Allah bütün yaxçı oğlanların qapısını açsın!

Allah bütün yaxçı oğlanların qapısını açsın!
9 noyabr 2022
# 10:40

Kulis.az Ulucay Akifin "Yaxçı oğlanlar" adlı yazısını təqdim edir.

"Rəşad Dağlı bıçaqlayaraq adam öldürüb". Günə bu xəbərlə başladım. Məqsədim qətiyyən Rəşad Dağlını qınamaq deyil. Allah köməyi olsun.

Amma fikir verirəm, adamlar hələ də meyxana təfəkkürünün gətirdiyi son nöqtənin ya cinayət, ya da narkomaniya olduğunu qəbul etmək istəmirlər.

Qardaş, bu adamlar bunu təbliğ edirlər də dedikləri meyxanalarda. Başqa nə eləyirlər? İllərdir meyxana haqqında bunları deyirik, bunu yazırıq və illərdir adamlar bunu dediyimiz üçün bizi qınayırlar.

Hələ debil adamlar var ki, meyxanaçıların paxıllığını çəkdiyimizi deyirlər.

"Şey basaq", "hallanaq", "zırranaq", "mallanaq", "varavskoy", "oğru yolu", "piristupnı mir", "soxaram", "deşərəm", "doğrayaram", "zondakılara salam olsun", "zindandakı yaxçı oğlanlar"...

Çəyirtkəyə oxşayan Baləli hər ikinci bənddə oppana-oppana deyir ki, "oğru şairəm mən, vor şairəm mən".

Bu deyilənlərə də reaksiya necə olur? Uşaqlar, yeniyetmələr, gənclər, yekə-yekə kişilər "həriiiiiiii!" deyib ləzzət alırlar, ürəkdən alqışlayırlar.

Bu, təbliğat deyil, bəs nədir? Necə olur təbliğat?

Təsəvvür edin ki, övladlarınızın izlədiyi televiziyada açıq-aşkar narkotik maddələrin reklamı gedir, türməyə düşənlərə "yaxçı oğlan" deyilir, "piristupnı mir", "varavskoy aləm" gözəl təqdim olunur. Belə şeyə razı olardınız?

İnanmıram ki, ağlı başında olan biri bununla razılaşsın. Heç kim belə şey istəməz.

Bəs meyxananı niyə müdafiə edirsiniz? Utanmırsınız heç? Ciddi soruşuram. Heç utanmırsınız?

Görmürsünüz ki, onlar meyxanalarında nələr deyirlər, necə deyirlər?

Deyə bilərsiniz ki, onlar bu şeyləri televiziyada demirlər.

Ay qardaş, indi televiziya izləyən var?

Uşaqlar, yeniyetmələr, gənclər televiziya izləmirlər, hamı hər şeyə telefondan baxır. Özü də daha rahat, daha asan. Hər şey əlçatandır.

Girin həmin söhbətlər gedən meyxanaların izlənmə sayına baxın. Yüz minlərlə, hətta milyonlarla izləmə, minlərlə bəh-bəh dolu şərh. Söhbət milyonlarla izləmədən gedir. Ay adamlar, bunu başa düşürsünüz? Yüz minlər, milyonlar...

Elə cəmi 10 milyon əhaləmiz var da. Nə qədərik ki? Bunun elə azı tən yarısı meyxana təfəkküründədir. Təsəvvür edirsiniz? Azı tən yarısı.

Azı tən yarısı "şey basaq", "zırranaq" sözlərinə alqış eləyir, zindandakı yaxçı oğlanlara salam göndərir, "piristupnı mir" sözünü eşidəndə qanı qaynayır, "vor" olmaq istəyir.

Bunu başa düşürsünüz, ya gərək hələ bir 100 il də bu haqda yazaq, tənqid edək? Bəlkə, gələk evinizə, oturub bir-bir söhbət edək? Bəlkə, bu cür izah edə bildik. Belə eləməliyiksə, deyin işimizi bilək.

Ay qardaş, baxmırsınız ətrafınıza? Məhəllənizdəki yeniyetmələrə, gənclərə baxmırsınız? Çayxanalarda, kafelərdə yan stolda oturan "çeçenka-makasin" qaqaşları görmürsünüz?

Hansı zavod istehsal eləyir bunları? Analarının qarnından belə çıxmırlar ki.

Sosial şəbəkələrdəkiləri də görmürsünüz?

"Vasmi ulduz" tatu, çeçenka-makasin, kepka, AUE jizn voram, şəhadət barmağı yuxarı, varavskoy aləm, piristupnı mir, kazbekə şey basım...

Hansı mahnılarla paylaşırlar gənclər şəkillərini, videolarını? Meyxana, meyxana, meyxana...

Ta təbliğat necə olur?

Bir dənə qalıb "bariqa"lıq eləməkləri, birbaşa narkotik satmaqları. Ya da nə bilim, gəncləri öz bandalarına çağırmaları. Həəə, narkotik satışına görə həbs olunan meyxanaçılar da oldu axı.

Əşi, özünüz bilərsiniz e. Onsuz da yenə deyəcəksiniz ki, meyxanaçıların paxıllığını çəkirik. Niyə? Məşhurdular deyə. Ay qardaş, Bayram Nurlu da məşhurdu da. Ölkədə Bayram Nurludan məşhur adam yoxdur. Nə var ki bu ölkədə məşhur olmağa? Bu ölkədə məşhur olmaq iki vur ikidir. Baxın görün də kimlər məşhurdur.

Nəysə. Yenə də özünüz bilərsiniz. O meyxana, o da siz. Gedin kazbekə şey basın, zırranın. Sonra gəlin mənim başıma fırranın, fırranın.

Allah bütün yaxçı oğlanların da qapısını açsın! Rəşad Dağlı daxil.

# 5232 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #