O, missiya adamı idi, gəldi, işini gördü və getdi... - Yazıçı sözünün başına oyun açanlar

O, missiya adamı idi, gəldi, işini gördü və getdi... - Yazıçı sözünün başına oyun açanlar
27 fevral 2024
# 16:00

Kulis.az mərhum Xalq yazıçısı Mövlud Süleymanlı haqqında Cavanşir Yusiflinin "Missiya adamı" adlı yazısını təqdim edir.

Sənə aid olan, amma dilin indiyəcən eşitmədiyin ecazı ruhunda zəlzələlər, təkanlar yaradır, bu, hamının bildiyi lirik, ya da poetik nəsr deyildi, haçansa unudulmuş, yatıb qalmış bir layın oyanması, dilin özünü bədii mətləbə çevirmək inadıydı. Mövlud əvvəl şeirlər yazdı, həmin inad misralara sığmadı, "Dəyirman", "Köç", "Şeytan", "Duzsuzluq", "Səs" kimi əsərlərdən göründü, nəsrdə sakit olmağı arzuladı, bacarmadı, atmosferi tutan, zəbt edən mənzərəni dəyişdi, keçən əsrin 70-80-ci illərində və daha sonralar ümumi nəsr əsərləri kompleksini bu mətnlərsiz təsəvvür eləmək çox çətindir, o sanki azman İsa Hüseynovun ("Şəppəli", "Kollu Koxa"...) davamıydı, Yusif Vəzirin yazıb it-bata düşmüş əsərinin sağ qalan səs elementiydi, həm də son dərəcə yeni, orijinal, məsələn, "Köç" romanı bir məktəbliyə, tələbəyə, ahıl adama niyə belə güclü təsir edirdi, oxuyursan, kitabı əlində hiss etmirsən (Azərbaycan nağılları kimi...).


Bunu da deyək və fikrimizcə, bədii əsərləri, bir nasirin yaradıcılığını anlamaq baxımından önəmli ola bilər: bu mətnlər bu düzümdə, bu ardıcıllıqda gözəldir, "Dəyirman"ı "Köç"ə və sair qoymaq düzgün deyildir. Onlar yazıçının içindəki sənət yanğısını müəyyənləşdirir, həm də yanlışa yol vermədən. Bədii yaradıcılıqda bir-birinin təkrarı, oxşarı olan əsərlər bəsitliyə aparmırmı? Eyni mətləbi dəfə-dəfə yazanlara baxın, mətn özü-özünü qurudur, didib-parçalayır və bəsit görünür. Sənə yazı diktə edən "səs reyestri"ni dəyişə bilmədikcə, bədii mətn öz içində batacaq.


Mövlud bu əsərləri mövcud sosial problemlərdən yan keçib yazmadı, istədiyiniz hər şey o mətnlərdə var, yeni nəsr əslində yaradıcılığa, bədii mətnlərə fərqli baxışın olmasını tələb edir. Bizdə bu (dərk etmək) alınmadı. Başqa bir yanlış: guya "Köç" Markesdən "təbdil" edilib. Bu, yenə də ədəbi prosesi izləyib uyğunsuz nəticələr çıxarmağın bəlasıdır.

Bir dəfə oxuduğum dissertasiyada belə bir tezis vardı: Axundzadənin arxivində Avropa filosoflarının filan əsərləri var, nəyi oxuyubsa, təsir edib, nəyi oxumayıbsa, təsir etməyib.

Hər oxuduğumuz əsər yaradıcılığa təsir edirmi? Yox! Bədii ədəbiyyatın təsir mexanizmi universal xarakter daşıyır. Ədəbi proses deyilən bir məfhum var və... "Ədəbiyyat hərəkət kimi mövcuddur, daha dəqiq desək, həmişə hərəkətdə olmağa məhkumdur" (Prof. Qorxmaz Quliyev). Dünyanın hər hansı bir guşəsində yaranan gözəl əsər mahiyyətcə bütün dünyaya təsir edir və səni özün kimi yazmağa məcbur edir. Romanlarının birində belə bir epizod var: tüfəng normal halda atmır, yalnız sahibi hirslənib qundağını yerə çırpanda açılır...


Burda başqa bir ciddi məqam da var: sənin yazmaq üçün min bir səbəbin ola bilər, elə bir an yetişir ki, o ciddi mətləbləri ifadə etməyi bacarmırsan, çünki normativ dil üstündə düşünürsən və zaman keçdikcə bu ağrı və qorxu daha da artır. Sövq-təbii duyursan, yazmağa başlasan, dil səni bu çalalardan keçirib xilas edəcək, amma necə? Axundzadənin komediyalarını yadınıza salın.


Bu mətnlərdə dilə dərindən yiyələnmiş yazıçı obrazı var və Axundzadə daha çox bu dilin içindədir. Onun bütün sonrakı və əvvəlki mətnləri bu komediyaların içindən keçir. "Dəyirman" povesti sovet dövrünün son əsəriydi, son nöqtəsi, son etirazı idi. Bəlkə bu səbəbdən əsər ədəbi aləmi bir-birinə qatmışdı. Dəyirmanı bərəkət mənbəyi bilənlər onun belə bir şeytan yuvasına çevrilməsini qəbul etmirdilər.


Bu sözləri Mövlud Süleymanlı deyib bir intervyüsündə: "...Bəzən, ümumiyyətlə, danışmaq istəmirəm. Çünki adamın dilinin ucunda növbətçi sözlər olur. Bir ifadə var: dilinin ucunda danışır. Çox vaxt adamın canını elə dilinin ucunda olan söz qurtarır. Amma mən bunu bacarmıram."

Bu sözləri də o deyib və mən də belə düşünürəm: "İki daşın arasında onu da deyim, mən "yazar" ifadəsini xoşlamıram. Təəssüf ki, "yazıçı" sözünün başına oyun açmışıq. Bu, insafsızlıqdır. Dostlarıma da deyirəm, səslənirəm: bu sözü dəyişmək qəti olmaz! O ki qaldı nəsil anlayışına, vaxtilə bizi qəbul etməyən adamlar vardı ki, sovet dövründə yazıb-yaratmışıq." Doğrudan, yazar nədir?


Mövlud Süleymanlı missiya adamı idi, gəldi, işini gördü və getdi. Həm də Ana dili günü. Bundan gözəl getmək olmazdı...

# 979 dəfə oxunub

Müəllifin son yazıları

# # #