[b]Onları doğrayıb torbaya yığmaq istəyirdim[/b] – BİRCƏNİN ROMANI

[b]Onları doğrayıb torbaya yığmaq istəyirdim[/b] – BİRCƏNİN ROMANI
3 noyabr 2017
# 11:13

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Abort məsələsindən sonra evdə hamı mənlə qanlı-bıçaq olmuşdu. Tək qaynatamdan başqa. Bu arıq, ucaboy, ağappaq gur saçlı həlim, həm də zabitəli kişinin xasiyyəti kimi də maraqlı geyim tərzi vardı. Qalife şalvarını, parıldayan qara xrom çəkmələrini, qollarının ağzı iri manjetli köynəklərini qarderobunda hələ də saxlayırdı. Meyvə dərmək üçün ağaca çıxanda onun qalife şalvarlarından birini geyərdim. Qaynatam gülməkdən uğunardı:

- Dovşan, sənə yaman yaraşır, yerinə olsam soyunmaram.

Emin bir dəfə məni o şalvarda görüb cinlənmişdi:

- Kül sənin dəli başına! Ay Allah, gör bunda ağıl varmı?!

Mən onun bu sayaq danışıqlarına elə də fikir verməzdim. Çox vaxt dediyi elə dediyi yerdə də qalırdı. Amma bu abort məsələsi üzə çıxandan sonra vəziyyət dəyişdi. Davamızın səhəri günü Emin tam ciddi surətdə mənə qida embarqosu qoydu:

- Sənə bu evdə çörək yoxdu, - deyib qaynanama sarı döndü, - ana, buna yemək verməzsən.

Ömrümün o çağlarında mən o qədər qürurluydum, bəzən xətrimə dəyən xırda bir səbəb üzündən günlərlə yeməkdən boyun qaçırırdım. Özümə zərər vururdum, amma dediyimin üstündə dururdum. Yemək də, qazan da mənim əlimdə olurdu, istədiyim qədər yeyib, özümü yalandan aclığa vura da bilərdim, amma eləmirdim, qürurum yol vermirdi.

Bu dəfə Eminin fikri qətiydi. Yemək çəkiləndə boşqabı qarşımdan götürdü. Bundan sonra acından ölsəm də, əlimi o süfrəyə uzatmazdım. Onların başı yeməyə qarışdığı vaxt mən özümü ərzaq saxlanan otağa salıb taxçadakı kisədən bir boşqab qoz götürdüm. Sonra həyətə düşüb çılpaq qovağın altında oturdum, gətirdiyim qozdan qırıb yeməyə başladım. Pəncərədən məni izləyən Emin ərinmədən gəlib qoz dolu boşqabı qabağımdan götürdü:

- Demədim bu evdə sənə yemək yoxdu?

- Sən yemək dedin, qoz demədin ki.

- Ələ salırsan məni?

- Ay balam, ələ salmaq nədi, meyvə yeyirəm, qoz yeyirəm, sənin çörəyini yemirəm ha!

- Meyvəni, qozu dədəngildən gətirmisən?

- Dədəm ölsün, dədəm olsaydı nə gəzirdim sənin yumruğunun altında...

Söz onu yaraladı, qozu boşqab qarışıq qolu gəldikcə tolazladı. Mən pərtlikdən, xəcalətdən bilmədim neyləyim, evin, həyətin harasında daldalanım. Son vaxtlar içimi boşaltmağın çəmini tapmışdım: dolan kimi özümü verirdim həyətdən keçən arxın üstünə, doyunca ağlayırdım, sonra da sərin suyu ovuclayıb çırpırdım üz-gözümə. İstəmirdim ağladığımı görən-bilən olsun. Bəzən saatlarla arxın qırağında qalırdım, gözümün yaşı qurumurdu ki, sudan aralanım.

Emin bir boşqab qozu əlimdən alıb qapı-bacayla bir eləyəndən sonra yenə özümü verdim arxın üstünə. Buz kimi su sifətim, çənəm, sinəm aşağı axdıqca gözümü qapısı çoxdan üzümə bağlanmış göylərdə dolandırırdım. Ümidlə, ərklə, gileylə yox, qəzəblə baxırdım göyə, istəyirdim gözümdən qopan qığılcım buludları odlasın, göy alışıb başımıza uçsun...

...O göylərdə Sənin gözlərini axtarırdım, Dostum, gözünün içinə baxa-baxa Səni daha gözləmədiyimi, Səndən əlimi çoxdan üzdüyümü demək istəyirdim. Sən yalansan demək istəyirdim, Sən yoxsan demək istəyirdim...

***

Üç gün dilimin altından sudan başqa heç nə keçmədi. Bişirib-düşürdüyüm yeməkləri hər dəfə qaynanamın qabağına qoyduqca arvad qazanın qapağını götürüb təcrübəli ekspert gözüylə yeməyi nəzərdən keçirirdi, tutalım, çolpa qovurmuşdumsa tez tikələrini sayırdı ki, görsün hamısı yerindədimi. Sonra da qayıdıb diqqətlə mənim üzümə baxırdı, bilirdi ki, heç nə yeməmişəm.

Üçüncü gün Emin də, qaynanam da narahat olmağa başladı. Qaynatam mənim ac qaldığımı bilmirdi, bilsəydi, ana-bala ikisinin də gününü qaraldardı. Süfrə arxasında elə ustalıqla davranırdılar ki, kişinin ağlına heç nə gəlmirdi.

Üçüncü günün günortası Maral məni çağırdı:

- Hinduşka bişirmişəm, gəl yeyək.

Təəccübləndim. Bu evə gəlin köçdüyüm müddətdə eltim məni bir dəfə də yeməyə çağırmamışdı, indi gün hayandan doğmuşdu? Bildim ki, mənim evdə aclıq elədiyimi ya Emin, ya da qaynanam ona çatdırıb.

Maralgilin pilləkənini çıxanda hinduşka çığırtmasının qoxusu məni necə vurdusa o dəqiqə ağzım sulandı. Qürurum qoysaydı, indi bu yeməyi gözümə təpərdim, ancaq elə bilirdim ağzıma bir tikə aparan kimi arxamda bir yığın adam peyda olub əl çala-çala mənə güləcək. Guya yeməməklə Eminə nəsə sübut eləyəcəkdim.

Mən ac qaldıqca qaynımın balaları da yasa batırdılar, analarının verdiyi yaxmacı gətirib ağzıma dirəyirdilər, mən də hər dəfə bir bəhanəylə canımı onlardan qurtarırdım. Bu uşaqları mən hansı istəklə sevirdimsə, onlar da Cavidi elə istəyirdilər. Mənim onlara bu qədər mehr salmağıma qaynanamın bəzən acığı tuturdu. İndi bu uşaqlar analarının təklifindən də imtina elədiyimi görəndə mənim başımı bişirdilər ki:

- Bibi, biz sənə kömək eləyək işlərini tez gör qurtar, sonra da bizlə evcik-evcik oyna.

Razılaşdım. Külfət günorta yeməyindən əlini çəkənə qədər işlərimi bitirdim. Cavidi də götürüb düşdük limonxanaya – soyuqda-şaxtada oyunumuzu ora salardıq. Qardaşlarım Cavidə cürbəcür oyuncaq tapançalar, maşınlar almışdılar, hamısını verirdim qaynımın uşaqları oynayırdılar, üstəlik, arabasında oturan Cavidi də oynadırdılar. Çox vaxt mən də onlara qoşulub dava-dava oynayırdım.

Biz istixanaya girən kimi uşaqların böyüyü Bəhruz qoynundan uzun bir dürmək çıxardı:

- Bibi, nolar, sənə qurban olum, al bunu ye, sonra oynayaq. Vallah nənəm, əmim soruşsa, deyəcəm yemədi.

Bir tikə uşağın məndən ötrü bunca qayğılanması sinəmi qəhərlə doldurdu:

- Yox, qadan alım, özün ye, mən ac deyiləm, yemişəm, - deyib özümü sındırmadım, vur-tut səkkiz yaşı olan bu sarışın göygöz oğlanı bağrıma basıb ağladım.

Sən demə qaynanam da, Emin də tez-tez uşaqlardan soruşurmuşlar ki, görsünlər onlar evdə olmayanda mən yemək yeyirəmmi. Mən ağlayanda tifillərin üçü də mənə qoşuldu. Sonra nə baş verdiyini anlamayan üç yaşlı balaca da ağlamağa başladı. Mən ağladıqca uşaqlar yalvarırdılar:

- Bibi, qadan alım, ağlama.

Bəhruz dil boğaza qoymurdu:

- Bibi, sən ye, vallah soruşsalar deyəcəyik biz görmədik.

O, belə canfəşanlıq elədikcə məni gah gülmək, gah da ağlamaq tuturdu. Bir yandan da dürməyin arasındakı hinduşka ətinin qoxusu ac mədəmi qıcıqlandırır, ağzımı sulandırırdı. Bundan artıq dözməyə halım qalmamışdı, dürməyi uşağın əlindən alıb acgözlüklə yeməyə başladım. Mən yedikcə körpələr üzümə elə sevinclə baxırdılar, görən deyərdi bəs yediyim onların qarnına gedir...

Uşaqlar sözlərinin üstündə durdular, mənim dürmək yediyimi kimsəyə demədilər. Bəhruzun qoltuğundan çıxardığı o dürmək, o körpələrin gözlərində göllənmiş yaşın bir anda sevinclə işıldaması məndən ötrü şirin bir tutalğa oldu, balacaların sevgisi o böyük evdə, o qərib yerdə dadıma çatdı.

Mən dürməyi aşırandan sonra şıdırğı oyuna başladıq, öz müharibəmizdə bütün pis adamları məğlub elədik...

***

Eminlə qaynanam hər gün məni qorxudurdular ki, aborta getdiyimə görə tezliklə başıma nəsə bir fəlakət gələcək. Artıq onların dediyinə inanmağa başlamışdım, Cavidin burnu qanadıqca məni əsməcə tuturdu. Hamı çıxıb işinə-gücünə gedəndən sonra evdə uşaqla tək qalmaq üşəndirirdi məni, belə vaxtlarda indi-indi iməkləmək istəyən cansız körpəmin burnundan qan şora verəndə başımı itirirdim, qaynanamla Eminin bəd proqnozu canıma vəlvələ salırdı.

Novruz günlərində atam, qardaşlarım, Musa əmimlə arvadı bizə bayramlaşmağa gəldilər. Anam yenə gəlməmişdi. Qaynanam mənim əməllərimi bircə-bircə bizimkilərin ovcuna qoydu. Yalan danışdığımı, icazəsiz pul götürdüyümü, heç kimə demədən uşağı tələf elətdiyimi, ona cavab qaytardığımı – nə suçum-günahım vardısa hamısını açdı dedi.

Atam da, əmim də deyilənlərə çox sərt reaksiya verdilər. Atamın gözləri kəlləsinə çıxmışdı, hamının gözü qarşısında üstümə yeridi, ömründə mənə əl qaldırmayan kişi az qaldı məni vursun:

- Sən nə hünərlə belə özbaşınalıq eləmisən?! Nə vaxtdan belə tərbiyəsiz olmusan?

Qaynatam araya girdi:

- Mənim gəlinim çox tərbiyəli qızdı. Yəqin onun da bir bildiyi var, üstünə çox getməyin.

Atam bayram süfrəmizə əl uzatmadı, bir qurtum su da içmədi. Durub gedəndə heç mənlə sağollaşmadı da.

Əlacım olsaydı qaynanamla Emini doğrayıb bir torbaya yığardım. Çox dartındım ki, bu evdə çəkdiyim əziyyətləri, Eminin mənlə necə davrandığını açım atama, əmimə deyim. Deyə bilmədim, utandım. Qardaşlarım da məni çox danladılar. Səməndər əməlli-başlı küncə qısnandığımı görüb gizlicə məni bir qırağa çəkdi:

- Burnunu sallama, lap yaxşı eləmisən. Heç nəyə fikir vermə, balanı gözündən qoyma. İnşallah o qədər uşağın olacaq ki!..

Novruzda gəlin köçdüyümü saymasaq, mənim bu kənddə keçirdiyim ikinci Novruz bayramıydı. Bizim kənddə qızlar papaqatdıya getməzdilər, amma burda adət başqaydı, iri-iri qızlar da qapılara düşüb papaq atırdılar. Düzü, bu kəndin camaatı bayramı bizimkilərdən maraqlı keçirirdi.

Axır çərşənbə axşamı qapımıza o ki var papaq atdılar. Hamısına da qaynanam məni qırağa itələyib özü pay qoyurdu:

- Sən çox doldurursan, - deyirdi, - bu gecə səhərə kimi gələcəklər, hamısına pay qoyulmalıdı.

Qızlar qapımızı pusdular, tonqalların alovu göyə dilimləndi. Səhərəcən hamı bir-birinin evini gəzdi. Qaynatam, Cavid, bir də mən oturduq öz ocağımızın qırağında. Gecə uzunu kəndin səsi-küyü kəsmədi. Mən Cavidi tonqalın qırağına aparıb göstərəndən sonra yatırdım, sonra da tör-tökünüyü yığıb-yığışdırıb dərin fikirlərə daldım...

Son vaxtlar elədiklərimə haqq qazandırmaq istəyirdim.

Qaynanam müdam məni qınayırdı ki, sən qadına, gəlinə oxşamırsan, elə bil kişisən. O istəyirdi mən üst-başımdan çoxlu qır-qızıl asım, üz-gözümü onun qızı kimi yeddi rəngə boyayım. Az yeyim, amma kök olum. İstəmirdi məni bəzək-düzəksiz görən qonum-qonşu ona rişxənd eləsin ki, saxladığı gəlinə bax.

Mən təmizliyimə, səliqəmə çox diqqət yetirirdim, amma üz-gözümü bəzəyə bilmirdim. İnsafən bəzək-düzək üçün mənə hər şey almışdılar, di gəl, onlardan istifadə eləməyin qaydasını bilmirdim. Həm də elə bilirdim üz-gözümə ənlik-kirşan vursam, Emin məni lağa qoyacaq.

Evə bir qonaq gələn kimi tez məni otağıma göndərirdilər ki, get qır-qızılını tax, sonra qonağın üzünə çıx. Düşünürdülər ki, üst-başımı qızıllı görənlər mənim bu evdə yağ-bal içində üzdüyümü sanacaqlar. Ancaq mən onların dediyinə əməl eləmirdim, çünki bər-bəzək taxanda iş görə bilmirdim, iyrənirdim o qızıllardan. Yalnız sırğa taxırdım, ondan başqa üstümdə heç bir qızıl əşya gəzdirəmmirdim, artıq yük kimi gəlirdi mənə. Gün axşamacan paltar yuyurdum, çörək bişirirdim, nə bilim, dolma bükürdüm... Haramda gəzdirəydim o qızılları? Buna görə qaynanam da mənə rişxəndlə baxırdı, məni qadınlar cərgəsinə qatmırdı.

Yaxşı qadın olmasam da, yaxşı ana olacaqdım – buna qəlbimdə tam əminliyim vardı. Anamdan görmədiklərimi övladıma geninə-boluna verəcəkdim. Ancaq bu gedişlə ikinci uşağı doğmayacaqdım, ən azı bu evdə, bu mühitdə, bu kişidən doğası deyildim. Bir də uşağa qalsaydım, yenə uf demədən məhv elədəcəkdim o uşağı. Nəyin bahasına olur olsun! Bu məsələdə qəti qərarımı vermişdim artıq.

Aborta getməyimi də bu evdə yalnız eltim Maral dəstəkləmişdi:

- Bunlara (qaynanamla Emini deyirdi) bu da azdı. Sənin qolundan tutanın var, yenə doğasan? Yeznəsinin tumanını yumaqdansa evdə oturub oğlunun uşağının qolundan yapışsın.

Eltim havadan danışmırdı, qaynanam bütün gün baldızımın evində işləyirdi, Maral da buna görə ondan yanıqlıydı...

***

Yeri gəldi, bir-iki kəlmə Maraldan deyim. O da qaynımın üzünü nişandan sonra görmüşdü. Maralı alanda qaynım Yunisin qırx üç yaşı varmış. Özü də Maraldan it kimi qorxurdu.

Gəlin köçəndən sonra eltim dalbadal dörd uşaq doğmuşdu, hamısı da bir-birindən gözəl, dəcəl, iki ölünü bir qəbirdə qoymayan. Maral ər evində qan qohumu olan qaynatamdan başqa heç kimi saya salmırdı. On il qaynanamla bir dam altında yaşamışdı, ancaq bu evdə əlini ağdan-qaraya vurmamışdı. Mən gələndən sonra ayrılıb elə bu həyətdəcə tikilmiş evinə yığılmışdı.

Daldaya düşəndə Maral ocağın təcrübəli gəlini kimi məni təlimatlandırırdı, həmişə də sözünü belə bitirirdi:

- Bunları qudurdub başına çıxartma.

Özü qaynanamla “aaz”, “sən” deyə danışırdı. Hərdən mənə elə gəlirdi qaynanam da ondan silir.

Bizim toyumuzun təzəcə olan vaxtlarıydı, bir də gördüm qaynım tiftikli dəsmala bürünmüş qaça-qaça bizə gəlir. İçəri təpilib özünü zaldakı divanın üstünə atdı, elə uzanan kimi də dili batdı.

Heç demə bu, hələ tam hazır olmamış hamamda çimirmiş. Maralı çağırıb ki, kürəyini kisələtsin. Maral da gəlib kisələyib, elə hamamdaca aralarına nəsə mübahisə düşüb. Hikkəsinin cilovunu buraxan gəlin başını necə itiribsə soyuqlanmış suyu qoyub, sobanın üstündə qaynayan qazandan bir dolça su götürüb ərinin kürəyindən axıdıb. Diri-diri bişən qaynım dəsmala bükülüb hamamdan birbaşa dədəsi evinə qaçıb, Maral da uşaqları götürüb yubanmadan üz qoyub atasıgilə.

Qaynım düz on gün ağzıüstə yatdı, kürəklərinin qanlı suyu axdıqca axdı. Maral qayıdandan sonra da dilini dinməz qoymadı:

- Əccəb eləmişəm, - dedi, - beynimi çöndərsən, bu dəfə qaynar suyu təpəndən tökəcəm.

Düşünürdüm ki, Eminin başına belə bir oyun açmış olsaydım, məni çoxdan öldürmüşdü.

Maral birdən hirslənib öz uşaqlarını incidəndə qaynanam deyinirdi:

- Bu arvad yedi də uşaqların ətini.

Eltim də dil altında qalmırdı:

- Nə təhər olur, mən qırx beş yaşımda arvad oluram, sənin yetmiş yaşlı kor bacın qız olur?

Qaynanamın bir bacısı vardı, gözünün biri görmürdü, ona görə də həmişə bizim evləri qarışdırırdı. O bacısı bizə gələndə qaynanamın ilk sifarişi bu olurdu:

- Əllərini yu, gəl o qıza çay ver.

Onda mən qımışıb dodağımın altında yavaşca belə deyirdim:

- O qızdısa, görən mən kiməm?..

ardı var

# 1416 dəfə oxunub

Müəllifin son yazıları

# # #