Bizi bağışla, Nuranə!

Bizi bağışla, Nuranə!
5 yanvar 2017
# 11:35

Ayxan Ayvaz

Yeni il günü Türkiyədə terror baş verdi. Bu dəfə əyləncə mərkəzində. Səbəb də nə olsa yaxşıdır? Kafirlər yad bayrama görə niyə əylənirlər? Mollabaşlı, təfəkkürü sıfırın həndəvərində olan bu cür düşüncəlilər terrora haqq qazandırdılar. Rəylər insan olan kəsi heyrətə gətirəcək səviyyədə idi: “Yaxşı oldu onlara, kafir bayramında əylənənin sonu belə olar”, “Müsəlman içib niyə kef çəkməlidir?”

Terror aktında bir məsələ də vardı. Azərbaycanlı qız Nuranə Həsənova öldürülənlər arasındaydı. Bir az keçmədi belə bir başlıqla qarşılaşdıq: “Terror aktında ölən Nuranənin cənazəsi Azərbaycana gətiriləcək”. Normal bir başlıq. Sosial şəbəkədə bu başlıq altında paylaşılan xəbər böyük səs-küy yaratdı. Əxlaq anlayışını qurşaqdan aşağı başa düşənlər ölmüş bir qızın arxasınca donquldanmağa başladılar: “Bura niyə gətirirlər? Basdırsınlar elə gecə klubunda, əlində də viski”, “Qızınız harda öldü? Barda, viski içən yerdə”. “Səviyyəli qız idisə... Onun nə işi vardı orda”.

Belə-belə rəylər. Ürəyiniz bulandımı? Mən arxasını oxuya bilmədim.

Bu adamlar anlamırlar ki, əxlaq qurşaqdan aşağıda deyil, çünki qurşaqdan yuxarı qəlb və ruh var. Qəlbə və ruha yad olan kəslərin gözü yalnız qurşaqdan aşağını görür. Onlar üçün insan ölümü, terror faktı önəmli deyil. Bunların ölümə haqq qazandırmağına baxın: “Barda olub, əlində də viski”.

Guya bu adamlar əylənmirlər, guya bunlar bütün günü oturub dua eləyirlər, kitab oxuyurlar, elmi kəşf üzərində araşdırmalar aparırlar.

Hələ də təfəkkürləri sıfırın altındadır. Və heyf ki, bu zehniyyətlər hamımızın yanında var. Onlar barda ölən qıza “yaxşı oldu” deyərlər, ancaq məscid qabağında ölənə alqış tutarlar.

Türklər demiş, yazıklar olsun. Mən bu rəyləri görəndə nə qədər iyrəndim, nə qədər əsəb keçirdim, təsvir edilməz.

Ortada terror var, əziz dostlar! Terror! Bunun nə anlama gəldiyini bilirik? Terrorun milləti yoxdur. Nuranə bizim qızdır, ya başqa millətdən fərq etməz. Niyə barda idi? – sual bu deyil. “Niyə öldürüldü?” – bax sual bu olmalı idi. Niyə terror davam edir? Niyə insanlar fərqli, alternativ fikrə dözümsüzdür?

Təəssüf... Bizim camaatın bu cür axsayan tərəfini görmək kədərlidir. Terrora münasibətləri sadəcə olaraq dəhşətdir. Əlin üzündə qalır.

İnsan azadlığına burun soxanlar, əxlaqı qurşaqdan aşağıda görənlər, özü kimi düşünməyənləri hədəf görüb öldürənlər nə qədər çox olacaq, o qədər biz zülm çəkəcəyik, göz yaşları kəsilməyəcək!

İstəyirəm, o içi boş adamların adından üzr istəyib yazımı bitirim: “Bizi bağışla, Nuranə. Qəbrin nurla dolsun!”

# 2557 dəfə oxunub

Müəllifin son yazıları

# # #