Ölmək üçün əlindən gələni edənlər

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

13 fevral 2023
# 14:00

Kulis.az Ulucay Akifin “Ölmək üçün əlindən gələni edən azərbaycanlılar” adlı yazısını təqdim edir.

Saytlarda gedən xəbərlərə baxıram və son vaxtlar məndə elə təəssürat yaranır ki, azərbaycanlılar bütün gücləri ilə ölməyə çalışırlar.

Elə siz də indi açıb hansısa saytda bir az gəzişin.

Həvəsiniz yoxdursa, hələ günün ilk yarısına aid olan xəbərlərdən bəzilərini, şəxsən sizin nəzərinizə çatdırım:

“Maşın ağaca ÇIRPILDI: 23 yaşlı oğlan ÖLDÜ” (Bakı şəhəri)

Bakıda DƏHŞƏT: qadın 13-cü mərtəbədən düşdü

Bakıda oğul anasını ağacla döydü (qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib)

Həftəsonu yollarda QIRĞIN: 12 nəfər öldü

54 yaşlı kişi avtomobil vurması nəticəsində ÖLDÜ

Bakıda yanan mikravtobusu söndürmək istəyən sürücü öldü

Maşın 27 yaşlı qızı vurub ÖLDÜRDÜ (Şəmkir)

Bakıda avtomobil divara çırpıldı, 5 qadın... (yaralanıblar, ölən yoxdur)”

Məncə, kifayətdir.

Nə qədər ölüm, nə qədər cinayət olar?

Çayxanada 1 manat 50 qəpiyə görə kimisə bıçaqlayan qaqaşlar, “Yaxşı oğlan” olduğunu sübut etmək üçün kimisə öldürənlər, intihar edənlər, maşın qəzalarında ölənlər...

Axı niyə adamlarımız ölmək üçün əlindən gələn hər şeyi edirlər? Yaşamaq bu qədərmi çətindir? Nədir bu adamların dərdi?

Əksər ölümlər də yol qəzalarında olur. Sadəcə bu həftəsonu yol qəzasında 12 adam ölüb. Yaralananların sayı qat-qat çoxdur. Hər yaralanma da yüngül olmur axı.

Belə başa düşürəm ki, azərbaycanlılar maşın sürə bilmirlər. Bunun başqa izahı yoxdur. Sürə bilmirlər də.

Cavan-cavan uşaqlar maşını vəhşi kimi sürməyi ilə fəxr edir. Başa salmaq olmur ki, ay debil, ay əqli-kəm, öz canının qədrini bilmirsən, yaxşı, axı vurub camaatı da öldürürsən, camaatı, ailəsini bədbəxt edirsən.

Xırda məsələdir bu? Deyil. Hər ölüm azı bir ailənin faciəsi deməkdir.

Hə, belə başa düşürəm ki, azərbaycanlılar maşın sürməyi hələ bir 100 il də bacarmayacaqlar. Bunlara nəinki min manata, heç on minə də sürücülük vəsiqəsi satmaq olmaz. Çünki altında maşın olan özünü Allah zənn edir.

Çıxın Bakının küçələrində yollarda gəzin. Piyada keçidlərində maşınlar saxlamırlar. Piyadalar sürücüləri söyür, sürücülər piyadaların üstünə qışqırır. Əməlli-başlı dəlixanadır.

Sürücülüyü qoydum bir qırağa, dərd orasıdır ki, adamlar heç piyadalıq da eləyə bilmirlər. Piyada olmaq nə çətin şeydir axı?

Piyadasan da, Pİ YA DA!

İşıqforda sənin üçün yaşıl yananda keçirsən, qırmızı işıq yananda gözləyirsən.

Bir daha deyirəm, olar ki, kiminsə yadından çıxar.

Piyada üçün yaşıl işıq yananda keçirsiniz. Hər ehtimal, yaşıl yansa belə, yola baxın, sağa baxın, sola baxın, tam əmin olun ki, maşınlar dayanıb, sonra yolu keçin.

Qırmızı işıq yananda isə gözləyin. “Gözləyin” o deməkdir ki, yolun kənarında hərəkət etmədən dayanırsınız. Ta ki sizin üçün yaşıl işıq yanana kimi gözləyirsiniz. Sizin üçün yaşıl işıq yanandan sonra isə yuxarıda dediyim kimi edirsiniz. Sağa-sola baxıb maşınların dayandığına əmin olandan sonra yolu keçirsiniz.

Ümid edirəm, aydın oldu.

Hər ehtimal, yenə təkrarlayıram.

Qırmızı işıq yananda, dayanırsınız. Yolu keçmirsiniz. Çünki qırmızı işıq ona görə yanıb ki, siz dayanasınız, yolu keçməyəsiniz. Və həmin qayda-qanun dəyişənə kimi də bu belə olacaq.

Sizin üçün qırmızı işıq yananda, yolun bomboş olduğunu görsəniz belə, yolu keçməməlisiniz. Çünki... Çünkisi yoxdu e. Çünki belə olmalıdır! Onsuz da, heç biriniz ciddi bir yerə tələsmirsiniz, vacib işiniz yoxdur. Ola bilər sizə elə gəlir ki, vacib işiniz var, harasa tələsirsiniz, amma elə deyil. Boş-bikar adamlarsınız.

Piyada üçün keçid yoxdursa, yolu keçmək olmaz! Gedib keçidi tapıb, oradan keçməlisiniz.

Yəqin, “28 Mall”un qabağındakı işıqforlu yolu görmüsünüz. Piyada üçün qırmızı yanır, adamlar qaça-qaça yolu keçir. Ay debil, hara qaçırsan? Qırmızı işıq yanıb axı! Olmaz keçmək! Olmaz! Görürsən ki, “28 Mall”a girir. Uzağı sevgilinlə, ya dostunla, rəfiqənlə görüşüb hansısa kafedə nəsə yeyib-içəcəksən, ya da film izləyəcəksən. Niyə qaçırsan? 30 saniyə gecik də. Sevgilinə deyərsən ki, üzrlü say, 30 saniyə “svetafor”da gözlədim deyə gecikdim. O da sənə deyər ki, nə debil-debil danışırsan, 30 saniyə gecikdim nədi? Onda görərsən ki, hə, doğrudan da, debilsən. Debil başqa nə cür olur ki?

# 2326 dəfə oxunub

Müəllifin son yazıları

# # #