Bir günə Tosu Zəngilanski olaram!

Ayxan Ayvaz, yazıçı

Ayxan Ayvaz, yazıçı

3 fevral 2022
# 11:30

Kulis.az Ayxan Ayvazın “Məni saxlayın!” adlı yazısını təqdim edir.

O günləri Tik-Tokda Tosu Zəngilanski canlı yayım açmışdı və günorta vaxtı olmasına baxmayaraq, xalqımızın xeyli hissəsi – hardasa 2 min adam – ora toplaşmışdı. Tosu Zəngilanski dolma yeyirdi və sadəcə kameraya baxıb gülümsünürdü. Onun meneceri, yaxud dostu, qardaşı, bilmirəm, hər kimsə Tosuya gələn rəyləri oxuyurdu. Rəylər də dayanmırdı, elə bir əldən üyüdüb tökürdülər. Sonra Tosunun canlı yayımına bir xanım qoşuldu. Sən demə, xanımın Tosu Zəngilanskidən xoşu gəlirmiş. Bu arada Tosu Zəngilanski, deyəsən, bircə “canım” sözünü işlətdi və təzədən sevimli dolmalarını dadmağa davam elədi.

Dəqiq yadımda deyil, nə vaxt idi, kafelərin birində yemək yeyirdim. Yan masada üç bazburtlu kişi oturmuşdu. Söhbət Tosu Zəngilanskidən getdiyindən marağımı çəkdi və qulağımın antenasını qaldırıb onları dinləməyə başladım. Kişilər Tosu Zəngilanskinin 2022-ci ilə qədər dolu olduğunu söyləyirdilər. Sən demə, qabaqcadan “rezerv” eləyib onu toya, qonaqlığa çağırıblarmış. Və axırda ilin bütün günlərində yerlər “zanit” olub. Kişilər buna təəssüflənir və deyirdilər ki, kaş qabaqcadan yer tutardıq, indi Tosunu görmək üçün bir də 2023-cü ili gözləməli olacağıq.

Dünən gecə yata bilmədim. Ümumiyyətlə, neçə gündür yata bilmirəm. Həm ev birotaqlıdır, həm də uşaq aman vermir yatmağa. Gecənin bir vaxtı könlünə oynamaq eşqi düşür və istəyir ki, biz onu daim güldürək. Bir də onda ayılıram ki, saat gecənin dördüdür və səhər də işə getməliyəm. Uşaq isə bunu heç cür anlamır, qabağıma qoyub başa salıram ki, bəs səhər işə getməsəm, gün boyu işləməsəm, ayın axırında evə çörək ala bilməyəcəm. Yoldaşım da mənim bu cür ciddi danışığıma baxıb qəh-qəhə çəkir. Elə bilir zarafat edirəm. Ümumiyyətlə, son vaxtlar ciddi dediyim sözlərin hamısını camaat lağ-lağı kimi başa düşür. Tutaq ki, deyirəm, Tosu Zəngilanski boz həyatımızın ən rəngli, ən koloritli tərəfidir, deyirlər, məzələnmə. Yaxud da o gün dostlara deyirəm: Paster mənim həyatımı dəyişdi. Paster Alim Qasımovdan daha ciddi sənətkardır. Həm şəxsiyyət, həm də sənət baxımından. Yeri gəlmişkən, burdan Pasterə öz dərin hörmətimi çatdırıram. Səhərlər işə gələrkən onun treklərini dinləmək mənə yaşadıqlarımı unutdurur və bir xeyli yumşalıram. Həqiqətən də, həyatımı dəyişib Paster.

Bəzən qucağımda uşaq güzgüdə özümün əksinə baxıram. Arada uşaq qucağımda tərpənir, qıçlarını qarnıma vurur. Mən əksimə baxıram və öz-özümə deyirəm: “Niyə də yox? Niyə mən də Tosu Zəngilanski kimi olmayım? Axı buna nə mane olur? Danışıq desən, məndə var. Zarafat desən, o da var. Yumor da, itinə tök. Məzəli də görünüşüm var. Tanışlarımın hamısı məclis quranda məni çağırırlar. Onlara gic-gic söhbətlər eləyəndə qarınlarını tutub uğunub gedirlər”.

Dünyada mesenatlıq deyilən bir anlayış mövcuddur. Təəssüf ki, biz bu mesenatlığı səhv istiqamətdə başa düşmüşük. Tutaq ki, Tağıyev keçən əsrdə mesenatlıq eləyirdi. Şair-yazıçılara və digər kəslərə əlini uzadır, onların yazması üçün şərait yaradırdı. Mesenat sənət və elm adamlarına himayədarlıq edən şəxsə deyilir. Yəni milyonlar qazananlar düşünür ki, bəs mənim bu qədər pul qazandığım ölkənin yazıçısı var, o yazıçı məndən, mənim ölkəmdən yazır, ağrılarımın ifadəçisidir və yaşadığımız yerdə həmin yazarın kitabları ilə gəlir qazanmaq şansı sıfıra bərabərdir. Və nəticədə, qərar verir ki, o yazarın yaşaması və yaratması üçün ona maddi dəstək göstərsin. Bir varlı, oliqarx adam üçün aylıq 1000-2000 manat heç nədir. Amma onu mənim kimi birinə versə, həyatım tamam qaydasına düşər. Əsərlərimi yazaram, oxuyaram, səyahət edərəm və ən əsası doyunca yataram. Burda çətin nə var ki? Həcilər saxladıqlarına milyonlar xərcləyir, Allahın Bayram Nurlusuna belə pul göndərib onu yaxşıca yaşadırlar. Söhbət yazıçı-şairə gələndə isə deyirlər ki, yazıçı-şair kasıb olmalıdır. O gün payız kurtkasında olan gənc və perspektivli yazar Rəvan Cavidə bir nəfər deyib ki, qaqa, üşümürsən? O da qayıdıb deyib ki, niyə üşümürəm, adam deyiləm? İndi Rəvanın sözü olmasın, biz adam deyilik? Bizim də ehtiyacımız var, üşüyürük, acırıq, xəstələnirik və s. Biri yeyib-içir, kef eləyir, qarnını doldurur, biz isə ac oluruq. Niyə? Çünki kasıbıq. Bəziləri də deyir ki, əsas ürəkdi, kasıblıq heç nədir. Yalansa... Gəl bizim evə daman suyun altında yaşa, sonra bu sözləri de. Deyə bilməzsən axı. Kasıblıq adamı hörmətdən salır. Ciddi sözümdür. Heç kim kasıba hörmət eləmir. Cibimdə pul olmayanda heç özüm də özümə hörmət eləmirəm. Adam nə qədər kasıb olar? Ömründə bircə dəfə dünyaya gəl, onda da püşkatmada kasıb kimi dünyaya gəl.

Onu qoyub, bunu danışıram. Əsəbimdən yazının ipini itirmişəm. İndi bu abzasa təzəcə qədəm qoyan kimi üzümü o kəslərə tutub deyirəm ki, səsimi eşitmirlər. Deyirəm, bax mənim Tosu Zəngilanskidən nə əskiyim var? Bircə qarnım yoxdu. Onu da həll edərik. Yemək az yeyirəm. Çalışıb çoxaldaram. İstəsəniz bir günün içində Tosu Zəngilanski ola bilərəm. Təki məni bir nəfər saxlasın. Yoldaşım belə məqamda gülüb əlini yelləyir. Deyir, kefin olsun, həmişə bizi güldürürsən. Başa düşmür məni. Elə bilir, zarafat edirəm.

Ümumiyyətlə, son vaxtlar ciddi dediyim hər şeyi zarafata salırlar.

Bayaq son dövrlərin ən ciddi imzalarından biri olan Vüqar Babazadəyə də bu barədə danışdım. O da güldü. Dedim, zarafat eləmirəm, ciddiyəm. Onda xahiş elədi ki, imkan olsa yazının bir yerində “Vüqarı da saxlayın” yazarsan. Mən də onu qıra bilmədim. Ümid eləyirəm, yazını oxuyanlar burdan ibrət dərsi götürər və tezliklə, bizim taleyimizi dəyişmək üçün əllərini daşın altına salarlar. Yoxsa ömrü boyu kasıb yaşaya-yaşaya Tosu Zəngilanskinin dolma yediyi səhnələrə baxmaqdan bezib gedim özümü asacam.

# 4570 dəfə oxunub

Müəllifin son yazıları

# # #