Mamamın oğlu Vüsal

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

16 iyun 2022
# 09:00

Kulis.az Zamin Hacının "Mamamın oğlu Vüsal" adlı yazısını təqdim edir.

Vüsal mənim Nailə mamamın oğludur. Qarabağ tərəflərdə atanın bacısına niyə “mama” deyirlər, açığı, bunun səbəbini bilmirəm. Sanki tərəkəmələrdə “bibi” sözünə qarşı allergiya var. Bunu öyrənib sizə çatdırmağa söz vermirəm. Hazırda Vüsaldan başqa beynimdə heç nə yoxdur.

1990-cı illərdə ikimiz də uşaq idik və məktublaşardıq. O çağların kağız məktubları qəribə janr idi: “Əvvəla salam. Salamdan sonra yaz görüm siz tərəflərdə havalar necədir. Biz sağ və salamatıq, sizin də sağ və salamat olmağınızı Allahdan arzu edirik”. Bu şablon bütün məktublarda olmalıydı. Hava və Allahın xatırlanmadığı məktub saxta, qarşı tərəfə hörmətsizlik sayılırdı. Ateist Sovet hökuməti biz oktyabryat, pioner və komsomolçuların məktublarında Allahın xatırlanmasına necə dözürdü, sirri-xudadır.

Biz ailədə 6 uşaq idik, Vüsalgil isə 4. Məktublar, eyni zamanda, bütün uşaqların adından, bütün uşaqlara yazılardı. Necə deyərlər, Vatsap qrupu kimi. Ancaq indi mənim mamam uşaqları ilə belə qrupum heç yoxdur.

Məktublarda havanı soruşmağımız isə ayrıca komediya idi, çünki Vüsalgilin yaşadığı kəndlə bizim kəndi cəmi 3 kilometr ayırırdı. Vüsalın atası İxtiyar dayı məktəbdə rəssam işləyirdi, traktor sürürdü və hərdən ailəni traktorun şüşəli, enli kabinəsinə doldurub bizə qonaq gəlirdi. Havanı həmin görüşlərdə soruşmazdıq. Məktubda, başqa məsələ. Sanki məktub yazanda üç kilometr aralıdakı kənddə hava bizdəkindən fərqli qarışıq, tufanlı olurdu. Vüsal mütləq cavab yazmalıydı ki, indicə Nahidin başına dolu düşdü, Sima qarın altında qaldı, İftixarı tornado apardı. Ancaq həmişə orda da, biz tərəflərdə də “havalar yaxşı olurdu”.

O dərslərini necə oxuyurdu, indi bunu xatırlamıram. Ümumiyyətlə, neçə gündür fikirləşirəm ki, mən heç doğma mamamı da əməllicə tanımamışam, onun cavanlıqda tibb bacısı işlədiyini yalnız keçən həftə, bacımdan soruşub öyrəndim. Ancaq Vüsalın texnikaya qəribə marağı vardı. Foto çəkməyi öyrənmişdi, şəkil çıxarırdı. Biz buna həsəd aparırdıq. 90-cı illərdə, kəndlərimiz işğal ediləndə və məktublarımızın arası kəsiləndə mən Vüsalı Binəqədi tərəflərdə, boş çöllərdə tapdım.

Orada nəsə heyvan fermasında işə düzəlmişdi, ya donuz, ya qoyun otarırdı, bu da dəqiq yadımda deyil. İsti yay günündə görüşdük. Oralarda ucsuz-bucaqsız zibilxanalar vardı, Vüsal zibilin içindən tapdığı köhnə-kürüşdən maqnitofon yığmışdı və kasetləri dinləyirdi. Maqnit lentləri yovşan və qaratikan kollarına dolaşmışdı, Vüsal onları səliqə ilə, hövsələ ilə açırdı, qələmlə dolayıb bir yerə yığırdı, ən əcaibi isə, o kasetlərdəki müğənnilər təzədən oxumağa başlayırdılar!

İndi həmin ərazilərdə qəsəbə var. Camaat adına “Yeni yaşayış” deyir. Avtobusda qəsəbədən keçəndə zibillərin arasından maqnitofon lenti yığan Vüsalı xatırlayıram. Görəsən, bu qəsəbənin adamları hansı musiqilərin üstündə yaşadıqlarını bilirlərmi? Buralarda Vüsalı xatırlayan neçə nəfər var? Mən özüm bu yazını Vüsalı xatırlamaq üçün yazmırammı? Kainat sonsuzdur, qoy onun sonsuzluğu üzərində mamaoğlu Vüsaldan, onun köntöy sifətindən və kömbə dodaqlarından, şəlpə qulaqlarından nəsə xatirələr qalsın. O, mənim həyatda gördüyüm ən saf, təmiz qəlbli adamlardan biri idi.

Hələliksə bir az da geri qayıdaq. Orta məktəbin son siniflərində oxuduğumuz vaxtlar başqa bir mamaoğlu Rahil Vüsala görə möhkəm döyülmüşdü.
Yaxşı olar, burasını Rahilin öz dilindən oxuyaq:

“Bir gün Vüsal gəldi ki, Qorqan kəndindən qız istəyirəm, ancaq kəndə tək getməyim, yoldaşlıq elə. Getdik, məktəbin yanında qorqanlı uşaqlar bizi dairəyə aldılar. Vüsal dərhal qaçdı. Uşaqlar məni tutdular, döydülər. Mən onlara dedim ki, yavaş vurana söyüş qoymuşam, nə qədər gücünüz varsa, çırpın, mənə bu da azdır”.

Qaçqınlıq dövründə Vüsalgil birbaşa Salyana gedib çıxdılar. Orda, yanılmıramsa, Marışlı kəndində qalırdılar. Bu kəndin adı 90-larda eşitdiyim bir meyxanadan başqa mənə heç nə demir:

“Yaxşı kənddir bu kəndlərdən Marışlı,
Küsənlər də gəldi burda barışdı”.

Vüsal Marışlıda tale ilə barışmışdı, bir qızla evlənmişdi. Qardaşım deyir ki, Vüsalın evlənməyi mübahisə ilə olub: “Kənddə mərcə giriblər, Vüsal deyib mən o qızı alaram”. İki böyük oğlu var, elə bil Vüsalın burnundan fırt eləyib düşüblər.

Fırt demişkən... Daha bir epistolyar xatirə var. Orta məktəbi qurtaranda Sovet hökuməti Vüsalı basıb Ukraynada, tank qoşunlarında əsgərliyə apardı və Vüsal ordan bizə məktub yazırdı: “Hər gün təlim keçirik, tankdan atəş açdım, paart, getdi qülləyə dəydi, gurumpp, aşdı”. Məktubda bütün səslər eləcə, olduğu kimi yazılırdı.

Salyanda bir müddət yaşadılar, sonra İmişliyə qayıtdılar. İmişlidə də qalmadılar, köçdülər Saatlıya. Sanki bütün Azərbaycan bu kasıb ailəyə darısqallıq edirdi.

Keçən həftə Vüsal öldü. 51 yaşında. Su idarəsində işləyirmiş, şlüzün üstündə çalışanda elə birdən, durduğu yerdəcə iş yoldaşından su istəyib və ölüb. Biz yasa gedəndə üç mərasimiydi. Bürkülü yas çadırının baş tərəfindən Vüsalın lopabığ, Vaqif Mustafazadəyə oxşayan şəklini asmışdılar. Nənəm Qarabirçək Vaqifi televizorda görəndə zarafatla deyərdi: “Elə bil tülkü ağzında toyuq aparır”.

Vüsalı Quruçayın üstündəki qəbiristanlığa aparıb basdırıblar. Mən yasda mamamın boynunu qucaqladım və quru torpaq kimi cadarlanmış üzünə üzümü söykəyib “Bilirsən, bizim Vüsalla yoldaşlığımız olmuşdu” dedim və azacıq ağladım.

Mənə elə gəlir çox azca ağladım.

# 4018 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #