Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirildi

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirildi
4 oktyabr 2026
# 19:44

Oktyabrın 2-də Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq
elmi simpozium keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycanın Almaniyadakı Səfirliyinin, Azərbaycan Dillər Universitetinin (ADU) və Drezden Milli Kitabxanasının (SLUB) birgə təşkilatçılığı, eləcə də Səfirliyin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Drezdendə baş tutan “Kitabi-Dədə Qorqud” türk xalqlarının mədəni irsi və dünya eposları kontekstində” mövzusunda keçirilən beynəlxalq elmi simpozium Drezden Milli Kitabxanasında baş tutub. Tədbirdə Azərbaycan, Almaniya, Türkiyə və İtaliyadan olan tanınmış alimlər, tədqiqatçılar, mədəniyyətşünaslar, həmçinin diaspor nümayəndələri iştirak ediblər.


Simpoziumu giriş sözü ilə açan Drezden Milli Kitabxanasının (SLUB) baş direktoru xanım Katrin Ştump artıq Drezdendə eposa həsr olunmuş üçüncü beynəlxalq simpoziumun keçirilməsindən məmnunluğunu ifadə edib. O, orijinal əlyazmanın Basatın Təpəgözü məğlub etdiyi boyun açılış səhifəsi ilə vitrində nümayiş olunduğunu və eyni zamanda, iştirakçıların tanışlığı üçün faksimile nüsxəsinin hazırlandığını diqqətə çatdırıb.
Qeyd edilib ki, simpozium eposun tarixi, filoloji və mədəniyyətşünaslıq aspektlərindən araşdırılmasının davamı kimi elmin ən yeni nəticələrinə işıq tutur.


Bildirilib ki, bu unikal irsin araşdırılmasında Azərbaycan səfirliyi və Azərbaycan Dillər Universiteti birgə fəaliyyət göstərərək, mühüm addımlar atıblar.


Saksoniya əyalətinin Elm, Mədəniyyət və Turizm üzrə Dövlət Nazirliyinin nümayəndəsi xanım Martsena Şöne Drezden nüsxəsinin rəqəmsallaşdırılmasının qədim biliklərin gələcək nəsillərə çatdırılması baxımından önəmini diqqətə çatdırıb.


Qeyd edilib ki, bu addımın Bakıdan, Ankaradan başlayaraq dünyanın istənilən elmi mərkəzinədək maneəsiz çıxış imkanı yaradılıb. Nazirlik rəsmisi vurğulayıb ki, oğuzların - azərbaycanlıların və bütün türklərin milli eposunun ən tam nüsxəsi olan bu dastan zəngin mədəni irs təqdim edir. Mədəni sərvətlərin sərhəd tanımadığını, lakin körpülərə ehtiyac duyduğunu deyən Martsena Şöne Dədə Qorqud irsinin Saksoniya ilə Azərbaycan arasında siyasi-iqtisadi çərçivəni aşaraq canlı mədəni-elmi əməkdaşlıq rəmzinə çevrildiyini söyləyib.


Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında eposun 2018-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini xatırladaraq, mədəni irsin təkcə keçmişi yaşatmadığını, bu gün də xalqlar arasında möhkəm körpülər saldığını bildirib. Diplomat Drezden Milli Kitabxanasında İki Dünya müharibəsindən və tarixin təlatümlərindən keçərək qorunan bu unikal əlyazmanın mühafizə olunmasını heyrətamiz hadisə adlandırıb və kitabxananın kollektivinə minnətdarlığını bildirib.


Səfir çıxışında bu mənəvi xəzinənin Drezdendə qorunub elmi dövriyyəyə daxil edilməsini Azərbaycan-Almaniya münasibətlərinə xüsusi mədəni dəyər qazandırdığını söyləyib. N.Ağayev vurğulayıb ki, bir əlyazma sərhədləri aşaraq müxtəlif ölkələrin alimlərini bir məkana toplamaqla mədəniyyət və elm vasitəsilə beynəlxalq anlaşma və birlik ruhunu daha da dərinləşdirir.


Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxışında alman şərqşünaslığının Şərq mədəniyyətinə humanist münasibətini xüsusi qeyd edərək, bu ensiklopedik abidənin Drezdendə böyük diqqət və mərhəmətlə mühafizə edilməsini yüksək dəyərləndirib. Eposun alman dilində ilk nəşrinin 200 illik yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci ildə dövlət səviyyəsində qeyd olunduğunu vurğulayan akademik bildirib ki, bu Azərbaycanın mədəni irsin qorunmasına və beynəlxalq elmi əməyə verilən ali qiymətin təzahürüdür. Dastanın ruhunun və qədim abidənin onun qələmə alındığı dövrdən xeyli əvvələ dayandığını vurğulayan Kamal Abdulla Drezden nüsxəsinin faksimile nəşrinin təqdimatını mühüm elmi hadisə adlandırıb.


Akademik Kamal Abdulla qeyd edib ki, Drezden nüsxəsinin elmi dövriyyəyə daxil edilməsi “Kitabi-Dədə Qorqud”un tədqiqi baxımından yeni imkanlar yaradır. Onun sözlərinə görə, bu nüsxənin öyrənilməsi dastanın mətninin, dil və üslub xüsusiyyətlərinin, eləcə də eposun tarixi-mədəni kontekstinin daha dərindən araşdırılmasına imkan verir.


Rektor “Kitabi-Dədə Qorqud”un Azərbaycan, Almaniya və ümumilikdə Avropa elmi mühitində araşdırılmasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə alimlər və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.


Sonra “Kitabi-Dədə Qorqud dastanının faksimile nəşrinin təqdimatı olub. Dastanın faksimile nəşrinin yüksək keyfiyyətdə çap olunmasının Dədə Qorqud irsinin araşdırılmasına yeni imkan qazandıracağı söylənilib.
Açılış nitqlərindən sonra simpozium işini panel sessiyalarla davam etdirib.


“Dədə Qorqud” eposu: Əlyazma irsi, tarixi yaddaş və türk xalqlarının mədəniyyəti” mövzusunda birinci panel sessiyaya moderatorluq edən Humboldt Universitetinin professoru Eva-Maria Aux vurğulayıb ki, Dədə Qorqud irsi təkcə bir xalqın deyil, bəşər ruhunun, insanın könlünə toxunan canlı mədəniyyətin təcəssümüdür. O, Şərq ilə Qərb arasında qurulan körpülərin iki tərəfli gediş-gəlişlə canlı tutulmasının vacibliyini diqqətə çatdırıb.


Akademik Kamal Abdulla çıxışında şərqşünas Henrix Fridrix fon Ditsin 1815-ci ildə Təpəgöz süjetini Homerin “Odisseya” eposundakı Polifem epizodu ilə müqayisə edərək üstünlüyü Təpəgözə verməsini Şərq və Qərb təfəkkürünün eyni istiqamətə baxmasının tarixi nümunəsi kimi səciyyələndirib.


Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov “Dədə Qorqud” eposunu Azərbaycan xalqının yazılı pasportu adlandıraraq, onun “Koroğlu” dastanından fərqli olaraq fundamental yazılı abidə rolunu oynadığını, eposun Azərbaycanın tarixi-etnoqrafik xəritəsinin konturlarını dəqiq əks etdirdiyini diqqətə çatdırıb.


ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov eposdakı beynəlxalq motivləri təhlil edərək, Dəli Domrul və Herakl obrazları fonunda qədim tanrıçılıq və İslam dünyagörüşünün qatlarını, eləcə də məhəbbətin ölümə qalib gəlməsi ideyasını elmi müstəvidə izah edib.


Türkiyənin Gümüşhane Universitetinin professoru Cihangir Kızılözen isə mətnin dil qatlarını müasir “bulanıq məntiq” metodu ilə yanaşaraq təhlil edib və Drezden nüsxəsindəki transkripsiya xətaları sayılan məqamların əslində minillik yazılı ənənənin dəqiq göstəricisi olduğunu diqqətə çatdırıb.


Professor Mixael Hessin moderatorluq etdiyi “Dədə Qorqud və dünyanın epik irsi: Müqayisəli yanaşmalar və yeni tədqiqat perspektivləri” adlı ikinci panel sessiyada “Dədə Qorqud” eposunun Avropa və dünya ədəbiyyatı ilə struktur və semantik oxşarlıqları diqqət mərkəzində saxlanılıb.


Türkiyənin Dil və Sistem Fondunun sədri Burak Eke çıxışında müasir dilçilik və rəqəmsal metodologiya baxımından eposun süni intellekt və rəqəmsal humanitar elmlər müstəvisində açılan yeni imkanlarını diqqətə çatdırıb.


Auqsburq Universitetinin professoru Klaus Volff isə orta yüksək alman dilindəki “Kudrun” dastanı ilə “Kitabi-Dədə Qorqud” dastanı arasında dərin intertekstual paralellər apararaq, bunu Azərbaycan-Almaniya dostluğunun ədəbi simvolu kimi dəyərləndirib.


Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cəlil Nağıyev isə eposun qədim yunan mifologiyası ilə həm motiv, həm də süjet oxşarlıqlarını diqqətə çatdıraraq, abidənin hələ də araşdırılmağa ehtiyac duyan zəngin qatlara malik olduğunu bildirib.


İtaliyanın La Sapienza Universitetinin professoru Mario Soldaini isə İtaliya türkoloji məktəbinin banisi Ettore Rossinin Vatikan əlyazmasını (Vatican Turco 102) kəşf etməsinin tarixindən söz açaraq, bu filoloji tapıntının dünya türkolologiyasındakı inqilabi əhəmiyyətini və pozitivist filologiyanın rolunu vurğulayıb.


Dədə Qorqud irsinin öyrənilməsi və təbliğinin önəminin bir daha vurğulandığı beynəlxalq simpozium Şərq və Qərb alimləri arasında mədəni-elmi körpülərin daha da möhkəmlənməsinə növbəti mühüm töhfə oldu.


Qeyd edək ki, Drezden Milli Kitabxanasının Xüsusi Kolleksiyalar və Nadir Əlyazmalar Fondunda saxlanılan “Kitabi-Dədə Qorqud” nüsxəsi dastanın dünyada məlum olan yeganə tam, 12 boyluq əlyazmasıdır. XVI əsrə aid edilən bu unikal nüsxə 1784-1790-cı illərdə Prussiya Krallığının İstanbuldakı səfiri, şərqşünas Henrix Fridrix fon Dits tərəfindən kəşf olunub və 1815-ci ildə Drezden Kral Kitabxanasına təqdim edilib.


Fon Dits əlyazmadakı “Təpəgöz” boyunu alman dilinə tərcümə edərək, Dədə Qorqud boylarının Homerin “Odisseya”sı kimi nəhəng kəlamları ilə eyni tarixi və ədəbi çəkiyə malik olduğunu dünya elminə bəyan edib.


Nəsx xətti ilə köçürülən 308 səhifəlik bu nüsxədə boyların adları, Dədə Qorqudun söylədiyi dualar və hikmətli kəlamlar xüsusi olaraq qırmızı mürəkkəblə yazılıb. Mətndə yer alan Göyçə, Gəncə, Dərbənd, Əlincə kimi coğrafi adlar isə eposun birbaşa Azərbaycan torpaqları ilə bağlılığını bir daha sübut edir.

# 98 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər