Cəhənnəmdən qovulma - Aqşin Yeniseyin yeni hekayəsi

Aqşin Yenisey, yazıçı

Aqşin Yenisey, yazıçı

13 yanvar 2023
# 15:00

Kulis.az Aqşin Yeniseyin yeni nəşr olunmuş "Ertəsi gün öldüm" kitabından "Cəhənnəmdən qovulma" hekayəsini təqdim edir.

Qədim dünyanın tanrısı, ya da dünyanın qədim tanrısı adına yaraşan nurani bir yorğunluqla hər gün olduğu kimi hamıdan əvvəl kəlləsini atıb yatmaq üçün şəhər kənarındakı təpələrin arxasında özünün əldən-ayaqdan uzaq təkliyinə çəkiləndən sonra bətnlərinin girişi hörümçək torları ilə örtülən, ağızlarının körpə laylaları ölü oxşamaları ilə əvəzlənən, xəmir yoğurmaqdan, dənəva arıtlamaqdan başqa bir işə yaramayan keçmiş bədənlərindən evdar bəxtlərinə nimdaş heykəllər ucaldan arvadlarının daha yada düşməyən qısır böyürlərinə qısılıb ötən illərin gecədən-gecəyə şahə qalxan tənha suvarisini xatırlayaraq bir vaxtlar uşaqlar yatandan sonra qab-qacaqda deyil, yataqda yeyilən “ucuz ətin şorbasının” dadını unuda-unuda yuxuya gedən ağ tuman-köynəkli müsəlman kişilər başlarına yağan mərmilərin gurultusuna yorğan-döşəkdən dik atıldılar. Gecəyarısı.

Nəhayət, bizim bu balaca şəhərimiz də tarixin yadına düşdü.

Müharibə bizim şəhəri kitablarda yazılanların əksinə, öndən və arxadan, sağdan və soldan deyil, başımızın üstündən və ayağımızın altından mühasirəyə aldı. Başımızın üstündə yaşlı düşmən əsgərləri, ayağımızın altında qoca siçovullar eyni anda qaynaşmağa başladılar. Şəhərimizə soxulan əsgərlər və siçovullar o qədər qoca görünürdülər ki, sən öl, deyəsən, bunlar buraya can almağa deyil, can verməyə gəliblər deyə humanist-humanist düşünüb onlara yazığımız da gəldi. Belə düşmənmi olar? Birinin dişi ağrıyırdı, birinin başı, bəziləri dayanmadan ögüyüb haragəldi qusurdu, o biri bəziləri böyrəklərinin ağrısından yerə yıxılıb vəhşicəsinə asfaltı cırmaqlayırdı. Hamısını da bit basmışdı. Sifətlərinə baxanda adamın ödü ağzına gəlirdi; ya saqqallarından yedikləri borşun kələmi, supun vermişeli sallanırdı, ya da ağızlarının kənarında içdikləri qatığın, südün haləsi bərq vururdu. Meymun vərdişiylə dayanmadan ora-buralarını qaşıyan bu yadelli məxluqların arıq əyinlərinə böyük olan hərbi kürklərinə baxanda bizə elə gəlirdi ki, şəhərimizi bostan müqəvvaları işğal edib. Biz nə günah etmişdik ki, allah bizə müharibə yerinə, müharibə karikaturası göndərmişdi? Bəxtəvər müharibəsindən də, düşmənindən də yarıyanların başına! Bu düşmən karikaturaları evlərə soxulub şəhərimizin evdar sakinlərindən nə pul, nə qızıl, nə də yemək tələb edirdilər, əllərini ənglərinin, mədələrinin, böyrəklərinin üstünə qoyub qıvrıla-qıvrıla, qaşına-qaşına ilan-qurbağa dilləri ilə dərman istəyirdilər. Hətta bəziləri ağrının acığına əsəbiləşib bizi güllələmək əvəzinə özünü güllələyirdi. Bir o qalmışdı ki, abrımızı ətəyimizə büküb bu bitli-birəli zırramaların ayaqlarına yıxılaq, yalvaraq ki, “allah xatirinə, bir dəfə də bizi güllələyin”. Nə də olmasa müharibə şəriki idik, beşi onlardan öləndə, üçü də bizdən ölməliydi. Müharibə əxlaqı deyilən bir şoğərib var axı. Hətta tez-tez küçənin ortasında özünü öldürməsin deyə silahını başı, qarnı ağrıyan düşmən əsgərinin əlindən almağa çalışan sakinlərlə qarşılaşırdıq. Düşmən intiharlarına ürəyi tab gətirməyən humanist aktivistlərimiz bir neçə dəfə “İntihara ar olsun! Düşmənimiz var olsun!” şüarları ilə bəzədilmiş küçə yürüşləri təşkil etsələr də, heyvərə düşmənimiz gönünün qalın yerinə salıb bizim insanpərvərliyimizi bitli-birəli qozuna da almamışdı. Sözün açığı, istəmirdik ki, şəhərimiz tarixə daşürəkli, insanlıqdan nəsibini almayan, diri meyitlərin yaşadığı bir daş yığını kimi düşsün. Əlimizə müharibə şəklində düşən bu tarixi fürsəti özümüzü yaddaşlara bəşəri bir nümunə olaraq soxuşdurmaq üçün kullanmaq istəyirdik. Hətta bizi indiyədək adam yerinə qoymayan bu eqoist müharibənin nəhayət ki, şeytanın qıçını sındırıb yolunu şəhərimizdən salmasını tanrının bir lütfü olaraq görən humanist aktivistlərimiz küçə-küçə, ev-ev gəzib xalqımızı düşmənlərlə mehriban davranmağa çağırırdılar. Gələcəkdə yazılacaq tarix kitablarında şəhərimizin adına söz gəlməsin deyə bəzi humanist aktivistlərimiz muzdlu cəza dəstələri yaradıb düşmən əsgərlərinə kobud cavab verən, onların kirli paltarlarını yumaqdan imtina edən, masada isti şorbanı birinci bayırdan, soyuqdan gələn düşmənə deyil, öz qabağına qoyan şəhər sakinlərini bir-bir tapıb əzişdirir, qabaqlarındakı ilmanqı şorbanı başlarına tökür, hətta küçəyə sürüyüb soyunduraraq işıq dirəklərinə bağlayır, sinələrinə də üstündə ingiliscə “No Waar” yazılmış vərəqə yapşıdırırdılar. Ziyalılarımız, bu əbləh müharibə bir az da davam eləsə, şəhər əhalisinın milli və bəşəri ehtirasların tərəfini saxlayan iki cəbhəyə bölünüb düşmənlərimizin sağlamlığı uğrunda vətəndaş müharibəsinə başlayacaqlarından qorxurdular. Birdən-birə iki müharibə tarixi qudurğanlıq olardı. Tarixə düşəcəyik deyə müharibənin də şitini-şorunu çıxarmaq yolverilməz hərəkət idi. İstəmirdik ki, söz vaxtına çəkəndə tarix bizi “görməmişin oğlu” adıyla xatırlasın. Müharibənin tapılmayan vaxtında əlimizə müftə, gül kimi bir müharibə düşmüşdü, heç birimizin haqqı yox idi ki, şəxsi mənafeyinin şalvarını dartışdırıb onun tarixi əhəmiyyətinin içinə sıçsın! Hətta bəzi humanist aktivistlərimiz şəhərimizin tanımadıqları gizli yerlərini öyrənib düşmənə tuşutmaq üçün işgəncə verdikəri sakinləri daha amansızlıqla şapalaqlayırdılar ki, saullara aydın və ətraflı cavab versinlər. Bu cür vətənpərvər sakinlərimizi çox vaxt düşmən əsgərləri özləri qəzəblənmiş humanist aktivistlərimizin əlindən alır və irad bildiridilər ki, hər kəs öz işi ilə məşğul olsun. “Sakinlərə işgəncə vermək, onları sorğu-sual etmək, dırnaqlarını kəlbətinlə, gözlərini çay qaşığı ilə çıxarmaq bizim işimizdir, müharibəni biz başlamışıq, icazə verin, onunla özümüz məşğul olaq, gəldiyimizə peşman olmuşuq siz hümanist-aktivistlərin əlindən. Şəhərinizə, xalqınıza belə nifrətiniz vardısa, biz gəlmədən öncə yeyərdiniz bir-birinizin ətini. Bir-birinizə qarşı etdiyiniz bu vəhşiliklər sabah bizim ayağımıza yazılacaq!” – düşmən əsgərlərinin başçısı humanist aktivistlərimizin onlayın telekanalına müsahibəsində şikayətlənərək demişdi. – “İnsan da insana, həm də öz şəhərinin sakinlərinə bu qədər nifrət edərmi, ayıb deyilmi?”

Şəhərimizin sakinlərini bir-birilərinə qarşı mərhəmətli olmağa çağırsalar da düşmənlər də, siçovullar da get-gedə artıb çoxalmış, küləyin ruhlandırdığı xəyanətkar bir yanğın sırtıqlığı ilə bütün şəhəri bürümüşdülər.

Boş küçələrində siçovullar və düşmənlər qaynaşan şəhərimizin ac sakinləri - bizlər, sözün açığı, nə edəcəyimizi bilmirdik. Çünki şəhərdə heç kimin müharibə təcrübəsi yox idi. Bu günə qədər şəhərimiz uğrunda nə ölən olmuşdu, nə öldürən. Üstəgəl, eyni anda, əks istiqamətlərdən iki düşmənlə üz-üzə qalmışdıq. Birinci kimdən başlamalı; düşmən əsgərlərindənmi, siçovullardanmı? Düşmən əsgərlərindən başlasaq, siçovullar artıb çoxalacaq, siçovullardan başlasaq, düşmən əsgərlərinə güc qalmayacaq. Eyni zamanda hər iki cəbhədə döyüşməyə də, etiraf edək ki, gücümüz və təcrübəmiz yetmirdi. Düşmənlər və siçovullar instinktlə hərəkət edirdilər, biz isə uzun illər ehtiyacımız olmayan özünüqoruma instinktini çoxdan unutmuşduq. Bizim üçün müharibə demək, kino, roman demək idi. Sülh dövründə boş vaxtımız olanda biz müharibəni əylənmək üçün axtarırdıq. Öldürülən biz deyiliksə, bütün müharibələr gözəldir.

Amma indi mərmilər və siçovullar bir ucdan öz torpağımızı aşsüzənə döndərir, qanlar bu aşsüzəndən süzülüb gedir, meyitlər ortada qalırdı.

Müharibədən ilk qazancımız bu oldu ki, aclıq və yoxsulluq uşaqları müdrikləşdirdi.

Birdən gözləmədiyimiz və çağırmadığımız halda şəhərimizdə pişiklər peyda oldular, iki-iki, üç-üç artıb çoxaldılar. Şəhərimiz uğrunda pişiklərlə siçovullar arasında ölüm-dirim mübarizəsi başlandı.

Qəbiristanlıq canlandı, qəbirlər birayaq-birayaq sürünüb şəhərə doluşdular. Ölülər evlərə dadandılar. Yazıq arvadlar hər həftənin cümə axşamı günü artıq onlara da yemək bişirirdilər. Yaxşı ki, ölülərin yeməyin qoxusu ilə doyduqlarını öyrəndik, yoxsa düşməndən gizlədiyimiz olan-qalan ərzağı da ölülərimizlə paylaşdığımız üçün tezliklə şəhərimizi aclıq bürüyəcəkdi. Çünki ölülər dirilərdən qat-qat çox idi, hamısı da qarınqulu. Bir baş qızardılmış soğan qoxusuyla bir toy ölünü doyuzdurduqlarını öyrənən arvadlar “belə müharibədən gündə yüzünü yola salarıq” deyib dərhal qudurdular.

Ölülərin şəhərimizə qayıtdıqlarını görən düşmən əsgərləri çaxnaşmaya düşdülər. Çünki işğaldan əvvəl keşişlərinin dönə-dönə “onların ölüləri ilə işiniz olmasın, ölüləri dirilsə, tarixi güclərini geri gətirəcəklər” xəbərdarlığını qulaqardına vurduqlarını özləri etiraf edirdilər. Artıq gec idi, indi onlar evlərin soyuducularında qarınağrısı, başağrısı dərmanları yox, yuxu dərmanları axtarırdılar, şikayətlənirdilər ki, gecələr yuxuda olanda kimsə sinələrinin üstündə oturub onları boğur. Qorxudan yuxuları ərşə çəkilmiş, dəli-divanə olmuşdular. Mollalarımızın onlar üçün yazdığı “ağıl duaları”nın da bir xeyri yox idi; üçkünc kağıza bükülmüş duaları qaynadıb suyunu içən düşmən əsgərləri qarın yatalağı xəstəliyinə yoluxdular və şəhərimizi tırıq qoxusu bürüdü. Humanist aktivistlərimizin islahında qurtulub, mollalarımızın ishalına düşdük. Küçələrdə əlini dalına tutub zarıyan qarnını boşaltmağa günc-bucaq axtaran düşmən əsgərlərini görən sakinlər əvvəlcə gizli-gizli güldülər, amma düşmənlərin onlara fikir verməyib öz qarınlarının hayında olmasından cəsarətləndilər. Qəhqəhə səsləri şəhəri başına götürdü. Düşmənlərin halına acıyan və ev sahibi olaraq xəcalət çəkən hümanist aktivistlərimizdən başqa hər kəs düşmənə gülürdü, müharibə artıq özünün karikaturik kuliminasiyasına qədəm qoymuşdu. İgid ölülərimiz və hiyləgər mollalarımız əl-ələ verib düşmənə sarsıdıcı zərbə endirdilər; ölülərimizin sayəsində başının, mollalarımızın sayəsində götünün açarını itirən düşmən çox keçmədən bir əliylə başını, bir əliylə dalını tutub şəhərimizdən vızqırtdı. Ateist yazarlardan birinin öz gündəlik köşəsində yazdığı “axır ki, molladan bir xeyir gördük, həm də bu müharibə sayəsində baş üçün yazılan “ağıl duası”nın götə daha pis təsir göstərdiyini öyrənmiş olduq” sözləri inanclı şəhərimizdə heç kimin xətrinə dəymədi. Çünki müharibə tarixində ilk dəfə yalnız biz düşməni öz qanında deyil, öz nəcisində boğmuşduq. Bundan gözəl humanizm?! Düşmənlərimizin rüsvay və məğlub olması humanist aktivistlərimizə baha başa gəldi; şəhərimizin polis rəisi onları dövlət televiziyasının kamerası qarşısına düzüb əllərinə su dolu vedrə, iri süngər verdi və əmr etdi ki, gedin şəhərdən sevgili düşmənlərinizin izlərini – divarların, ağacların diblərinə, marketlərin, apteklərin arxasına “sulu boya” ilə çəkdikləri “sənət əsərlərini” təmizləyin, yəni şəhər sakinlərinin diliyə desək, poxunuza yiyə durun!

Düşmən məğlub olduqdan sonra ölülərimiz bir-bir yenidən öz məzarlarına qayıdıb görünməz oldular. Ölülərin yemək payı müharibədə ata-anasını itirmiş balaca uşaqlara, övladları itkin düşmüş qoca ata-analara verildi.

Düşmən üzərində qələbəmiz pişikləri də ruhlandırdı; gecə-gündüz yatmadan qısa müddətdə bütün siçovulları parçalayıb yedilər və aristokratik instinktlə bizdən xəbərsiz bağırsaqlarında aparıb qızılgül kollarının dibində basdırdılar.

Qəfildən pişiklər də yoxa çıxdılar. Analarından gizlin pərdələri aralayıb küçəyə boylanan uşaqların “atam gəldi!” qışqırığı bütün şəhərdə eşidildi. Bütün uşaqlar gördükləri beliçantalı, dəri çəkməli yad kişini öz atalarına oxşatdılar.

Müharibə bütün kişiləri eyniləşdirmişdi.

Qadınlar ərlərini seçə bilmədilər. Sağ qalan bütün kişilər sağ qalan bütün uşaqların atası, sağ qalan bütün qadınların əri, qardaşı oldular.

Müharibə qurtardı. Daha doğrusu, həyatımızdan çəkilib yuxularımıza girdi. Biz indi ancaq yatanda döyüşür, ölür, oyananda dirilir, dincəlirdik. Gündüzlər bədənlərimizdə gecələr yuxuda aldığımız güllə, qəlpə yaralarının ağrısını hiss edirdik. Hətta gecə yuxuda gördüyü müharibədə ölməsin deyə günlərlə yatmayıb yuxusuzluqdan ağlını itirən psixopat əcinnələr də vardı aramızda; biz onlara “yuxu fərariləri” deyirdik.

İndi bizim yenidən daşı daş üstünə qoyulmuş şəhərimizdə nə vaxtsa pişiklərin və ölülərin döyüşdüyünü sübut etmək üçün canlı şahid axtarsan, nə bir pişik taparsan, nə bir ölü. Nə bir mərmi çuxuru qalıb, nə bir siçovul yuvası. Torpaq qapı zəngini eşidib tələsik evi yığışdıran peşəkar dayə zirəkliyi ilə hər şeyi çox tez ört-basdır edib, çox tez. Şəhərimiz sanki hər an qayıtmaq ehtimalı olan öz doğma müharibəsi üçün üst-başına əl gəzdirib, özünü səliqəyə salıb. Sir-sifətinə sülh kosmetikasından o qədər gen-bol yaxıb ki, bu saxta gözəlliyi ilə yenidən barbarların diqqətini çəkəcəyindən və bu diqqətin zavallına gələcəyindən qorxuruq. Gözəllik qurban tələb edir, biz buna etiraz etmirik, ancaq olan yerdə. Qurbanlığın da gözəllik tələb etdiyini, bir vaxtlar tanrıların da bizdən qurban olaraq ən gözəl qızlarımızı, ən sağlam oğlanlarımızı istədiyini, eybəcər övladlarımızı qurban adıyla onlara soxudurduğumuzda başımıza nə müsibətlər gətirdiklərini unutmamışıq. Şəhərimizdə, demək olar ki, qurbanlıq üçün gözəl adam qalmayıb. Əlimizdə qalan beş-üç gözəli də damazlıq üçün qorumalıyıq. Uşaqlardan, qocalardan da qurban olmaz. Qurban gərək gənc olsun, sağlam olsun. Biz tanrılarımızdan belə eşitmişik, belə görmüşük. Qurbanın əti kabablıq olmalıdır! Uşaqların əti o qədər yumşaqdır ki, şişdə qalmaz, qocaların da ətini gərək bir gün qaynadıb sonra şişə taxasan. Tanrılar və müharibələr ağzının dadını bilir.

Hə, yadımdam çıxmamış deyim ki, şəhərimizə müharibədən sonra ilk dəfə yaz gəlib. Kişilər kəsilmiş ayaqlarının yerinə taxta sarıyıb, müharibə vaxtı amansız döyüşlərin getdiyi zirzəmiləri, zibillikləri yenidən əhəngləyirlər. Qadınlar ağızlarında deyil, burunlarında nəğmə mızıldaya-mızıldaya qapı-pəncərəni açıb ilıq yaz günəşini evə doldururlar. Həyətdə oynayan tumançaq uşaqlar yanğından sonra taxıl zəmisinin yerində cücərən otlara oxşayırlar, qara kül içində cücərən yaşıl otlara. Dinimiz səhradan gəldiyi üçün “yaşıl can rəngidir” – deyir bizim şəhərin inanclı əhalisi.

“Şəhərin ən qoca sakini qonşuluğumda yaşayır. Bu qoca adam hər gün ət yeyir, daha doğrusu sür-sümük. Günortanın istisində onu, evinin ox məsafəsində yerləşən ət dükanında arxa ayağından qarmağa keçirilmiş inəyin onurğa sütununun bir neçə fəqərəsini hər həftə qəssaba doğratdırıb, bükdürmədən, əlində əzişdirə-əzişdirə evinə tələsdiyini görəndə məni vahimə basır və bu vahiməni havanın boğucu bürküsü bir az da artırır: İnsan, isti, çiy ət və ac şəhər.

Vəhşi mənzərədir. Onun qonşuluğuna köçdükdən sonra tez-tez bu hadisəni pəncərədən seyr edərkən mən şüurlu şəkildə hiss etdim ki, qoca tək yaşadığı, heç kimi içəri buraxmadığı mənzilində iri əti tikələrini heç vaxt yumadığı mis qazana soxub bişirir, özü də ala-çiy. Sonra o, yarıbişmiş ət parçalarını qazandan çıxarıb örtüksüz taxta masanın üstünə qoyur və qoca köpək acgözlüyü ilə mırıldaya-mırıldaya gəmirməyə girişir. Gəmirilmiş fəqərələri isə zibil vedrəsinə tullamır, ya evinin küncündə qalaqlanmış sümüklərin üstünə atır, ya da qab-qacaq rəfində yan-yana düzür, dəqiq bilirəm ki, o öz otağını sümüklərlə dolu kütləvi məzarlıq kimi bəzəyib”. – Müharibədən sonra şəhər sakinlərinin dolanışığı haqqında redaktorumuzun tapşırığı ilə yazdığım reportaj bu cümlələrlə başlayırdı və yazı qəzetlərdə yalnız ulduz falı, müğənni dalı ilə maraqlanan sakinlərin bərk acığına gəlmişdi. Madam Bovarini özünün burjua əxlaqına yaraşdırmayan fransızlar sayaq şəhərimizin oxucuları da mənim milli floberliyimin qulağını çəkməkdə israrlı idilər. Bu xain kimdir ki, şəhərimiz haqqında ancaq pis şeylər yazır. Bəyəm qoca bir sarsağın həyatı böyük bir şəhərin obrazı ola bilərmi? Bunu yazanı o inək kimi dal ayağından asmaq lazımdır. İldə bir dəfə qurban ətinə yerikləyən tanrı və ət haqqında yazdıqlarım xüsusilə inanclı sakinlərimizin söyüş, qarğış, hədə-qorxu dolu beyinlərindəki arı pətəklərinə çöp soxmuşdu. Mən kütlə üçün ov elan olunmuşdum. Tanrı öldürülməyimi tələb edirdi. Hətta qəzetçi yoldaşlarım qəzəbli kütlənin daş-qalağına tuş gəlməyim deyə bir-iki həftə evdən çölə çıxmamağımı məsləhət bilmişdilər. Yaxşı ki, hamının bir yerdə yaşadığı mağara dövrü deyildi, dövr mağara insanlarının dövrü olsa da.

Axırda haqqında yazdığım qoca qonşum özü qəzetə gəlib bunları danışmışdı. “Mən rəssamam. Çoxuşaqlı evdə böyümüşəm. Atam əyyaş idi. Evə ətdən başqa heç nə almırdı. Anam nifrət etdiyi atamın acığını onun aldığı sümüklü ət tikələrindən çıxırdı; əti həmişə ala-çiy bişirirdi ki, dişləri tökülmüş atam yeyə bilməsin. Atam isə sərxoş halda sümüklü ala-çiy əti it kimi mırıldaya-mırıldaya həm özü dartışdırırdı, həm də bizə onu it kimi necə yeməyi öyrədirdi. Biz bəzən günlərlə ala-çiy qaynadılmış sümüklü ətdən savayı heç nə yemirdik. Uşaqlıqdan həyatımı, yuxularımı və ətrafımı ətsiz təsəvvür edə bilmirəm, dörd tərəfim ətdir, qarabasma kimi hər yanda ət görürəm. Mənə görə ət hərəkət mənbəyidir və məncə, əti təsvir etməklə əsərə hərəkət vermək olar. Baxın, sulu boya ilə çəkdiyim bu şəkildə – o özüylə redaksiyaya gətirdiyi şəkli jurnalist həmkarıma göstərib demişdi, – qadın şəhvətinin gücünü göstərmək üçün mən onu çılpaq halda yoğun və qırmızı fil xortumuna oxşayan iri bir ət tikəsinin üstündə əyləşdirmişəm, yaxud “Köç” adlandırdığım bu şəkil; – ikinci şəkli göstərmişdi – quşlar köçür, səmadan isə onlardan qopan ət tikələri tökülür, bu, mənə görə, daosizmin, yəni yol fəlsəfəsinin təsviridir, yəni yola çıxdınsa yükünü itirəcəksən, yüngülləşəcəksən. Yüngülləşdikcə uçmaq istəyəcəksən. Qədim türklər ölünün arxasınca deyirdilər ki, “məkanı uçmaq olsun”. Uçmaq əbədiliyin, sonsuzluğun məkanı kimi təsəvvür olunurdu. İnsan ölərək, yəni bədənini, ətini itirərək bu məkana daxil ola bilər. O biri dünya ətsiz dünyadır. Amma yaşadığımız dünyada ət ilahi və bəşəri ehtiyacdı. Hətta inanclı insanlarımız da yalnız ətdən ibarət olduğunu zənn etdikləri amiotrofik lateral skleroz xəstəliyindən əziyyət çəkən bir şəxsi şəhərimizin ən müqəddəs seyidi elan etməyiblərmi?

Bax, tutaq ki, sizin müsəlman olmağınızın ən vacib şərtlərindən biri islam peyğəmbərinə görə, donuz ətindən nə qədər uzaq məsafədə yaşamağınızla ölçülür. Ətə düşmən münasibət göstərmək öhdəliyi ilə başlayan bu inanc başqa bir dini ritualda isə sizi ətlə sevginizi ifadə etməyə məcbur edir. Ət donuzda nifrəti, qoyunda sevgini simgələyir. Nə üçün bizim şüuraltımızda Allahın ətyeyən olması barədə təsəvvür mövcuddur? Çünki biz ilk tanrılarımız olan totemlərimizi kəsib ətini yeyirdik ki, onların gücünü özümüzə ötürək. Sonra tanrılar qisas almaq fikrinə düşdülər və bizi məcbur etdilər ki, hər il bir gənc adamı kəsib ətini onlara aparaq. Bu dəfə tanrılar insanların ətini yeməyə başladılar.

Çiy ətə tamah təkcə ilahi deyil, həm də cinsi ehtiyacdı. Biz əcdadlarımızın nəsildən-nəslə ötürdüyü çiy ətə olan yanğısını bir-birimizi acgözlüklə yalamaqla soyutmuruqmu qaranlıq otaqlarda? İnsanlar niyə qaranlıq otaqlarda sevişməyə üstünlük verirlər? Əxlaqlı olduqları üçünmü? Xeyr, bu, bir yırtıcı instinktidir. Onlar önlərində kişi və ya qadın bədəni şəklində olan çiy ət parçasını başqaları ilə paylaşmamaq üçün gizlinə, qaranlığa dartışdırırlar, eynən ağzındakı ördəyi şəriksiz yemək üçün xəlvət yer axtaran tülkü kimi. Biz kişilərə qadını sevdirən çiy ətə olan cinsi qarınqululuğumuz deyilmi, ya qadınlar üçün kişi çiy ət həzzini tıxa-basa dada bildikləri lüt-ətcə Erosdan başqa nədir ki? İnsanın cənnət ümidi də öləndən sonra yenidən ətlənəcəyinə olan gözləntisidir. Tanrı öz nəfəsi ilə gili ətə çevirən bir sehrbazdan başqa nədir ki? Heç kim bu dünyada kefindən sevmir! Kefindən sevənlərin yeri həyat deyil, mifdir, əfsanədir. Ancaq məni düzgün başa düşmürlər, görün, sizin gənc yazar mənim haqqımda qəzetinizdə nə yazır; – şəhərimizin post müharibə dövrünü təsvir etdiyim reportajımı da özüylə gətiribmiş, – guya mən hər gün evimin qabağındakı ət dükanından iri sümüklü ət tikələri alıb, əlimdə əzişdirə-əzişdirə evə gətirir, doğramadan qazana, özü də kirli mis qazana doldurub qaynadıram. Ala-çiy əti yeyib, sümükləri isə rəfə düzürəm. Və bu gənc bütün bunları guya öz gözləri ilə görür, hər gün. Düzdür, mənim mətbəximdə sümüklər çoxdur, çünki mənə görə, sümük fanilik duyğusunu ifadə edən ən ideal nəsnədir. Sənət öz ilhamını fanilik duyğusundan almırsa, pafosa yerikləyir. Baxın, bizim müharibədən geriyə nə qaldı? Üstündə tarixin imzası və möhürü olan məzar dolu sümüklər! Guya sağ qalan bizlərdən sonraya nə qalacaq? Tarix tərəfindən təsdiqlənməmiş bir yığın imzasız, möhürsüz sür-sümük! Evimdəki sümüklər məni eqodan, təkəbbürdən arındırır. O səssiz sümüklər ölümün bağıran heykəlcikləridir. Mən bu sümüklərin əti ilə qarnımı doyurur, özləri ilə eqomu ac saxlayıram.

Mən manyak deyiləm, rəssamam, bunu arvadımdan da soruşa bilərsiniz”. “Arvadınızdan? Bəyəm siz tək yaşamırsınız?” – həmkarım soruşmuşdu. “Düzdür, biz müharibədən sonra ayrıldıq, çünki o rus idi, ancaq o, hər halda, nə vaxtsa mənim arvadım olub. Hətta sizdən xahiş edirəm qəzetinizdə elan verib onu axtarıb tapasınız. Eşitdiyimə görə, şəhərimizdəki yataqxanaların birinə sığınıb. Övladımız olmurdu, biz bir-birimizin övladı idik. Bizim ayrılığımız ər-arvad ayrılığı deyil, ata-qız, ana-oğul ayrılığıdır”.

Rəssamın müsahibəsi müharibənin ağrı-acısını unutmaq üçün sülh dövrünün mövzularına qayıtmaq istəyən oxucular arasında elə bir səs-küy qopardı ki, qaraçı xislətli baş redaktorumuz bu səs-küyün qəzetdən uzaqlaşmaması naminə redaksiyada səfərbərlik elan etdi: Rəssamın arvadı mütləq tapılmalıdır! Yerin deşiyində də olsa! İki gün vaxtınız var! Tapan şəxsə mükafat vəd olunurdu.

Qoca rəssamın arvadını axtarıb tapmaq çətin olmadı. Onu yollandığımız ünvanda zibillikdə yaşayan “professor” ləqəbli modern neandertaldan tutmuş həyətdə yelləncəkdə yellənən homosapiens uşaqlara qədər hamı tanıyırdı. Baş redaktorumuzun əmrinə görə, bizim işimiz onu bütün şəhərə tanıtmaq idi. Artıq medianın çörəyi tanınmışların deyil, tanınmamışların həyatından, taleyindən çıxırdı.

Ulya – rəssamın keçmiş arvadı özünü belə adlandırır – keçmişini unutmuş qadındır. Müharibədən sonra ərini və ağlını itirib. Daha doğrusu, əvvəl ağlını, sonra ərini. Bu rus qadınının əsl adını indi Azərbaycanda heç kim xatırlamır, heç özü də. Ad məsələsinə görə yataqxanada iki ehtimal var; birincisi budur ki, Ulya adını da ona sonradan sakini olduğu bu müsəlman məhlə qoyub; vaxtaşırı içib gecələr balkonda uladığı üçün. Əzablarından və tənhalığından ad düzəldib doğma divarlar bu yad qadına. İkinci ehtimal isə belədir ki, o bu adı özü ilə Sibirdən gətirib.

O, indi fəhlə yataqxanasında süpürgəçi işləyir. Qazandığı qəpik-quruşu daha çox ucuz, turş çaxıra, filtirsiz siqaretə xərcləyir, qarnını yataqxanada məskunlaşan, hələ evlərinə qayıtmağa tələsməyən müharibə qaçqınlarının bir boşqaba sığan mərhəməti ilə doyurur və bütün günü sərxoş halda türk və rus sözlərinin qarışığından düzəltdiyi, heç kimin anlamadığı həftəbecər bir dildə özü ilə danışır. Büründüyü cır-cındıra hopub qıcqırmış tərin və çaxırın qoxusu o qədər üfunətlidir ki, o, yataqxananı süpürərkən otaqdakılar qapı-pəncərəni bağlayaraq, onun cəhənnəm olub getməsini gözləyirlər. Çox vaxt bu üfunəti ciyərlərinə doldurmasınlar deyə qonşular yeməyi də qapısının ağzına qoyub gedirlər.

Ulyanın leş qoxusu süpürdüyü binanın quzulayıb göyərmiş qədim divarlarına belə hopub. Şəhərin bu səmti Ulya qoxuyur, bu elə bir qoxudur ki, buruna deyil, yaddaşa hopur və iyrənc xatirə kimi heç vaxt unuda bilmirsən.

Ulyanın nitqini yazıya çevirmək mümkün deyil. Məcburam onun hekayəsini öz dilimdən yazım.

Ulya Sibirdə böyüdüyü soyuq gecələrin birində iş dalınca dünya səyahətinə yollanan dostluq etdiyi qafqazlı müsəlman oğlandan uşağa qaldı. Onun sonradan alın yazısına çevriləcək əhvalatı belə başlayır.

“Vətənimə nifrət edirəm. Bunun ilk və əsas səbəblərindən biri uşaqdır, yenicə doğulmuş uşaq. Bir dəfə polis qucağında uşaq tutmuş dilənçi qadını itələyə-itələyə şəhərin mərkəzi küçəsindən qovurdu. Qadın çağanı başı üzərinə qaldırıb dəli kimi silkələyir, polisi, ondan əl çəkməsə uşağı yerə çırpacağı ilə hədələyir, sonra da ancaq yoxsulların və dilənçilərin anlaya biləcəyi bir dildə yalvarırdı. Ətrafdakı adamlar ağac kölgəsinə tələsən qoyun sürüsü kimi burunlarını bir-birinin arxasına sürtüb oradan tez uzaqlaşırdılar. Dövlət və dilənçinin baş rollarda oynadığı bu sonu görünməyən küçə teatrında heç kim epizodik rol almaq istəmirdi. Əmr qulu polis sözsüz ki, dilənçi qadından əl çəkməyəcəkdi, çəkmədi də… birdən qadın vəhşi bir əlacsızlıqla çığırdı və mən polisin ayaqları altına düşüb parçalanmış çağanı gördüm. Uşağın ağrıdan havanı cırmaqlayan balaca əlləri anasını axtarırdı. Boğaza yığılmış xalq öz əli ilə öz nəslini kəsirdi…”

Bu əhvalatın harada baş verdiyini soruşuram, Ulya yarı rus, yarı türkcə “Tam eto burada” deyib kələfin ucunu itirir. Ulyanın yarıtürk, yarırus sözlərlə hətərən-pətərən danışdığı cümlələri bacardıqca aydın bir dildə dəftərimdə qeyd edirəm; ancaq yaddaşına qədər sərxoş olduğu üçün öyrənə bilmirəm o bu hadisəni görüb, ya öz başına gəlib, yoxsa uydurub.

Ulya dilin birini qoyub, o birinə keçdiyi kimi, mən də sözün birini qoyub, o birinə keçirəm. Hə, deməli, həmin müsəlman oğlan ata olmaqdan boyun qaçırır və türkəçarə üsulla, yəni qaynar su dolu ləyənə uzanıb bətnindəki dölü diri-diri bişirməklə özünü ana olmaqdan məhrum edən qızcığaz bu nikahsız ərinə qoşulub Bakıya gəlir. Ancaq ayağı ağır olur; müharibə başlayır, əri könüllü olaraq cəbhəyə yollanır və ondan heç bir xəbər-ətər gəlmir. Bədbəxt qadın yenidən Sibirə qayıdır.

Sibir torpağına ayaq basdığı gün şimal küləyi un kimi ağ çiskinini onun boyun-boğazına, donunun açıq yerindən bədəninə, bətninə üfürür. Bununla da soyuq vətən qərib övladının canına hopmuş isti qürbətin kirini, çirkini yuyub təmizləyir.

Hekayəmizin, daha doğrusu, Ulyanın həyat hekayəsinin bu yerində məkan dəyişdiyi üçün zaman da dəyişməlidir. Odur ki Bakının keçmiş zamanından, Sibirin indiki zamanına keçməliyik təhkiyəmizdə.

– Ulya! – bir səs onu arxadan kiməsə oxşatdı.

“Ulya” - rus xalqı gec də olsa övladına ad qoydu, qolundan tutub evinə apardı, ata ərki və həyası ilə nimdaş donunu çəkib başından çıxardı, ondan utanmamağı və cənubun kiri hopmuş alt paltarlarını da dəyişməyi əmr etdi. Soyuqdan tir-tir əsən lüt-ətcə qız Xalqın qarşısında utanaraq, ona uzadılmış təzə paltarları və ayaqqabıları çılpaq sinəsinə sıxıb geyinmək üçün o biri otağa keçdi. Xalq övladının iri, ağ və şümal dərili arxasını gözucu süzdü və yadında saxladı. Səhəri gün Xalq Ulyanı yanında işə götürdü, ona yaşamaq üçün ayrıca mənzil verdi.

İndi bu evdə miskin keçmişi unutmaq olardı.

Əvvəllər Xalq Ulyanı “Sergi ata” şəfqəti ilə sevirdi, sakit qarlı, nurani axşamlarda onun evinə əlidolu gəlir, gecəyarıya qədər soba dibində Ulyanın saçlarını hörürdü. Ona şeirlər oxuyur, donuz əti qızardırdı. Ulya isə Xalqa yarpızlı çay dəmləyir, eyni şəfqətlə əvəz ödəməyə çalışırdı. Ancaq nə də olmasa onlardan biri yetkin kişi – Xalq, o biri döşləri ağız üçün dartınan bir qadın idi. Əslində, bu evdə şəfqətin gizli bir kölgəsi də gəzib-dolaşırdı: Şəhvət! Xalqa Ulya üçün gecələr şeir oxutduran da o kölgənin dili idi, Ulyanın saçlarını hörən də o kölgənin əlləri idi.

Çox keçmədi ki, Xalqın şəhvəti şəfqətini üstələdi. Əlbəttə, bu məsələdə içki qədəhlərinin boşalmasına izin verməyən seks düşkünü şeytanın əməyini danmaq olmaz. Şeytan Xalqın qəlbinə girib onun günahlarını öz boynuna götürdü; “Əbədi lənətlənmişlər cəhənnəmin xeyirxahlarıdır. Gündüzlər allaha, gecələr sənə məxsusdur”, – şeytan Xalqa dedi.

Şeytanın müdrikliyindən transendental güc alan sərxoş Xalq artıq hər gecə öz qızını qucaqlayır, boynundan, boğazından öpür, bəzən lümlüt soyunduraraq, bəzən də elə paltarlı-palazlı hardagəldi altına yıxıb ondan həzz alırdı. Bu həzz Ulyaya yorğun və ağrılı gecələr bahasına başa gəlsə də, o, heç vaxt bunu dilinə gətirib Xalqa demirdi. Necə olsa da bu Xalq idi, onun xalqı, onun atası; onu sevmək və razı salmaq Ulyanın müqəddəs borcu idi. Desəydi də, sərxoş və üzü üzlər görmüş Xalq onu anlamayacaqdı. Bir də Xalq axı bütün bunları öz qızının xoşbəxtliyi üçün etmirdimi? Tarixin bütün dövrlərində bütün xalqlar öz övladlarını sikə-sikə xoşbəxt etməyiblərmi? Bu tarixi həqiqət qarşısında Ulya kim idi və nə deyə bilərdi ki?

İçki getdikcə Xalqa pis təsir göstərirdi. Xalq olan-qalan ağlını da itirir, hətta bəzi gecələrdə müdrik Xalq olduğunu unudur, özünü azğın kütlə kimi aparırdı.

Son günlər haradasa içəndən sonra gəlirdi Ulyanın yanına, qızın paltarlarını dartıb cırır, sevimli övladını yatağa dartır, bəzən də elə ayaq üstəcə zorlayırdı. Öpüşlər, öpüşlər yoxa çıxmışdı. Xalq artıq yataqda qızını öpmürdü və Ulya qadın ağlıyla başa düşmüşdü ki, yataqdan öpüşlərin yoxa çıxması sevginin tükəndiyindən xəbər verir. Yataqda öpülməyən qadının bir fahişədən fərqi yoxdur demək. Xalq onunla öz qızı kimi deyil, öz fahişəsi kimi rəftar edirdi. Hər gecə ondan tələb edirdi ki, tabaqda isti su gətirib ayaqlarını yusun, qızın əlini tüklü qasığına qoyur, əmr edirdi ki, orada olanı sığallasın, ağzına alıb yalasın. Narazı qaldıqda Xalq ayağa qalxıb lüt-ətcə Ulyanı təpikləyir, söyür, soyuq və qaranlıq küncə qovur, bağırırdı ki, “kəs səsini, nankor qancıq!” nankorluğunun səbəbini isə Ulya, sadəcə, Xalq üçün adiləşməsində görürdü.

Artıq Ulya Xalqa nifrət edirdi, o, Xalqdan qisas almaq üçün tək qaldığı taxta evdə zəncir gəmirir, ancaq gücsüzlüyünü anlayıb, yorğan-döşəyi gəmirə-gəmirə ağlayırdı. O artıq Xalqa xəyanət etmək qərarına gəlmişdi; içki və yad kişilər. Görünür, bəzən fahişəlik qadının öz doğmasını cəzalandırmaq üçün planlaşdırdığı bir intihardır: Qadınlığın intiharı!

Xəyanət fırtına kimi baş verir. Xəyanətdən öncə qadının daxilində vəhşi bir səssizlik, yırtıcı bir sakitlik hökm sürür. Qadın xəyanət etməyə ərə getməkdən daha ciddi hazırlaşır. Üzü üzlər görmüş Xalq Ulyada xəyanət öncəsi yaranan bu səssizliyi dərhal sezdi və qəlbini tamamilə şübhələrin ixtiyarına buraxdı. Bir gecə isə quduz olana qədər içib qızın əyin-başını cırdı, masanı aşırıb dağıtdı, övladının saçlarından yapışıb otaq boyu sürüdü, sifətini döşəməyə dağılan şorbaya sürtdü. Cırılmış paltarları qızın üzünə çırpıb qapıya itələdi: Cəhənnəm ol buradan, Qəhbə! Xalq Ulyanı evindən qovdu.

Nə vaxtsa qatarların sürünüb şəhərdən çıxdığı vağzalların birində bir rus qadını peyda oldu və soyuq vaqonda arxasını Rusiyanın qarlı səhralarına çevirib yola düşdü.

Ulya yenidən Bakıya köçdü və Bakının kosmopolit nostalgiyasını hündür hasarlı imarətləri ilə mühasirəyə alan məhlələrin həbsxana səssizliyində, insanların deyil, çamadanların sinfi mübarizə apardığı qarğabazarı vağzalların cəhənnəm tünlüyündə, yorğun izdihamları şəhərin o baş-bu başına daşıyan metroların yerüstü keçidlərində göyərti satmaqdan tüklənib kişiləşmiş alverçi arvadların üst-üstə geyindiyi uzun-güdə tumanların kirində, öz xalqının taleyinə bu dəfə yuxarıdan-aşağı kədərli-kədərli baxan şair heykəllərinin qoxusuz qədimliyində, nəhayət, küçədə gecələdiyini görüb onu evinə dəvət edən içkili rəssamın otağındakı cürbəcür sümüklərin sözsüz pıçıltısında əriyib yox oldu.

Bu dəfə də Azərbaycan Xalqı bu bədbəxt və qərib rus qadınını əlli-ayaqlı uddu.

İndi o, süpürgəçi işlədiyi bu yataqxanada yaşadığı günlərin sayını itirib, bayaqdan haqqında yazdıqlarımız da onun xatırladıqları yox, bizim uydurduqlarımızdır. Onun nitqi cümlələrdən deyil, sözlərdən ibarətdir. Məsələn, biz onun “Ya… Russkiy narod… etdi… borba… və s.” kimi dilinə gətirdiyi sözlərin arasındakı boşluqları öz təxəyyülümüzün ehtimalları ilə doldurandan sonra ortalığa yuxarıdakı əhvalat çıxdı və baxıb gördük ki, biz bu qadın haqqında reportaj yazmaq əvəzinə, ona ömür uydurmuşuq. Hardan bilərdik ki, yaxında şəhərimizdə yeni bir müharibə başlayacaq və insanlara ömür uydurmaq təcrübəsi çox işimizə yarayacaqdı. Ədəbiyyat bu dəfə də yazı tarixinin başlanğıcından bu günəcən əldə etdiyi tibbi-proflaktik ənənələrini tarixin yaralarını sarımaq üçün səfərbər etdi və biz jurnalistlərlə, media sanitarları ilə bölüşdü. Yazının yaranma məqsədinin ömür uydurmaq olduğu bir daha hər kəsə aydın oldu. Daş kitabələrdə özünə ömür uyduran qədim krallar, müqəddəs kitablarda allaha ömür uyduran peyğəmbərlər, dastanlarda övladlarına ömür uyduran xalqlar, epos və romanlarında qəhrəmanlarına ömür uyduran şair və yazıçılar şəhərimiz uğrunda gedən döyüşlərdə həyatını itirən insanlara ömür uydurmaq, onların yarımçıq qalan ömürlərini təxəyyülün ehtimalları ilə tamamlamaq üçün bizə köməyə gəldilər. Və biz xalqların bir-biriləri ilə müharibələr etməkdə əsas məqsədlərinin təkcə qəhrəmanlarını deyil, eyni zamanda qorxaqlarını, fərarilərini, xainlərini tanımaq olduğunu anladıq. Anladıq ki, dünya bir həbsxanadırsa, buranın dustaqları insanlar deyil, xalqlardır və bu həbsxanada hər bir xalq öz xarakterinə görə ad alır. Anladıq ki, xalq özünü gələcəyə müharibə performansı ilə təqdim edir və münsiflər heyəti kürsüsündə tək-tənha oturmuş tarix təqdim olunan bu performansa baxaraq xalqın bəşəri potensialını dəyərləndirir. Tarixin götürdüyü bu müharibə imtahanından keçə bilməyən xalqlar ya geri dönüb yenidən müharibəyə hazırlaşırlar, ya da ruhdan düşüb gələcəkdən könüllü imtina edirlər. Ömür uydurmaq xalqa ruhdan düşməmək üçün lazımdır. Şərq filosoflarından biri ruh düşkünlüyünü tarixin xərçəng hüceyrəsi adlandırmışdı. Psixiatr Yunq arxetip dedikdə xalqın dar gün üçün uydurduğu və milli şüurunun altına, zirzəmisinə yığdığı ömürləri nəzərdə tuturdu. Bizim adına ruh dediyimiz gizli kimliyimiz də elə budur: arxetipimiz. Hər birimiz bir arxetipin bədəniyik, kollektiv şüuraltıdan gələn qədim atanın bədəni. O atanın ki, onun ömrünü xalq uydurub. Ulya xanıma gəlincə, bu rus qadın nə keçmiş rəssam ərini xatırladı, nə də ona verdiyimiz “yenidən ərinizin yanına qayıtmaq istəyirsinizmi” sualına cavab verdi.

Bəli, bir gün yenə qədim dünyanın tanrısı, ya da dünyanın qədim tanrısı adına yaraşan nurani bir yorğunluqla hər gün olduğu kimi hamıdan əvvəl kəlləsini atıb yatmaq üçün şəhər kənarındakı təpələrin arxasında özünün əldən-ayaqdan uzaq təkliyinə çəkiləndən sonra bətnlərinin girişi hörümçək torları ilə örtülən, ağızlarının körpə laylaları ölü oxşamaları ilə əvəzlənən, xəmir yoğurmaqdan, dənəva arıtlamaqdan başqa bir işə yaramayan keçmiş bədənlərindən evdar bəxtlərinə nimdaş heykəllər ucaldan arvadlarının daha yada düşməyən qısır böyürlərinə qısılıb ötən illərin gecədən-gecəyə şahə qalxan tənha suvarisini xatırlayaraq bir vaxtlar uşaqlar yatandan sonra qab-qacaqda deyil, yataqda yeyilən “ucuz ətin şorbasının” dadını unuda-unuda yuxuya gedən ağ tuman-köynəkli müsəlman kişilər başlarına yağan mərmilərin gurultusuna yorğan-döşəkdən dik atıldılar. Gecəyarısı.

Əvvəlki müharibə imtahanından keçə bilməyən düşmənimiz geri dönüb yenidən hazırlaşaraq üstümüzə gəldi.

Bir vaxtlar, az qala, doğmalaşdığımız köhnə müharibə illər sonra qürbətdən vətənə qayıtdı, bədbəxtlikdən bu dəfə nə pişiklər köməyimizə gəldi, nə də ölülər. Düşmənlə savaşda təkbətək qaldıq. Sözün düzü, bu köhnə müharibəni yeni görkəmdə tanıya bilmədik, xeyli cavanlaşmışdı, əyin-başını təzələmişdi, onu qoca göstərən vücudundakı bütün kələ-kötürləri cərrahi yolla hamarlatdırmışdı; sifətinin qırışmış dərisini dartdırmış, onu ələ verməsin deyə bədənindəki köhnə yara izlərini cürbəcür döymələrlə gizləmişdi, qara başına sarı saçlar əkdirib, gözlərini qara, iri eynəyin gün işığı düşməyən zindanına həbs etmişdi. Bədəninin gözə girən yerlərinə silikon protezlər qoydurmuşdu. Sanki evdən bakirə olaraq yola saldığımız qızımız üstümüzə fahişə olaraq geri qayıtmışdı. Saxta zahiri gözəlliyi onun daxili aləmini də korlamışdı; eqoist olmuşdu, sırtıqlaşmışdı, daxili eybəcərliyin zahiri gözəlliyə aşiq olduğu narsisizm xəstəliyinə yoluxmuşdu. O, artıq təkcə bizə yox, bütün insanlığa yuxarıdan-aşağı baxırdı. Onda müharibə əxlaqından əsər-əlamət qalmamışdı. Biz indi ondan təkcə canımızı deyil, həm də əxlaqımızı qorumalıydıq; həm də ona görə vuruşmalıydıq ki, kişilərimiz, qadınlarımız, uşaqlarımız ona oxşamasınlar. Şəhərimizin qadınları geyib-kecinib yatırdılar ki, müharibənin gecə dağıntılarının altından çıxarılan yırtılmış ölü bədənlərini kimsə səhəri gün lüt-üryan görməsin. Kişilərimiz müharibə əsirlərinə işgəncə deyil, öyüd-nəsihət verirdilər, başlarına ağıl qoyurdular. Uşaqlarımız müharibədən qorxmaq əvəzinə, onun xurd-xəşil edilmiş yırtıcı tanklarının, toplarının arasında gizlənpaç oynayırdılar. Bu dəfə müharibə öz əxlaqsızlığına məğlub olduğunun fərqində idi, bu isə onda hikkə doğururdu. Əxlaqsızlıqdan doğan hikkə isə tez qocaldır, istər insan olsun, istər müharibə. Müharibəmiz sürətlə qocalırdı, deyəsən, onu bu dəfə əcəl girləyib gətirmişdi şəhərimizə, biz bu gedişlə bu dəfə də tarixdə ilk dəfə qocalıb öz əcəli ilə ölən bir müharibənin iştirakçısı və şahidi olacaqdıq. Ya tarix bizi bu gicbəsər müharibələri ilə ələ salırdı, ya da daha dünyada müharibələrin də zayı çıxmışdı.

Gözlədiyimiz kimi də oldu; bir səhər oyandıq ki, yeni müharibə başlayandan sonra yoxa çıxan küçə itləri qayıdıb gəlib və dal ayaqlarını qaldırıb növbə ilə şəhərimizin ortasında atılıb qalmış yiyəsiz tankların, topların üstünə işəyirlər. Küçə itlərinin vecsizliyi şəhərimizin sakinlərini də cəsarətləndirdi. Süpürgələrlə silahlanmış qadınlar hamıdan birinci özlərini yetirdilər, merin göstərişini gözləmədən müharibənin sahibsiz qalmış tör-töküntülərini küçələrdən, səkilərdən süpürüb qara torbalara doldurdular. İtlər dal ayaqlarını qaldırıb o torbalara da işədilər. Sonra sağ qalan kişilər bu torbalardakı daş-kəsəyi, qəlpə qırım-qırtılarını, parçalanmış tank tırtıllarını, top gilizlərini daşıyıb müharibənin şəhərimizə vurduğu yaralara, partlayışların açdığı çala-çuxura doldurdular. Müharibəni öz əlləri ilə qazdığı qəbirlərdə dəfn etdilər. İtlər bir-bir bu qəbirlərə də işədilər.

Hamıdan axırda üzə çıxan şəhər meri dərhal müharibənin şəhərimizə vurduğu zərərin miqyasını öyrənmək üçün sağına-soluna göstərişlər verdi. Əvvəlcə ölən və yaralananların, itkin düşənlərin sayı haqqında hesabatın hazırlanması qərara alındı. Bir həftə sonra hesabat qəzetlərdə çap olundu. Müharibə iyirmi min altı yüz on bir nəfər sakinimizi öldürmüş, otuz min beş yüz qırx dörd nəfər sakinimizi yaralamışdı. Cəmi-cümlətanı iki insan itkin düşmüşdü. Təəccüblü olan bu idi ki, bu iki insanın nə adı bəlli idi, nə soyadı. Sadəcə, qapı-qapı düşüb əhalini sayan icraçılar müharibə vaxt qonşulardan birinin yoxa çıxdığını söyləyən şəhər sakinlərinin sözlərinə istinad edirdilər. Şəhərimizdə iki qonşu çatışmırdı; ölmüş, ya da öldürülmüşdülərsə meyitləri, qəbirləri hanı? Sağ idilərsə harada gizlənmişdilər? Müharibə vaxtı şəhərin bütün giriş-çıxışları bağlanmışdı deyə hansısa başqa bir şəhərə getmələri də mümkün deyildi. Əsir də düşə bilməzdilər, çünki hikkəli düşmən bütün əsirləri güllələmişdi və onların təhvil alınan meyitlərinin arasında şəxsiyyəti məlum olmayan heç kim yox idi. Ölü, ya diri, fərqi yoxdur, onlar burada olmalı idilər. Ucuz sensasiya axtaran mətbuat itkin düşmüş bu iki sakinin axtarışında yerli polisdən və beynəlxalq komitə nümayəndələrindən daha çox canfəşanlıq göstərirdi. Ağlagəlməz dəlmə-deşikdə cadulanmış yarasa ayağı, paltar sancağı, qarğa dimdiyi kimi “min bir xırdavat”ı anında görə bilən falçılarımızın bəsirət gözü də kor olmuşdu. Şəhərin iki insanı qeybə çəkilmişdi. Artıq dedi-qodular şəhərin bu qulağından girib o biri qulağından çıxırdı; dindarlarımız bizi inandırmağa çalışırdılar ki, itkin düşən o iki nəfər cin imiş, ara qarışanda ya insanların içində gizləniblər, ya da cinlər aləminə qayıdıblar. Müharibə vaxtı psixi pozğunluğa düçar olan sakinlər bu iki cindən birinin onların içində gizləndiyindən şübhələnirdilər. Şəhərimizin xəlvət səmtlərində müxtəlif üsullarla insanların içindəki cini çıxara bilən cinçıxaranlar da peyda olmuşdu; adamın pulunu alıb cinini çıxarırdılar və içinə cin girdiyindən şübhələnən, hətta buna əmin olan adamların cinçıxaranların evlərinin önündəki uzun növbələri müharibədən sonra mövzu qıtlığı ilə üzləşən telekanalların, internet saytlarının, qəzetlərin qucağıkameralı, əlimikrofonlu əməkdaşlarını cin ovçusuna çevirmişdi. Bütün şəhər gözəgörünməz cinlərlə döyüşürdü. Bu döyüşün fərariləri sayılan ateistlərimizin ironiya ilə din xadimlərinə verdikləri “Cinçıxaranların çıxardıqları cinin sonrakı aqibəti necə olur, əgər onu insanın içindən çıxarıb azad buraxırlarsa, onda kim zəmanət verə bilər ki, o azad cin növbəti insanın içinə girməyəcək? Cini çıxarıb öldürürlərsə, necə öldürürlər, hanı öldürülmüş cinlər?” kimi baməzə sualları inanclı kütlələrin lənətinə tuş gəlirdi. Cinçıxaranlarımız nisbətən üzüyola cinləri ofsunla, tanrının pıçıltıları ilə, sırtıq, azğın cinləri isə şillə-təpiklə – hətta bir neçə sakin içindən çıxmaq istəməyən axmaq cinlərə endirilən bu zərbələrə tab gətirməyib canını tapşırmışdı – insanlarımızın bədənindən çıxarırdılar, ancaq xeyri yox idi. Zamanla anlayacaqdıq ki, cinlər ağıl xəstəliyinə yoluxmuş insanların bədənlərində deyil, yaddaşlarında yaşayırmış, həm də irsi göndərilən bir qonaq kimi. Cinləri bizi ağıl xəstəliyindən ölməmək üçün immunitet reseptorları olaraq yaddaşımızın özünün yaratdığını anlayanda iş-işdən keçmişdi. Küçələrimiz cinlərin sayəsində ağıl xəstəliyindən qurtulub turp kimi sağlam olan dəlilərlə doluydu. Cinlərə ta başından bədənimizdə deyil, yaddaşımızda savaş açmalıydıq. Çox təəssüf! Artıq insan şəklində yoxa çıxan bu iki sakin, müxtəlif şəkilli cinlər olaraq günü-gündən aramızda artıb çoxalırdı. Müharibə zamanı yoxa çıxan bu iki adam sakinlərin yuxularına da dadanmışdılar, hər kəs onları yuxuda bir cür görürdü: ancaq bütün yuxugörənlər onları kişi və qadın cildində gördüyünü danışırdı. Hətta onları yuxuda şəhərimizin müxətlif səmtlərində əl-ələ tutub anadangəlmə lüt-ətcə gəzən ər-arvad kimi görənlər daha çox idi. Elə gecələr olurdu ki, bütün şəhər eyni yuxunu görürdü; əl-ələ tutmuş bu lüt-ətcə ər-arvad gecə boyu yuxuda şəhərin bu başından girib o başından çıxırdılar. Eyni arzu və məqsədlərə can atmağımız yuxularımızı da eyniləşdirmişdi. Gözlənilməz hadisələri dil boğaza qoymadan allahın varlığını sübut edən möcüzələr olaraq yozmağı sevən ruhanilərimiz heç bir şübhəyə yer qoymayan əminliklə xütbələrində söyləyirdilər ki, heç kimin tanımadığı bu lüt ər-arvad insanların yuxusuna girən Adəm və Həvvadır. İlk günahkar ata-anamız müharibədən sonra bizə, öz övladlarına baş çəkməyə gəlmişdilər. Hər nə də olsa biz onların ilk günahından törəmişdik və başımıza gələn müsibətlərə görə onlar cavabdeh idilər, həm də əbədi olaraq. İlk günaha batmaqla onlar, əslində, sülhü, həm də ilahi sülhü zədələmişdilər: Bəli, ilk seks aktından sonra ilk ata-anamız cənnət sülhünə yad olan qarşılıqlı zorakılıq həzzini kəşf etmişdilər. Müharibə bu ikinəfərlik seks aktının bəşəri şəkli idi; qovulmadan sonra müharibə edən bütün xalqlar, əslində, bu qarşılıqlı zorakılıqdan həzz almaq üçün əllərindəki silahlarla bir-birilərini sikmək istəyirdilər. Müharibə də savaşa girən iki xalqdan hansının kişi, hansının qadın olduğunu üzə çıxarırdı, necə ki, ilk seks aktına qədər Adəm kişi, Həvva qadın olduğundan xəbərsiz idi. İlk seks aktı ilə Adəm kişi bədənindəki gücü Həvva qadın bədənindəki gözəlliyi icad etdi. Onlar yalnız ilk günaha batandan sonra gücü və gözəlliyi təmsil edən ilahi varlıqlar olaraq bir-biriləri üçün yaradıldıqlarını anladılar. Həm də anladılar ki, tanrı onları cənnətə seks təcrübəsi əldə etmək üçün göndəribmiş; ilk ayaqüstü seks aktı tilsimin buzunu əritdi, ilahi varlıqlar bədənlərindən axan ilk tər damcılarından sonra sıravi varlıqlara çevrildilər. Məlum oldu ki, cənnətdə keçən günlər Adəm və Həvva üçün bal ayı imiş. İlk seksin uğurlu sınağından sonra cənnət ilahi bir laboratoriya olaraq əbədi qapadıldı. Çünki tanrı cənnətdə hər şeyi kişinin və qadının özünü tanıması, özünü yaratması üçün müvəqqəti quraşdırmışdı. Bundan sonra insan özü-özünü yaradıb tanrının işini yüngülləşdirəcəkdi. İndi cənnətə getsəniz, orada uçub-dağılmış, xaraba qalmış yeddi şöbəsi olan köhnə bir laboratoriya ilə qarşılaşarsınız; gül-gülü, bülbül-bülbülü çağıran rəngbərəng bağçaların yerində çör-çöp yığınları, quş skeletleri görərsiniz. Şərab axan arxların quruyub çat-çat olmuş dibləri ətrafa üfunət saçır. Cənnətə gedəcəyəm deyib özünüzü və başqalarını həlak etməyin, indiki cənnəti allah heç kimə qismət etməsin! Hə, ilk güclü atamız və ilk gözəl anamız gecə-gündüz sevişmək, doğub-doldurmaq üçün daha uyğun məkana, yer üzünə köçürüldü; ilahi məzmun sıravilər üçün sadəcə bir nostalgiya oldu. Qovulma mifi uydurmadır, sözün həqiqi mənasında mifdir. Tanrının “kosmik stansiya” olaraq iki nəfərə yetəcək zəruri avadanlıqlarla təchiz etdiyi cənnətdə Adəm və Həvvadan törəyəcək xalqlara, millətlərə yer olmayacaqdı. Adəm və Həvva, bir növ, ilk kosmonavtlar idilər, tanrının kosmonavtları. Tanrı onları ilk seks sınağının nəticələrini bilmək üçün cənnətə göndərmişdi. Nəticə isə tanrının özü üçün də gözlənilməz oldu: kişi güclü, qadın gözəl olduğunu kəşf edincə onlar arasında qəribə bir rəqabət, hətta gizli bir düşmənlik yarandı. Güc və gözəlliyin münasibətləri üçüncü, ortaq olduğu qədər axmaq olan daha bir dəyəri yaratdı – rəfiq olanlar həm də rəqib oldular, qardaş olanlar həm də düşmən oldular. Bundan sonra özünü təsdiq etmək üçün güc və gözəllik bir-birilərindən ayrı yaşaya bilməyəcəkdilər, güc özünü göstərmək üçün gözəllik, gözəllik özünü göstərmək üçün güc axtaracaqdı və bu oksimoron birgəliyi qorumaq üçün sevgi qədər nifrətə də ehtiyac olacaqdı; halvaya eyni qabda dad verən duz və şəkər kimi. İlk seks insanın halvasını çalmışdı. Güc və gözəllik bundan sonra sevə-sevə bir-birinə nifrət edəcək, nifrət edə-edə bir-birini sevəcəkdi. Gücün və gözəlliyin ilk övladları, həm qardaş, həm düşmən olan Habil və Qabil də biri sevginin, biri nifrətin təmsilçisi olaraq gəldi dünyaya. Tanrı özünü zibilə, daha doğrusu, yoğurduğu palçığa salmışdı; indi o, bir-birilərinə həm sevgi, həm nifrətlə bağlanan bu yeni məxluqları əbədi himayəsində saxlamalı, ya da onları öz öhdələrinə buraxıb əbədi tərk etməliydi. Tanrı ikincini seçdi və bizi tərk edərkən yolüstü başqa bir cənnət vəd etdi: qovulduğumuzu zənn etdiyimiz cənnətdən fərqli olaraq qadağanın deyil, azadlığın məkanı olan başbaşqa bir cənnət: bizi sıravi varlıqlar olmaqdan xilas edib yenidən ilahi varlıqlara çevirəcək daha bir ilahi laboratoriya. İnsanlıq yer üzündə ilk seksin, ilk günahın nəticələri ilə təkbaşına qaldı. Müharibənin bütün başvermə strategiyası ilk seks aktında vardı; Adəm və Həvva kimi bir-biriylə üz-üzə, göz-gözə qalan xalqlar, millətlər də hansının gücü, hansının gözəlliyi təmsil etdiyini üzə çxarmaq üçün savaşa soyunacaqdılar. Müharibə də xalqlararası, millətlərarası cinsi akt idi. Bu qanlı aktda da həm sevgi, həm nifrət qolboyun olacaqdı. Qalib gələnin gücü, məğlub olanın gözəlliyinə yeniləcəkdi; dost kimi qarşılaşanlar düşmən, düşmən kimi üz-üzə gələnlər dost olacaqdılar! – Heç vaxt ayrılmamaq üçün! “Təslim olanda kişilər əllərini, qadınlar ayaqlarını qaldırır” misraları ilə özünü şəhərimizin kişilərinə sevdirən, qadınlarına söydürən gənc bir şairimizin ilk seksi müharibənin mənşəyi kimi göstərən bu sözləri şəhər əfsanələrinə çevrilib qulaqdan-qulağa ötürülən yuxuları yozmaq üçün mollalarımızın köməyinə gələn, sevimli itinin ölümündən sonra kəlləmayallaq yuvarlandığı depressiyanın “məlikməmməd quyusundan” özünü çıxara bilməyib itini çağıra-çağıra işıqlı dünyadan biryolluq çıxıb gedən məşhur psixiatrımızın da dilini açdı. Məşhur psixiatırımız da bizi inandırmağa çalışırdı ki, cinlər psixoloji varlıqlardır və onlar müharibənin mirasıdır. “Allahın özü də psixoloji varlıqdır!” O, belə demişdi “psixoloji varlıq nədir” sualını verən xanım aparıcıya: “İnsan sürü canlısıdır. Həyatda qalması üçün sürüyə möhtacdır. İçində güvəndə olduğumuz sürü kimi, içimizdə də bizə güvən verən bir sürü var. İçimizdəki sürü psixoloji varlıqlardan ibarətdir. Arxetiplərimiz, ideallarımız, kumirlərimiz, tanrı, şeytan, cinlər, əcinnələr içimizdəki sürünün üzvləridir. İnsan çölündəki deyil, içindəki psixoloji kollektivdən ayrı düşəndə tənhalaşır. Bu psixoloji varlıqları beynimiz yaradır. Məsələn, qürbət gücsüzlüyünün himayəsində böyüyən yəhudi beyni sələfim Freydi məmnun etməkdən ötrü onun üçün gücü təmsil edən sərkərdələri – Hannibalı, Kromveli psixoloji varlıqlar olaraq idellaşdırmışdı. Çünki Freydin beynində gücün yerində tarixi bir boşluq vardı. Freydin beyni bu boşluğu sərkərdə sürüsü ilə doldurmuşdu. Bu sərkərdələr onun psixoloji qalasını qoruyurdular. Yaxud bir dindarın beyni özündəki qalaktik boşluğu Allahla doldurur. Allah isə özünün psixoloji gücünü aciz bəndəsinə göstərmək üçün bu boşluğa özünün rəqib ordularının bütün füqurlarını – mələkləri, şeytanı, cinləri, əcinnələri də yığıb gətirir. Mələklər allahın əsgərləri olduqları kimi, cinlər, əcinnələr də şeytanın əsgərləridir. Şeytan və əsgərləri Allaha öz gücünü insana göstərmək üçün lazımdır. Şeytan olmasa gücü istifadəsiz qalan allah insan beynində unudulub bir küncə atılar. Müharibə vaxtı beyin allahı, psixoloji sərkərdəni, müharibədən sonra şeytanı, psixoloji təlxəyi önə çıxarır. Bu tragikomik növbələşmə pozulsa, insan yaşaya bilməz. Müharibədən sonra içimizdə cin karnavalının peyda olmasında qeyri-adi heç bir şey yoxdur. Buna görə bir daha deyirəm ki, cinlər bizə müharibənin mirasıdır”. Məşhur psixiatrımız aparıcı xanımın ona zillənib döyükən dəvə gözlərinin qarşısında özünü nalbənd kimi hiss edib mövzunu daha sadə dillə izah etmək üçün qalın ətinə batan xəyali mismarın narahatlığı ilə oturduğu yerdə qurcalanıb növbəti sualı gözləmədən davam etmişdi: “Qızım, – səsinin tonunda isə doğmalıqdan əsər-əlamət yox idi, – Bir var şüur, bir də var, şüuraltı. Şüurumuz aktiv yaddaşımızı mühafizə edir, iradəmizi yaradır və gücləndirir, bilgi toplayır, yeni şeylər öyrənir, təcrübələrimizi saf-çürük edir, mühakimə yürüdür, məntiqə əsaslanır, yumoru yaradır və anlayır, şüurmuzun müqayisə etmək bacarığı var, keçmiş, indiki və gələcək zamanları ayırd edə bilir. Şüuraltımız isə passiv yaddaşımızdır, heç bir analiz etmək bacarığı yoxdur, spontandır, iradəmizə tabe deyil, bir neçə işə eyni anda reaksiya verir, instinktivdir, yumor hissi yoxdur, nəyin yaxşı, nəyin pis olduğunu qanmır. Tezbazardır, vərdişlərimizin xeyrini, ziyanını araşdırmadan özündə depolayır, gələcək haqqında heç bir fikri yoxdur, eqoistdir, cırtqozdur, gecə-gündüz eşşəkarısı kimi boş-boşuna əlləşir, emosionaldır, məntiqdən zəhləsi gedir. Yuxu şüuraltındakı həyatdır. İnsan yatanda şüurun yerini şüuraltı zəbt edir. Ona görə yuxularımız heç vaxt üzünü görmədiyimiz qatillər, əcinnələr, ilanlar, canavarlarla dolu olur. Bu əcaib məxluqlar bizim iradəmizə tabe olmadan şüurumuzun qaranlıq zirzəmisinə doluşublar. Müharibədən sonra içimizdə peyda olan cinlər də şüurumuzun zirzəmisində əbədi yaşayan bu heyvərə sakinlərin bir növüdür. Müharibə zamanı ağıl öz yerini instinktlərə verir. Təhlükə gözləntisi insandakı heyvanı səfərbər edir. Heyvani instinktlər dərhal şüurumuzu zəncirləyir, şüuraltımızın qapılarını açıb içindəki məxluqları azadlığa buraxır, çünki bizi ölümün gözünə dik baxmağa cəsarətləndirən bütün qəhrəman canavarlar oradadır. O cəngavər canavarlara görə müharibədə yuxu ilə yuxusuzluğun sərhədləri itir. Müharibə özü ilə yuxusuzluq, sülh isə özü ilə yuxu gətirir. Bu dəfə də şüuraltımızda bizi müharibə gerçəkliyindən uzaqlaşdıran divlər, cinlər oyanır. Demək istəyirəm ki, cinlərə görə narahat olmağa dəyməz, şəhərimiz sülh yuxusundan ayılan kimi onlar yenə öz zirzəmilərinə qayıdacaqlar”.

Bütün şəhərin eyni yuxunu və eyni yuxuda eyni lüt kişi və qadını görməsini məşhur psixiatrımız ekstremal vəziyyətlərdə fərqliliklərin könüllü şəkildə aradan qaldırıldığı kütlə psixologiyasında üzə çıxan kortəbii həmrəylik duyğusu ilə izah edirdi. “Bu gün bütün şəhər müharibə vaxtı yoxa çıxan o iki sakini axtarır. Beyinlərimizdə ikinəfərlik bir boşluq yaranıb və bu bizi narahat edir. Beyinimiz bizi xoşbəxt etmək üçün məcburdur ki, qəfil peyda olan o ikinəfərlik boşluğu tezbazar doldursun, beynimiz şüuraltımızdan əliboş qayıdanda yaddaşımıza əl açır, buna görə yaddaşımızdakı ən əlçatan obrazları, Adəm və Həvvanı o ikinəfərlik boşluğa dürtür. Necə ki, Freydin beyni özündə boş qalan gücün yerinə sələfimin şüuraltısından dişə dəyən bir şey tapa bilməyib, yaddaşındakı sərkərdələri soxuşdurmuşdu. Biz şəhərimizdən yox olan iki adama görə narahat deyilik, beynimizdə var olan ikiadamlıq boşluğa görə narahatıq”. Bu səsli-küylü müsahibədən bir həftə sonra məşhur psixiatrımızın sevimli iti, iki həftədən sonra özü öldü. Çünki onun beyni itin boş qalan yerini doldurmaq üçün psixiatrımızın nə şüuraltısında, nə də yaddaşında əl altında olan heç nə tapa bilməmişdi. Bu ölüm həm də sağ qalan bizlər üçün bir dərs idi; demək ki, o şeyləri və o kəsləri sevmək lazımdır ki, onların ya həyatımızda, ya da yaddaşımızda əvəzedicisi olsun. İnsanı öldürən yerini doldura bilmədikləridir. Boşluq hipnotikdir.

Şəhərimiz boşluğun hipnotik təsiri altında müharibə vaxtı yoxa çıxan o iki sakinin yerini doldura bilmədiyi üçün ələkdən saca keçirdi. Yuxularımız o ikinəfərlik boşluğu Adəm və Həvva obrazları ilə doldursa da, yuxudan oyanınca gerçəklik o cüt boşluğu qoşalülə tüfəngi kimi üzümüzə tuşlayırdı. Düzdür, müharibədən sonra əkiz doğan gəlinlərimizin sayı artsa da, yenə o ikinəfərlik boşluğun gözü doymurdu. Yoxa çıxan o iki insanı doğru-dürüst xatırlayan da yox idi şəhərdə. Qonşular bir-birilərinə zidd şeylər danışırdılar; kimisi onların müharibədən əvvəl günlərlə evdə tapılmadıqlarını, bütün günü şəhərdə hippisayağı avaralandıqlarını deyirdi, kimisi də təriqət şeyxinə yaraşan qapalı həyat yaşadıqlarını, həftələrlə evdən çıxmadıqlarını söyləyirdi. Barəsində heç nə bilmədiklərimizə, adını eşidib üzünü görmədiklərimizə olan ənənəvi spiritualist, yəni xortdan-xoxan marağımız o iki naməlum insanı da mifləşdirmişdi. Şəhərimizin yarısı onların varlığına inanmırdı, yarısı yoxluğuna.

Müharibədən ilyarım sonra bina tikintisi üçün aparılan qazıntılar zamanı tapılan kütləvi məzarlıqda tapılan sümüklərin arasında da bu iki nəfərə aid heç nə üzə çıxmadı, çünki məhkəmə-tibbi ekspertizası heç bir şübhəyə ayaq yeri qoymayan dəlillərlə sübut etdi ki, üst-üstə qalaqlanmış bu dağınıq skeletlər bir-bir başlarından güllələnərək eyni xəndəkdə basdırılan eyni məktəbin eyni sinif şagirdlərinə məxsusdur. Təəssüf ki, bu zavallı məktəblilərin adı itkin düşənlərin, yəni nə vaxtsa qayıtmaq ümidi olanların siyahısından çıxarıldı. İtkin düşmək müharibə ümididir. Səhərdən axşama televiziyalarda göstərilən, media səhifələrində tirajlanan bu yeniyetmə skeletlər şəhərimizin sakinlərini yenidən göz yaşlarına boğdu: müharibə çoxdan qurtarmışdı, biz isə hələ öldürülməyə davam edirdik.

– Sümük… Sümüklər… Yaxşı yadıma düşdü, sən bir qoca rəssamdan müsahibə almışdın, sənətin sirrini sümükdə axtaran, bəlkə, onu tapıb bu kütləvi məzarlıq haqqında danışdırasan. Görək sənət hansı gözlə baxır bu müharibə tablosuna?

Baş redaktorumuzun mövzunu önümə “sümük” kimi atması ilə mənim qoca rəssamın yaşadığı yataqxanada peyda olmağım arasında keçən vaxt ərzində dünyada o qədər az insan öldü ki, heç hiss olunmadı. Qoca rəssamın əvəzinə məni qapıda toz basmış iki hörümçək qarşıladı; biri qapının şərqini zəbt etmişdi, o biri qərbini. Əlləri sənətin rəngbərəng qanına batmış qonşu rəssamlar onun müharibə vaxtı birdən-birə yoxa çıxdığını – allah bilir, neçənci dəfə – söyləyib qapılarını üzümə örtdülər. Ağlıma gələn ilk fikrin arxasınca götürüldüm; rəssam, yəqin ki, müharibəni bəhanə edib arvadı Ulyanın yanına köçmüşdü. Qadınlar çox vaxt sevgisinə deyil, qayğısına sığınanlara daha tez qucaq açırlar. Süpürgəçi Ulyanın qonşuları da növbə ilə bu qadının müharibə vaxtı qəfildən ilim-ilim itdiyini deyib qollarını yoran ərzaq torbalarını ovdan qayıdan qədim insan yorğunluğu ilə darta-darta evlərinə tələsdilər.

Mən, deyəsən, şəhərimizin yoxa çıxan iki sakinini tapmışdım, ancaq onların nə var olduqlarının bir sübutu vardı, nə yox olduqlarının. Onlar da bizim cəhənnəmə çevirilən şəhərimizin Adəm və Həvvası idilər, müharibə allahı bu dəfə onları cəhənnəmdən qovmuşdu...

Bir 1 kişi görseli olabilir

# 6282 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #