Oxucuların ən çox yarıda saxladığı əsər - Prustun antirekord qıran şedevri

Oxucuların ən çox yarıda saxladığı əsər - Prustun antirekord qıran şedevri
26 avqust 2020
# 11:02

Bəri başdan özümü sığortalamaq üçün deyim ki, 7 kitabdan ibarət və dünyanın ən möhtəşəm əsərlərindən biri olan “İtirilmiş zamanın sorağında” haqda bir yazıda bütün incəlikləri verə bilmək çox çətindir. Mən sadəcə öz təəssüratlarımı bölüşmək istədim. Çünki Prustu oxuyandan sonra içimdə qəribə bir hüzur yarandı. İstədim ki, bu hüzuru sizinlə də paylaşım.

Mənə elə gəlir ki, həyatını bütünlüklə ədəbiyyata həsr edən kəs günün birində böyük yazıçı olacaq. Marsel Prustun “İtirilmiş zamanın sorağında” adlı div əsərini oxuyandan sonra düşündüm ki, həyatını ədəbiyyata çevirə bilməyənlər uğursuzluq yaşayacaqlar. Yalnız bütün həyatını ədəbiyyatla dolduran insanlar böyük yazıçı olmaq şansı qazanacaqlar.

Prustun həyatını gözümün qabağına gətirdim və istər-istəməz özümü onun yerinə qoyanda dərin bir iztirab çəkdim. Balaca vaxtından astma xəstəliyinə yoluxmaq, məktəbdən çıxmaq və bütün həyatını ədəbiyyatın qollarına buraxmaq. Hər kəsin xəstə kimi baxdığı uşağa anasının göstərdiyi böyük sevgi və mərhəmət hissi Prustun qəlbində gələcəyin ən möhtəşəm yazıçısı olması arzusunu yaratmışdı. Atası dövrün ən ciddi həkimlərindən biri olsa da, Prustun astma xəstəliyinin qarşısında aciz idi. Bir də onun anasına bağlı olması atasında qəribə bir qısqanclıq yaradırdı.

Gallery

“İtirilmiş zamanın sorağında”nı oxuyanda Prustun getdikcə ədəbiyyata çevrilən və qırıq-qırıq nəfəs alışları ilə dolu olan həyatını gözümün qabağına gətirdim. Dəhşətli təəccüb içində qaldım. Ömrü boyu nəfəs almaqda çətinlik çəkən biri nə vaxtsa nəfəs genişliyi dünyaya sığacaq qədər böyük olan bir əsər yazdı. Hətta adam Prustu oxuyanda bir anlıq bu dünyanın da onun nəfəsi ilə dolduğunu düşünür.

Dünya onun otağına sığışıb, xəstəliyini bir qırağa qoyub bütün gücünü yazmağa verib və bu div əsəri yazıb. Yazmaq eşqi çox amansızdır. Bəlkə də Prust bu dünyada yeganə ifadə formasının yazmaq olduğunu anladığı üçün çəkilib bir qırağa və qələmə sarılıb.

Prust uşaqlıq dövrünü, anasını, nənəsini və onlara tez-tez qonaq gələn Svanı xatırlayır. Quermantes, Çarlus, Robert, Albertin, François, Aime, Andree və başqa onlarla obraz da Prustun romanının daimi sakinləridir. Onların roman boyu dəyişdiyini, fərqli rəngə büründüklərini təhkiyəçinin gözləri ilə görürük.

Roman bir aristokrat ailənin və eləcə də varlıların dünyasına baxışdır. Prust onların dünyasını təsvir edərkən, həm də bəzi məsələlər haqqında essevari düşüncələrini də qeyd edir. Sən roman boyu dəyişən və bir-birinin qeybətini edən obrazları, aristokrat təbəqənin ifşasını görürsən. Prustun qəhrəmanının gözü ilə o adamların, o təbəqənin necə idbar olduğunun şahidi olursan.

Prustun qəhrəmanları o qədər dolğun və bütöv görünür ki, mən onun hər detalla portreti tamamlamasına heyrət elədim. Qəribədir ki, Prust oxucunun ixtiyarına buraxılan yerləri belə doldurur. Sanki bu dünyanın, bu zamanın içindəki boşluqlara da öz möhtəşəm təsvirlərini yerləşdirir. Tanrı, dünya, insanlar detallarda gizlidir. Prust bu həqiqəti içində daşıya-daşıya o insanları təpədən-dırnağa bizə təqdim edir.

Qəhrəmanın qadınlara olan münasibəti də çox maraqlıdır. Balbecdə gəzintidə olarkən gördüyü bir dəstə qadını elə incəliklə, elə fərqli tərzdə təqdim edir ki, sən onları bütünlükdə görürsən.

Gallery

Prust insanı qarşısına alır və bir arxeoloq səbri ilə qazıntı işləri aparır, bizim görmədiyimiz, hiss edib də adını qoya bilmədiyimiz duyğulara peşəkar dalğıc kimi cumur və sənin qarşına itirilmiş zamanı içində gizlədən bir dünya çıxır.

Bəlkə o dünyada itirilmiş olan tək zaman deyil, insanlardı, duyğulardı, münasibətlərdi. Şübhələrimiz, qorxularımız, sevinclərimiz, kədərlərimiz, əzablarımız. Bütün hislərimizi roman boyu muncuq sayaq düzə-düzə bizim qarşımızda əsrarəngiz bir mənzərə açır. Bu qazıntı işi daha da dərinləşir və sən əslində lazımsız gördüyün nəsnələrin necə əhəmiyyətli olduğuna qərar verirsən.

Mənə görə, möhtəşəm əsər həm də o əsərdir ki, onu oxuyan oxucu “əslində mən bunu demək istəmişdim, sadəcə ifadə edə bilmirdim” desin. Prust bütün insanların gizli saxladığı duyğularını aşkara çıxararkən bizim hamımızın itirdiyimiz zamanın axtarışda olduğumuz həqiqətini ortaya qoyur. Və bu həqiqətin qarşısında acizliyimiz önə çıxır. Prust isə bu acizliyi, bu müdhiş tənhalığı sənətkarcasına hörə-hörə çevrəni qapadır.

Prustu oxuyandan sonra əlim-qolum bağlandı. Düşündüm ki, karantin dövründə fürsət tapıb bu romanı oxuyum və hər kəsin danışdığı əsər haqda mənim də qənaətlərim olsun. Qəribədir ki, Prust adamı elə bil bir müddət yazıdan uzaq tutur. Sən yazı masasına doğru gedirsən, o isə saxlayır və sanki deyir: “Dayan, bir dünyaya bax, qaçırtdığın çox şey var”. Sən onun əsərləri ilə dünyaya baxırsan, sonra qayıdıb pəncərədən həyata baxırsan və Prustun təsvirləri ilə həyatı daha çox sevməyə başlayırsan. Demə, nə qədər gözümüzdən qaçan, bizim anlamsız hesab etdiyimiz, ancaq həyatımızın vacib elementləri varmış. Prust sanki əlində iri lupa tutan detektiv kimi gözümüzdən qaçan bütün detallara baxır və ordan möcüzələr çıxarır. Əşyaların bu qədər canlı olduğunu yəqin ki, Prustdan başqa heç kim mənə göstərə bilməmişdi. Görünür, ona görə Prusta mikroskopik yazıçı deyirlər. Hərdən sənə elə gəlir ki, Prust səni lazımsız kimi gördüyün əşyanın içinə sonsuz səyahətə aparır və sən o əşyanın necə canlı olduğunu bütün dərinlə hiss edirsən.

Gallery

Yazmaqdan çəkindirməyini dedim, ancaq Prust həm də sənə yazmağın bu dünyada ən vacib şey olduğunu göstərir. Əslində “İtirilmiş zamanın sorağında” əsəri yazıçı olmaq istəyən və tez-tez nəsə yazacağından söhbət açan Marselin həqiqəti tapması ilə sona çatır. Nədir bu həqiqət? Bizim keçmişimizdə, qaranlıq dünyamızın içində heç kimin əl vurmadığı bir Zaman var, o zaman bizi xoşbəxt edəcək, duyğularımızı işıqlandıracaq. Əsərin baş qəhrəmanı bütün roman boyu bu zamanın axtarışına çıxır, həmin bu zaman səyahəti ona əzab verir, yorur, ağrıdır, amma sonunda o itmiş zamanı tapa bilir.

Yazmaq. Bəli, onun zamanının adı yaradıcılıqdır, mətndir. Onun dünyası yazılmamış mətndən ibarətdir. Marsel o zamanı bir kəpənək misalı tutacaq, ehtiyatla otağına gətirəcək və öz dünyasına ədəbiyyatın qoxusunu buraxacaq. Onu yalnız bu xoşbəxt edəcək.

Ona görə də Prustu oxuyub bitirəndən sonra bir fikir ağlımdan çıxmır: məncə, 4 min səhifədən çox olan bu əsər yalnız yazıçılar üçündür. Prustun bu romanı oxu zamanı dünyanın ən çox yarıda buraxılan əsəri hesab olunur. Bu da mənim sözümü təsdiqləyir. Məncə, həqiqətən də yazıçı olmaq istəyən, heç bir şöhrət, pul və başqa niyyətlə yox, sırf ədəbiyyat xatirinə nələrsə eləmək istəyən adamlar üçündür bu roman. Və deyim ki, Prustu oxumayan yazıçının da bir növ yazıçılığına şübhə edirəm. Çünki Prustun özündən çıxıb bugünkü müasir yazıçılar. Hər birində Prustdan nələrsə var. Elə bil Prust mənbədir, hər kəs o mənbədən istifadə edib və öz yolunu tapıb. Prust xəritədir, ona baxmadan yolu-izi tapmaq çətindir. Prust öz yazdıqlarına təkrar baxmaq və harda yanıldığını, nələri qaçırdığını yadına salır.

Prustu oxumaq buna görə çox vacibdir. Bəlkə hansısa oxucu üçün yorucu ola, maraqsız gələ bilər. Ancaq sırf yazıçılıqla məşğul olmaq, öz itirilmiş zamanını axtarmaq istəyənlər üçün darıxdırıcı deyil.

“Bəlkə də böyük əsərlərin çoxusu əsnəyərək yazılıb” – romanın bir yerində baş qəhrəman belə düşünür. Mən bu yerdə gülümsündüm, ancaq həm də bir anlıq fikirləşdim ki, doğrudan da ola bilər. Yəni zəhmət çəkmək hər zaman uğur gətirmir. Zəhmət çəkdiyin yeri dəqiq bilməli və özünə əmin olmalısan. Prust həm də bu həqiqəti xatırladır bizə.

Bir peçenye ilə, yağışla, nənəsinin ona pivə içməyə icazə verməsi və bunun kimi xırda şeylərlə xoşbəxt olan qəhrəmanın dünyasından öz dünyamıza baxanda bir çox şeyin fərqinə varırıq əslində. Həyat həqiqətən də gözəldir, sadəcə bizim gözümüzdə hər şey dağınıqdır, onları bir araya yığmaq, parçaları birləşdirmək və təzədən pəncərədəki həyata əlavə etmək lazımdır.

Hamı öz itmiş zamanını tapanda xoşbəxt olacaq!

P.S. Bu əsəri indidən oxumağa başlayın, bir də görəcəksiniz, karantin bitəcək. Məncə, xalq olaraq oturub Prustu oxumaq vaxtıdır.

# 6234 dəfə oxunub

Müəllifin son yazıları

# # #