Kulis.az Günay Mirinin şeirlərini təqdim edir.
Səbrin son həddi
Yusif quyuda ibadət edir,
İbrahim odda.
Yunus balığın qaranlığında
Adını pıçıldayır, Allah.
Hər peyğəmbərin bir imtahanı var,
Hər imtahanın səssiz bir dili.
Quyu dərinlik öyrədir,
Od təslimiyyəti,
Balıq isə səbrin son həddini.
Mənim nə quyum var,
Nə odum,
Nə də balığım…
Mənim imtahanım sənsən.
Sənin içində itib tapılıram,
Səninlə yanıb sönürəm.
Nə qaça bilirəm,
Nə də xilas istəyirəm —
Çünki bəzən
Xilas elə imtahanın özüdür.
Yusif gözlədi,
İbrahim dayandı,
Yunus səbr etdi.
Mən isə sevdim…
Və sevməkdən başqa
Bir ibadət bilmədim.
Əgər soruşsalar:
“Hardadır sənin sınağın?”
Deyərəm sakitcə —
Mən də səndəyəm.
(13.01.2026)
İlahi
Mən ona görə susdum —
dənizlər qopmasın deyə
bir qadının içində.
Penelopanın barmaqlarından
gecə-gündüz axan ipək kimi
uzandı gözləmək…
və hər səhər
yenidən söküldü ümid.
O isə
öz kölgəsini hökm sandı,
Zevsin ildırımlarından
ədalət düzəltdi özünə.
Mən susduqca
divarlar böyüdü aramızda,
Troya daş-daş yox,
səssizcə
ürəyimdə yandı.
İlahi,
mən Medeya olmadım.
Od verdim içimə,
dünya bilmədi.
Çünki qadın
ən çox sevdiyi adamın əlində
yaralanır bəzən
və yenə də
dua kimi saxlayır adını.
Afrodita
eşqi insanlara verəndə
bəlkə unutmuşdu —
bəzi sevgilər
tanrıların lənətinə bənzəyər.
Bir tərəfdə sevən,
bir tərəfdə haqlı çıxmağa çalışan biri…
və ortada
səssizcə ölən
bir bahar.
İlahi,
indi sən danış —
mənim susduğum yerdən.
De ki,
ədalət olmayan sevgidə
ürək əvvəl üşüyər,
sonra daş olar.
Və de ki —
ən ağır miflər
Olimpdə yox,
bir qadının
susduğu gecələrdə yazılır…
(08.05.2026)
Gəl…
Zirehli paltarımı soyunmuşam,
çəhrayımı geyinmişəm, gəl.
Ürəyimin qapıları açıqdır bu gecə,
sonra gec olar, indi gəl.
Vaxt daş deyil ki, yerində qalsın,
Axır sular kimi, keçir iz qoymadan
Bir gün görərsən ki, gözlədiyin yollar
öz yolçusunu tanımadan keçir.
Unutmuşam kin qusduğun günləri...
İnsan bəzən bağışlamağı seçir;
öz yaralarının səsini eşitməsin deyə...
Mən öyrəndim: sevgi haqq-hesab deyil,
nə qazancdır, nə itki.
Sevən adam bir ömür boyu
öz ürəyinin şahidi kimi yaşayır.
Gəl, bu gecə taleyin inadını sındıraq,
susqunluğun daşını suya ataq.
Sabahın hansı üzlə açılacağını bilmirik,
bildiyimiz tək şey — bu andır, bu vaxt.
Zirehli paltarımı soyunmuşam,
çəhrayımı geyinmişəm, gəl.
Mən sənə doğru bir addım atmışam,
qalan yol sənsən… gəl.
27 sentyabr…
Bəzi tarixlər
təqvimdən çıxır,
millətin yaddaşında
əbədi yer tutur.
Şəhidlik —
ölüm deyil,
Vətənə çevrilən ömürdür.
Bir insanın ömrü
bir millətin yaddaşına,
adı
Vətənin varlığına çevrilir.
Bu torpaq
sadəcə torpaq deyil —
burada
bir xalqın namusu,
bir millətin gələcəyi,
bir bayrağın əmanəti var.
Şəhidlər…
Sizin yoxluğunuz
Vətənin varlığında
ən böyük izdir.
Sizinlə
bir ömür bitmədi —
bir ömrün mənası
Vətənin yaddaşında
davam etdi.
İndi hər dalğalanan bayraq
bir əmanətin,
hər azad nəfəs
bir fədakarlığın
səssiz davamıdır.
Siz
Vətən üçün yaşanan,
Vətənlə əbədiləşən
ömürsünüz.
27 Sentyabr —
yaddaşın,
qürurun,
Vətənə verilən
əbədi sözün günü.