Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər

Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq...  - Feminizm mövzusunda 10 məşhur əsər
27 sentyabr 2026
# 14:00

Kulis.az feminizm mövzusunda 10 məşhur əsər haqqında materialı təqdim edir.

"Qadın hüquqlarının həyata keçirilməsi"

1792-ci ildə ilk dəfə nəşr olunan "Qadın hüquqlarının həyata keçirilməsi" kitabı ilə ilk feminist sayılan Meri Uolstonkraft, dövrünün insanlıq üçün daha çox hüquq tələb edən inqilabçılarından ilham alaraq sosial cəhətdən daha zəif bir qrupu – qadınları müdafiə etdi.

Müstəqil, təhsilli və intellektual cəhətdən nüfuzlu Uolstonkraft feminist nəzəriyyənin banilərindən biri adlandırıldı və "feminist" sözünün yaranmasından təxminən yüz il əvvəl qadınların kişilərin təbii və intellektual bərabərləri olduğunu irəli sürərək onlara bərabər rəftar və imkanların verilməsinə layiq olduqlarını müdafiə etdi.

"İkinci cins"

Sosiologiya, antropologiya və biologiyadan bəhrələnən Simona de Bovuarın "İkinci cins" kitabı 1949-cu ildə ilk dəfə nəşr olunduğu gün olduğu qədər bu gün də vacib və aktual əsərdir.

"İkinci cins" kitabında “Qadın doğulmurlar, qadın olurlar” deyə qeyd edən Simona de Bovuar feminizm tarixi üçün bu çığıraçan tədqiqatında qadın azadlığının sərhədlərini araşdırır və cəmiyyətin qadınlıq haqqındakı kök salmış inanclarını darmadağın edir.

Bovuara görə, qurtuluş cinslər arasındakı sosial münasibətlərə dair ənənəvi təsəvvürlərə meydan oxumağı və ən əsası iqtisadi müstəqilliyə nail olmağı tələb edir.

"Sarı divar kağızı"

Feminist əsərləri ilə çığır açan yazıçılardan biri də Şarlotta Perkins Gilmandır. Məşhur amerikalı feminist və sosialist mütəfəkkir Şarlotta Perkins Gilmanın 1892-ci ildə yazmış olduğu və gözəl, güclü qorxu hekayələrindən biri olan "Sarı divar kağızı" XX əsr başlayarkən Amerikada hökm sürən cinsiyyət əsaslı ikili standartlarla bağlı xəyal qırıqlıqlarına da cavab xarakteri daşıyır.

Bir qadının doğumdan sonra yaşadığı ürpərdici təcrübəni və ərinin müalicə adı altında qadını nəzarətdə saxlamaq üçün göstərdiyi davranışları işıqlandıran hekayə gender, nikah və azadlıq kimi mövzulara toxunur.

"Ən mavi göz"

Bu əsər Toni Morrisonun dil zənginliyini və cəsarətli baxış bucağını üzə çıxaran ilk romanıdır.

Yazıçının uşaqlıq illərinin keçdiyi Ohayo ştatının Loreyn şəhərində cərəyan edən əhvalat on bir yaşlı qaradərili Pekola Brudluvun taleyindən bəhs edir.

Amerikadakı bütün sarışın və mavi gözlü uşaqlar kimi gözəl olmağı arzulayan Pekola hər gün gözlərinin mavi rəngə çoxyalması üçün dua edir.

1941-ci ilin payızında Brudluv ailəsinin bağçasında məxməri güllər (kadifeçiçəyi) açmaz olur və Pekolanın həyatı da ən ağrılı şəkildə dəyişir.

Morrisonun gözəllik və uyğunluq ehtirasımızın güclü təhlili olan bu romanı yazıçının incə və zərif yazı tərzi ilə birləşərək irq, sinif və gender haqqında düşündürücü suallar doğurur.

"Özünə aid bir otaq"

Feminist hərəkat və qadın ədəbiyyatı araşdırmaları üçün çox mühüm yerə malik olan "Özünə aid bir otaq" Virciniya Vulfun 1928-ci ildə Kembric Universitetindəki qız tələbələrə oxuduğu bir sıra mühazirələrdən yaranmış əsəridir.

Qadın yazıçıların səsinin tarix boyu susdurulduğu və tam olaraq eşidilməsi üçün iqtisadi bərabərlik uğrunda mübarizə aparmalı olduğu şəklindəki kitabın mərkəzi feminist ideyası ataerkilliyin hökm sürdüyü ədəbi ənənə daxilində qadın yazıçılar üçün həm real, həm də özünəməxsus bir məkan yaratmaq məsələlərinə toxunur.

"Oyanış"

1899-cu ildə ilk dəfə nəşr olunduğu zaman "Oyanış" qadınların nikahda sədaqətsizliyini vicdanla yazması səbəbindən tənqidlərə məruz qaldı.

Lakin Keyt Şopenin ölümündən bir əsr sonra feminist kütlələr tərəfindən böyük bir uğur kimi qiymətləndirilməyə başladı.

Şopenin diqqətli və incə üslubu ilə qələmə alınan əsər trajik nəticələrlə nikah və ev həyatı tərəfindən qəfəsə salınmağı rədd edən, əxlaqi və erotik azadlıq tələb edən gənc bir xanım və ana olan Edna Pontelyenin transformasiyasından bəhs edir.

"Qızıl dəftər"

Doris Lessinqin kommunizm, qadın azadlığı, analıq və ruhi sarsıntı mövzularını işlədiyi radikal romanı "Qızıl dəftər" feminist hərəkatın şah əsərlərindən biri hesab olunsa da, Lessinqə görə roman şəxsi və siyasi kimliyini axtaran bir qadının dərin hekayəsindən bəhs edir.

Ərindən ayrılmış və kiçik övladı ilə yaşayan uğurlu yazıçı Anna dörd ayrı gündəlik tutur. Qara qapaqlı dəftərdə keçmişdə Afrikada yaşadığı təcrübəni, qırmızı dəftərdə siyasi baxışlarını, sarı dəftərdə qəhrəmanının öz təcrübələrindən bir hissəni yenidən yaşadığı romanı, mavi dəftərdə isə şəxsi gündəliyini yazan Anna amerikalı bir yazıçıya aşiq olması və mənəvi baxımdan daha çətin günlər keçirməsi ilə bu dörd dəftəri qızıl qapaqlı tək bir dəftərdə birləşdirməyə çalışır.

"Qurdlarla qaçan qadınlar"

"Qurdlarla qaçan qadınlar" kitabında Klarissa Pinkola Estes qadınlara yaradıcılıqlarını, enerjilərini və güclərini bəxş edən qadın ruhundakı müdrik və qocalmayan varlıq olan "vəhşi qadın"ı təsvir edir.

Əsrlər boyu "vəhşi qadın" qadınların duyğularını əhəmiyyətsiz sayan kişi mərkəzli dəyər sistemi tərəfindən boğuldu.

Estes "Qurdlarla qaçan qadınlar" kitabında köklü hekayələr və müasir keys-stadikombinasiyasından istifadə edərək içimizdəki "vəhşi qadın"ın anadangəlmə sağlam, ehtiraslı və müdrik olduğunu üzə çıxarır.

"Qaranlığın sol əli"

Ursula K. Le Guinin uydurma Hayniş kainatında cərəyan edən "Hayniş dövriyyəsi" seriyasının dördüncü kitabı olan "Qaranlığın sol əli" elmi-fantastika janrında yazılmış ən uğurlu əsərlərdən biridir.

"Qaranlığın sol əli" sakinlərinin cinsiyyətlərini seçə və dəyişə bildiyi yad bir dünya olan Qış planetinə səfər edən tənha bir insan səfirin hekayəsindən bəhs edir.

Cinsi kimliyin status və ya güc aləti kimi istifadə olunmadığı bu planetdə “dostluq” və “sevgililik” arasındakı “boşluq” mənasını itirmiş; insan düşüncəsini müəyyən edən dualizm meyli zəifləmiş; bəşəriyyətin güclü/zəif, qoruyucu/qorunan, hökmranlıq edən/hökmranlıq edilən, sahib olan/sahib olunan... və s. ikilikləri yaradan təməllər sanki zəifləmişdir.

Səfirin gəlişi ilə yerli ilə yad, kişi ilə qadın, oxşarlıqla oxşar olmamaq, hissə ilə bütöv arasındakı əlaqə və ziddiyyətlər insanlarda öz qarşılığını tapıb yaşamağa başlayır.

"Damazlıq qızın əhvalatı"

Televiziya serialına uyğunlaşdırılması ilə son illərdə populyarlığı getdikcə artan "Damazlıq qızın əhvalatı" əslində Marqaret Etvudun gender siyasətinə yönəlik tənqidi təhlilinin uğuru sayəsində dünya ədəbiyyatında klassiklər arasında yer alır.

Qadınların tamamilə kişilərə tabe etdirildiyi totalitar bir dövlət tərəfindən idarə olunan yaxın gələcəyi təsvir edən 1985-ci ildə nəşr olunmuş "Damazlıq qızın əhvalatı" müasir dünyanın şərtləri fonunda daha da uzaqgörən və aktual yanaşma kimi görünür.

Marqaret Etvudun bu əsəri dünyamızın tam bir distopiyaya sürüklənməsinin elə də çox vaxt aparmadığını fasiləsiz olaraq xatırladır.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər