Vəfa Zeynalovanı görmək istəyən qazi

Vəfa Zeynalovanı görmək istəyən qazi
14 yanvar 2021
# 14:11

Qaçaqaçda olduğumuz bu qədər qaynar, tələm-tələsik həyatımızın içərisində bəzən çox sadə əhvalatlarla qarşılaşıb dərindən mütəəssir ola, hətta kövrələ də bilirik.

Monoton məişət və iş qrafiki, rutinləşmiş həyat tərzimizin içərisində həmin əhvalatlar bizi düşünməyə, ürəyimizi, beynimizi bir azca başqa yöndən işlətməyə sövq edir.

İkinci Qarabağ müharibəsindən sonra qarşımıza çıxan müxtəlif ağrılı-acılı talelər, həyat hekayələrinin üzərinə bir də qazilərimizin müharibədən sonra yaşam uğrunda mücadiləsini eşidib bildikcə qəribə həyat mənzərələri, sadə insan istəklərinin şahidi oluruq.

İkinci Qarabağ müharibəsində 4 mindən çox top mərmisi atan, kontuziya alan Qarabağ qazisi Tural Məmmədovun arzusu kimi. O qədər odun-alovun, ölümün, vəhşətin içindən çıxıb gələn bu qəhrəmanın arzusu aktrisa Vəfa Zeynalova ilə görüşməkdir...

O cür böyük qəhrəmanlıq göstərən Turalın dayandığı məqam insanı təsirləndirir, həyata bir də onun gözləri ilə baxmağa, düşünməyə vadar edir. Turalın arzusu həm də onu sübut edir ki, Azərbaycan insanının, böyük qəhrəmanlıq göstərən adamların bəzən çox sadə həyat arzuları olur.

Ömrünün hərbə həsr edən Aprel qəhrəmanı Raquf Orucov toyların birində “Ana” segahına qulaq asaraq kövrəlmişdi. Əslində, insan məhz elə o sadə, insani, təmiz arzuları və hisləri ilə daha kamil, daha müdrikdir.

Böyük adamların həmişə çox sadə arzularının olması bizə ədəbiyyatdan da, kinodan da məlumdur. Tolstoyun həyatının böyük hissəsi torpağa, kəndə, orda yaşayan insanlara bağlı olub. Yazıçı bunu “Sergi ata” povestində çox gözəl ifadə edib. Başqalarının inam, ümid yeri olan Sergi ata ömrünün sonlarında hər şeydən bezir, işlədiyi ağır günahı da çiyinlərinə alıb kəndə gedir, orada yaşayan, qızının uşaqlarını saxlayan kasıb xalası qızının yanına pənah aparır. O, bu kimsəsiz, kasıb, dul qadından onun kimi sadə, rahat yaşamağın sirlərini öyrənmək istədiyini bildirir.

Rejissor Andrey Tarkovski yaşadığı qaynar Moskva həyatından 200 km uzaqda yerləşən kəndlərindəki evini yenidən təmir etdirərək, həyatının böyük hissəsini ailəsi ilə birlikdə orda keçirirdi. Bunun səbəbini rejissordan soruşanda kənd adamları, sadə biçinçilərlə ünsiyyətdə olmaq istədiyini, onlardan öyrənməyə ehtiyacı olduğunu deyirdi.

...Biz, yəni əli qələmə yetişən hər kəs vaxtında çox yazdıq, çox dedik ki, sənət adamları əsgərin yanında olsun. Çoxu bunları konyunktura hesab edirdi. Amma indi əsgərimizin Vəfa Zeynalova ilə görüşmək arzusu məsələnin ciddiliyini bir daha göstərir.

Azərbaycan insanı efirdən gördüyü sənət adamına, tanınan insanlara intəhasız məhəbbət bəsləyir. Çox dərinə getsək, görərik ki, o sevginin bəlkə də heç bir əsaslı səbəbi də yoxdur. Və yaxud sevilən adamlar bəzən həmin sevgiyə heç də layiq olmur. Amma bütün hallarda sənət adamlarına böyük rəğbət var, onlara hörmət edir və inanırlar.

Bu baxımdan, yazının əvvəlində dediyim kimi, kontuziyalı qazimizin pərəstişkarı olduğu aktrisa ilə görüşmək arzusu insanı mütəəssir edir.

Yəqin, Vəfa xanım onun bu arzusunu reallaşdıracaq.

Əslində, qazimizi ziyarət etmək, onun dərdini dinləmək hər birimizin borcudur.

# 11253 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #