Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?
22 aprel 2024
# 12:00


Kulis.az Vüqar Vanın “Necə yazmaq lazımdır?” adlı yeni yazısını təqdim edir.

Məndən sonra gələn gənc yazıçı dostlara kiçik xatırlatma. Əgər aşağıdakılardan kiminsə xoşuna gəlmək istəsəniz, belə yazmalısınız:

1. Əkrəm Əylislinin xoşuna gəlmək üçün:

"Kəndə qayıdan kimi cırıq corablarını qabağına töküb bir neçə saat nə ki var onlara baxdı. Cırıq corablarında gördü ki, ata-anası hələ sağdır, anası çeşmədən su daşıyır, atası axşam düşənə yaxın oturduğu çinarın dibindən evə qayıdır".

2. Anarın xoşuna gəlmək üçün:

"– O niyə utanır?
– Çünki corabı cırıqdır".

3. Həmid Herisçinin xoşuna gəlmək üçün:

Onu tanımasam da, cırıq corablarıyla, həə, cırıq corablarıyla...

Tanışam.

Onun cırıq corablarını, üzr istəyirəm, cırıq corablarının bir tayını görmək bəs idi. Corabının cırıq yeri, inanmazsız, bir cadu kimi göründü mənə. Möcüzədir bax bu mənzərə. Möcüzə. Corabının arxasındakı yazını, cadunu oxumaq isə hələ ki imkan xaricindədir. Gərək güc verib, yallah, o cadunu oxuyum. İnanıram onun cırıq corabları nə vaxtsa, kömək edəcək taleyüklü vaxtda mənə. Sirlərini, yazılarını bittə-bittə deşifrələyəcək.

4. Şərif Ağayarın xoşuna gəlmək üçün:

“Babamın corablarını mən cırmışam”.

5. Ramiz Rövşənin xoşuna gəlmək üçün:

Corablar bir olmur, atam balası, -
cırığı var, deşiyi var.
Amma hər kişinin
geyinib gedəsi
Təzə bir qara coraba
ehtiyacı var.

Yeri, yeri, corabı cırıq qadın,
Kiri, ki
ri, corabı cırıq qadın”.

6. Seymur Baycanın xoşuna gəlmək üçün:


“Corabı cırıq idi".

7. Seyran Səxavətin xoşuna gəlmək üçün:


"O hər gün ölən anasının cırıq corablarını iyləyib yatırdı".

8. Aqşin Yeniseyin xoşuna gəlmək üçün:


"Amerikalı sosioloq (adı dəqiq yadımda deyil) deyirdi ki, on dördüncü sənaye inqilabından sonra cırıq corablar cırıq mədəniyyətlər kimi məşhurlaşacaq. Halbuki Şərqdə 3-cü əsrdə (dəqiq tarix yadımda deyil) cırıq corab geyinirdilər".

9. Rasim Qaracanın xoşuna gəlmək üçün:

“AYB pisdir”.

10. Günel Mövludun xoşuna gəlmək üçün:

“Atam mənə heç vaxt təzə corab almazdı. Corablarım cırıq idi. Qonaq getdiyim yerlərdə cırıq corablarımdan utanırdım. Ona görə atama nifrət edirəm”.

11. Əli Novruzovun xoşuna gəlmək üçün:


"Corabı cırıq idi deyə onu işə götürmədilər".

12. Şəhriyar del Geraninin xoşuna gəlmək üçün:


"Gecənin təkində, xatirələr səfində cırıq corabına baxdı".

13. Kəramət Böyükçölün xoşuna gəlmək üçün:

Keçən dəfə yolda təxminən on yaşında bir qızcığaz yaxınlaşıb dedi:

­– Dayı, corab satıram, istəmirsən?

Üzünə baxdım, o qədər şirin idi ki... Yanaqları qıp-qırmızı, sığallı saçları üzünə dağılıb. Deyəsən, heç kim ondan corab almırdı. “Yox” sözü eşitməyə o qədər vərdiş eləmişdi ki, ayağının birini qaçaraqda qoyub, o biri adamların yanına tələsirdi. Özü də corabı neçəyə versə, yaxşıdı? Cəmi iyirmi qəpiyə.

– Hə, istəyirəm – dedim.

İlahi, qızcığaz necə sevindi. Pulu alandan sonra ovcunda möhkəm-möhkəm sıxdı, gedərkən arxaya çevrilib dedi:

– Sağ ol, dayı, anamın corabları cırılmışdı, gedib anama təzə corab alacam.

14. Qismətin xoşuna gəlmək üçün:


“Gərək azı “Pulitzer” alasız”.

# 3272 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #