Çirkin qızın gözəlləşməsi

Çirkin qızın gözəlləşməsi
3 aprel 2019
# 18:54

Sara İbrahim

Biri vardı, biri yoxdu, iki qız vardı. Bu qızlar... Yoox, fikrimi dəyişdim, bu hekayəmi nağıl kimi yazmayacağam, qoy necə olub elə yazım, belə daha yaxşıdır..

İşlədiyim şirkətdə müştərilərə xidmət bölməsində çalışıram. Bura müsabiqə yolu ilə daxil olmuşam ,sənədlərimi verəndə məni işə götürməyəcəklərinə əmin olsam da, mənim kimi bura işə düzəlmək istəyən yaxın rəfiqəmin təkidindən sonra bəxtimi sınamağa qərar verdim.

Bu şirkətin birinci, əsas tələblərindən biri normal xarici görünüşün olmasıyla bağlıydı. Heç gözləmədiyim bir şey baş verdi: məni işə qəbul etdilər! Deməli belə, hərdən həyatın sənə hazırladığı xoş “sürprizlərə” hazır olmalısan.

Heç vaxt xarici görünüşümdən razı olmamışam, hər dəfə güzgüyə baxanda özümdə yeni, indiyə qədər görmədiyim nöqsan, qüsur axtarıb tapmışam. Buna görə güzgüyə baxmağı sevmirəm, halbuki qadınların əksəriyyəti bunu çox sevirlər.

Bir gün işlədiyim şirkətə yeni işçi qəbul etdilər. İnsan resursları şöbəsinin əməkdaşı yeni işçini yanına salıb bütün bölmələri gəzdirərək onu işçilərlə tanış edirdi. Burda qayda beləydi, yeni gələn köhnələrlə tanış olmalıydı.

Yeni gələn işçini arxa ofisdə işə götürsələr də bizə, ön ofisin işçilərinə də onu təqdim edəndə içi özüm qarışıq hamımızın üzünün heyrətdən necə əyildiyini, gözümüzün iri-iri açılıb bərəldiyini görmək lazımıydı. Yanımda oturan qız dirsəyilə böyrümü dürtmələməyə də macal tapdı.

Bu, iyirmi iki, iyirmi üç yaşlarında çiyinlərinə qədər düşən qara saçlı, hündür, şişman bədənli kötük kimi bir qızıydı. Qızın bədəni yoğun, şişman olsa da, qolları, ayaqları çöp kimi nazik idi. İri, qonur gözləri qaşlarının ucu tərəfdən çəpləşib əyilərək üzünə qorxunc ifadə verirdi. Qız danışanda görünən dişləri qaranlıq kahanın divarlarına sancılmış ağ, əyri payalara bənzəyirdi, güləndə bu dişlər üstündə durduğu damaqla birlikdə ağzından bayıra çıxaraq onu filmlərdəki qorxulu personajlara bənzədirdi.

Onlar bizdən aralanmağa macal tapmamış köhnələr yeni gələni müzakirə etməyə başladılar. Qızlardan biri ağzını büzüb:

- Bu görkəmlə onu bura necə işə götürüblər başa düşmürəm, nə olsun ki arxa ofisdə çalışacaq, axı bura indiyə qədər zahiri görünüşü bu qədər xoşagəlməz olan işçi götürməyiblər.

Başqa biri daha irəli gedərək:

- Müştərilər onu görsələr qorxub qaçacaqlar, - deyə şit-şit irişdi.

Yeni gələn işçi kobud, nahamavar vücuduyla təzad təşkil edən incə, məlahətli səsiylə hər səhər bizimlə salamlaşaraq yanımızdan ötüb keçirdi. O, keçəndə zal boyu sırayla düzülmüş iş stollarının şüşəli arakəsmələrinin arasından neçə göz maraqla onu müşayiət edir, pıçapıç başlanırdı.

Bir dəfə qəbul etdiyim müştərinin işini nahar vaxtı çatsa da yekunlaşdırıb qurtara bilmədiyimdən yeməyə bir az gec getdim. İşçilərin həmişə yemək yediyi kafeyə çatanda yoldaşlarım yeməklərini bitirib getməyə hazırlaşırdılar. Mən zala göz gəzdirib birlikdə oturmaq üçün tanış adam axtardım. Küncdəki iki adamlıq mizin arxasında təkcə oturub yeməyə hazırlaşan yeni gələn qızdan başqa gözümə tanış adam dəymədi. Tək yeməyi xoşlamadığımdan qız oturan mizə yaxınlaşıb “icazə versəniz mən də burda oturardım” deyəndə qız bunu gözləmədiyindən cəld ayağa qalxıb yanındakı boş stulu çəkərək oturmağı təklif etdi.

Minara adlı bu qızla o gündən sonra ünsiyyətimiz yarandı, işçilərin çoxu ondan qaçsalar da, ilk tanışlığımızdan sonra bu qıza qarşı məndə rəğbət yaranmışdı. Söhbət əsnasında onun haqqında bir çox şeylər öyrənə bilmişdim. Beş xarici dil bilən, maraq dairəsi çox geniş, intellekti zəngin olan bu qızla hansı mövzuda istəsəydim rahat söhbət edə bilirdim. Hərəkətləri, səs tonu, danışığı çox sərbəst, rəvan idi. Onu yaxından tanıdıqca nə qədər güclü zəkaya, dərin biliyə sahib olduğu məni heyrətləndirirdi.

Məni heyrətləndirən təkcə zəkası, biliyi deyildi, görünüşündə bu qədər nöqsan, qüsur olan Minarada kompleks yox idi.

Onunla dostlaşmışdım, hər gün yeməyə gedəndə onu gözləyir, birlikdə nahar edirdik. Onun tez-tez çantasından çıxarıb baxdığı balaca güzgüsündə özünə məmnun nəzərlərlə baxmağı diqqətmi cəlb eləmişdi. Qız hər dəfə güzgüdəki əksinə gülümsəyib baxaraq saçlarını düzəldib dodaq boyasını yeniləyəndə üzündə xoşbəxt təbəssüm peyda olurdu. O, daha mənə əvvəlki kimi çirkin görünmürdü, əksinə onda gözəlliklər kəşf etməyə başlamışdım. İlk dəfə görəndə mənə əyri, çəp görünən gözləri indi çox qəşəng, mənalı görünürdü. Hələ dalğalı, qara saçları, dolğun dodaqları məncə, onu çox cazibədar göstərirdi.

Bir dəfə yenə adəti üzrə güzgüyə baxıb üzü xoşbəxt, məmnun ifadə alanda mən ona:

- Bu gün çox yaxşı görünürsən, - deyə kompliment demək istədim.

Minara özünə arxayın, xoş təbəssümlə:

- Sağ ol, ancaq yaxşı yox, gözəl görünürəm.

Ona necə baxdığımı görüb yenə gülümsəyib məlahətli, incə səslə:

- Ağlım kəsəndən anam hər gün məni bu sözlərlə bağçaya, məktəbə, universitetə yola salıb. Mənə “sən dünyanın ən gözəl, yaraşıqlı, bacarıqlı qızısan. Sən istədiyin hər şeyi əldə edə bilərsən, buna sənin istedadın, gücün, bacarığın çatar”. Mən anamın bu sözlərinə həmişə inanmışam, o mənə güc verib, özümə inanmağı öyrədib.

Nədənsə, onun bu sözləri məni çox kədərləndirdi, qeyri-ixtiyari öz uşaqlığımı, anamı xatırladım. Anam heç vaxt mənə sevgisini bildirməzdi, əksinə ağlım kəsəndən onun həmişə məndə hansısa qüsurlar tapıb bunu üzümə deməyini, əlimi nəyə atsam “eləmə, sən bacarmazsan, sındıracaqsan, bu sənin gücün çatan iş deyil və.s” deməsini xatırladım...

Minara çox çəkmədi bütün kollektivin sevimlisinə çevrildi. O, daha yanımızdan keçəndə arxasınca boylanıb pıçıldaşmırdılar, onun salamına ehtiramla, hörmətlə cavab verirdilər. Hətta bir çoxları mənim kimi onda gözəlliklər kəşf edib ona təriflər, xoş sözlər söyləyirdilər.

Bir ildən sonra Minaranı müştərilərə xidmət bölməsinə rəis təyin etdilər, o, indi hamının gözündə şirkətin ən bacarıqlı və cəlbedici qızlarından biri sayılırdı. O, hamını ovsunlamışdı, keçən bu bir il ərzində möcüzə baş vermiş, çirkin gözələ çevrilmişdi.

Şirkətimizin ən yaraşıqlı, məğrur, bir çox qızların ideal saydığı, ümidlə bir gün ona baxar deyə köks ötürdüyü oğlanı ona aşiq oldu, çox çəkmədi toylarına dəvət olunduq...

Belə, həyat gözləmədiyimiz sürprizlərlə, hadisələrlə hər gün bizi təəccübləndirir.

Mən bu hekayəmi nağıl kimi bitirmək istəyirəm, belə daha yaxşıdır...

Biri vardı, biri yox... İki qız vardı, birini anası sevib oxşayar, tərifləyər, o birini...

Birinci uğurlar qazanıb həyatın yoxuşlarını asanlıqla qalxanda o biri güzgüyə baxmaqdan qorxub yerində sayırdı.....

# 10735 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #