Nazım Hikmət və Ankara terroru

Nazım Hikmət və Ankara terroru
18 fevral 2016
# 13:13

Ayxan Ayvaz

Yenə terror. Türkiyə göz yaşları altında. Yenə bir-birini öldürən insanlar. Yenə qara xəbər.

Nazim Hikmət demiş, onlar (terrorçular) günəşin, axar suyun düşməni.

Təkcə Türkiyədə olan bugünkü hadisə deyil, ümumiyyətlə insanların bir-birinə olan düşmənçiliyidir bizi ağrıdan.

Bundan əvvəl Fransada terror olmuşdu.

Fərqi yoxdur, dünyanın harası olur-olsun, insan qanı tökülürsə, savaş varsa, güllələr uşaqları hədəfə alıbsa, vəssalam, biz buna qarşı olmalıyıq.

Fərqi yoxdur, türk, rus, fransız, ərəb, alman.

Dünyanın hər yerində insan eynidir, hislər oxşardır. Millətlər yalnız rənginə, baxışına, düşüncəsinə görə fərqlənir. Yeganə millət insandır.

Bax ədəbiyyatın mərkəzində də bu dayanır: insan.

Niyə müharibələr olur? Niyə insanlar bir-birinə düşməndir? Nəyə görə qan tökürük? Uşaqların həyatı niyə məhv olur?

Ədəbiyyat, ümumiyyətlə incəsənət savaşın, terrorun qarşısında olduğu üçün həmişə hədəfdə olub. Bir özünüz təsəvvür edin, nə qədər şair, yazıçı güllələnib, həbs olunub, əzablar çəkib.

Savaş başlayıb, etiraz ediblər.

Kiminsə haqqı tapdanıb, etiraz ediblər.

Bu müqavimət hissi insanlığın düşməni olan, qatil, cinayətkar adamları daim əsəbiləşdirib, özündən çıxardıb. Onlar qəzəblə incəsənət adamlarının üzərinə gediblər. Bu müqəddəs yolda ölən, intihar edən, həbs olunan, öz ailəsindən imtina edən yazıçı və şairlər olub.

Bircə mesaj vardı bu müqavimətdə: insanları öldürməyin, çocuqlar şəkər belə yeyə bilsinlər.

Bir anlıq təsəvvür edin: dünya ədəbiyyatsız, incəsənətsiz qalıb. Bu haqda bir film də var. İnsanlar necə idbar olar, bir-birinin ətini yemək üçün fürsət axtarar.

Deyirlər, ədəbiyyat oxuyan, filmə baxan adamlar var ki, əclafın yekəsidir. Sən dəyişmək istəməsən, səni heç nə dəyişdirə bilməz. Ədəbiyyatın missiyası bu deyil. Həqiqəti özün tapmalısan, vicdanının səsinə qulaq asmalısan.

Bir anlıq düşünün: terror, qan tökmək ədəbiyyatda həmişə pislənir, ona qarşı çıxılır. Niyə? Çünki ədəbiyyatın içində insanın ürək döyüntüləri var.

Heç kim intihar etməsin!

Heç bir yerdə terror olmasın!

Kimsə kimisə öldürməsin!

Hamı əl-ələ verib barış içində yaşasın.

Çoxmu çətindir?

Bu gün Türkiyədə olan terror, həmçinin ondan əvvəl, ondan sonra olanlar, olacaqlar bizim kitabdan, ədəbiyyatdan, incəsənətdən uzaq düşdüyümüz üçündür. Dünya qan içində olmamalıdır. Silah səsləri deyil, musiqi səsi, kino səsi, şeir səsi eşitməliyik. İnsanın insan kimi yaşadığı bir dünya arzusundayıq.

Gedək, Nazim Hikməti oxuyaq, hər şeyin yaxşı olacağına inanaq:

Yaşamaq bir ağac kimi tək və hür

Və bir orman kimi qardaşcasına...

# 811 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #