Sezen Aksu niyə dinimizi təhqir edir?

Sezen Aksu, müğənni

Sezen Aksu, müğənni

24 yanvar 2022
# 11:10

Kulis.az Rəvan Cavidin "Günahsız" adlı yeni yazısını təqdim edir.

İsanı daşlayıb sonra çarmıxa çəkənlər ona "Allahın oğlu" ünvanını verib, ikonu önündə saatlarla parafin iyinə dözə-dözə dualar etmək məcburiyyətində qaldılar. Yusifi quyuya tərk edən düşüncələr onun ətəyindən öpdülər. Məhəmmədi Məkkədə daş-qalaq edənlər, Mədinədə təslim olmuşdular.

İnsanlıq daim öz inancının diqtəsinə məğlub olub. Paqanizm bəşəriyyətə mədəniyyətin təməli qurulandan çox-çox sonra gəldiyi üçün Adəm övladları daim mifoloji inanc sisteminin təsirində qaldı. Günümüzdə də altşüurun amansız kamerasında Adəm babamızın paqanist səhvlərinin cəzasını biz nəvələri çəkirik. Və bu bizlərdə natamamlıq yaradır. Həm natamamlığın özünü, həm də onun komplekslərini.

Bu mövzu bəşəri olduğu üçün xüsusi bir xalqın, ya da coğrafiyanın adını çəkib problemi lokallaşdırmaq istəmirəm. Avropa da, Şərq də, Amerika da dinin qondarma arqumentlərini məntiq məsələsinə dəyişə bilmirlər. Bu, yaradılışın ən azad, hər şeydən arınmış sahəsi sənət olsa belə.

Psixologiyanın məşhur simalarından Yonq "Ruh" adlı araşdırmalar kitabında sənət və din arasında heç bir zaman çözə bilməyəcəmiz bağın olmasından söz açırdı. Bu elə bir bağ idi ki, sənət onu inkar etdikcə təsir qüvvəsi artırdı. Əlbəttə, bəzən bu təsir elə bir səviyyəyə çatır ki, sənətçinin özünü də məhv edir. Yonq sənətin dindən daha müqəddəs, daha çox toxunulmaz və daha az müdaxilə oluna biləcəyini yazırdı. Yəni, sənət bütün hallarda dindən daha üstün məziyyətlərə sahib inancdır. Bunu anlaya bilsəydik, hər şey fərqli olacaqdı. Sənət insanlığı qorxunun üzərində bərqarar etdiyi din yalanından qurtarmaq üçün düşünülmüşdü, bəlkə də, indi isə insanlıqdan qurtulmaq üçün sənət özü düşünür.

Dünyanı müqəddəs kitabların müəlliflərindən daha çox sevən insanlar dini, onun fonunda baş verənləri yumorla, yeri gələndə sərt tənqid edəndə və ya dini əhvalatlara elə olduğu kimi yanaşanda kütlə onu əzməyə başlayır. İkonlar yerə düşüb çilik-çilik olanda, içimizdəki hikkəni boğa bilməyib özülümüzə geri qayıdırıq. Vəhşiləşirik. Paqanizm yadımızdan çıxır, mifologiya isə şüurumuzu cırmaqlayır.

Dante şəhərdən qovuldu, Qaliley yandırıldı, Nəsimini soydular, Saramaqonu ölkədən qovmuşdular, Rafiq Tağını öldürdülər.

Ötən gün məmləkətimdə rejissoru qınayırdılar, bu gün ikicə addım kənarda bir müğənnini daşa tutublar.

Sezen Aksunun illər əvvəl oxuduğu mahnının birdən-birə gündəm olması yenə bizi xəfif düşüncələrin qoynuna atdı. Yenə təəssüfləndik, yenə utandıq və yenə qorxduq.

İllərdir qulaqlarımızı yara edən o sualı mən də vermək istəyirəm:
Niyə din sənətə bu qədər mane olur?!

Ağlımın bir küncündə çoxdandı eşələnən bir fikir mənim bütün rasional cavablarımı yerlə bir edir. Sənət şeytanidir, sənət iblisanədir. Bəlkə də, buna görədir ki, dinlə digər bütün inanclar bir müstəvidə kəsişmir. Yenə də məntiqlə düşünürsən və dinçilərin heç bir arqumenti ilə barışa bilmirsən. Məsələn, ömrünü musiqiyə həsr etmiş Sezen Aksunun Adəm və Həvvaya cahil deməsi nə qədər böyük problem ola bilər ki? Adəm və Həvva kimdi? Olub belə kəslər? Olubsa, indi onlara cahil demək niyə günah sayılsın? Bütün günümüz onu-bunu söyməklə, təhqir etməklə keçir, Adəmdi də, niyə bütləşdirilsin?
Sezen Aksunu təhdid edən elita əlində yaşıl bayraq yelləyə-yelləyə tənqid etdikləri subyektə çevrilirlər. Özlərini ən radikal anarxist kimi aparırlar. Hələ o elitanın əlində bir xeyli də güc var.

İrandan qovulan Mohsen Namco İran milli musiqisini, alətlərini dünyada tanıtdı, konsert zallarına yığılan minlərlə avropalıya İran mədəniyyətini təbliğ etdi. Farslar isə onu ateist olduğu üçün didərgin saldılar. Hansı molla və mollabaş Mohsen Namco qədər ölkəsinə xeyir verib? Və ya elə Sezen Aksunu təhdid edənlərin neçəsi Türkiyə üçün Sezen qədər xidmət edib?

Özü gözəl deyib elə:

“Masum diyiliz,
hiç birimiz...”

# 6686 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #