Prokurorla evləndi, qızı İlhaməyə səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı – Tükəzban İsmayılovadan maraqlı faktlar

Prokurorla evləndi, qızı İlhaməyə səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı – Tükəzban İsmayılovadan maraqlı faktlar
21 dekabr 2022
# 21:00

Kulis.az Xalq artisti, xanəndə Tükəzban İsmayılova haqqında maraqlı fakları təqdim edir.

Tükəzban Məhərrəm qızı İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olub.

***

Tükəzban İsmayılova Cabbar Qaryağdıoğlu ilə qonşuluqda yaşayıb. Bir gün gözəl səslə oxuyan qızı eşidəndə Cabbar əmi onu yanına çağırıb. Dinləyəndən sonra “bu qızdan yaxşı oxuyan olacaq”, deyib.

O, 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Burada klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində oxuyub. Musiqi Texnikumunu bitirəndən sonra Tükəzban xanım peşəkar xanəndə kimi çıxış etməyə başlayıb.

***

Tükəzban xanımın yaradıcılığının ilk illəri qanlı-qadalı müharibə illərinə təsadüf edib. II Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitləri vətənpərvərliyə ruhlandırıb.

Əmək fəaliyyətinə 1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi başlayan Tükəzban İsmayılova 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqimizi zənginləşdirib.

***

“O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan xanəndə Tükəzban İsmayılovadır.

***

Tükəzban İsmayılova iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı Məzahir Quliyev respublikanın bir çox yerlərində məsul vəzifələrdə çalışıb. Onlar 1942-ci ildə ailə həyatı qurublar. Bu evlilik gerçəkləşəndə Tükəzban İsmayılova Dövlət Filarmoniyasının solisti, Məzahir Quliyev isə Lənkəranda prokuror idi. Tükəzban İsmayılova Məzahir Quliyevlə ailə qurandan bir il sonra qızları İlhamə dünyaya gəlib. Anasının sənətini davam etdirən İlhamə Quliyeva uzun illər sonra “Azərbaycan estradasının primadonnası” adlandırılır.


Lakin bu evliliyin ömrü uzun olmur və Tükəzban İsmayılova-Məzahir Quliyev cütlüyü qızları İlhamənin 5 yaşı olanda ayrılırlar.

***

Tükəzban xanım Məzahir Quliyevdən ayrılandan sonra tarzən Həbib Bayramovla ailə qurub. O, ikinci həyat yoldaşı Həbib Bayramovdan 3 yaş böyük olub.

***

Tükəzban xanım 1973-cü ildən həyat yoldaşının rəhbərlik etdiyi A. Bakıxanov adına milli çalğı alətləri ansamblının solisti olub. Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib. Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina etdi, oxumağa yox, susmağa üstünlük verdi.

İlhamə Quliyeva xatirələrində Həbib Bayramov haqqında deyir:

“Həbib Bayramov 5 yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov isə tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam… Hər iki ailəmin tək qızı olmuşam”.

***

İlhamə Quliyeva xatirələrində deyirdi ki, anası onun müğənni olmaq arzusunu təqdir etmirdi, ona görə də Tükəzban xanımın iradəsinə boyun əyərək 60-cı illərin əvvəllərində Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunur. Lakin o, Moskvada keçirilən musiqi yarışmasında anasından gizlin solist kimi çıxış edir. Burada birinci yer tutması, Tükəzban xanımın qızına müğənni kimi xeyir-dua verməsinə səbəb olur.

***

Ömrünün son günləri Tükəzban xanım bel sümüyündən ağır cərrahiyyə əməliyyatı keçirir. Əməliyyat uğurlu başa çatsa da, pnevmaniyadan əziyyət çəkən Tükəzban xanım 2008-ci il martın 24-də 85 yaşında vəfat edir. II Fəxri Xiyabanda dəfn olunur.

# 21128 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #