə­nim moizəmə huş-guş ilə qulaq asasınız. Dəlilər başlarını aşağı salıb dinmirlər. Molla Abbas bir qədər fikrə gedəndən sonra bəlağət ilə deyir: Hindistan hükaməsindən bilmirəm hansıdı – adı yadımdan çıxıb, – kitabında yazır: vaxt olur ki, insanın qəlbi hər bir arzudan və meyildən xali olur, o vaxt qəlbdə bir növ xamuşluq əmələ gəlir. Bu xamuşluqda insana elə bir iti zehn üz verir ki, dünyanın yaxşı və yamanını həkimanə bir surətdə görə bilər. Allah şahiddir ki, belə bir xamuşluq, belə bir sakitlik bu dəqiqə mənim də qəlbimdədir. Onun üçün də indi mən həzrət-sahibül-əsr vəzzəmanın xidmətinə müşərrəf olan bu camaatın (əlini zəvvarə tərəf uzadır) hərəkətinə diqqət ilə tamaşa edib deyirəm: Vallah və billah biz Dəli yığıncağına düşmüşük.

***

Bir az əvvəl (monoloqun başlanğıcında) Molla Abbas dəlixananı yalqız görüb Sonanın əllərini öpməyə başlamışdı və ürəyi parçalayan sözlər demişdi. Yəni artıq hər şey cüzi də olsa öz yerini tapır, divarlar dibində çürüyüb can verməyi də ləyaqətsizlikdən üstün tutur. Əlini gəcavəyə uzadır. Dəlilər gülür. Bu gülmək ağlamağın, dərddən çərləməyin obrazıdır. Dünya elə pozulub, öz yolunu elə azıb ki, onu gülüşlə də düzəltmək, yaralarını sağaltmaq mümkün deyil. Başlıca leytmotiv budur. «Dəli yığıncağı»nda bədii obraz dayanıqlı deyil, sabit xüsusiyyətlərə malik deyil: onun zahiri bəlirtilərinə əsaslanıb poetik struktur və müəllif qayəsi barədə mühakimə yürütmək olmur. Elə bil ki, obraz bu əsərdə özünün ikili funksiyasını – informasiya və dezinformasiya vermək qabiliyyətini bir toxu­mada birləşdirib. Molla Abbasın dediyi «xamuşluq» məsələsi komedi­yanın ən yüksək, zirvə məqamıdır. Bunu necə başa düşək? Daha bundan sonra hər şeyin mahiyyəti açılıb, iki qütb arasında kəskin xətt çəkilib, onlar yad məkan və zamanda yaşadıqlarını anlayıb divar küncündə ölməyi üstün tutublar. Və mahiyyət etibarilə bu sıradan olan oppozisiyalar aradan qalxan kimi, dünyanın düzümü də pozulur, o, xaotik bir hərəkətə çevrilir. O dünyada – kəcavədə vaxt daha sürətli ötüşdüyü üçün onlar konkret olaraq heç bir məkanda qərar tuta bilmirlər – ayaqlarının altından yer qaçır. Kəcavə – bu dünyanın başına fırlandıqca ondan dərhal aralanan karuselə dönür.

Bu detalda, əslində daha dəhşətli mətləb mövcuddur: şüurun dağılıb parçalanması mətləbi, Çin filosoflarından – yeddi müdrikdən birinin fikridir ki, insan bir varlıq kimi sonuna yaxınlaşanda onun daxilində, ruhi aləmində bütün proseslərin ritmi intensivləşir: sonuncu dəfə insan bütün gücü ilə bir nöqtəyə – öz varlığına yığılır. Göz kor olana, nurunu itirənə yaxın iynənin ulduzunu belə seçir və s. Xamuşluq məsələsi də o sıradandır. Bu xamuşluqda insana elə bir iti zehn üz verir ki, dünyanın yaxşı və yamanını həkimanə bir surətdə görə bilir.

Mətndə təsbit edilən bu mövqe mətndən kənara çıxan gülüş konsepsiyasının mahiyyəti ilə üst-üstə düşür. Və bu nöqtədə hökmən gülüşün, Mirzə Cəlil gülü­şü­nün bədii məntiqindən danışmaq lazımdır. Belə bir məsələni izləmək, aydınlaş­dırmaq üçün isə bir-biri ilə səbəb-nəticə əlaqəsində olan məqamları struktur təhlil süzgəcindən keçirmək vacibdir. Əvvəla, onu deyək ki, böyük filosoflar gülüşdən bəhs edərkən onun həyat yaradıcı başlanğıca malik olduğunu, belə bir funksiya daşıdığını, həyatın bütün ağırlıqlarını müvazinətə gətirdiyini xüsusi qeyd etmədən ötüşmə­yiblər. Bu barədə Kantın fikirləri, ümumiləşdirici qayəyə malikdir. Bir sözlə, gülüş insanlararası münasibətlərlə əlaqədardır. Ona görə də, Kantın dediyi şəkildə onu təkcə təfəkkür və davranış forması kimi yox, həm də xüsusi kommunikasiya tipi kimi öyrənmək vacibdir. Birinci halda gülüş inteqrasiya yaradır, daha doğrusu, «uçulan körpüləri» bərpa edir.

***

Mirzə Cəlil gülüşündə karnaval stixiyası üzdə deyil, rəsmi ideologiya, rəsmi mədəni dəyərlərlə heç bir gülüş tipində belə bir kontrast ifadə olunmamışdır. Mirzə Cəlil gülüşü üçün, onun komik obrazlarının yaranma mexanizmi üçün daha bir cəhət əsasdır. Mirzə Cəlil real gerçəklikdə çox böyük aqressiv poten­siala, qorxuya, vəhşətə malik obrazları iri planda formalaşdırır, o qədər böyüdür ki, məsafə və həcm anlayışının özünü məhv edir. Mənfilik ölçüsünün, belə deyək ki, yerləşdiyi müstəvinin öz normal tutumu mövcuddur. Mirzə Cəlil gülüşündə «müstəvi keçidi» hadisəsi baş verir. Komik obrazın daxili strukturu qrotesk doğurur. M.M.Baxtinin dediyi kimi, «Gülüş nəhəng plana malik formadır, o qeyri-adi dərəcədə predmeti yaxınlaşdırır, qorxu və ya başqa faktorların gücünə yaradılan məsafəni dağıdır: gülüş üçün zəmin yaradır. Buna görə də gülüş realizmin ilkin şərtidir: o, predmeti birbaşa müasirlik və familyarlıq zonasına daxil edir, burada ona əllə toxunub yoxlamaq da olar»

***

Bir də belə bir mənzərə: Mirzə Cəlilin ömrü, həyatı olmazın gərginlik içində keçmişdi, ancaq ömrünün son illərini məlum olan və olmayan səbəblərə görə sükut, susqunluq içində yaşamışdı. Bəsirət gözüylə baxır, anlayır, dilinə gələn sözləri bilmərrə geri qaytarırdı, həm də bu olayların qalın pərdəsindən gələcəyi görürdü, onu susduran daha çox bu görüntü, öncəgörmə ola bilərdi, çünki hər bir şair, yazıçı, dramaturq məhz ona aid olan gələcəkdə dirilir, yaşamağa davam edir. Mirzə Cəlil bu gələcəyi əslində yazmışdı...

***

Ədəbiyyat tarixi və digər əsər və dərsliklərdə nə yazıldığı, hansı epitetlərdən istifadə edildiyini yada salaq, ilk reaksiya, həm də güclü əks reaksiya məhz bu təyinlərə qarşıdır. Həmin söz-təyinlər Mirzə Cəlilin obrazını nəinki yaratmır, əksinə onu daha da görünməz edirlər (Mirzə Cəlilsə susqunluq içindədir...), çünki təyinlər o qədər ümumi səciyyəli və spesifikadan məhrumdur ki, yazıçının obrazı oxuduqca kiçilir və hansı məqamdasa onun özünə qarşı çevrilir. Niyə? Çünki bu obraz kiminsə çıxardığı nəticədir, əslində isə konkret yaradıcılığın bu obraza dəxli yoxdur. Baxın: “C.Məmmədquluzadə nadir ədəbi simalardan biridir. O, dünya ədəbiyyatına Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, M.F.Axundov, Sabir, H.Cavid, C.Cabbarlı kimi mütəfəkkir sənətkarlar bəxş etmiş, qədim tarixə, zəngin mədəniyyətə malik bir xalqın övladıdır. Özündən əvvəlki mütərəqqi ənənələrə sadiq olan C.Məmmədquluzadənin yaradıcılığı ictimai mündəricəsinə, orijinallığına, milli və bəşəri məzmununa görə böyük əhəmiyyətə malikdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış bu dahi sənətkar öz xalqına namus və ləyaqətlə xidmət etmiş, əlli ilə yaxın vətəninin səadəti, xoşbəxtliyi yolunda yorulmadan qələm çalmışdır”. Bu kimi mətnləri sonsuza qədər uzatmaq, yəni, mənzərəni daha görüntülü, aydın eləmək mümkündür, ancaq məsələnin ən qəliz tərəfi budur ki, bu kimi təyinlərlə dolu mətnlərə baxıb hansısa fikir yürütmək sadəcə mümkün deyildir. Məsələni yuxarıda deyildiyi kimi ədəbiyyat tarixi müstəvisində, həm də bədii mətnlərin virtual əlaqələri kontekstində araşdırmaq lazımdır.

“Hacı Məhəmmədəli. Pəh, pəh, pəh! Maşallah olsun doktor cənablarının elminə; necə də ki, ərəblər deyiblər: zahir batinin ayinəsidir, eləcə də doktorun zahirindən elm yağır, a kişi, bizim müsəlmanların, yəni həkimləri də bir həkimdilər? Vallah, billah, and olsun getdiyim imam Rzaya, heç baytal da deyillər. Həkim bax buna deyerlər ey! Amma heyf ki, deyəsən bizim dili bilmir.”

# 2665 dəfə oxunub

Müəllifin son yazıları

# # #