O gündən sonra anam bir də uçmadı

O gündən sonra anam bir də uçmadı
8 sentyabr 2023
# 12:49

Kulis.az Vüqar Vanın “Ana əfsanəsinin fabulası ətrafında” adlı yazısını təqdim edir.

3-cü sinfin Ana dili dərsliyində belə bir hekayə var idi. Bilmirəm kim, hansı ağılla, niyə və nə üçün bu hekayəni yazmışdı, hansı səbəbə onu üçüncü sinfin dərsliyinə salmışdılar?

Hekayə isə belə idi.

Günlərin bir günü ana xəstələnib yatağa düşür. Ananın dörd uşağı var. Üç oğlan, bir qız. Qızdırmadan yanan ananı ürəyi su içmək istəyir. Amma gedib özü gətirə bilmir. Uşaqlar həyətdə voleybol oynayırlar. Ana övladlarından ən böyüyünü səsləyir.

– Elşad, Elşad, gəl mənə su ver. Dura bilmirəm.

Elşad anasının səsini eşitsə də, hay vermir. Oyun oynamağa davam edir.

Ana Elşadın gəlmədiyini görüb ondan kiçik uşağı səsləyir:

– Samir, Samir, su istəyirəm, gəl mənə su ver.

Samir də anasının səsini eşidir, amma məhəl qoymadan oyuna davam edir.

Ana bu dəfə ortancıl uşağını səsləyir:

– Aytən, Aytən, gəl mənə su ver, boğazım qurudu.

Aytən də anasının dadına yetişmir, oynamağa davam edir.

Ana bu dəfə kiçik oğlunu çağırır:

– Elnur, Elnur, gəl anaya su ver. Dilim-damağım qurudu susuzluqdan.

Elnur da anasına dadına yetişmir.

Ana heç kimin ona su vermədiyini görüb, ah-nalə çəkir, ağlayır və Allahdan xahiş edir ki, onu quşa çevirsin. Allah onun xahişini yerinə yetirir. Ana quş olub uçur və övladlarını özbaşına saxlayıb gedir.

Hekayənin faciəviliyini artırmaq, təsir gücünü çoxaltmaq üçün illüstrasiyalar da çəkmişdilər. Ananın xəstələnməyi, uşaqların voleybol oynamağı, heç kimin anaya kömək etməməyi, ananın quş olub uçmağı və uşaqların yığışıb onun arxasınca həsrətlə baxmağı. Hər situasiyaya bir illüstrasiya həsr olunmuşdu.

Bu hekayəni anam mənə dönə-dönə oxutdurmuş, hətta əzbərlətdirmişdi. Hər gün açıb təkrar elətdirir, şəkillərini göstərirdi. Başa salırdı ki, ananın sözündən çıxanda axırı belə olacaq. Ana quş olub çıxıb gedəcək, qalacaqsan tək. Mən də uşaq ağlımla bu hekayənin həqiqiliyinə inanmışdım. Elə bilirdim anamın sözündən çıxsam o quş olub uçacaq və mən tək qalacağam.

Xüsusən, illüstrasiyalar dəhşətli dərəcədə vahiməli idi. Ananın uçub getməyinə tamaşa edən uşaqları, xüsusilə Elşadın sifətini hələ də unuda bilmirəm. Həə, unuda bilmirəm. Onun gözlərini, sifətini, naəlac göyə qaldırdığı əllərini, üzündən süzülən gözyaşlarını, ləms olmuş bədənini, keyləşmiş üz cizgilərini, anasının sözündən çıxdığı üçün pərt olmağını, əlində tutduğun su dolu stəkanı...

Üçüncü sinfə gedirdim. Və ürəyimdə var-gücümlə çalışırdım ki, anamın sözündən çıxmayım. Axı onun quş olub uçmaq təhlükəsi var.

Günlərin bir günü anamın sözündən çıxdım və o uçdu.

İndi dəqiq xatırlamıram ki, onun sözündən niyə çıxmışdım. Amma olan olmuşdu. Əvvəlcə, məni döydü. Sonra tapşırdı ki, get dərslərini oxu. Mən də gedib dərslərimi oxudum. Axşamüstü, şər qarışan vaxt birdən yadıma düşdü ki, anam yoxdu. Çağırdım, səs gəlmədi. Əvvəlcə evi axtarmağa başladım. Hər yeri axtardım, tapa bilmədim. İçimdəki narahatlıq getdikcə artır, onun uçub getməyi fikri məni rahat buraxmır, buna nə qədər inanmamağa çalışsam da, özümlə bacara bilmirdim. Evdə yox idi. Həyətə düşüb axtarmağa başladım. Həyəcanla hara gəldi baxırdım. Gözlərim dolur, ürəyim əsir, bundan sonra anasız yaşayacağım fikri güvə olub balaca ürəyimə daraşır, məni yeyib məhv edirdi.

Həyətdə də yox idi.

Daha özümü saxlaya bilmirdim. Hönkür-hönkür ağlayır, ağlıma gələn hər yerə baxırdım. Gah evə girirdim, gah həyətə düşürdüm, gah küçəyə çıxıb ətrafa boylanırdım, gah həyətdə mələyə-mələyə anamı səsləyirdim, gah qaranlıq səmaya baxır, hansısa quşu anama oxşatmağa çalışırdım. Amma ana tapılmırdı ki, tapılmırdı. Ürəyim partlayırdı. Özümdən çıxmışdım. Bilmirdim neyləyim. Heç vaxt anam məni tək qoymamışdı. Bu anasızlıqla ilk imtahanım idi. Əldən düşmüşdüm, amma axtarmağı da dayandırmırdım. Məcbur olub qonşulara getdim. Girib bir-bir ananı soruşmağa utanırdım, həm də istəmirdim görsünlər ki, ağlayıram. Qonşularımızın həyətlərinə girir, qapılarının ağzına baxır, ananın geyindiyi şəpitləri axtarırdım. Şəpitləri harda idisə, özü də orda olacaqdı. Ananın gedəcəyi bütün qonşuların qapılarının ağzında onun şəpitlərini axtardım. Amma tapa bilmədim. Naəlac qalıb, təzədən evə qayıtdım. Gedə-gedə mollanın təzə öyrətdiyi “itən şeylərin tapılmağı üçün dua”nı dilimdə zikr edirdim.

“Vəcəəlna min beyni əydikum səddən, vəmin xəlfihim səddən, fə əxşəynahum fəhum la yubsirun”.

Molla tapşırmışdı, bu ayəni üç dəfə oxuyun, itən şey tapılacaq. Mən üç dəfə oxumuşdum, tapılmamışdı. Bu üç dəfələr bir saatın içində üç yüz dəfə olmuşdu. Deyəsən, anam quş olub uçmuşdu. Ürəyimdə özümü danlayırdım ki, axı niyə onun sözündən çıxdım.

Elşadın sifəti gözümün qabağına gəlirdi. Anam ən adi səhvimdə yox olmuşdu. Üçüncü sinifdə oxuyan bir uşaq öz səhvi ucbatından anasını itirməyi üçün nə qədər vicdan əzabı çəkərdisə, mən də o qədər, ondan daha artığını çəkirdim. Qaranlıq tam düşmüşdü. Ay Allah, görəsən, mən indi və bundan sonra nə edəcəyəm? Bacım da evdə yoxdur. Tək qalmışam. Anasız necə yaşayacağam? Kim mənə yemək bişirəcək? Kim məni döyəcək? Belə ağır sualların altında qalıb əzildim, əzab maşınımın əyləcini basıb özümü bir təhər divanın üstünə atdım. Bilmədim neyləyim, yenə başladım ağlamağa. Anam uçmuşdu. Anam uçmuşdu və mənim əlimdən heç nə gəlmirdi.

Divanda ağlayan vaxt bir də gördüm ana gəldi. Zabitəli səsi ilə dedi ki, nə uzanmısan, dur get dərslərini oxu. İndi də anam qayıtmışdı. Allah səsimi eşidib, dualarımı qəbul eləmişdi. Güc-bəla özümə gəldim. Soruşmağa qorxdum ki, hardaydın? Heç soruşmadı, niyə ağlayırsan? İstədim deyəm, elə bildim quş olmusan, özümü saxladım. Çünki özünü elə aparırdı, elə bil, bütün bu baş verənlərdən xəbəri yoxdur. Mən də quş olmağını deməyə qorxdum ki, yadına düşər, bu dəfə həqiqətən uçar, evim yıxılar.

Bu hadisədən sonra anamın uçmaqları intensivləşdi. Ən xırda səhvimdə ana uçurdu və mən hər dəfə aldanıb, elə bilirdim, o, doğrudan da, uçub gedib, məni tək qoyub. Hər dəfə eyni hisslər, eyni böhranlar, eyni travmalar. Amma heç vaxt etiraf edə bilmirdim ki, ay ana, xahiş edirəm, daha uçma. Yoxsa ürəyim qorxudan dayanacaq.

Bu uçmaq məsələsi o qədər məşhur olmuşdu ki, mən axşamçağılar həyətdə qalıb anam üçün qışqıra-qışqıra ağlayanda qonşular bilirdi ki, Sevil uçub, Vüqar onunçün gəzir. Hətta bu prosesə gülə-gülə tamaşa edən, yazığı gəlib mənimlə bir yerdə ananı axtaran adamlar da qoşulurdu. Ana uçurdu və aləmi xaraba qoyurdum, ta ki, o özü gəlib çıxmayana qədər. Bacım böyük idi, başa düşürdü məsələni. Bir-iki dəfə qırağa çəkib sözgəlişi demişdi, “eşşək boyda oğlansan, ana uçmur, səni qorxudur. Qonşulara biabır eləmə bizi”. Amma mən inanmırdım, elə bilirdim mənim hansısa səhv hərəkətimdən ana bərk incidi və uçdu getdi. Qaldım başlı-başına.

Bir dəfə bu söhbətin üstü açıldı. Yenə əzablı axtarışlar vaxtı qapı qonşumuz cavan bir gəlin mənə başıyla ananın yerini göstərdi. 10-15 metr hündürlüyündə yekə su çənimiz vardı. Qaranlıqda yuxarısı görünmürdü. Gərək üstünə çıxaydın. Çənə baxmaq üçün dəmir pilləkənlərlə çıxırdıq. Qonşunun göstərdiyi yer su çənimizin üstü idi. Evin dalından fırlanıb düz su çəninin yanına çıxdım. Gördüm ana pilləkənlərdə səssiz, tərpənmədən dayanıb qalıb.

Gözlərimin yaşını silə-silə soruşdum ki, ana burda neyniyirsən? Bə uçmamışdın?

Dedi ki, çıxırdım uçmağa, qaranlıq idi yerdən uça bilmədim, dedim hündür bir yerə çıxım uçum, əsəbiləşdirmə məni, uçaram ha indi. Get evə, çənə baxıb gəlirəm.

Daha heç kim bu söhbətin üstünü açmadı.

Anam məni aldatdığı üçün sarsıldım. Sən demə, mən ağlaya-ağlaya onu axtardığım vaxtlarda, o haradasa gizlənib məni güdürmüş. Amma səsini çıxarmırmış. Qəribəsi o idi ki, anaların uça bilməməyi həqiqətini öyrənib pis olmuşdum. Elə bil, gözümdə “müqəddəs ana” anlayışı o möhtəşəm parıltısını itirmişdi.

O gündən sonra anam bir də uçmadı.

Quş olan anasının arxasınca ümidsiz-ümidsiz baxan Elşadın illüstrasiyasını unuda bilmirəm.

Və mən hələ də inanmaq istəyirəm ki, kim anasının sözündən çıxsa, onun anası uçacaq, qalacaq özbaşına.

# 2163 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #