Bir qara gözəlin mavi göz yaşı – Xəyal Rzanın şeirləri

Xəyal Rza, şair

Xəyal Rza, şair

17 aprel 2023
# 17:58

Bu gün şair Xəyal Rzanın doğum günüdür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.


***

Məndən bir şey qalmaz
Bu yer üzündə
Bir qara köpük də
Bir qara daş da
İndi hər nə varsa
Göy üzündədi
Qanadlı balıq da
Qanadsız quş da
Məndən bir şey qalmaz
Bu yer üzündə
Nə şeir, nə yazı, nə söz, nə söhbət
Bütün yetimlərə mərhaba...
Bir də...
Məhəbbət, məhəbbət, yenə məhəbbət!
Məndən bir şey qalmaz
Bu yer üzündə
Mənim nəyim var ki
Mənim kimim var
Yeyib-bitiriblər bütün dünyanı
Bircə mən qalmışam...
Və... Qarışqalar
Məndən bir şey qalmaz
Bu yer üzündə
Yosunlar ehsandı ayaq izimdə
Məndən heç nə qalmaz
Bu yer üzündə
Nə Allah özündə, nə göy özündə
Məndən heç nə qalmaz
Bu yer üzündə...
Yosunlar, yosunlar, yazıq yosunlar
Hər şey mənimlədir, yerdən göyədək
Bütün başlanğıclar və bütün sonlar

(İstanbul-Belgrad-göyün VII qatı 2021)

Qırmızı

Həsrət – qara rəngdədir,
Kədər – boz rəngdə…
Ümid – mavi rəng,
Nə qəribə ahəng?!
Sarı – qəribəlikdir…
Ağ – xoşbəxtlik…
Yaşıl – inamdır,
Qalx bir süfrə aç,
Şam yandır.
Sevginin rəngi – QIRMIZI,
darıxma,
Döyər qapımızı…


Qara gözələ elegiya...

Keçər bu körfəzdən yekə bir gəmi
Gəmidə beş gəmi yazıq adamlar
Bir qara gözəlin mavi göz yaşı
Şopenin ritmiylə dənizə damlar

Görüşüb, öpüşüb, qucaqlaşarlar
Dəniz damlaları özündən bilər
Bu qızın bu yaşda yaşadıqları
Gəlməzmi dünyanın gözündən, gələr

Gah günəş yandırar ümidlərini
Gah sazaq dondurar arzularını
Gözünü yumanda ölmüş körpələr
Gözünü açanda can verən qarı

Neçənci gündüzdür, neçənci gecə?..
Günlərin sayını salıb, itirər...
Qəribə bir dildə nəsə pıçıldar
Bir-bir barmağını sayıb, bitirər

Külək zəhrimar da başlayar yenə
Görünməz dünyanın azad ölkəsi
“Bəlkə aldadıblar, sağ qalan yoxdu”,
Boğular içində yetim həvəsi.

Keçər bu körfəzdən yekə bir gəmi
Gəmidə beş gəmi yazıq adamlar
Bir qara gözəlin... Körpə bədəni...
Bir də ki... buz kimi soyuq dalğalar...

Bu dünya eşq qoxuyar...

Ümidi sındıranlar,
Böyük günah yiyəsi...
Bu gecə gözlərindən,
Gecə qara geyəsi...

Qaranın da ağ günə,
Çıxmağı ağ yalandı.
Qəm eyləmə, çoxunun,
Ömrü belə talandı...

Səhərin gözü kordu,
Görməsə - haqqı çatar!
Bəxt də günəş kimidi,
Gah doğar, gah da batar...

Kor olsa da sevginin
gözləri - eşq oxuyar!
Hər kəs od tutub yansa,
Bu dünya EŞQ qoxuyar!

Üşüdülər...

Üşüdü, üşüdü hər şey,
üşüdü, üşüdü hər kəs...
Üşüdü bir tifil ağac
üşüdü bir qaranəfəs
üşüdü qanadı qırıq
Üşüdü bir əynicırıq
üşüdü dolu adamlar
Üşüdü kimsəsiz damlar
Qış da üşüdü, qış da,
Üşüdü yetim bayquş da.

Üşüdü isti yuvalar,
Bütün kədərli dualar.
Baş götürüb
Hara getdi
bu qara, bu ağ tulalar.

Kimi vicdandan üşüdü,
Kimisi qandan üşüdü,
kimisini sazaq yıxdı
Tanrım, bu qədər adam,
Vallah çoxdu, billah çoxdu.

Evsiz qapı

Salam, yaşıl qapı
Salam, ağ qapı
Köhnə dəmirlərdən
Cağbacağ qapı
Hələ qırmızısı
Sarısı da var
Yarını gözləyən yarısı da var
Sökülmüş uçulmuş köhnə evlərdə
Xəstə, əldən düşmüş qarısı da var…

Salam, evli qapı
Salam, dul qapı
Salam, ağa qapı
Salam, qul qapı
Atılsan kimsənin vecinə olmaz..
Satılsan yox yerdən dolar pulqabı

Salam həyət qapı
Salam yol qapı
Salam, qabaq qapı
Salam, dal qapı
Nəzərdən, fitnədən
Uzaq ol deyə
Boynundan sallanan
Qara nal qapı

Salam, otuz doqquz
Salam, qırx qapı
Salam, söyülməkdən
Üzü tökülmüş
Hər gün min təpiyə
Qonaq edilən
Səbirli, təmkinli,
Ay qırıq qapı

Salam, yaxşı qapı
Salam, pis qapı
Salam, paslı qapı
Salam, his qapı
Salam, qızıl qapı,
Salam, mis qapı
Salam, qara qapı
Avara qapı
Salam, köçkün qapı…
Tər-təmiz qapı.
Salam, evsiz qapı
Ən əziz qapı.

Yetim qapı

Salam, evsiz qapı,
Ən əziz qapı…
Salam, aciz qapı
Çarəsiz qapı
Salam, göy üzünün
Təkbir qapısı
Salam, yer üzünün əsir qapısı…
Yoxsul insanların kəsir qapısı!
Salam, cənnət qapı, cəhənnəm qapı
Ürəyi yaralı, gözü nəm qapı
Hər kəsin bəxtəvər, xoşbəxt sandığı,
Bir az sərxoş qapı, bir az dəm qapı.
Salam, əsəb qapı
Salam, hirs qapı
Salam, höcət qapı
Salam , tərs qapı
Gözləri eynəkli,
əli əsalı
dişləri çürümüş ay şikəst qapı
salam, möhkəm qapı
salam, bərk qapı
salam, alim qapı
salam, dərk qapı
kasıbın-kusubun
ümid çırağı
yetim-yesir üçün
Hələ ərk qapı
Salam, bacı qapı
Ay qardaş qapı
Atam, anam qapı
Həmsirdaş qapı
Yumruğa çevrilən,
Dəmirə dönən
Dərdlərin şəriki –
Vətəndaş qapı!
Salam, namus dağı,
Vicdan ocağı
Qürurüm, şərəfim, qeyrətim qapı
Salam, gözü yolda, qulağı səsdə
Kimsəsiz, binəva, ay yetim qapı…

# 2990 dəfə oxunub

Müəllifin son yazıları

# # #