Qadın nədir?

Qadın nədir?
19 sentyabr 2012
# 10:10
Murad Köhnəqalanın «Ərə getmək məsələsi» və Səhər Əhmədin «Utanın, axı siz qadınsınız» başlıqlı yazılarını oxuyandan sonra, düşündüm ki, bu mövzuda bir köşə də mən qaralayım. Çünki, belə görünür, bu bütün zamanların mövzusudur Azərbaycanda.

İstənilən Azərbaycan kişisindən «Qadın sənin üçün kimdir?» - deyə soruşsan sənə bir sürü xoş, adamı riqqətə gətirən, pafoslu, şablon olsa da, maraqlı sözlər söyləyəcək. Gəl, bu söz dumanı çəkilib gedəndən sonra ortaya çıxan mənzərə adamı tamam başqa əhval-ruhiyyəyə kökləyir…

Gəlin görək ölkəmizdə nazir, icra başçısı, komitə sədri, nə bilim, deputat, idarə rəisi olan neçə qadın var?

Sonra internetə girib, bəlli ölkələrdəki vəziyyətlə müqayisələr aparın.

Görəcəksiniz ki, qadınlarla bağlı dilimizdə əsrlər boyu formalaşmış ritorikanın bir qəpiklik qiyməti yoxmuş. Əks halda, sosial pilləni eninə-boyuna zəbt etmiş kişi qırıqlarının bu mustəsna imtiyazları nerdən? Bir-iki kəlmə bu haqda danışaq.

Sizə elə gəlmirmi ki, «Qadın ilk növbədə anadır!» - bu mədəni diskursu doğuran təfəkkür qadını başqa rollarda da görmək istəməyən, patriarxat səciyyə daşıyır. Və «Cənnət anaların ayağı altındadır» ifadəsi də məhz bu qavramın ərsəyə gətirdiyi ehkamdır.
Bu mənada biz Hindistandan çox da uzağa getməmişik. Qədim hind müdriklərindən biri belə deyir: «Bütün hindli kişilər analarını ilahə gözündə görür, arvadlarına isə nifrət bəsləyirlər». Hindlilər səmimi-qəlbdən inanırlar ki, qadınlar keçmiş həyatlarındakı günahlarına görə qadın doğulurlar. Odur ki, madam günahkarsan, «çək çiləni, yavrum, çək».

Sual olunur, əcəba, bu qədər zəngin mədəniyyəti olan Şərq ölkələrində qadına bir qədər fərqli münasibət formalaşdırmaq nə çətin işdir axı?

İş də burasındadır ki, çətin işdir.

Əslində, çox-çox digər məsələlər kimi bu problemin kökü də şərq xalqlarının həddən ziyadə «mədəni» olmasındadır. Sivilizasiyaya qovuşmuş cəmiyyətlərdə artıq çoxdandır ki, bu tipli təbəddülatlar yaşanmır.

Bizdə sivilizasiya və mədəniyyət eyni qavramlar kimi qəbul edilir, halbuki bunlar xeyli fərqli şeylərdir. Sivilizasiya – insanın öz əli ilə yoğurub-yapdığı dünyadır, mədəniyyət isə – onun daxili zənginliyidir. Sivilizasiya özündə mədəniyyəti də ehtiva edir. Mədəniyyət isə aristokratik səciyyə daşıdığı üçün kifayət qədər qapalıdır və sivilizasiyadan daha az demokratikdir. Hər hansı Məmmədqulu mədəniyyət incisini, şedevri anlayıb-başa düşməyə bilər, amma şəxsi keyfiyyətlərindən asılı olmayaraq, sivilizasiyadan hər kəs bəhrələnmək imkanına malikdir. Sivilizasiya ilə mədəniyyəti fərqləndirən (mənə görə) başlıca nəsnə isə aşağıdakından ibarətdir: mədəniyyət, onun maddi və qeyri-maddi nümunələri nə qədər köhnədirsə, bir o qədər dəyərlidir; sivilizasiyada inkişafın meyarı isə əsasən sonuncu meydana çıxan şeylərə isnad edir.
Demək istəyirəm ki, bizdə qadınlara münasibətin tarixi ənənəsi var və bizim zəngin mədəniyyətimiz bu ənənənin yaşamasında maraqlıdır.

Qadınlara yalnız şəhvət obyekti kimi baxmaq və uşaqlarının anası gözündə görmək kişilərə sərf eləyir. Qadınlar isə zəngin mədəniyyətimizin tərbiyələndirdiyi güruhun insafına ümid bəsləyə-bəsləyə, haçansa «müqəddəs ana» statusuna yüksələcəkləri günü gözləyə-gözləyə qocalırlar.

Odur ki, Şərq cəmiyyətlərindəki əksər qadınların ürəyi puç olmuş ümidlər, nakam arzular, talesiz sevgilər qəbristanlığıdır.

Bir yandan baxırsan, onlara haqq olur, çünki kişilərdən çox qadınların özünün ucbatından baş verir nə verirsə. Çünki Tanrıdan və kişilərdən mədəd ummaqla iş bitmir, insanın ürəyində öz haqqına qovuşmaq istəyi və təpəri də olmalıdır.




# 2849 dəfə oxunub

Oxşar xəbərlər

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
#
#
# # #