"Yaxşı oğlan" olmağın qanunları

"Yaxşı oğlan"  olmağın qanunları
5 noyabr 2021
# 09:00

Yox... yox... mən ağlamırdım,
Köhnə arzularımın arxasınca su atırdım...

Həmid Herisçi

Hərdən düşünürəm ki, görəsən, mən yaxşı oğlanammı? Əvvəlcə, cürbəcür yalanlar söyləyib, özümü inandırıram ki, "həə, mən yaxşı oğlanam". Amma daha sonra bu aləmin ştamp-qəlibi olan bir cümlə yadıma düşür.

"Yaxşı oğlan özünə yaxşı oğlan deməz".

Bu halda çıxılmaz bir vəziyyətə düşürəm və sizi inandırım, heç bilmirəm nə edim. Necə yəni "yaxşı oğlan özünə yaxşı oğlan deməz?". Əgər "yaxşı oğlan özünə yaxşı oğlan deməzsə, bəs onda kim özünə yaxşı oğlan deyər? Pis oğlan? Yaxud yaxşı oğlana kim yaxşı oğlan deyəcək? Yaxşı bəs yaxşı oğlan özünə pis oğlan desə, biz hardan bilək ki, bu həqiqətən pis oğlandır, ya sadəcə özünə yaxşı oğlan demir?

Əgər pis oğlan özünə yaxşı oğlan desə, deməli, yalan danışır. Pis oğlan özünə pis oğlan desə, deməli, yenə yalan danışır. Bu anaqramın məntiqi ilə getsək, gərək pis oğlan da özünə pis oğlan deməsin. Bəs, onda mən hardan biləcəyəm ki, yaxşı oğlan kimdir, pis oğlan kimdir?

Nəysə, səhv edirəmsə düzəldərsiz, deyəsən, Kant deyir ki, insan beyni böyük fəlsəfi suallar qarşısında acizdir və o bu zaman boş yerə işləyir. Tamamilə doğru, yerində deyilmiş bir ifadədir. Bu cür suallar insana əzabdan başqa heç nə vermir, həssas, hissələri iti adamları dəhşətli dərəcədə kədərləndirir. Şəxsən mən, hərdən "yaxşı oğlanam yoxsa pis oğlan?" dilemması qarşısında qalanda, xeyli məyus oluram. Bu dilemma qarşısında qalmaqdan zəhləm gedir. Bilə-bilmirəm ki, yaxşı oğlanam yoxsa yaxşı oğlan deyiləm.

Yaxşı oğlan olmağın bir neçə qanunu var:

Yaxşı oğlanın bacısı yaxşı qız olmalıdır. Əgər yaxşı oğlanın bacısı pis qız olsa, avtomotik olaraq yaxşı oğlan da pis oğlana çevrilir. Bu səbəbdən, yaxşı oğlanlar bacılarını qaşlarını almamağa, internetə girməməyə, çox gülməməyə, çölə-bayıra tək getməməyə, beş-altıncı sinifdən məktəbdən çıxmağa, türk seriallarında öpüşmə səhnələrinə baxmamağa, uzun paltarlar geyinməyə, televizorda ancaq comedixanaya, bozbaş pikçersə, Ata ocağı serialına, Fəlidən doğru xəbər verlişinə baxmağa məcbur edirlər.

Yaxşı oğlanın telefonunda ekran şəkli mütləq və mütləq özü olmalıdır. Bacısının telefonunda isə, bacısının telefonu ümumiyyətlə olmamalıdır. Bu nə deməkdir? Yaxşı oğlanın bacısı telefon işlətməz, işlətsə də, ancaq dini şeylərə baxar. Ya da səhvən Vüqar Babazadə adlı bir nəfərin "yaxşı oğlanlar və bacıları" yazısını oxusa, yaxşı oğlan olan qardaşına şikayət edər və qardaşı Vüqar Babazadəni söhbətə çağırıb, sındırar.

Vacib qeyd:

Bir dəfə rayonumuzun böyük bir kəndinə qonaq getmişdim. Yeyib-icib, deyib-güləndən sonra gördüm ki, evin on beş-on altı yaşlı gəlini oturduğumuz otağa ləyən və aftafa gətirdi. Onun bu hərəkətinə heç cür məna verə bilmədim. Ləyəni qaynatasının yanına qoyub gözləməyə başladı. Kişi ayaqlarını yudu. Daha sonra gəlin ləyəni qaynının qabağına qoydu. Qaynı da ayaqlarını yudu. Daha sonra evdə nə qədər qohum kişi var hamısı ayaqlarını yudu. Ortada mənə çatdı, ləyəni mənim qabağıma qoyub gözləməyə başladı. Mən bu təklifi nəzakətlə rədd etdim. Əlqərəz, ən sonda əri də ayaqlarını yuyandan sonra ləyəni götürüb, getdi və bir az sonra təzə corablarla qayıtdı. Bu corbaları qaynatasının, qaynının, ərinin ayaqlarına özü geyindirib, həyatına qaldığı yerdən davam elədi.

Dostlar, üstümdə Allah var, sizə yalan danışmaram. Bu mənzərə mənim həyatımda gördüyüm ən dəhşətli və ən kədərli mənzərə idi.

Yaxşı oğlan, ən azı üç-dörd dəfə kimisə peysər çıxarmalıdır. Əlbəttə, bu şərti rəqəmdir. Nə qədər çox olsa, bir o qədər yaxşıdır. İnternetdə gəlin tutmalıdır, trenajorda şəkil çəkməlidir, mütləq bir innomarka maşın sürməlidir, təsbehi və gümüş sepi olmalıdır. Rusca bəzi sözlər bilməlidir. Qara rəngli paltarlar geyinməlidir. Kasıblara qarşı əliaçıq və səxavətli olmalıdır. Zülmə zərbə endirməlidir. (Məktəbdə oxuyanda bir sinif yoldaşım özünü 4-5 il ZZ adlandırdı. Əlinə, qoluna, bütün partaların üstünə, divarlara filan qələmlə ZZ yazırdı. Bu ZZ-dən soruşurudum ki, Z-ların mənası nədir? - demirdi. Axır son zəng günü dedi ki, ZZ-lərin mənası Zülmə Zərbə idi. Hərçənd mən onun özünü ZZ adlandırdığı bir neçə il ərzində bircə dəfə də olsun zülmə zərbə endirdiyini görməmişdim... Amma, deyəsən, o da yaxşı oğlan idi. Ən azından özünü buna inandırmışdı. Əsas odur ki özünü nəyəsə inandırasan)

Yaxşı oğlan sənə metroda, avtobusda, küçədə gözünü zilləyib baxdısa, bil ki, gözü səndən su içmir. Ümumiyyətlə, gözü su içməmək atalar sözü, əsl yaxşı oğlanlar üçün deyilib. Yaxşı oğlanın gözü su içməz. Bu atalar sözünü kimin atası deyibsə, o da yaxşı oğlandır.

Yaxşı oğlanlar bir qayda olaraq, “Whatsapp+” işləməlidirlər. Çünki, yaxşı oğlan “Whatsapp+” işlədər. Axı, onun hər şeydən xəbəri olmaldır.

İndi isə tanıdığım bəzi yaxşı oğlanları və onların bacılarını nəsrə çəkib, əlimdən gəldiyi qədər görüntünü aydınlaşdırmağa cəhd edəcəyəm.

Tanıdığım ən yaxşı oğlanlardan biri də Nitşsedir. Nitsşe yaxşı oğlan kriteriyalarının hamısına cavab verir. Yaxşı oğlanın olmaq üçün nə lazımdırsa, hamısı Nitsşe də cəmləşib. Hörmət? Əlbəttə ki. Nitsşe dünyanın ən hörmətli adamlarından biridir. Şöhrət? Yəqin ki, bir Nitşsedir, bir Harun ər Rəşiddir, bir də İbrahimoviç. Hər kəs bu adamların eqolarının şöhrətindən danışır. Peçat sözlər? Təbii ki, bu mövzuda da Nitsşeyə çatan olmaz. Məmə deyəndən, pəpə deyənə qədər hər kəs, Nitsşenin ən azı bir-iki sitatın əzbər bilir. Bilməyənlərə də deyək, xəcalət çəkib, bu cür yaxşı oğlanın sözlərini öyrənmədikləri üçün utansınlar.

Tanrı öldü.

Boşluğa nə qədər çox baxsan, axırda boşluq sənə baxar.

Yaxud onun "Zərdüşt belə deyirdi" kitabının giriş sözü:

Hamı və heç kim üçün kitab. – sizi and verirəm yerin-göyün sahibinə, bir baxın, bundan yaxşı peçat söz harda görmüsüz?

Di gəl ki, bacısı Nitsşeyə layiq bir bacı olmayıb. El dili ilə desək, "brak" çıxıb. "Brak" çıxıb ifadəsi də çox kobud səslənir, ölünün arxasınca bu cür danışmazlar. Amma fakt odur ki, dünyanın ən yaxşı oğlanlarından biri olan Nitsşenin bacısı, o öləndən sonra fikirlərin təhrif edir, dəyişdirilmiş kitabını nazi Almaniyasına satır. İdeoloji fahişəlik edir. Yola, Nitsşenin yoluna xəyanət edir. Hitler də bu fikirlərdən – fövqəlinsan – bəhrələnib minlərin, milyonların qanını tökür.

Tomas Vulfun təbirincə desək, biz həyatımızdakı bütün anların cəmiyik: bizim mahiyyətimiz onlarla bağlıdır. Biz bundan nə qaça, nə də bunu gizlədə bilərik.

Mən bilirəm ki, bu mövzular artıq köhnəlib və çürüyüb. Üstəlik, həm də onu bilirəm ki, dünya həqiqətlərinə çatıb, nirvana səviyyəsinə yüksəlib sizi də dünya sirlərindən agah etmək mənim işim deyil. Buna gücüm də çatmaz. Amma bu bir yoldur. Yol isə müqəddəs və toxunulmazdır. Seymur Baycan, Günel Mövlud, Əli Əkbər və onlarlası məndən qabaq milyon dəfə bu söhbəti açıblar, deyiblər, yazıblar. Amma və lakin, mən də bu yoldayamsa, özümü bu söhbəti etməkdə məsuliyyətli hiss edirəm. Çünki təzələr gəlir və gələn təzələrə təzə, yeni yazılar və düşüncə informasiyası lazımdır. Ən azından bir nəfərə olsa belə...

# 15768 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #