Kulis.az “Hekayə müzakirəsi” layihəsində Qəşəm Nəcəfzadənin "Erməni qızı" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Ulucay Akif:
Hekayəni maraqla oxudum. Düşünürəm ki, mətnin ən birinci xüsusiyyəti oxucuya maraqlı olub-olmamağıdır. Ən azından, müəllifin özü adama maraqlı gəlməlidir. Qəşəm Nəcəfzadənin özü də, mətni də maraqlıdır. Digər kriteriyalar isə mətni daha dolğun qiymətləndirməyimizə kömək olur. "Kulis"də təşkil etdiyimiz hekayə müzakirələrində fikir bildirən müəlliflər həmişə öz vacib bildikləri kriteriyaları prioritet sayaraq qiymətləndirirlər mətnləri. Bu da çox normaldır. Ədəbiyyat elə bir sahədir ki, burada hərə öz arşını ilə ölçür. Həmin müzakirələrimizdə Qəşəm Nəcəfzadənin fikirlərinə də həmişə diqqət eləmişəm. Çox vaxt gənclərin mətnlərini cümləbəcümlə təhlil edir, filoloji, semantik qüsurlara fokuslanır. Bu da xoşuma gəlir. Amma "Erməni qızı" hekayəsini oxuyanda Qəşəm Nəcəfzadənin özünün də eyni cür qüsurlara yol verdiyini gördüm. Məsələn, müəllif yazır:
"Bəlkə də 38 yaşı olardı, bəlkə də heç olmazdı. Üzü ay parçası kimiydi. Baldırları ilə üzü eyni anda bir parelellik təşkil edirdi".
Bir qadını təsvir edir və o təsvirdə belə cümlə işlədir: "Baldırları ilə üzü eyni anda bir parelellik təşkil edirdi".
"eyni anda bir parelellik təşkil edirdi" - bu ifadənin burada çox yersiz elmi-publisistik konstruksiya olmağını, bədii mətnə yaraşmamağını qoydum bir kənara... Bu təsviri bir neçə dəfə oxudum, amma heç nə başa düşmədim. Baldır ilə üz hansı müstəvidə və necə parellik təşkil edə bilər? Qəşəm Nəcəfzadə şairdir, gözəl də şairdir, bir şair qadını təsvir etdiyi cümlədə bu qədər axsamamalıdır.
Daha sonra müəllif yazır:
"Ayaqqabısı elə hündürdaban deyildi, qara rəngində olmağı yubka və pencək kompleksini tamamlayırdı. Üzünün səmimiyyəti geyiminə də hopmuşdu"
"Yubka və pencək kompleksini tamamlayırdı" nədir, "üzünün səmimiyyəti geyiminə də hopmuşdu" nədir? Bir qadını təsvir etməyə çalışan tamamilə iki fərqli ruhda cümlə gəlib durublar biri-biriləri ilə yanaşı. Hekayəni oxuduqca, hiss edirsən ki, Qəşəm Nəcəfzadə bilmir içindəki şairi hekayə bitənə qədər içindən çıxarıb kənara qoysun, yoxsa hərdən köməyə çağırsın? Problem orasındadır ki, müəllif içindəki şairi tamamilə kənara qoyanda da "yubka və pencək kompleksini tamamlayırdı" kimi ifadələrə qaçmalı olur. Bütün hekayə boyu bu cür məqamları hiss elədim.
Daha sonra Qəşəm Nəcəfzadə yazır:
"Durna boğazlıydı. Əlində qara eynək vardı. Əynindəki yubka onun bədən cizgilərini aydın göstərirdi. Üz kvadrat şəklində deyildi, incə xəfif bir təbəsümdən tez-tez dəyişirdi".
"Yubka" sözünün məni narahat eləməyini qoydum qırağa, "üz kvadrat şəklində deyildi" təsvirini neynəyim? Kvadrat deyildi, bildim, bəs nə idi, necə idi? Üçbucaq idi? Olmazdı ki, müəllif obrazın üzünün necə olmadığını yox, necə olduğunu yazardı, biz də gözümüzdə canlandırardıq?
Bu cür cümlə-cümlə iradlarımı bildirməyi dayandırım, mətnə aid ümumi fikrimi də deyim. Hekayədəki "açar" detalı çox əla idi. Müəllif hekayənin mərkəzinə həmin açarı qoyub kənara bir addım da atmamalı idi. Bəlkə də, Qəşəm Nəcəfzadə düşünür ki, bunu edib, amma, məncə, bacarmayıb. Xüsusən də bazara gələn həmin erməni qadın obrazı, daha sonra elə Əlmuradın dediyi "erməni qız" söhbəti bir çuval ənciri zay eləyib. Hekayədəki "erməni söhbətləri" yamaq kimi, həm də çox pafoslu görsəndi mənə. Bəlkə, müəllif tələsik yazıb hekayəni, bunu da hiss elədim, amma bu, məni və digər oxucuları narahat edəcək məsələ deyil. Adını elə "Açar" qoyub ermənisiz-zadsız da çox gözəl həll eləmək olardı bu hekayəni. Müəllifə uğurlar arzulayıram, növbəti hekayələrini də maraqla gözləyəcəyəm.

Azad Yaşar:
Qəşəm istedadlı şair və nasirdir. İş yoldaşım olsa da, məndə onun heç bir kitabı yoxdur, nə şeir kitabı, nə də nəsr. Bəlkə, bunun səbəbi - kitablarının bütün tirajını Mədəniyyət Nazirliyinin hər il topdan, yəni bir yerdən satın almasıdır: mənim isə gedib kütləvi kitabxanalara üzv olan, oradan kitab alıb oxuyan yaşım deyil. Odur ki, mətnlərini rast gəldikcə saytlardan oxuyuram...
Müzakirəyə çıxarılan hekayənin qəfil sonluğunu, bəlkə, daha maraqlı qurmaq olardı, amma müəllifin özünün də mənə etiraf etdiyi kimi, əsas məsələ - hekayədəki bədii qurğu yox, məhz dil faktorudur. Hekayənin dili isə yetərincə təbiidir, gündəlik danışıq dilimizə, bir az da dəqiqləşdirsək, Mərkəzi Aran şivəsinə yaxındır.
Hekayədə təhkiyəçinin böyük qardaşı Əlmuradın bir fetiş, özünün son sığınacaq yeri kimi qoruduğu AÇAR əslində onun daxili məğzindən xəbər verir: təsadüfi deyil ki, özünü, ayarını, mənəvi tarazlığını, yaxud şəxsiyyətini itirən biri haqqında el arasında “Açarını itirib” ifadəsi işlənir. Bu Əlimurad da mətn boyu açarını həm real (zahiri), həm də batini mənada itirib-tapmaqla girincdir: həmin açarı fəxrlə göstərməklə, ailəsini, valideynlərini illər uzunu hədələyir, hər dəfə qanı qaralan kimi qatara minib, əvvəlcə Bakıya, oradan isə Rostova, əsgərlik illərində sevdiyi (və nəinki evləndiyi, hətta bir oğul da bəxş elədiyi!) arvadının yanına gedəcəyini deyir.
JEK-dəki fırıldaqlarına görə həbsə atılan Əlmuradın “hər dəfə kameranın qapısı şaqqaşaraqla üzünə bağlananda ÖZ açarı yadına düşür”, oradan evə gətirilən şalvarını hər gün qabağına qoyub ağlayarkən anası da ƏN ÇOX qayışa bərkidilən açara ağlayır, çünki qadın zamanla bir neçə dili qəfil paslanan bu açarın artıq heç bir qapıya düşməyəcəyindən təlaşlanır...
Amma sonradan, yəni uzun illərdən sonra atası və qardaşıyla Rostova beşqat qiymətə göyərti satmağa getdiyi zaman öz “taleyüklü” açarını sanki qəsdən özüylə götürmür, üstəlik, etiraf edir ki, qadının yaşadığı ünvanı da yerli-dibli unudub. Köhnə yalanın, paxırın üstü açılır, məlum olur ki, Əlmurad təkcə metal açarı yox, elə öz mənəvi açarını da yerli-dibli itiribmiş.
Hekayədə qurama təəssüratı doğuran, yersiz görünən bəzi məqamlar da var.
İlk ciddi qüsur hekayənin adı ilə bağlıdır. Mətndə iki erməni qadından söhbət gedir: bunların biri Əlmuradın vaxtilə atıb-gəldiyi və bir uşaq anası olan gəlinbacıdırsa, digəri də bazar müdiri Samvelin göyərtinin qoxusundan ayılıb-bayılan zəngin arvadıdır. Bu səbəbdən də, hekayənin “Erməni qızı” adlanması yanlışdır, çünki arvad ilə qız arasında ciddi fərqlər var. Hər halda müəllif də bunları bilməmiş olmaz.
Hekayənin başdan onuncu abzasında Əlmurad evdəkilərə deyir ki, Rostovda perrona “düşən kimi minər 346 nömrəli trolleybusa, beş dayanacaq gedəndən sonra düşər Maksim Qorki küçəsi 866-da, yəni səkkiz saylı binanın qabağında. 5-ci blokdan çıxar beşinci mərtəbəyə, açarı salar 58 nömrəli mənzilin qapısına”. Yəni onun Rostovdakı evinə necə gediləcəyi burada əsl naviqasiya dəqiqliyi ilə sadalanır, amma göyərtilər satılandan sonra Əlmurad evin yerini unutduğunu deyir, kiçik qardaşı isə buna zərrəcə etiraz eləyərək demir ki, o 58 nömrəli mənzilə necə gediləcəyini axı sən kənddə ikən əzbərə deyirdin?!
Nə isə... İndi durub, qeyri-ciddi qardaşların keçmişində hansısa ciddiyyət nişanəsi axtarsaq, onda elə kimlərsə bizi də qeyri-ciddi adam hesab eləməyə başlayar...
Digər uyğunsuzluğa baxaq: 30 illik fasilədən sonra artıq varlı-hallı, yeyib-yatmış bir erməni qadınının Rostov bazarında rast gəldiyi Gəncə kərəvizinin xoş rayihəsinə az qala bayılması, ağlayaraq, yerdə diz çökməsi, “bütün dünyada bu qoxunu axtarsa da, tapa bilmədiyini” yanğıyla dilə gətirməsi istənilən halda adama saxta görünür. Şəxsən mən 1993-2001-ci illərdə Rostov vilayətinin qonşuluğundakı Stavropol diyarında (ərazisi Azərbaycan boydadır!) fəaliyyət göstərən türk inşaat şirkətində memar və müdir müavini kimi işləmişəm. Hər həftə alış-veriş üçün şəhər bazarına çıxanda orada azərbaycanlıların nar, xurma, feyxoa, pomidor, xiyar və sair ilə yanaşı, Gəncə üsulu bağlanmış iri göyərti dəstələri satdığının canlı şahidi olmuşam. Eyni məhsulları soydaşlarımızın ermənilərin Rusiyada əsas yığnaq yeri sayılan Rostova və ya Krasnodara da apara biləcəyi hər halda xüsusi fakt, yaxud sübut istəməz. Hekayədəki erməni qadının əri Samvelin işlətdiyi bazar da bu baxımdan istisna olmamalıydı. Həm də atəşkəsin hökm sürdüyü dövrdə həmyerlilərimiz fasiləsiz şəkildə Rusiyanın bütün regionlarına meyvə-tərəvəz daşıyıb, satmaqla davamlı şəkildə özlərinə çörəkpulu qazanıblar. Bu baxımdan etiraf edək ki, Rusiya – bizimkilər üçün həmişə (həm sovet, həm də müstəqillik dövründə) rahat qazanc yeri, ən əlçatan qonşu ölkə rolunu oynayıb. Həm də bu dolanışıq faktoru bir çox MDB ölkələrinin əhalisi üçün indinin özündə də birəbir keçərlidir. Əlbəttə, müharibələr olmasa...
Xəyali, yoxsa real olduğu axıra qədər dəqiq bilinməyən o uşaqlı qadının məhz erməni millətindən olduğunu, yəni torpaqlarımızın beşdə birini işğal edən, mülki əhalidən və hərbçilərdən ibarət əsirlərimizə faşistdən betər divan tutan millətin təmsilçisi olduğunu Əlmurad ən axırda, son abzaslarda boynuna alır. Daha öncə bunu dilinə gətirsəydi, Cəbhə hakimiyyəti dövründə JEK müdiri vəzifəsinə yiyələnə, özünü əsl vətənsevər biri kimi qələmə verə bilməzdi.
Sonluqdakı iki kubik daşı “Göy Səfərəli” ləqəbli atanın üst-üstə qoyması, qucağına alaraq aparıb otuz metr aralıya tullaması isə, məncə, onun oğluna verdiyi üstüörtülü mesaj kimi dəyərləndirilməlidir (halbuki əhvalatı danışan kiçik qardaş bunu anlamadığını etiraf edir: “Atam nə üçün belə elədi, bunun məsələyə nə dəxli vardı, bilmədim”).
Əslən göyçəli olan ata həmin jestiylə böyük oğluna (bəlkə də!) demək istəyib ki, bu yaşacan sən nəinki iki daşı üst-üstə qoya bilibsən, hələ onları aparıb bu cür zay və gərəksiz bir yerə də tullayıbsan, yəni mənfur millətin sayını artırıbsan.
Hekayədə bir-biriylə müharibə aparan, bir-birinə dərin nifrət bəsləyən xalqlar arasında tədricən isinişməyə, kini, qarşılıqlı şəkildə vurulan yaraları unutmağa cüzi bir meyl də sezilir. Amma bu məsələ ilə bağlı ilk addımları məhz qarşı tərəf atmalıdır, çünki son 130 il ərzində ərazilərimizə hissə-hissə yiyələnən, orada özünə müstəqil dövlət quran, daha sonra dövlətimizin 20 faiz ərazisini, həm də 30 ilə yaxın bir dövrdə işğal altında saxlayan, onun hər qarışını soyub-talayan, xarabazara çevirən tərəf biz yox, onlardır. Öz iyrənc planlarından əl çəkməyən bir qəsbkarla dostluq hər halda növbəti dəfə bizim sadəlövhlüyümüz sayılar və bu cür unutqan yanaşma xalqımız üçün daha betər itkilərə yol açar. Axı haqsız və işğalçı olmalarına rəğmən, onlar hər dəfə özlərinə bizdən daha çox havadar tapmağı bacarırlar.
Samirə Əşrəf:
Bəzi qüsurları nəzərə almasam, hekayəyə pis demək olmaz. Xüsusilə nəql forması, axıcılıq yaxşı idi. Bir ailənin yaşayışı, gələcəyə baxışı və evdəki böyük oğul anlayışı qəşəng işlənmişdi.
Açarın vasitə kimi istifadə olunması da maraqlı üsul idi. Mətnlərdə müəlliflərin əşyalardan istifadə edərək böyük mətləblərə toxunması təqdirə layiqdir. Qəşəm müəllim bu xətti axıra qədər aparsa da, kulminasiya o qədər təsirli olmadı. Bir ailənin ümid yeri olan açar sonda sadə bir yalana çevrilərək gözlənilən effekti doğurmadı. Halbuki, açarın yalanı daha təsirli təlatüm yarada bilərdi.
Mətndə süni məqamlar, şişirtmələr var idi. Xüsusən qadının bazara gəlişi, göyərtiləri götürüb ağlaması kimi detallar qurama, hətta karikatura təsiri bağışladı. Erməni qadının göz yaşının bir millətin bildiyimiz saxta göz yaşları ilə simvolizə edilməsi bayağı təsir bağışladı. Ədəbi mətnlərdə bu mənada çox ehtiyatlı olmaq tələb olunur. Hiss məntiqi qabaqlayanda hekayə janrına xas olmayan romantik sentimentallıq ordan burdan oxucuya göz vurur.

Cavid Zeynallı:
Hər şeydən əvvəl deyim ki, Qəşəm Nəcəfzadə tanıdığı adamlardan yazır. Bu, ədəbiyyat üçün ən vacib məsələdir. O adamlardan həm də rəvan dillə yazır. “...eyni anda bir paralellik təşkil edirdi” dəftərxana-protokol cümləsini görməzdən gəlsək, indi belə mətnləri tapmaq, oxumaq, koloritin ləzzətini tamsınmaq asan deyil. Deyə bilərlər ki, dilin büdrəmədiyi cümlələri Qəşəm Nəcəfzadə yazmayıb kim yazacaq ki?! Yaşı-başı, təcrübəsi, folklor boğçası... Hələ üstəlik Azərbaycan dili və ədəbiyyatı müəllimi, şair... Amma pinti cümlələri ürəyimizi vuran yaşı-başı, təcrübəsi, folklor boğçası olan o qədər adamlar tanıyırıq ki... Bu, belə. İndi gələk mətnin ideya-məzmun qatına.
Bu hekayədirmi? Ümumiyyətlə, yaxşı hekayə necə olmalıdır? Bununla bağlı çoxsaylı müəlliflərin N qədər məsləhəti var. Məsələn, Vonnequt, Çexov, Heminquey, Folkner, Con Steynbek... Bu nəhəng müəlliflərin hər biri ya universitet mühazirələrində, ya da müsahibə və esselərində yaxşı yazmağın sirlərini bölüşüblər. Ümumiləşdirsək, hər birinin də məsləhətində qırmızı xətlə keçən bir fikir var: inandırmaq məharəti. Bunun üstünə başqa məziyyəti də gələ bilərik - hekayənin aşkar və gizli olan qatını.
Bizim ədəbiyyatımızda əhvalat olan, amma hekayə kimi təqdim olunan xeyli mətnlər var. Özü də bu mətnləri bizim klassiklər yazıblar. Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Seyid Hüseyn, Süleyman Sani Axundov və başqaları. Mənə elə gəlir, Qəşəm müəllimin “Erməni qızı” mətni də öz sələflərinin əhvalat silsiləsinin davamıdır. Ayıq oxucuya əvvəldən məlumdur ki, Əlimərdanın ev məsələsi bekara söhbətdir. Gəncədən vur Rostova get ki oğlumun orda evi var, amma sonda məlum olsun ki, açar qalıb Gəncədə. Yaxşı mətndə bu açar çox şeyin simvolu ola bilərdi, olmadı. Yuxarıda yazdığım gizli və aşkar mətn qatı məsələsinə qayıtsaq, əlbəttə, erməni qızı məsələsini mənalandıra bilərik. Məncə, hekayənin, daha doğrusu, əhvalatın tapına biləcəyimiz yeganə istinad nöqtəsi budur.
Atanın iki kubik daşını üst-üstə qoyub otuz metr kənara aparıb atması cümləsini isə ləzzətlə oxudum. Bu təkcə insanın düşdüyü vəziyyətin, keçirdiyi hiss-həyəcanın situativ-komik mənzərəsi deyil. Həm də köçkünlüyün, daşı-daş üstə qalmayan yurdların, ev-eşiyin uğurlu bədii həllidir.

Sara İbrahim:
Müzakirəyə çıxarılan “ Erməni qızı” mətni hekayə yox, əhvalatdır, daha çox xatirə ədəbiyyatı janrına uyğun gəlir. Hekayələrin də əsasında hansısa maraqlı əhvalat dayanır, amma həmin əhvalatı hekayəyə çevirmək müəllifin nəsr yazma ustalığına bağlıdır. Qəşəm Nəcəfzadənin sözügedən hekayəsində isə bunu görmürük. Sanarsan, müəllif çayxanada oturub başına gəlmiş əhvalatı ləzzətlə, bir az da şişirdib özündən əlavə elədiyi ştrixlərlə kiməsə danışır. Mətni oxuyanda “nə başınızı ağrıdım”, “sözüm onda yox” , “canım sizə ərz eləsin” kimi ifadələr bu təəssüratı daha da gücləndirir.
Qəşəm müəllimi başa düşürəm, yaddaşı xatırələrlə doludur və o bunları yazmaya bilmir. Yaxşı olar, müəllif bunları cəmləşdirib memuar yazsın. Bu, onda daha yaxşı alınar. Hekayə müzakirələrində az qala, hərf səhvlərinə də sərt reaksiya verən Qəşəm müəllimin mətnində həbsxanaya yolladığı Əlmuradın növbəti abzasda haradan ortalığa çıxdığı oxucuya “sirr” kimi qalır.
Ən azından bir cümləylə həbsxanadan çıxdığını yazmalıydı.
“Sözüm onda yox, on beş də”.
Bu jarqon ifadədə “on beşdə” doğru yazılışdır. Görünür, bir çoxları kimi Qəşəm müəllim də “da”, “ də” şəkilçilərini yerində, düzgün işlətməkdə çətinlik çəkir.
“ Atam cin-cin oldu” . Ola bilər, burada məqsəd mətndə bir dəfə işlənmiş “Atam cin atına mindi” cümləsini təkrar yazmaqdan yayınmaqdır. Amma dilimizdə belə ifadə yoxdur, başqa bir fikir yazmaq mümkün idi.
“Göy dəstələrini dodaqlarına sıxıb, acgözlüklə yenə qoxuladı”. Qoxu orqanı dodaq deyil, burundur. Belə yazmaq daha yaxşı olardı:
“Göy dəstələrini burnuna yaxınlaşdırıb qoxuladı”.
“Ağzını da o cür burcudurdu”. Müəllif belə yazıb.
“Açarı bururdu” yazılıbsa, “Ağzını da o cür bururdu” yazmağa nə mane olub?
“Burcutmaq” sözü burada yerinə düşməyib.
Müəllif erməni qızını o qədər alicənab, ürəyiyümşaq, səxavətli təsvir edir ki, düşmənimiz olduğunu unutsan, qadına vurularsan. Bu erməni qızının yanında Əlmurad obrazı gözümüzdə daha da kiçilib cılızlaşır. Yalançı, tənbəl, ərköyün Əlmurad gülünc, girinc olub qalır hekayənin ortasında. Əslində, hekayədə yurd həsrəti, nisgili var, bu mövzu sonda oxucuya təsir etməliydi, amma səthi, ötəri yazıldığından tez də yaddan çıxır. Oxuyub bitirəndə sadəcə düşünürsən: “Erməni qadını bu qədər tərifləməkdə görəsən, müəllifin məqsədi nədir?” Bəlkə də, digər müzakirə iştirakçıları bu nüansı adi qəbul edib üstündən keçəcək. Kimsə deyə bilər ki, hekayədəki “Bəzən məğlubuyyətin özü qadına gözəllik verir. Bəli, o, tam məğlub olmuşdu” kimi fikirlər, açar simvolikası qələbəmizə və başqa mətləblərə işarədir. İstənilən halda, erməni qadına bu qədər tərif yersiz idi. Bu, mənim subyektiv fikrimdir. Müzakirə edilən mətni oxumağım müharibə mövzusunda yazdığım romanla əlaqədar Xocalı faciəsi şahidlərinin, əsirlik həyatı yaşayanların ifadələrini araşdırdığım vaxta təsadüf etdi. Xocalı faciəsinin dəhşətini bütün varlığımla hiss etdiyim zamanda oxuduğum “ Erməni qızı” hekayəsi xoşuma gəlmədi.

Sevinc Elsevər:
Qəşəm müəllimin nəsr dilini çox bəyənirəm. Çox rahat, rəvan oxunur. Bu hekayə də həmişəki kimi sutək axdı, getdi. Birnəfəsə oxudum. Pasifist ideyalı hekayədir. Açar simvolu maraqlı idi. Axıra kimi bilmədim obraz evləndiyi qızın erməni olduğunu deyəndə yalan deyirdi, ya düz deyirdi. Çünki yalan demək potensialı gördüm o obrazda. Bəlkə də elə bir ev, ümumiyyətlə, yox idi. Heç vaxt olmamışdı. O obraz tanış idi, doğma idi, bircə onu deyə bilərəm. Doğma, qohum kişilərə çox oxşatdım.