Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb

Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb
22 iyul 2019
# 15:01

Akademik Musiqili Teatrda Şəfiqə Məmmədovanın rəhbərliyi ilə keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Kulis.az xəbər verir ki, 11-12 iyul tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında istedadlı gənclərin üzə çıxarılması və işə qəbulu ilə bağlı müsabiqənin ilk seçim turu keçirilib.

Teatr və kino sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti, Dövlət Mükafatı laureatı Şəfiqə Məmmədovanın rəhbərliyi ilə iki gün davam edən bu müsabiqədə 60-a yaxın iddiaçı öz vokal imkanlarını və artistlik məharətlərini nümayiş etdirməyə çalışıblar.

Teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması məqsədilə aparılan seçimin yekununda Şəfiqə Məmmədova nəticələri elan edərək yeni istedadların üzə çıxarılmasında belə müsabiqələrin əhəmiyyətini vurğulayıb və bununla yanaşı, onu narahat edən bəzi məsələlərə də ciddi iradlarını bildirib: “Təəssüf edirəm ki, müsabiqəyə qatılan gənclər hələ də Akademik Musiqili Teatrın bu gözəl təşəbbüsünün əhəmiyyətini və gənclər üçün yaratdığı şəraiti yetərincə dəyərləndirmək iqtidarında deyillər. Əslində bu müsabiqənin məqsəd və tələblərinə uyğun olaraq teatra yeni, istedadlı, gözəl vokal imkanları, xoşagələn görkəmi və təbii ki, ilk növbədə səlis danışıq qabiliyyəti olan gənclər müraciət etməli idi. Lakin cavanların əksəriyyəti seçdikləri ixtisası layiqincə dəyərləndirmirlər. 2 gün ardıcıl davam edən bu turda 60-a yaxın iştirakçı arasından cəmi iki nəfər bu müsabiqənin tələblərinə az da olsa cavab verdilər. Əminəm ki, onlar gələcəkdə bu teatrın səhnəsində maraqlı rolları ilə tamaşaçıların diqqətini cəlb edə biləcəklər. Xor truppasına Orxan Mirzəyev və Tural Məsimov, orkestr heyətinə - Səid Seyidov, Hüseyn Həsənov (qaboy ifaçıları) və Bahadur Rzayev və Turanə Novruzova (skripka ifaçıları) seçildilər… Mən bu müsabiqəni növbəti illərin seçimləri üçün yaxşı bir başlanğıc hesab edirəm. Biz Akademik teatr statusu almış, gələn il 110 yaşını qeyd edəcəyimiz qocaman, zəngin və maraqlı yaradıcılıq bioqrafiyası, həyat tarixçəsi olan bir sənət məbədində işləmək üçün daha çevik, daha maraqlı, güclü səsi, vokal imkanları, artistlik qabiliyyəti olan gənclərin sorağındayıq”

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev də Şəfiqə Məmmədovanın səsləndirdiyi təklif və iradlarlarla həmrəy olduğunu bildirərək əlavə etdi: “Biz artıq 5-ci ildir ki, bu müsabiqəni keçiririk. Sənəd verən gənclərin çoxu nəinki bizim, heç digər teatrların da işinə yaramır... Ümidvaram ki, budəfəki seçimimizdə də yanılmadıq. Belə müsabiqələr təkcə teatr aləminə deyil, mədəniyyət və incəsənətimizin gələcək inkişafına çox böyük təkan verəcək".

# 2762 dəfə oxunub

Oxşar xəbərlər

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

"Özünə məcburiyyətlər yükləməyi dayandır..." - Tanınmış psixoterapevtdən sitatlar

12:30 27 sentyabr 2026
Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər