İntiqam Yaşar: "Bu il təqaüd alıb, sabah AYB üzvlüyündən imtina edən şəxslər var" - Müsahibə

İntiqam Yaşar

İntiqam Yaşar

16 dekabr 2022
# 15:00

Kulis.az şair İntiqam Yaşarla müsahibəni təqdim edir.

– Dünya Çempionatını izləyirsiniz?

– Bəzi stadiondan canlı izlədiklərimi çıxsaq, heç vaxt futbola baxmamışam. Diqqətimi çəkməyib. Amma dostlarımı qıcıqlandırmaq üçün onların dəstəklədiyi komandaların əksinə olan komandaları həmişə dəstəkləyirəm.

Dünya Gənc Türk Yazarlar birliyinin başqanısınız. Qurumun fəaliyyəti ilə bağlı nələri deyə bilərsiniz?

– Qurumun əsası 1998-ci ildə qoyulub. 2023-cü ildə 25 illiyimizdir. Təşkilatın missiyası türk ölkələri arasında ədəbi-mədəni əlaqələri inkişaf etdirməkdir.

Gənc yazarların çap olunması da bura daxildir?

– Bəli. Dünya Gənc Türk Yazarlar Birliyi statusca beynəlxalq təşkilatdır. 1999-cu ildə Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınıb. Türk ölkələrində yaşayan gənc yazarların bir-biri ilə əlaqəsi çərçivəsində müxtəlif antologiyalar çap olunur. Üzvlərimizin yazıları qardaş ölkələrin dərgilərində dərc edilir. Müsahibələr, konfranslar, görüşlər keçirilir.

Digər türk ölkələrindən də üzvləriniz var?

– Müstəqil türk dövlətlərindən, eyni zamanda, hələ müstəqillik qazanmamış türk topluluqlarından var.

– Gənclərin digər türk ölkələrində çap olunmasını hansı kriteriyalara görə seçirsiniz?

– Ədəbi mühitin içində olan adamlar az da olsa bilirlər ki, ədəbi mühitdə kimlərin türk dünyasına sevgisi var. İstedadından asılı olmayaraq türk dünyasına sadiq olan adamların yeri həmişə ürəyimizin başındadır. İstedadı şedevr olan biri də olsa, türkçülüyə sevdası yoxdursa bizim üçün çox da önəm daşımır. Onların öz çevrələri var, bizə o qədər də maraqlı deyil. Adından da göründüyü kimi təşkilatın missiyası türkçülüyə, türk dünyası ədəbi-mədəni əlaqələrinə xidmət etməkdir.

– Onda bu bir növ ideoloji məsələdir. Qeyd etdiniz ki, seçimdə istedada önəm verilmir. Sizcə, ədalətsiz seçim deyil?

– Yox istedadın önəmi sözsüz ki, var. Və ən öndə istedad gəlir. Amma hər hansı bir istedadlı adam bizim baş tacı bildiyimiz amallara, ideallara uyğun olmayan münasibət göstərirsə bizim yanımızda işi ola bilməz. Türkçülük sadəcə bir ideologiya kimi qavranmamalıdır.

İdeologiya deyəndə onun mahiyyətini bir qədər daraldırıq. Bu yola istehza ilə yanaşan mahiyyətini aşağılayan adamlara təşkilatda yer yoxdur. Dünyada baş verən son proseslər göstərir ki, illər öncə türkçülüyü ələ salan adamlar indi bu mövzu aktuallaşdıqca türkçülər arasında özünə yer eləmək istəyir, bəzən də o yolun fədakarlarından daha öndə olmağa cəhd edirlər. Mövzu vətəndirsə, gerisi təfərrüatdır. Bu heç bir aspektdən müzakirə mövzusu ola bilməz.

Ədəbiyyatın ideologiyadan kənar olduğu deyilsə də, bütün dövrlərdə ədəbiyyat həm də ideologiya olub. İndi də elədir. Dünya səviyyəli heç bir əsəri təşkilatlanma olmadan yüksək pillələrdə görməmişik. Hansısa qurumlar bu gün də önə çıxarmaq istədikləri əsər ətrafındakı işləri koordinasiya edir, prosesləri idarə edir və nəticəyə nail olur.

Bizim yazarların çatışmayan cəhətlərindən biri də yaşadığı dövrü düzgün qiymətləndirməməkdir. Elə bilirlər ki, yazmaqla missiyaları bitir. Bizim kimi ölkələrdə yazıçının əsas missiya yazdıqdan sonra başlayır. Yazdığını ortaya çıxarmaq üçün iş aparmasan mümkün deyil. Bu gün Azərbaycanda nəşriyyat sistemi yoxdur, mətbəəçilik nəşriyyatçılıq deyil. Dünyada nəşriyyat sistemi oturuşub, institutlaşıb. Dünyada önəmli ödüllər alan, məşhurlaşan əsərləri müəllifi hər hansısa mətbəədə çap edib, dost tanışı ilə imza günü edib missiyasını bitmiş hesab etməyib.

– Təşkilat olaraq hansı gəncləri dünyada tanıtmısınız?

– Əslində, mütləq dünyaya kimisə çıxarmaq kimi bir vəzifəmiz yoxdur. Heç son 30 ildə ölkə olaraq hansısa müəllifimizi dünyaya çıxara bilməmişik. Bizim təşkilatın missiyası türk ölkə və topluluqlarında ədəbi əlaqələrin inkişafına təkan verməkdir. Bu təşkilat Azərbaycana xeyli dost qazandırıb. İkinci Qarabağ savaşında təşkilatımızın üzvü olan və olmayan, Rusiya da daxil olmaqla bir çox ölkələrdəki yazarlar, (onların sırasında Nobel mükafatına namizədlər də vardı) Azərbaycana dəstək verdilər. O dəstək bəyanatlarından biri ölkə başçısının rəsmi saytında da yer alır.

– Gənc yazıçıların kitablarını çap edirirsiniz?

– Bəli, müəlliflərin fərdi şəkildə kitabları da çap olunur. Amma fərdi kitablardan daha çox toplular nəşr etdiririk. Konfranslar şeir gecələri keçiririk.

– Burada, yoxsa digər ölkələrdə?

– Həm Azərbaycanda, həm başqa ölkələrdə.

– Bir az da yaradıcılığınızdan danışaq, necə gedir yaradıclığınız? Sədrlik mane olurmu yaradıcılığa?

– Təbii ki, təşkilatçılıq, tədbirlərə qatılmaq və s. vaxt baxımından təsir edir. Bu il kitabım çap olunmalı idi. Vaxt çatmadı şeirləri toplayıb kitablaşdırmağa. Düzdür o şeirlərin böyük əksəriyyəti mətbuatda dərc olunub. 2023-cü ildə, inşallah, kitab çıxar.

– Sosial şəbəkələrdə niyə az görünürsünüz?

– Bu, yaşla əlaqəlidir. Müəyyən bir müddətə qədər insan çox görünməyə çalışır. Ondan sonra isə geri çəkilir. İki-üç ildir ki, efirlərə çox da çıxmaq istəmirəm. Dəvətlər olanda da, əksər vaxt digər qələm dostlarımıza yönəldirəm. 20-25 yaşında həyata baxışın ondan sonrakı yaş mərhələsindəki kimi olmur. Sosial şəbəkələrdə informasiya axını o qədər sürətlidir ki, insan yorulur. Uzaqlaşmaq istəyir.

– Gənc şairlərdən kimləri oxuyursunuz?

– Gənc nəsildən çox gözəl imzalar yetişir. Ad çəksəm o qədər də düzgün olmayacaq. Demək olar ki, əksəriyyətini oxuyuram.

– Sizi qane edir?

– Çox gözəl imzalarımız var. Bizdə dünyaya çıxmaq deyə mücərrəd bir anlayış var. Hamı deyir dünyaya çıxmaq. Elə bil biz dünyadan kənarıq. Heç kim bunu açmaq istəmir. Əgər dünyaya çıxmaq kitabların başqa ingilisdilli, fransızdilli, ispandilli və s. ölkələrdə çap olunmasıdırsa buna görə iş aparılmalıdır. Bu işi də özümüz görməliyik. Azərbaycanda yazıçıların özlərini dünyaya təqdim etmələri üçün müqavilə bağlayacağı bir qurum olsa daha yaxşı olardı. Olmadığı üçün yazıçı məcburdur ki, öz təbliğatını özü aparsın.

– Bəs siz hansısa kitabı xarici dilə tərcümə etdirmisiniz?

– Kitab şəkilində olmasa da, bir qisim şeirlərim rus, özbək dillərinə tərcümə olunub. İndi bir kitabım özbək türkcəsində çapa hazırlanır.

– Bəs Türkiyə türkcəsinə?

– Hələ ki, Türkiyə türkcəsinə də normal tərcümə edə bilmirik. Elə bilirik ki, Türkiyə türkcəsini başa düşürük deyə tərcümə də asandır. Amma praktika göstərir ki, çətinlik çəkirik.

– Sizin qurumda tərcümə prosesi necədir?

– Hazırda ölkəmizdə tərcümə prosesi qəliz olduğu üçün bu işdə könüllü dostların yardımından istifadə edirik. Tutaq ki, ölkəmizdə rus dili, ingilis dili və s. bilən qələm dostlarımzdan kömək istəyirik. Tərcümə işi gənclər arasında daha böyük problemdir.

– Ədəbiyyat, poeziya sizin üçün nədir?

– Ədəbiyyat hər kəsin həyatının önəmli bir hissəsində durmalı olan bir anlayışdır. Ədəbiyyatı sevən, ona ciddi münasibət göstərən adamlar qeyri-insani işlərlə məşğul ola bilməzlər. Suya tələbatımız olduğu kimi ədəbiyyata da var. Başqa cür düşünmək də olmaz. Cəmiyyətdə getdikcə xoşagəlməz hallar artır. Reytinq xətrinə də tirajlanır. Bunun şüuraltımıza vurduğu zərbəni isə heç kim düşünmür. Bu gün bizim medianın İP dərdi, televiziyaların isə reytinq yanğısı çox dərin mənfi nəticələrə aparır. 2006-cı ildən televiziyanı izləmirəm. Təsadüfən olduğum hansısa məkanda televizor olduqda yarım saat onun qarşısında əyləşdikdə dəhşətə gəlirəm. Nə mövzu, nə efir estetikası, nə də dil qaydasındadır.

– Şoudur...

– Heç şou da deyil. Məişətin tam altındadır. Vəziyyət olduqca qəlizdir.

– Yəni belə bir şəraitdə ədəbiyyat da oxunmayacaq?

– Əksinə, ədəbiyyat bu durumdan yeganə çıxış yoludur. İnsanın düzgün istiqamətlənməsi üçün təməl prinsiplər var. O təməl prinsip elə ədəbiyyatdır. Təməl prinsipə əməl etmədikdən sonra nə etsən boşdur. Bu gün vaxtını TikTok da keçirən ədəbiyyat oxumayan nəslin ardınca hansı nəsli gətirə biləcəyi sual altındadır?!

– Sizcə, Azərbaycanda Yazıçılar Birliyi olmalıdırmı?

– Bu sadaladığınız məsələlər ki var, mediada və sosial şəbəkələrdə davamlı şəkildə tirajlanır. Sizi əmin edirəm ki, o rəy yazanların, 95 %-i kitabdan çox uzaq adamlardır. Yəni bu tirajlanan mövzu “mətbəx”dən çox uzaq mövzulardır. AYB-nin ədəbi prosesdə gördüyü mənfi bir iş yoxdur.

– Müsbət var?

– Müsbət işi də odur ki, çox yaxşı imzalar var üzvləri sırasında. Təbii ki, ədəbiyyata dəxli olmayan, illərdir varlığı və yoxluğu bəlli olmayan adlar da çoxdur üzv siyahısında. Bununla bağlı da yeni yanaşma, olacaq, yəqin ki. Son müzakirələrdə bu məsələyə toxunuldu. Üzvlər arasında yaxşı imzalar da var. Üzv olmayanların da hamısı bənzərsiz istedada malik imza, ya da əksinə istedadsız deyil.

Bütün bu imzaların cəmi elə ədəbi palitramızı təşkil edir. Qardaş Türkiyəyə baxsaq, orada yazıçılarla bağlı bir-birini inkar edən, təsdiq edən çoxlu qurumların olduğunu görərik. Bu fərqli bir yanaşmadır və olmalıdır. AYB-nin olmasının da nəyi pisdir ki? Axı onun varlığı heç kimə ziyan vermir. O qurumun xeyli istedadlı gəncə dəstəyini görmüşəm. Məsələn, onlara təqaüd verib. Bu pisdir ki?! Bu il təqaüd alıb, sabah AYB üzvlüyündən imtina edən şəxslər də olub. O qurumun təqdimatı əsasında hər il iki gənc yazara azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatı verilir.

­– Sizə hansı mükafatı verib?

– Ötən il “İlin gənci” bir dəfə də “Uğur” mükafatı veriblər. “Uğur” mükafatı verilən gənclər arasında AYB-yə üzv olmayanlar da var idi. Səhərdən axşama qədər AYB-ni tənqid edən adamlar bu qurumun mətbuat orqanlarında dərc olunurlar. Düzdür, qonorar zəifdir. Bu istiqamətdə başqa proqramlar olsa, daha yaxşı olar. Mədəniyyət Nazirliyi bu istiqamətdə və kitab siyasəti istiqamətində bəzi proqramlar həyata keçirsə yaxşı olar.

Məsələn, ölkədə minlərlə kitabxana var. Ölkədə yuvarlaq bir rəqəm olaraq, 3000 kitabxana olduğunu düşünsək, hər kitabxana kitabı çap olunan bir gənc yazarın 5 kitabını alsa, çox gözəl bir nəticə ortaya çıxmazmı?! Bunun nəticəsində həm kitabxananın kitab fondu zənginləşər, həm kitabların tirajı artmış olar, həm də gənc müəlliflər üçün böyük maddi dəstək, stimul olar.

– Bəs Anar haqqında nə düşünürsünüz? Artıq 35 ildir ki, o AYB-nin sədridir.

– Əslində, Anar müəllimin nüfuzu və quruma yanaşması baxımdan AYB-nin görmək istədiyi işlərdə onun kimi adamlara ehtiyacı var. O getdikdən sonra bu vəzifəyə ən azından onun durduğu yerə layiq olan biri gəlməlidir.

– Anar sədrlikdən getsə, AYB bağlanar?

– Hazırda ləğv olumağı real görünmür. Amma Anar müəllimdən sonra gələn biri müxtəlif dairələr tərəfindən ciddi qəbul olunan olmalıdır. Ondan sonra kimin seçiləcəyini tarix göstərəcək.

– Növbəti 5 ildə yenə də Anarın seçilməyini istəyərdiniz?

– O istəmirsə, biz istəyə bilmərik.

– Neçə yaşınızdan şeir yazmağa başlamısınız?

Orta məktəb vaxtlarından cızma-qaram olub. Əsas şeirləri isə universitet vaxtlarından yazmağa başlamışam. O vaxt universitetin mətbuat orqanında və digərlərində şeirlərim dərc olunub.

– Deyirlər ki, şair sevməlidir, əzab çəkməlidir. Bu fikirlə razısınız?

– Bu AYB-yə üzv olmaq və ya olmamaq kimi müzakirə olunan bir məsələdir.

– Yaxşı yaşayışı olan şair yaza bilməz?

– Bir var şeir qoşmaq, bir də var şeir yazmaq. Pis həyat yaşayan adamların hamısı şair deyil ki. Şair əzab çəkməlidir fikri bir dövrün propaqandasıdır. Elə bilirlər ki, ədəbiyyat adamı əzab çəkməlidir. Niyə axı? Normal əmək fəaliyyəti, iş şəraiti varsa şair də öz həyat təminatını yerinə yetirə biləcək. Bunlar çox absurd və ədəbiyyata aidiyyatı olmayan məsələlərdir.

– Azərbaycanlıların yazıçıya münasibəti belədir. Deyirlər yazıçı kasıb olmalıdır.

– Bu fikir yanlış propaqandanın nəticəsidir. Bir adamın istedadı varsa, o, normal şəraitdə də, qeyri-normal şəraitdə də yazacaq.

– Yazıçı hər hansısa quruma üzv olmalıdır, yoxsa tamam azad olmalıdır?

– Hər hansısa bir quruma üzv olub-olmamaq məsələsi çoxdan aktuallığını itirib. AYB üzvlərinin heç birinə demirlər ki, bunu yaz, ya da bunu yazma. Üzv olmaq və ya olmamaq fövqəladə bir fərq yaratmır. Yazıçılar Birliyinin çox istedadlı üzvləri də var, istedadı olmayan üzvləri də var. Yazıçılar Birliyinin üzvü olmayan hər kəs istedadlı olmadığı kimi.

– Hansı şairlərdən təsirlənmisiniz?

– İndi təsirlənmək məsələsində fərq qoymuram. Bəlkə də, 20 yaşlarımda qoymuşam. Heç bir şairin bütün şeirləri şedevr deyil. Şeirin də taleyi var. Bəzən zəif bir şeir güclünü üstələyir. Halbuki həmin zəif, o qədər də güclü ədəbi taleyi olmayıb. Şairlərə də bu cür yanaşıram. Azərbaycan ədəbiyyatında sevdiyim şairlər çoxdur. Hamısına hörmət edirəm. Azı hər şairdə bəyəndiyim iki-üç şeir var.

– Zəif və ya güclü şeir necə olur?

– Güclü insan hislərini ötürə bilən süni olmayan şeirlərdir. Mənə görə şeirin əsas özəlliyi daxili enerjisidir. O daxili enerji yoxdursa, şeir deyil sadəcə nəqli cümlələrdir. Sərbəst şeirin daxili enerjisi çox gözəldir. Şeirin nüvəsi onun daxili enerjisidir.

– Bəs siz ən yaxşı şeirinizi yazmısınız?

– Heç bir şair bunu deyə bilməz. Çünki mənə görə yaxşı olan şeir sizə görə pis ola bilər. Bu bir az şərti məsələdir.

– Azərbaycan şairlərindən kimləri sevirsiniz?

– İxtisasım Azərbaycan dili-ədəbiyyat olduğu üçün dilin təmizliyi məsələləri mənim üçün önəmlidir. Məsələn, klassik ədəbiyyatdan təmiz qəzəllər yazan Əliağa Vahidi çox sevirəm. Dilə xidmət baxımından onun qəzəlləri heyrətamizdir. Müasir şairlərdən də çoxunu bəyənirəm.

Şeirdə dil faktoru nə qədər önəmlidir?

– Daşıyıcısı olduğun dilin qayda-qanunlarına əməl etmək istər, şeir istərsə də publisistikada birinci şərtdir. Yazdığın dildə normal danışa bilmirsənsə, yazmağına ehtiyac yoxdur. Azərbaycan türkcəsində danışa bilmirsənsə nə yaza bilərsən axı?!

– Müasir Azərbaycan ədəbiyyatının nəsrindən kimləri oxuyursunuz?

– Hazırda Məmməd Orucun “Köçürülmə” romanını oxuyuram.

– Tunisdə beynəlxalq festivala getmişdiniz. Necə keçdi?

– 42-ci Beynəlxalq Şeir Festivalı idi. Dünyanın 14 ölkəsindən şairlər gəlmişdi. Çox maraqlı insanlar tanıdım. Argentinadan, İspaniyadan, İtaliyadan Ərəb ölkələrindən xeyli qonaqlar var idi. Festival iki gün davam etdi. Belə tədbirləri əlaqələr baxımından yüksək qiymətləndirirəm. Çünki bu cür əlaqələr gələcəkdə əməkdaşlığa çevrilə bilir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm, o festivalda iştirakıma dəstək göstərdikləri üçün.

– Şeirlərinizi oxudunuz?

– Bəli.

– Hansı dildə?

– Orda hərə öz dilində oxuyurdu. İngiliscə həmin şeirin tərcüməsi səsləndirilirdi.

– Təşkilatçı kim idi?

– Tunisin Mədəniyyət Nazirliyi. Sonda iştirakçılar təltif olundular.

– Sizə ordakı çıxışınıza görə qonarar verildi?

– Digərlərində olsa da, bunda yox idi. Bütün iştirakçılara medal verildi.

– Tədbirə yerli əhalinin münasibəti necə idi?

– Onlarda poeziya həssaslığı daha çoxdur. Maraqla yanaşırdılar.

– Sonda bizə sevdiyiniz beş şeir, beş roman və beş filmin adını deyin, zəhmət olmasa.

– 1. Səməd Mənsur "Rəngidir"

2. Ramiz Rövşən " Bir səhər yuxudan durub"

3. Musa Yaqub "Sən mənə verdiyin əzaba görə"

4. Vaqif Bayatlı "Səni niyə belə sevdim"

5. Eldar Baxış "Sərçə balası"

1. Hüseyn Nihal Atsız – “Bozqurdlar”

2. Yusif Səmədoğlu – "Qətl günü"

3. Qurban Səid – "Əli və Nino"

4. Anar – "Ağ qoç-qara qoç"

5. Fərman Kərimzadə – "Xudafərin körpüsü"

1. İsa Muğanna, Həsən Seyidbəyli – "Nəsimi"

2. Çağan Irmak – "Babam və oğlum"

3. Nuri Bilgə Ceylan – "Ahlat ağacı"

4. Saray filmi (Güney Azərbaycanımızın filmidir) çox istərdim hamı izləsin.

5. Ceyhun Mirzəyev – "Fəryad"

# 1841 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #