Çayxana söhbətləri – Ulucay Akif yazır...

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

3 may 2023
# 12:56

Kulis.az Ulucay Akifin "Alimlər qələt eləyir!" adlı yeni yazısını təqdim edir.


Dünən bir dostumla Əcəmi metrosu tərəfdəki çayxanalardan birində nərd çırpa-çırpa söhbət eləyirdik. Yazıma ona görə çayxanadan girdim ki, gözəlim məmləkətimin möhtəşəm insanları çayxana söhbətlərini çox sevirlər.

Bilirəm ki, çayxana söhbətini oxudularsa, nə illah eləsələr də, yazıdan çıxa bilməyəcəklər, deyəcəklər ki, qoy görüm bu Ulucay çayxanada dostu ilə nədən danışırdı?

Xüsusi söhbətimiz yox idi. Elə ordan-burdan danışırdıq. İran belə gəldi, Ermənistan elə getdi, “Fenerbahçe” innən belə xal itirməsə, çempion ola bilər. Bu şeylərdən danışırdıq.

Təxminən, bir il əvvəl söhbətlərimizdə Ukrayna-Rusiya müharibəsinə də yer var idi, sonra yavaş-yavaş bu söhbəti də saqqız kimi çeynəyib atdıq bir qırağa. Müharibə hələ də davam etsə də, indi söhbətlərimizdə bu məsələyə yer yoxdur.
Xəbərlərdə də çox çıxmır qabağımıza. Nə vaxt bu qara camaatın ağzına söhbət vermək istəsələr, yenə məsələni qabardacaqlar, biz də yenə müzakirə edəcəyik.

Amma müharibənin ilk günlərində belə idi?

Yox.

Rusiyanı çoxdan çökdürtmüşdük çayxana söhbətlərimizdə. Bir dostum deyirdi ki, Amerika Rusiyanı Ukraynanın əli ilə məhv edəcək, o biri deyirdi ki, Rusiyanın ərazisində 14 müstəqil ölkə yaranacaq. Özü də dəqiqliklə deyirdi ha. 14 ölkə! Mən deyirdim Rusiya pıxıdı. Elə bu cür deyirdim:

“Rusiya pıxıdı”.

Siyasi savadım ancaq buna yetirdi. Sağ olsunlar, dostlar da çox üstümə gəlmirdilər. Mənim fikirlərim də ümumi söhbətin içində qaynayıb gedirdi.

Sosial şəbəkələrdə də adamlar özlərinə əl qatmışdılar. Şəkillərinə Ukrayna bayraqları qoyan kim, qəzəbli statuslar yazan kim, video paylaşan kim. Fikir verirəm, həmin adamların indi heç vecinə deyil bu məsələ. Amma müharibə hələ də davam edir.


Hə... Onu deyirdim axı... Dostumla Əcəmi metrosu tərəfdəki çayxanalardan birində nərd çırpa-çırpa söhbət eləyirdik. Ordan-burdan, problemlərdən, dünyada, ölkədə baş verənlərdən danışırdıq. Birdən dostum qayıdıb mənə nə desə yaxşıdır?

– Əşiiiii... Fikir vermə e... Onsuz da 5-10 ilə dünya dağılacaq.

Mənim sıram idi. Əlimdəki zəri saxladım. Soruşdum ki, nə dedin?

Dedi, “deyirəm, fikir eləmə əşiii, onsuz da dünya 5-10 ilə dağılacaq”.

Təzə söhbət tapdım da danışmağa.

– Onu sənə kim deyib ki, dünya 5-10 ilə dağılacaq? –dostumdan soruşdum.

– Alimlər deyir dəəə – o da təzə söhbətə atıldığımı başa düşüb qızışdı.

– Qələt eləyir alimlər! – əsəbiləşib dedim.

Dostum qalsın Əcəmi metrosu tərəfdəki çayxanada, alimlərin niyə qələt elədiyini deyim.

Fikir verirəm, elm artıq insanların qamçısına çevrilib. Elm adıyla insanları qorxu, təlaş içində saxlayırlar ki, rahatca idarə edə bilsinlər. Siz buna fikir verməmisiniz? Nəsə bir problem olan kimi hansısa alimi atırlar ortaya, onun dili ilə insanlara nəsə deyib, istədiklərini etdirirlər.

Ümumiyyətlə, mən həmişə elmə də skeptik yanaşmağın tərəfdarı olmuşam. İnsan təkcə qeybətə, şayiələrə, çayxana söhbətlərinə yox, elmə də şübhə ilə yanaşmalıdır.

Şübhə nə qədər yoxdursa, deməli, həqiqət də bir o qədər uzaqdadır.

Bu dediklərimi yazın bir qırağa, hər dəfə belə qızıl xırdalayası deyiləm sizin üçün. Mənim də işim-gücüm var.

Hə. Alimlər elmi qamçıya çeviriblər və bu qamçıyla insanları idarə edirlər.

Bu alimlər o alimlər deyil ki, 3-5 il əvvəl bütün dünyanı inandırmağa çalışdılar ki, Çində hansısa bir oğlan yarasa supu içib, ordan da COVİD-19 adlı virus yayılıb? Adamlar da inandılar buna.

Bizi belə yalanlarla aldadanlar alimlər deyildi?

Elmə də şübhə ilə yanaşmaq lazımdır. Bu gün elmin, alimlərin dediyi bir şeyi sabah elmin, alimlərin özü inkar edə bilər.

Necə ki, orta əsrlərdə də alimlər var idi. O alimlər öz dövrlərinin sıravi insanlarından yüz dəfə daha üstün idilər. Amma həmən alimlər deyirdilər ki, Günəş Dünyanın ətrafında fırlanır. Əsrlər keçdi və sübut olundu ki, tərsinə imiş. Dünya Günəşin ətrafında fırlanırmış. Demək, alimlər də səhv edə bilirmiş.

Həmçinin nə vaxtsa bu gün elmin, alimlərin bizə dedikləri şeylərin qəsdən deyilmiş yalanlar olduğunun üstü açıla bilər. Kim zəmanət durur onların həqiqətlərinə?

Xüsusən də indiki dövrdə, insanların pulla alınıb-satıldığı bir vaxtda, alimlərin satılmadığına, böyük qüvvələrin istəklərinə uyğun nələrsə demədiklərinə kim zamin dura bilər?

Heç kim.

Hə. Dostum dedi ki, 5-10 ilə dünya dağılacaq. Ona da alimlər belə deyibmiş. Hansı alimlərdir, bilmirəm.

Ümumiyyətlə, fikir vermişəm, əksər insanlar bu cür düşünür ki, dünyanın sonu gəlib, yaxın vaxtlarda dünya dağılacaq. 2050, 2100, 2200... Hərə bir tarix deyir. Alimlər də bu cür söhbətlərin artması üçün əllərindən gələni edirlər.

Bilməyinizi istəyirəm ki, üzərində yaşadığımız, Dünya adlandırdığımız bu planetin 4,54 milyard il yaşı var.

4,54 milyard il!

Rəqəmin böyüklüyünü təsəvvür edirsiniz? Hətta rəqəmlərlə yazmağa qorxdum ki, səhv edərəm. Dörd tam onda beş milyardan çox yaşı var bu dünyanın.

Bu nəhəng zamanın içində bizim bu eramızın 2023 ili nə qədər kiçikdir. Özünüz hesablayın. Sahildəki qum dənəsindən də kiçik bir zamandır bu 2023 il.

İndi özünüzə sual verin. Noldu, bu dünya 4,54 milyard il dağılmadı, indi dağılır?

“Onsuz da dünya 5-10 ilə dağılacaq” fikri həm də insanların özlərinə verdiyi təsəllidir. Bunu çox yaxşı başa düşürəm.

Çünki hər bir insan öləcəyini bilir, faniliyini dərk edir, heç bunu düşünməsə belə, şüuraltında həmişə bu həqiqət gizlənir.

Və insan özünə təsəlli verir ki, “əşiiii, nolsun öləcəm, onsuz da dünya da 5-10 ilə dağılacaq”.

Min il əvvəl də belə düşünüb insanlar, on min il əvvəl də, yüz min il əvvəl də...

Bu düşüncə insanların özünə təsəlli verməsindən başqa bir şey deyil.

Dünya dağılmayacaq. Özünüzü aldatmayın!

Ay “asteroid gəlir”, ay “Dünya öz oxundan çıxır”, ay “Günəş şüaları belə gəldi”, “kometa elə getdi”...

Noldu, 4,54 milyard il hansısa asteroid Dünyanı dağıtmadı, Dünya öz oxundan çıxmadı, elə bizi gözləyirdi?

Alimlərin və qondarma elmin sizi aldatmağına, qorxutmağına imkan verməyin. Onsuz da düz-əməlli həyatınız yoxdur, bir də Dünyanın dərdini çəkməyin.

Dünya hələ neçə milyard il də qalacaq.

Özüm hesablamışam.

Alimlər necə hesablayıbsa, mən də elə.

Hələ təzə bir şey də çıxıb son illərdə.

Alimlər bağırırlar ki, “ay insanlar, su qurtarır Dünyada!”.

Adamlar da düşür təlaşa, bilmirlər evə çörək ala bilməməyin dərdini çəksinlər, yoxsa dünyada suyun qurtarmağının.

Hara gedəsən bu qorxaq adamların əlindən? Yaşamağa başqa planet də yoxdu...

Adama deyərlər ki, noldu, bu 4,54 milyard illik dünyada su indiyə kimi qurtarmadı, elə bizim bu fani ömrümüzə qalmışdı?

Kimi dolamısınız?

Ay camaat, qorxmayın, dünyada su-zad qurtaran deyil.

Bu su necə qurtara bilər ki, gedir torpağa, ordan qalxır göyə, göydən də yenə yağıntılarla enir yerə.

Hara yoxa çıxacaq bu su? Kosmosa getmir ki. Dünyada qalır da. Elm özü elə bunu demir bizə?

Böyük su dövranı, kiçik su dövranı, kontinental su dövranı... Elm özü deyir də bunları.

İndi həmin elmin “əli” (daha doğrusu, “dili”) ilə bizi qorxudurlar ki, su qurtarır.

Mənə də yox da!

Hansınızsa “şirin su ehtiyatı bitir dəəə” deyə bilərsiniz.

Hamının acığına gündə 50 litr su içirəm. Qoy lap tez qurtarsın.

4,54 milyard ildə şirin su bitmədi, indi bitəcək?

Dünya insan orqanizmi kimidir, özü tənzimləyir şirin suyunu da, duzlu suyunu da. Torpaqda da filtrdən keçir su, havada da. Siz narahat olmayın.

İndi kimsə lap hövsələdən çıxıb deyəcək ki, ay Ulucay, sən alimlərdən çox bilirsən?

Yox, elə şey demirəm. Həqiqi alimlər məndən çox bilər, amma burada söhbət təkcə bilməkdən getmir. Alimlərin vicdanına, sözlərinə şübhə etmədiyimi də deyə bilmərəm. Eşitdiyim bütün sözləri, hadisələri öz məntiq süzgəcimdən keçirirəm və sizə də bunu tövsiyə edirəm.

Hələ o gün Xaçmazdan bir dostum təlaş içində mənə zəng eləmişdi. Soruşdum ki, nolub, nə xəbərdi? Dedi, bəs Qudyalçayın bizim kənddən keçən hissəsi bir az quruyub.

Tez girdim internetə, bir xəbər tapıb yolladım dostuma ki, Hindistanda da Qanq çayı daşıb, şəhərlər su altında qalıb, minə yaxın adam ölüb seldən, yüzlərlə adam da itkin düşüb.

Dedim, Qudyalçaydan da narahat olma, atalar boşuna deməyib ki, su gələn arxa bir də gələr. Bir az hərlənib-fırlanıb qayıdacaq.

Dostum bir az toxtadı.

Bəli, əziz oxucular. Bir yazımın da sonuna gəlib-çatdınız. Təbrik edirəm sizi.

Sözümün canı odur ki, baş qoşmayın belə şeylərə, hər eşitdiyinizə inanıb, tülkü görmüş toyuq kimi ürkməyin.

Bu yazımda da xarici yazıçılardan, məşhur filosoflardan sitat çəkmədiyim üçün hamınızdan üzr istəyirəm. Hər dəfə yadımdan çıxır. Gələn dəfə mütləq kimdənsə sitat çəkəcəm. Söz verirəm.

Yazılarımı da sırf məndən xoşu gəlmədiyi üçün pisləyənləri Allaha tapşırıram!


# 1230 dəfə oxunub

Müəllifin son yazıları

# # #