Azərbaycan qızlarına savaş nəsihəti – Bircə yazır...  

Azərbaycan qızlarına savaş nəsihəti – Bircə yazır...  
7 noyabr 2020
# 17:46

"Dəhşət içindəyik. Dağlara dırmaşan Azərbaycan əsgərini ordan vurub salırıq. Qanı axa-axa ayağa qalxır, bizə hücum eləyir və bizi öldürür..."

Yaralı erməni əsgərinin müsahibəsindən.

İlk dəfə yağı düşmənimdən cəsarətli etiraf eşidirik.

Sənə səslənirəm , abırlı, həyalı, hər dərdə sinə gərən, bir gündə cüt qardaş, sevgili, ər basdıran, Azərbaycan Xanımı!...

Vallah, sən çox xoşbəxtsən, sən bəxtəvərsən.

Gör sən kimin xanımı, kimin sevgilisisən ey!

Dekabristləri oxuyub tanıdıqca, onların xanımlarına həsəd aparırdım.

İndi o xanımlar heç sizin əlinizə su tökməyə yaramazlar.

Yaşıdlarım xanımlar etirafdan çəkinsələr də, mən deyəcəm.

Baxdığımız filmlərdəki qəhrəmanlara oxşasın istərdik, sevdiklərimiz. Gülməli səslənsə də deyəcəm.

Ştirlissə, Mixayloya, Zorgeyə, Budulaya, Babəkə, Beyrəyə oxşamalarını lap çox istərdik.

Ay bəxtəvərlər, görün sizi kimlər sevir, kimlər sevəcək.

Görün kimlər belinizə qırmızı bağlayıb, sizi telli-duvaqlı gəlin, ana, qadın eləyəcək.

200 ildə bir qarış, bir çərək torpaq alanımız olmayıb.

Sizin sevdiyiniz Tarixi oğlanlardı.

Tarix oğlanlardı, Tarix yazanlardı. Başqa tarixlərə qulaq asmayın.

Lap az qaldı. Qoy yağını dikdirin (Laçın dəhlizinin) başından öz xarabasına kimi ötürsün, qayıdıb qabağında qol götürüb oynayacaq.

Qəlbimin sarayları sənin,
Sən ağlat, mən sevərəm səni...

Hələlik cehizini tut.

Nişanlının yastığını qu tükündən hazırla, Şuşa yolu daşlıdı.

Yorğanını qıp-qırmızı ipək elə, gör nə müddətdir qan axır onun qollarının arasından.

Döşəyinin yununu yaxşı did, ürəyin soyumasa, nənənin yun darağında dara, güzəm yumşaq olsun.

Gör nə vaxtdan çim-çayır üstə yatır ,səni sevən oğlan.

Hər hazırlığını gör, hətta nişan üzüyünü də özün al.

Hər şeydən əvvəl ürəyindəki sevgini, sayğını, sədaqəti itilə, ovxarla.

Dişiylə yağı sərkərdəsini didib öldürən Cəbrayılın dostu sevir səni, ay Qızım!

Bunu bilirsənmi?

Dözməyib, bağrı çatlayan, özünü düşmən sürüsünə təkbaşına vuran Mübarizin torpağa qoyulmağından 10 il keçir bu gün.

Təkbaşına bir ordunu, baş bir yana-leş bir yana eləyən Mübarizin...

Sənin oğlunun atası həmin o Mübarizin parta yoldaşı olub.

Bundan böyük səadət kimin yaxasından, hansımızın biləyindən asıldı ki?!

Nolar, bilərzik istəmə Şuşanı alıb geri qayıdan Əsgərdən.

Qarabağ boyda bilərziyi keçirmədimi bizim qolumuza?

Sev əsgərimi, gözlə qəhrəmanımı, yeni doğan günəş - Laçın, Şuşa balaca sərvətdirmi?

Telefonuna gec cavab verəndə, səninlə ürəksiz danışanda, mısmırığını sallama.

Bilirsənmi o anda harda dayanmışdı O?..

Qoy deyim bil. Səninlə könülsüz danışdığı dəqiqələrdə Xocalıya təzəcə qədəm qoymuşdu.

Xocalını bilirsən də, qızım.

Ondan sənə nə desəm, necə desəm, yenə heç nə deyə bilmərəm...

Yorma, əsgərimi, ona corab toxu, dəsmal bəzə. Yadındadır, keçən il sənə 8 Martda hədiyyə ala bilmədi deyə, ipə-sapa yatmırdın.

Gör indi sənə nə hədiyyələr alıb.

Vallah, çox xoşbəxtsən, bəxtəvərsən.

Sənə bəxtəvərlik yaraşır, igid Əsgərimin sevdiyi, sevəcəyi, Xanım.

Sən yenicə açılan bir eranın ən xoşbəxt sakinisən.

Gör səni kimlər sevir, sevəcək.

Övladın qucağında Qarabağı əsgərimlə çiyin-çiyinə quracaqsan.

Ondan qızıl, bahalı maşın, telefon istəmə.

Yol bağlayıb, maşının arxasından havaya şar uçurtmasını istəmə.

Gül ləçəkləriylə bloku bəzəyib, yaşının sayında şamlar yandırıb, sənin qapını tıqqıldatmasını gözləmə.

Dizlərini küçənin ortasında yerə atıb, mənimlə evlənərsənmi təklifini də həmçinin.

Deyimmi niyə?

Sən müharibəyə göndərdiyin o igid bir gecədə böyüdü, kişiləşdi, bərkidi, qranitləşdi.

Onun qucağında dostu, qardaşı, parta yoldaşı öldü.

O, əsgər Xocalıdan keçdi, Xocalını bizə gətirdi.

Alnımızdakı ləkəni Şuşayla yudu.

Sən ona yaxşı mürəbbələr, şirniyyatlar bişir, yeni doğulacaq oğlunuza, dədəmin adını qoyacam -, deyib təpiyini yerə döymə.

Qoy savaş meydanında qucağında keçinən dostunun - Cəbrayılın, Fəridin, Poladın, Turalın adını qoysun.

Bizim nağıllardan sevib-seçib yolunu gözlədiklərimizi siz canlı görüb sevirsiniz.

Bundan böyük səadət hansıdır, göstərin onun üstünə qaçaq.

Elimin Əsgərləri, igidləri, savaşdan əlidolu gələnləri, halal xoşunuz olsun.

Qoşa qarıyın, birgə qarıyın. Bu tarixin sizə bəxş etdiklərinə sevə-sevə buyurun, sevə-sevə qocaldın.

Bizim sevdiyimiz oğlanların çoxu "BAM tikməyə getdilər" və bir daha geri dönmədilər.

Siz sevən oğlanların hamısı sizi götürüb QARABAĞı tikməyə gedəcəklər.

Sizin haqqınız hamıdan çox, diliniz hamıdan uzun olacaq.

Toyunuz mübarək!

Qarabağımız mübarək, orda yandıracağınız ocaqlarımız mübarək, hamı sizə həsəd aparır, SENTYABRİST QADINLAR!

# 4366 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #