Peyğəmbər “Elm Çində də olsa, ardınca gedin” deyirdi... - Dövlətimizə qarşı radikal xor oxuyanların dərdi nədir?

Peyğəmbər “Elm Çində də olsa, ardınca gedin” deyirdi... - Dövlətimizə qarşı radikal xor oxuyanların dərdi nədir?
14 oktyabr 2026
# 11:23

Kulis.az Sevinc Mürvətqızının yeni yazısını təqdim edir.

Sərhədlərimizin o tayından, bəzilərinin indiyədək gizlətdikləri riyakarlıq pərdəsinin arxasından yenə tanış uğultular gəlir. Meydanlarda, səfirliyimizin qarşısında ağzı köpüklənə-köpüklənə bağıranlar, qan çanağına dönmüş gözlərini Bakıya dikib nifrin püskürənlər var. Mövzu isə hər zamankı kimi “müqəddəs örtük”, “hicab” adı altında gizlədilən siyasi ambisiyalardır. Və bu ambisiyalara sahib olanlar (hansı haqla? - o da başqa bir sualdır…) Azərbaycan məktəblərində vahid forma qaydası, dünyəvi təhsil nizamı və müstəqil bir dövlətin öz qanunları ilə yaşamaq iradəsinə təsir göstərməyə çalışırlar.

Qəribədir, öz ölkələrində ədalətsizliyin, xurafatın və hər cür əxlaq böhranının içində boğulanlar, növbə bizim dünyəvi dövlətçiliyimizə çatanda bir anda “əxlaq polisi”nə, “din carçısı”na çevrilirlər. Azərbaycanın məktəblərində nəyin geyinilib nəyin geyinilməyəcəyi haqqında fətva verməyə qalxan bu aqressiv kütlə, əslində nə inancı düşünür, nə də məktəbli qızlarımızın gələcəyini.

Onları narahat edən yeganə həqiqət Azərbaycanın başını dik tutması, Şərqin qaranlıq “təəssübkeşliyinə” meydan oxuyan dünyəvi, modern və azad ruhudur. Dövlətimizə, dövlətçiliyimizə, konstitusion quruluşumuza dil uzadan bu radikal xorun əsas dərdi inanc deyil - onların dərdi azad, savadlı və öz kimliyinə sahib çıxan qadınların olduğu bir cəmiyyətin varlığıdır.

Bütün bu bağırtıların, tribunadan yağdırılan təhdidlərin və süni bəyanatların içində ən acınacaqlı mənzərə isə iman anlayışının bu dərəcədə eybəcərləşdirilməsi, çirkaba batırılmasıdır.

“İnanıram ki…” yox, bütün qəlbimlə bilirəm ki, gerçək imanın, səmimi inancın hiddətdən qızarmış gözlərlə, aqressiv baxışlarla zərrə qədər də əlaqəsi yoxdur. İman - Allahla bəndə arasındakı ən məhrəm, ən toxunulmaz rabitədir; o, yalnız qəlblə Yaradan arasındakı sükutda yaşayır. Nə vaxt ki, inanc küçələrə çıxarılıb nümayiş etdirilir, siyasi alətə və göstərişə çevrilir, artıq o, iman olmaqdan çıxıb bambaşqa, təhlükəli bir iddiaya çevrilir.

Məhz buna görə də qəlbində səmimi inancı daşıyan ailələr də, gənclər də, şagirdlər də heç bir süni hay-küyə uymadan, təmkin və nəzakətlə məktəbin vahid geyim qaydasına ehtiram göstərdilər. Səliqəli məktəbli formalarını geyinib elmin, təhsilin arxasınca getdilər. Hicab bağlayan gerçək inanclılar bilir ki, örtüyü açmaq onların Allaha olan sevgisindən heç nə azaltmır, ona görə də örtüklü müəllimlərimiz də kədərlənsələr də, təmkinli, müdrik bir şəkildə örtüklərini evdə qoyub məktəbdə öz layiqli yerlərini tutub sinif otaqlarında şagirdlərə təhsil verməyi seçdilər. Çünki səmimi inancı, gerçək imanı olan bilir ki, təhsil ruhun cilasıdır. Gerçək iman sahibi olanlar bilir ki, Allah qadının görünən saçı ilə deyil, qəlbinin niyyəti, əməli ilə maraqlanır.

Lakin qaranlıq zehniyyətini örtüyə bürüyənlər və guya onlara havadarlıq edirmiş kimi qabağa düşən əks cinsin bəzi nümayəndələri hələ də bağırırlar. Həyəcan təbili çalırmış kimi yumruq silkələyən, məktəb qapılarına təpik vuran bu adamlar nəyin davasını aparırlar?

Bir ata düşünün – hələ 6-cı, 7-ci sinifdə oxuyan, həyatı təzə-təzə dərk edən azyaşlı qızını indiki vahid forma tətbiqini bəhanə edərək şəxsi inadı, kənar təsirlərdən qaynaqlanan baxışları ucbatından məktəbdən, sinif yoldaşlarından, təhsildən məhrum edir. Övladının gələcəyini necə belə asanlıqla qaralamaq olar? Axı İslam peyğəmbəri Həzrəti Məhəmməd hələ əsrlər öncə “Elm Çində də olsa, ardınca gedin” buyurmuşdu. O dövrün ərəb dünyası üçün ən uzaq, bəlkə də dini baxımdan yad sayılan bir diyara belə elm naminə getməyi nəsihət edən peyğəmbərin ardıcılı olduğunu iddia edən imanlı bir valideyn, bu gün evinin cəmi 300 metrliyindəki məktəbə qız övladını normal, səliqəli məktəbli formasında göndərməkdən necə və niyə imtina edir?

İnsan özünə sual verməyə bilmir: Qızını bugünkü dünyəvi məktəbdən uzaqlaşdıran bir zehniyyət, sabah onu hansı həyata hazırlayır? Qızının sabah ali məktəbə daxil olub həmyaşıd oğlan tələbələrlə eyni auditoriyada oturmasına da “təhlükə” kimi baxacaq? Həkim, müəllim, mühəndis, jurnalist olub kollektivdə kişi həmkarları ilə yanaşı çalışmasına da qarşı çıxacaq? Yaxud o qatı şəriət qaydalarının buyurduğu kimi, rəsmi nikah olmadan, hansısa yaşlı kişinin dini kəbinlə üçüncü, dördüncü zövcəsi olmasına da göz yumacaq? Axı bu gün uğrunda mübarizə apardıqları o teokratik sistemlərin gətirdiyi acı sonluq məhz bundan ibarətdir…

Biz qızlarımızın burkaya bürünərək ancaq yanında bir kişi xeylağı olanda küçəyə çıxmasına icazə verilən Əfqanıstan reallığını istəmirik. Biz pərdəarxasında hər cür mənəvi aşınmanı yaşayıb, üzdə özlərini Allahın ən mömin bəndələri kimi qələmə verən mollabaşların, ayətullahların İrandakı modelini də istəmirik. Biz qızlarımızın, gələcək nəsillərimizin müstəqil, güclü, dünyəvi bir dövlətdə hərtərəfli dünyəvi təhsil almasını, dünyagörüşlərinin elmlə, mədəniyyətlə yoğrulmasını istəyirik.

Müstəqil dövlətə sahib olmaq hər xalqa qismət olmayan böyük bir fürsətdir. Müstəqil, hüquqi və dünyəvi dövlətin borcu isə məktəbləri hər cür siyasi təzyiqdən uzaq, hər bir övladımız üçün bərabər, təhlükəsiz saxlamaqdır. Və dövlət də bu gün məhz bunu edir, etməlidir də.

Aydın zehni, normal dünyagörüşü və hətta gerçək imanı olan da bu məqamda öz dövlətinin yanında durmalıdır.

# 161 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər