Səhnədə "Mighty Sparrow" (Qüdrətli Sərçə) təxəllüsü ilə tanınan və "dünyanın kalipso kralı" kimi əfsanələşən məşhur musiqiçi Slinqer Fransisko 91 yaşında Nyu-Yorkda vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə sənətçinin ailəsi rəsmi bəyanat yayıb.
Ailənin yaydığı məlumata görə, əfsanəvi müğənni qısa sürən xəstəlikdən sonra, doğmalarının əhatəsində dinc şəkildə həyata gözlərini yumub.
Bəyanatda deyilir:
"O, əyləncə və musiqi sənayesində bütöv bir məktəb idi; müğənni, bəstəkar və müəllim kimi ustalığına, zərifliyinə görə hər kəsin heyranlığını qazanmışdı, saysız-hesabsız insan tərəfindən sevilirdi".
Trinbaqo Birləşmiş Kalipsoçular Təşkilatı (Trinbago Unified Calypsonians’ Organisation) sənətçinin itkisi ilə bağlı yaydığı nekroloqda onu "mədəniyyətimizin ən xarakterik səsi, ustad hekayəçi və musiqisi ilə kalipsonu Trinidad və Tobaqodan bütün dünyaya yayan nəhəng bir sima" kimi xarakterizə edib.
1935-ci ilin iyulunda Qrenadanın Qran-Rua (Grand Roy) sahil qəsəbəsində anadan olan Fransisko hələ körpə ikən – 1937-ci ildə ailəsi ilə birlikdə Trinidad və Tobaqoya köçüb. Məhz bu ölkə kalipso musiqisinin vətəni sayılır və gənc Fransisko burada "Mighty Sparrow" adı ilə səhnəyə çıxaraq janrın ən parlaq nümunələrini yaradıb. Onun böyük sənət yolu 1956-cı ildə dünya miqyaslı hitə çevrilən "Jean and Dinah" mahnısı ilə başlayıb.
Ardıcıl olaraq "Both of Them", "Congo Man", "Mr. Walker", "The Lizard" kimi yüzlərlə unudulmaz kompozisiyaya imza atan ifaçı pərəstişkarları arasında "Birdie" ("Quşcuğaz") kimi tanınırdı. Altmış ili əhatə edən karyerası boyunca o, dünyanın onlarla ölkəsində, o cümlədən Nyu-Yorkun əfsanəvi "Madison Square Garden" arenasında möhtəşəm konsertlər verib.
Trinidadlı mədəniyyət tarixçisi və yazıçı Rudolf Ottli (Dr Rudolph Ottley) "Associated Press" agentliyinə açıqlamasında onun dünya mədəniyyətindəki rolunu yüksək qiymətləndirib: "Mighty Sparrow ali dərəcəli artist, əsl mədəniyyət inqilabçısı və dünyanın ən böyük kalipso ifaçılarından biri idi".
Sənətçi uzun illər ərzində Trinidad və Tobaqonun ən yüksək milli mükafatları ilə təltif olunub, 1987-ci ildə isə Qərbi Hind Universiteti (University of the West Indies) tərəfindən ona fəxri ədəbiyyat doktoru adı verilib.
Kalipso nədir və Mighty Sparrow-un rolu nədən ibarətdir?
Kalipso — Karib hövzəsində, xüsusən Trinidad və Tobaqoda 19-cu əsrin əvvəllərində Afrika xalq ritmləri ilə fransız və ispan melodik ənənələrinin qovşağında yaranmış unikal musiqi və poeziya janrıdır. Kalipso yalnız rəqs və əyləncə melodiyası deyil, həm də güclü sosial-siyasi tənqid, satira və xalqın gündəlik qayğılarını, müstəmləkəçiliyə qarşı etirazını əks etdirən bədii hekayəçilik vasitəsidir.
Slinger Fransisko (Mighty Sparrow) isə lokal bir ada janrı olan kalipsonu beynəlxalq səviyyəyə qaldıran, onu qlobal musiqi sənayesinin ön cərgələrinə çıxaran əsas novator hesab olunur. Öz mahnılarında kəskin ictimai mövzuları, insan münasibətlərini və azadlıq axtarışını incə yumor və zəngin ritmlərlə vəhdətdə təqdim etdiyi üçün o, sağlığında təkcə Kariblərdə deyil, bütün dünyada "Kalipsonun Kralı" statusunu qazanmışdı.
Ülvi Bahadır