Pol Makkartnidən yeni "The Beatles" filminə irad: "Məni yenə qısaboylu göstəriblər"

Pol Makkartnidən yeni "The Beatles" filminə irad:  "Məni yenə qısaboylu göstəriblər"
14 oktyabr 2026
# 10:40

Britaniyanın əfsanəvi "The Beatles" qrupunun həmtəsisçisi Pol Makkartni kollektiv haqqında çəkilən yeni bioqrafik filmlə bağlı əsas iradını bildirib.

Kulis.az xəbər verir ki, 84 yaşlı rok musiqiçisi rejissor Sem Mendesin çəkəcəyi ekran işi barədə düşüncələrini Emi Polerin "Good Hang" podkastında bölüşüb.

Dörd hissədən ibarət olacaq unikal layihənin 2028-ci ilin aprelində ekranlara çıxması planlaşdırılır. "Liverpul dördlüyü"nün hər bir üzvünə ayrı-ayrılıqda həsr olunacaq filmlərdə Pol Makkartni, Con Lennon, Corc Harrison və Rinqo Starr rollarını müvafiq olaraq Pol Meskal, Harris Dikinson, Cozef Kuinn və Barri Keoqan canlandıracaq.

"Meskal Conu oynayan oğlandan qısadır"

Makkartni onu canlandıracaq aktyor Pol Meskalın boyuna təəccübləndiyini gizlətməyib. Musiqiçi vurğulayıb ki, o, əslində, Lennon və Harrisonla eyni boyda olub, Rinqo Starr isə həmişə onlardan bir qədər qısa görünürdü. Lakin qrup haqqında indiyədək çəkilən bir neçə bioqrafik filmdə olduğu kimi, yenə də Makkartni həmkarlarından daha qısaboylu təsvir edilib.

"Və budur, yenə eyni hal təkrarlanır — Meskal Conu oynayan oğlandan daha qısadır", – deyə o, narazılığını bildirib.

Makkartni bu "boy fərqinə" rejissor Sem Mendesin çəkiliş meydançasından göndərdiyi foto sayəsində əmin olub. Həmin kadr dörd aktyorun "The Beatles"ın kult albom qapağını canlandırmaq üçün məşhur "Ebbi-roud" (Abbey Road) küçəsini keçdiyi gün çəkilibmiş. "Fotonu görəndə anladım ki, Polun personajı boyca nəzərəçarpacaq dərəcədə kiçikdir", – deyə Makkartni zarafatla şikayətlənib.

Sem Mendesdən sinematik inqilab: Dörd fərqli rakurs

"Oskar" mükafatlı rejissor Sem Mendesin (1917, Skyfall) "The Beatles" layihəsi kino tarixində analoqu olmayan bir təşəbbüsdür. 2028-ci ildə təqdim ediləcək bu layihə eyni hekayəni dörd fərqli qrup üzvünün – Con, Pol, Corc və Rinqonun gözündən anladan dörd ayrı tammetrajlı filmdən ibarət olacaq. Pol Meskal ("Qladiator 2", "Normal insanlar") və Barri Keoqan ("Soltbern", "İnişerinin banşiləri") kimi müasir dövrün ən istedadlı gənc aktyorlarının cəlb edildiyi bu ekran işləri, musiqi tarixinin ən böyük qrupunun dağılma prosesini və daxili dinamikasını kəşf etməyi hədəfləyir. Layihə "Apple Corps Ltd." və qrupun sağ qalan üzvlərinin, eləcə də Con Lennonla Corc Harrisonun ailələrinin tam musiqi və hekayə hüquqları ilə dəstəklənir.

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər