İnsan oğurlayanlar niyə 500 manat istəyib? - Vüqar yazır...

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

4 iyul 2022
# 15:40

Kulis.az Vüqar Babazadənin “Adı olmayan yazı” adlı yazısını təqdim edir.

Bakının Nizami rayonunda (sözün düzü, mən Bakının Nizami rayonun dəqiq olaraq harada yerləşdiyindən əmin deyiləm. Nizami rayonu deyəndə ağlıma Nizami Gəncəvi, "Yeddi Gözəl", Nüşabə, Bərdə, İskəndər, "Nizami" metrosu düşür. Ölkəmizdə Nizami adının diapazonu çox genişdir. Adam çaşıb qalır) bir nəfəri oğurlayıb 500 manat pul istəyiblər.

Qəribədir. Birincisi, ümumiyyətlə, adam oğurluğunu niyəsə dərk edə bilmirəm. Atalarımızdan, babalarımızdan, rüşvət üstündə tutulan məmurlarımızdan görmüşük ki, cansız şeyi oğurlayarlar. Oğurlanmaq obyektə xas bir şeydir.

Adam adamı necə oğurlayar? Prosesin özü mənə çox maraqlıdır. Tutaq ki, nə deyib oğurlayırlar? Oğurladıqları adamla necə davranırlar? Oğurlanan adam özünü necə aparmalıdır? Bunlar, həqiqətən, çox mürəkkəb suallardır. Heç vaxt oğurlanmamışam deyə, sizə bu sualların cavablarını təəssüf ki, verə bilməyəcəyəm.

İkincisi, ona görə qəribədir ki, məbləğ çox azdır. Adam adamı niyə 500 manata görə oğurlasın? Macəra filmlərində görürsən ki, varlı bir adamın uşağını oğurlayırlar, 100 000 (yüz min), 1 000 000 (bir milyon) dollar pul istəyirlər. Adicə oğurluqda da Avropadan geridəyik. Oğurluq mədəniyyətimiz də yoxdur. Belə ağıl vermək kimi çıxmasın, əvvəla gərək oğurlamazdız. Daha oğurlamısız, heç olmaya ölü yeri 10 000 (on min) manat istəyin.

Ölkəmizdə yaxşı bir eşşəyin qiyməti 500-600 manat arası dəyişir. Oğrular bir eşşək oğurlayıb satsaydılar 500-600 manat qabağa düşə bilərdirlər. Yaxud telefon oğurlaya bilərdilər, maşınların maqnitafonlarını oğurla bilərdilər, 1 həftə dayanmadan toyuq-cücə oğurlaya bilərdirlər. Bizim gül kimi atalar sözümüz var. Cana gələn, mala gəlsin. Cəhənnəm, nəsə əşya, heyvan oğrulansa, məqbuldur. Amma insan oğurlamaq bir az yaxşı çıxmır. Üstəlik, 500 manat qiymət qoymaq lap biabırçılıqdır. Oğrular öz hərəkətlərindən utanıb, yerə girməlidirlər.

Əslində, bu hadisə məni xeyli düşündürdü. Dərin düşüncələrə qərq oldum. Özümü çox pis hiss elədim. Sən demə, bizim qiymətimiz cəmi-cümlətani 500 manatdır? Fikirləşdim ki, görəsən, məni oğurlasaydılar, neçəyə satardılar? Uzağı, özünü cırsan da, mindən aşağı yeri yoxdur. Təsəvvür edin ki, 1000 manatlıq qiymətim var. Heç, bəlkə, o da yoxdur.

Xüsusi bir bacarığım, pula gedən hissəm yoxdur. 100-ə 20 manat yandırıram. Zəruri haşiyə. Rusiya-Ukrayna müharibəsinə görə siqaret dərəbəyliyi baş alıb gedir. İndi məcbur olub baha-baha siqaretlər alıram. Ona görə 100-ə 25-30 manat yandırıram. Yəni “rasxod” məsələsində BMW-dən fərqim yoxdur.

Sağmal bir inəyin qiyməti kifayət qədər məbləğ edir. Ən azından inəyə yaraşacaq bir qiymətdir. İnək də inəkliyi ilə 1000 manatdan çox edir. Amma biz öz insanlığımızla heç 500 manat da eləmirik. Hələ hadisənin başqa bir faciəvi tərəfi də var.

Deyək ki, adam yox inək oğurluğu oldu. Həmin inəyi də heç cür satmaq alınmadı. Ən pis halda götürüb kəsərsən qəssaba satarsan, ya özün yeyərsən. Bəs yaxşı birdən oğurlanan adamın yaxınları bu hadisəyə fikir verməsəydi, yaxud oğurlanan adamın heç kimi olmasaydı, onda necə olacaqdı? Nə edəcəkdilər o adamı? Atsan atılmaz, satsan satılmaz. Gərək buraxasan çıxıb gedə.

Bu analogiyadan belə çıxır ki, insan olaraq heç inək qədər də təbiətə və cəmiyyətə yararlıq deyilik. Özümü eşşəklərlə, arılarla, inəklərlə müqayisə edəndə, görürəm ki, nə qədər lazımsız, məzmunsuz bir varlığam. Allahın milçəyinin belə təbiətdə nəsə bir missiyası var. Amma insan öz missiyasını tapana kimi bir də görürsən ömür yarı oldu, həyat qurtardı.

Hadisənin ağlamalı tərəfi odur ki, adamlar 500 manata görə kimisə oğurlamaq qərarına gəliblər. Naşı oğrular olsalar da, adamın bu hadisəyə həm də ürəyi ağrıyır. Hansı ehtiyac içində, hansı çıxılmaz vəziyyətdə olmalısan ki, 500 manata görə gedib kimisə oğurlayasan?

Bu yaxınlarda Bakı Statistika İdarəsi bildirib ki, Bakıda orta maaş 1066 manat təşkil edir. İnsafla, bunu iqtisadi bir izahı olmalıdır. Yoxsa mən və mənim tanıdığım adamların maaşı ortalama elə bir məbləğ eləmir. Bəs bu nəyin ortasıdır, bu statistika hesablanarkən biz nə üçün həmin statistikaya daxil edilməmişik, bilmirəm. Nəysə, onsuz da, mövzu bu deyildi. Bu söhbəti oğrulara görə açmışdım, onlara bir az məsləhət verib, danlamaq istəyirdim. Ki, gedin işləyin, orta maaşdan sizə də bir pay düşsün. Darıxmayın, sizə də 500 manat yetirər Allah. Ona qədər “Baksavet”də yerin altına girib, “Montin”də xortdamalısız, qarışqa kimi yaşamalısız.

Sonradan hiss etdim ki, mən müəllim yox, müəllifəm. Adama deyərlər ki, sən yumurtadan indi çıxmısan, kimsən adamlara məsləhət verirsən?

Qeyd edim ki, oğrular artıq tutulublar, faktla bağlı istintaq tədbirləri davam edir. Amma 500 manat çox azdır. Sırf bu təklifə görə oğrulara beş ay daha çox həbs verilməsinin leyhinəyəm. Bu hadisə oğurluq yox, insanın şərəf və ləyaqətini pis günə qoymaqdır. Adam gərək oğurluq edəndə də urvatlı və peşəkar olsun. İşini ciddi qəbul etsin, öz üzərində işləsin, bazar qiymətlərini dəqiq bilsin, nəyə tələbat var, nəyə tələbat yoxdur müəyyənləşdirsin. Yoxsa 500 manat adamı görmür axı!

# 1566 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #