Gənclərə səviyyəsizlik aşılayan Əli Xəyyamla DJ Turalın məqsədi nədir?

Əli Xəyyam, dj Tural

Əli Xəyyam, dj Tural

19 aprel 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “Bələkdəki əqrəblər” adlı yazısını təqdim edir.

Bəzi adamlar var, hansı ki, çox güclü manipulyatordurlar. Onlar kütlələrinin və özlərinin hansı ağılın yiyəsi olduqlarını bilir və buna uyğun rəftar edirlər. Elə taktiki gedişlər edirlər ki, həm özlərini ağıllı göstərirlər, həm kütlələri orqazm olur, həm də pul qazanırlar. Bu adamlara el dilində desək şarlatan, el dili ilə deməsək psevdo-intellektual deyirlər.


Bu gün sizə ikinci-üçüncü kurs tələbə qızların sevimlisi, gənc şair, məşhur şərq şairi Ömər Xəyyamın xələfi, həyat kouçu, ştanqist, şeirlərində el gözəllərinin tərənnümü geniş yer alan (adamın Allahı var, Molla Pənah Vaqifin yaradıcılığında da el gözəllərinin tərənnümü xətti geniş idi, amma hər oxuyan Molla Pənah olmaz deyiblər), Azərbaycanın Səfa Mehdilər fəsiləsinə aid olan Əli Xəyyamdan və;

Həm tarixçi, həm hüquqşünas, “prava”sını pulla yox, imtahanla alan, yol hərəkət qaydalarını dərindən mənimsəyən, nəyin neçə kilometrə nə qədər yandırdığını dəqiq bilən Dj Turaldan danışacağam.

Deməli, bu adamlar iki dənə radio mikrofonu tapıblar, kameranı qoyub, kofe içə-içə, yutubda başlayırlar camaata məsləhət verməyə. Ki, “sevgi nədir?”, “namus nədir?”, “empatiya nədir?”, “şəxsi inkişaf nədir?”, “təkamül nədir?”, “mədəniyyət nədir?”, “niyə hobbimiz yoxdur?” və bu kimi yüzlərlə, minlərlə videolar.

“Sevgi nədir?” videosuna baxmışam. İstəyirəm ki, elə bu video üzərindən yazıya davam edim.

Video başlayan kimi Tural deyir: "Çarlz Bukovskinin belə bir sözü var”.

Ümumiyyətlə, məndən sizə bir qardaş məsləhəti. Əgər kimsə Bukovsidən misal çəkirsə, bilin ki, o püləyir. Heç bir ciddi bilgiyə malik deyil, sizi axmaq yerinə qoyur. Bukovski özü ciddi bir yazıçı və ədəbiyyat adamı olmayıb, keflə yaşayan, ömrünü içki ilə, qızlarla xoşbəxt şəkildə keçirən bir adam olub. Onun ədəbiyyata heç iddiası yoxdur, bu cür adamlar zorla Bukovksidən yazıçı düzəltmək istəyirlər. Çünki Bukovskinin tipajı onlara sərf edir. İçki aludəçisi, heç nəyi vecləməyən, həyat haqqında pafoslu, səviyyəsiz ifadələr və s.

Tural davam edir: “Bukovski deyir ki, əgər bir cütlük eyni filmə baxmırsa, nə vaxtsa onlar boşanacaqlar”. Ba, ba, ba, ba. Pafosa, banallığa, bayağılığa bax. Bu nədir axı?

Açığı, mən bu ifadəni internetdə xeyli axtardım, heç bir şey tapa bilmədim, bilmək olmaz, bəlkə də, Bukovski belə söz deməyib, Tural püləyir. Amma lap tutaq ki, deyib. Bunun söhbətə nə dəxli var ki? “Sevgi nədir?” mövzusuna edə biləcəyiniz giriş elə bu qədər olacaqdı da. Vallah, mənim nənəmlə babam heç bir filmə-zada baxmayıblar, gül kimi də yaşayıblar, bir yerdə şad-xürrəm ömür sürüblər.

Əli Xəyyam danışanda, ümumiyyətlə, ətim tökülür. Yavaş-yavaş, səs tellərini titrədə-titrədə, elə şəhvətli danışır ki, guya filosof-zaddı. Elə bilirəm ki, indi məni soyunduracaq. Bu hərəkətlərin hamısı kütləyə hesablanmış, birbaşa xüsusi bir seqmentə biçilmiş şeylərdir. Təbii ki, onların bu cür səviyyəsizliklərdən pul qazanmaları, öz banal, bayağı fikirlərini səsləndirmələri məni narahat etmir. Məni narahat edən odur ki, bu adamlar gənclərə səviyyəsizlik aşılayırlar. Hansısa ikinci-üçüncü kurs bir gənc bu adamlara qulaq asıb, gedib Bukovskini tapa bilər, onun dediyi hansısa qıraqdan dolu görünən, amma içi bom-boş bir fikrinə inana bilər. Və bu hal kütləvi olaraq da baş verə bilər.

“Sevgi nədir?” videosu başdan-ayağa səviyyəsiz, biabırçı bir videodur. Təbii ki, hamısını izləmədim. Bir az ordan, bir az burdan, onsuz da, Əli Xəyyamın saqqalına baxanda, adam bütün videonun mahiyyətini başa düşür.

Keçirik növbəti, ən maraqlı, “Niyə kitab oxumalıyıq?” adlı şedevr videoya. Bu video şah əsərdir, türk qardaşlarımız demiş, başyapıttır. Bu videonun minlərlə, milyonlara nüsxəsini çıxarıb hər yerdə göstərmək lazımdır. Hər kəs bu videodan xəbərdar olmalıdır.

Əli Xəyyam müəllim deyir ki, “gənclərin bədii ədəbiyyat oxumağına qarşıyam”. Görün müəllim necə gözəl fikirlər səsləndirir, necə səlis danışır, necə intellektual düşüncələr deyir, gəncləri necə maarifləndirir.

Bax mən bunu nəzərdə tuturam. Hansısa hələ beyni və düşüncələri formalaşmamış, onsuz da, kitab oxumayan gənclər Əli Xəyyamın bu fikrini əsas götürüb kitab oxumaya bilər. Bilirik ki, adam gənc olanda belə axmaq-axmaq fikirlərin əsirinə çevrilir, dərhal o düşüncənin təsirinə düşür.

Mən qanmaz, nadan adam deyiləm. Bilirəm ki, Xəyyam Əli müəllim nə demək istəyir? O deyir ki, bəs həm də psixologiya, fəlsəfə, dəqiq elmlər-zad öyrənin. Bədii ədəbiyyat vaxt itkisidir-filan.

Birincisi, dediyinə görə, əgər sən bədii ədəbiyyat oxuyub, bu qənaətə gəlmisənsə, niyə imkan vermirsən, səni dinləyən hansısa bir gənc də bədii ədəbiyyat oxuyub bu qənaətə gəlsin.

İkincisi, əgər sən bambılı kitablar oxumusansa, bu bizim günahımız deyil. Mənə yaz, vaxtım olanda sənə ömürlük bədii ədəbiyyat siyahısı verim, ondan sonra görək hələ də bu fikirdəsənmi?

Üçüncüsü, Əli Xəyyamın o yaşı və dövrü deyil ki, durub mən ona bədii ədəbiyyatın faydalarını izah edim.

Dördüncüsü, Əli Xəyyamın dedikləri, kitabı çörək əvəzinə yeyən cəmiyyətlərdə, mühitlərdə haradasa doğru ola bilər. Çünki insan bir müddətdən, çoxlu roman oxuyandan sonra seçici olmağa başlayır, ancaq özünə lazım olan kitabları oxuyur. Bizim cəmiyyətimizdə isə yerli-dibli kitab oxumurlar. Onlara durub desən ki, sən bədii ədəbiyyat oxuma, get elmi kitablar oxu, lap biabırçılıq olar. İndi yenə cəhənnəm, Çingiz Abdullayev, Xalid Hüseyni, Murakami, Elif Şafak-zad oxuyurlar.

Biz hər gün dava-qırğındayıq ki, kitab oxunmur, oxucu yoxdur, ədəbiyyat ölür, nəşriyyat, kitab, naşir-filan, hansısa bir “yutuber” də durub deyir ki, gənclərin bədii ədəbiyyat oxumağına qarşıyam. Ba, adamı bu yandırır da, Kərbəlayi.

Əli Xəyyamın kitab tövsiyələrinə baxın:

1. Megan Daley - Kitab Oxuyan Uşaq Böyütmək
2. Cem Say - 50 Sualda Süni Zəka
3. Yuval Noah Harari - Sapiens
4. Ahmet Hamdi Tanpınar - Saatleri Ayarlama Enstitüsü
5. Doğan Cüceloğlu - Uğura Aparan Ailə
6. Doğan Cüceloğlu - İnkişaf Etdirən Ana-Ata
7. Notos Dosyeləri
8. Yuval Noah Harari - Homo Deus

Müəllim, ağzına nə gəlib tövsiyə edib. Yazıq.

Üstəlik, tam səmimi deyirəm, Əli Xəyyamda acizlik, zəiflik kompleksi var. Elə ancaq ingilis gənclərindən, türk gənclərindən, İsveç ailmlərindən-filan danışır.

Adamın Allahı var, gərək on iki imama ağlayanda bir dəfə də Yezidə ağlayın. Tural nisbətən normal danışır, Əli Xəyyamdan daha səmimidir. Müəllim hələ deyir ki, mənim şeir oxumağa vaxtım yoxdur, ancaq yazmağa vaxtım var. Açığı, bu söhbət səni narahat eləməsə də, bizi narahat edir. Çünki şeir oxumadan yazdığın şeirlər adamın ürəyini bulandırır. Görəsən, Əli Xəyyam öz şeirlərini oxuyur, yoxsa ona da vaxtı yoxdur?

Bu adamların, ümumiyyətlə, qibləgahları Tolstoy, Dostoyevski zaddır. Mən inanmıram ki, bu adamlar ciddi ədəbiyyat oxuyan, ümumiyyətlə, ciddi mütaliə edən adamlardır. Vur-tut 200-300-dən artıq kitab oxuyarlar, ya yox.

Bax bu məni narahat edir ki, həmişə olduğu kimi ölkəmizdə heç bir sahədə öz professionalı, işini bilən adam yoxdur. Kitab bilən, kitab oxuyan adamlar qalıb qıraqda sakitcə kitablarını oxuyur, bu adamlar, bu cür insanlar düşüblər ortalığa ki, kitab oxumayın filan.

Sonda Əli Xəyyam və DJ Turala bir sualım var. Əgər bu məsəlin nə demək olduğunu tapa bilsələr, hərəsinə öz kitabımı hədiyyə edəcəm, oxuyub, bəlkə, haqq yolunu taparlar.

“Bu dünyada ölüm varsa, zülm var” – Bu məsəlin mənası nədir? Vaxt getdi. Davay!

# 10088 dəfə oxunub

Müəllifin son yazıları

# # #