Eh...

Eh...
24 sentyabr 2012
# 23:26
Eh, sevdiyin qızla hamı rahatca yanaşı dayanıb şəkil çəkdirəndə sən cəsarət etməyib kənarda dayanardın.

Çiyni onun çiyninə toxunan dostlarını fikrində asıb-kəsər, bəzən də içində öz qorxaqlığını döyərdin. Hamının onunla şəkli olardı. Bircə səndən başqa. Bircə sən kənarda dayanıb ürəyində fotoqrafı tələsdirərdin. Bircə sən, sənə heç bir pisliyi keçməyən fotoqrafa düyməni gec basdığıına görə lənət yağdırardın. Halbu ki, o biçarə həmişə sənin sinif yoldaşlarının gülümsəməsini istəyərdi. O məsum gülüşləri bir yerə yığmaq üçün öz kamerasından kim bilir hər dəfə neçə göyərçin çıxardardı...

Eh, sənsə ən cəsarətli halında özünü o qızın yanında dayanmış oğlanlardan birinin yerində təsəvvür edib təsəlli tapardın. O da həmişə alınmazdı. Həmişə ən yaxşı alınan, guya əhəmiyyət vermirsən kimi kənardan dayanıb bu səhnəni seyr etməyin, içində ağlamağın olardı...

Sonralar bildin ki, demə o situasiyanın əsas fotoqrafı sənmişsən. İçinə axan göz yaşı ilə sən demə hər dəfə onun şəklini ürəyinə köçürürsənmiş. Özü də həmişəlik... Bəlkə də indi o şəkillər heç onun özündə yoxdur. Amma səndə var...

Eh, nə yaxşı ki, utanırdın. Nə yaxşı ki, qorxaqdın. Və nə yaxşı ki, fotoqraf çox tələsmirdi. Yoxsa onun şəkli ürəyində bu qədər keyfiyyətli alınmazdı...

Göy məktəbli forması. Ağ onlük. Ağ bant. Bir dəstə günəşdə parıldayan tel, bir cüt parıldayan gözlər, bir az batıq yanaqlar, bir də çinarlar...

Gör neçə illərdi... Heç saralmayıb...

Eh, yalnız utancaq adamlar hər şeyi içində bu qədər bakirə saxlaya bilərlər sən demə...

P.S. Yazı İlqar Rəsulun Facebook profilindən götürülüb.
# 1489 dəfə oxunub

Oxşar xəbərlər

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
#
#
# # #