Parkda öpdüyüm qızlar, sevgilisi ilə qucaqlaşan əsgər, heykəlin qulağına pıçıldadıqlarım – Bakıdan Yeni il reportajı

Parkda öpdüyüm qızlar, sevgilisi ilə qucaqlaşan əsgər, heykəlin qulağına pıçıldadıqlarım – Bakıdan Yeni il reportajı
30 dekabr 2020
# 12:05

Kulis.az Ulucay Akifin Yeni il ərəfəsi Bakı şəhərindən hazırladığı reportajı təqdim edir.

Kim deyərdi ki, vaxt gələcək insanlar evdən çıxmaq üçün mesaj yazıb icazə almalı olacaq. Özü də cəmi 3 saatlıq. Bəlkə də buna heç kim inanmazdı, amma indi reallıq budur.

Düzü, gələcəkdə dünyanın bu hala düşəcəyini yazan, böyük ehtimal, təxmin edən müəlliflər də olub.

Məsələn, son aylarda baş verənlər mənə daha çox Corc Oruelin "1984" və Rey Bredberinin "451 Farenheyt" romanlarını xatırladır.

Məni ən çox narahat edənsə, insanlar arasında ünsiyyətin azalmasıdır. Vaxt azlığı bir yandan, xəstəlik o biri yandan, insanlar biri-birindən ayrı düşür.

İnsanlar sadəcə bir-birindən ayrı düşmür, həm də yaşadıqları şəhərdən ayrı düşür.

Mən də neçə vaxtdı ayrı düşdüyüm, çoxdandı gözü dolusu görə bilmədiyim Bakını gəzmək qərarına gəldim.

Yeni il ərəfəsində həmişə daha rəngarəng, işıqlarla dolu, səs-küylü olan Bakının küçələrini gəzmək bir başqa gözəl olur.

8103-ə mesaj yollayıb cavab gələnə kimi əynimi geyinirəm. Telefonuma mesaj gəldi:

"Müraciətiniz təsdiqləndi. Artıq 3 saat müddətinə yaşayış yerinizi tərk edə bilərsiniz"

İçimdən "Allah razı olsun!" deyib telefonu cibimə qoydum və evdən çıxdım. Elə təzəcə küçəyə çıxmışdım ki, nəyisə yaddan çıxardığımı hiss etdim. Əllərimlə ciblərimi yoxlamağa başladım: telefon, cüzdan, deyəsən, hər şey yerindədi. Ən sonda isə əlimi üzümə vurdum. Hə, maska da yerindədi.

3 saatlıq icazəm var. Özümü hansısa məxfi tapşırığı yerinə yetirən kəşfiyyatçı kimi hiss edirəm. Maska da düşmənlərin məni tanımaması üçündür.

Ən birinci "Elmlər"ə, Hüseyn Cavid parkına getmək qərarına gəldim. Orada mənim tələbəliyim, ən gözəl 6 ilim keçib.

Həmişə qaynayan, insanlarla, xüsusən gənclərlə dolu olan "Elmlər" çox səssiz idi. Metrodan çıxıb dərsə tələsən, dərsdən çıxıb metroya tələsən tələbələr yox idi.

Sevgililərin dərsdən sonra oturub bir fincan çay içdiyi kafelər də bağlı idi.

Əvvəl insana çox sadə bir şey kimi görünən şeylər karantin dövründə necə də sehrli və dəyərli olur.

Sevgilinlə oturub rahatca çay içirsən, əl-ələ tutub saatlarla gəzirsiz, parkda boş skamya axtarırsız, Yeni il mövzulu filmlər, animasiyalar izləməyə gedirsiz və bütün bunları edərkən nə üzünüzdə maska olur, nə də 3 saatlıq vaxt limiti...

Xəlvət axtarıb “tərbiyəsiz işlər” görməyə belə qadağa yoxdur... Görünür, xoşbəxtlik doğrudan da bu cür kiçik şeylərdədir.

Bütün bunları düşünə-düşünə Hüseyn Cavid parkına tərəf addımlayıram. Göyərçinlərin məkanı olan bu park səsli-küylü vaxtlarında da hüzur verib mənə.

Parka addımımı atan kimi gözəl bir mənzərə ilə rastlaşıram; gənc ata iki qızı ilə göyərçinləri yemləyir...

İcazə alıb şəkillərini çəkirəm.

Ata deyir, düz iki kilo dən veriblər quşlara. Quşlar da hallarından məmnun görünürlər. Yeni ili qeyd edən sərxoş dostlar kimi sinələrini qabağa verib yanlarını basa-basa gəzirlər. Hərdən bir balaca havaya qalxıb qanadlarını çırpır, sanki uçmaq vərdişini itirib-itirmədiklərini yoxlayır və yenidən yerdə yem axtarışına davam edirlər.

Yeraltı keçidlə parkın o biri tərəfinə keçirəm. Burada Hüseyn Cavidin əzəmətli heykəli həmişəki sükunəti ilə irəli baxır. Heykəlin çiyinlərinə və başına qonan göyərçinlər hərdən havaya qalxıb qanad çırpıb yenidən yerlərinə qayıdırlar. Heykəlin başında yer eləmək üçün biri-birilərini itələyirlər.

Quşların bu hərəkəti keçidə qızılı hərflərlə həkk edilmiş sözləri xəyalımda canladırır:

Kəssə hər kim tökülən qan izini
Qurtaran dahi odur yer üzünü...

Günümüzlə səsləşir bu misralar. Cavidə ehtiramla baxıram və ürəyimdə müharibənin bitməsinə şükür edirəm.

Karantindən əvvəl bu parkda boş skamya tapmaq olmurdu. Sevgililər, tələbələr, uşaqları gəzdirməyə gətirmiş valideynlər, nənə-babalar parkı daha da gözəlləşdirirdi.

Mən də bu skamyaların bir çoxunda xoşuma gələn qızlarla oturmuşam, hətta bir neçəsini gizlincə öpmüşəm...

Elə o qızları və öpüşləri yadıma sala-sala parkdan ayrılıb dayanacağa yollanıram. Bir saatım artıq bitib. Vaxt bitməmiş şəhərin mərkəzinə, "Tarqovı"ya gedib oraları da gəzmək istəyirəm.

Zəfər plakatları və bayraqların altından keçib dayanacağa çatıram. Avtobusla 10 dəqiqəlik səfərdən sonra Nizami Gəncəvinin heykəlinin yanında düşürəm. Ulu Nizami yenə öz hikmətli kəlamlarını sətirlərə düzüb.

Qorumaq xüsusiyyəti olsa da maskada,
Artıq taxılanda bezdirir o da – öz-özümə dekonstruksiya edirəm məşhur misraları...

Yolun o biri üzündən bir ayağını o biri ayağının üstünə aşırmış Sabir mən tərəfə baxır:

Millət necə tarac olur olsun, nə işim var?
Vaksinlərə möhtac olur olsun, nə işim var?

Boş skamyaların arasından keçərək pilləkənləri düşürəm. Tarqovı adlandırdığımız Nizami küçəsindəyəm. Buralar da bomboş, buralar da sakit...

Həmişə səs-küylü olan Tarqovıda tək-tük adamlar görünür. Kafe və restoranların içində işıqlar sönülü, heç birindən musiqi, qab-qacaq səsi gəlmir. Küçədə səs salan gənclər də yoxdur.

Musiqili uşaq atraksiyonu hərəkətsiz dayanıb, nə səsi gəlir, nə işıqları. Necə gözəl imiş küçə ilə yeriyəndə arxa fonda tanımadığımız adamların uşaqlarının səsini, gülüşünü eşitmək!

Ya da bir uşağın pişik dalınca qaçdığını, itə heyrətlə baxdığını görmək.

Bir əlində telefon, bir əlində çətir tutan məşhur xanim heykəlinə yaxınlaşıb qulağına pıçıldayıram:

- Xanım, boşuna gözləməyin, icazəsi yoxdur deyə gələ bilməyəcək!

Əvvəlki Yeni il ərəfələri yadıma düşür. Yolkalar, işıqlar, yeni il yarmarkaları, içində insan olan böyük kuklalar, kafelər, restoranlar. Hər şey necə gözəl, necə möhtəşəm imiş əvvəl. İndi isə həmin bayramlardan demək olar heç nə yoxdu.

Qız Qalasının önündə quraşdırılmış böyük yolka və "2021" yazısı gözümə çox məğrur görünür. Elə bil, onlar da qələbəmizdən xəbərdardır, onlar da növbəti ilin daha gözəl olacağına inanır.

Həmçinin "Azneft" dairəsində dalğalanan şanlı bayrağımızın önündəki bəyaz yolkalar da gözümə həmişəkindən daha əzəmətli görünür.

Əslində, şəhərdə Yeni il ab-havasının elə də yüksək olmamasına səbəb şəhidlərimiz deyil, pandemiyanın yaratdığı fəsadlardır. Yoxsa əminəm ki, bu Yeni il bayramını şəhidlərimizi anaraq daha gözəl qeyd edəcəkdik.

Bunu düşünərkən sevgilisi ilə qucaqlaşmış, sakit-sakit addımlayan bir əsgərimizi görürəm. Yəqin döyüşlərdən qayıdıb, bəlkə də yaralanıbmış, sağalıb. Elə bir müddət onların arxasınca baxaraq düşünürəm ki, bizim indi Yeni ildən də gözəl öz bayramımız var: Zəfər bayramı!

Şəhidlərin canı, qazilərin qanı bahasına qazanılmış zəfər bayramı...

Bu Zəfər sevinci bütün xəstəliklərin vaksinidir.

Bu bayram sırf bizə məxsusdur!

Sevinib saatıma baxıram. 1 saat vaxtım qalıb. Tələsməliyəm!

Sürətlə addımlamağa başlayıram. "28 may" metrosunun qarşısına gedib, oradan avtobusa minəcəm.

Yolüstü Nəsiminin, Bülbülün heykəlinə salam verirəm. Onlarla söhbət etməyə vaxtım olmur.

Yeraltı keçidlərdə küçə musiqiçilərini görürəm. Şəhərin səs-küylü vaxtları üçün bir az da darıxıram.

"28 May" metrosunun qarşısında Cəfər Cabbarlının heykəli də sükunətini qoruyur, amma digərlərinə nisbətdə daha fikirli görünür.

Buranı da keçib Səməd Vurğun bağına daxil oluram.

Böyük şairin heykəlini görəndə kefim daha da yaxşılaşır. Elə bil şairin heykəli də "Azərbaycan" şeirini səsləndirir şəhərə və insanlara.

“Ayrılarmı könül candan” misrasını deyəndə əlini sinəsinə qoyur və anındaca daş heykələ çevrilib əbədiləşir ki, misralar dodağından uçub getməsin.

“Azərbaycan” şeirini içimdə səsləndirərək ətrafı, insanları seyr edirəm. Nə qədər virus bəlası olsa da, insanlar bezgin və yorğun görünsə də, şəhərdə qələbənin gətirdiyi hüzur hiss olunur.

Bütün döyüşən şəhərlərin əsas dayağı, qardaşı, göz bəbəyi Bakı rahat nəfəs alır.

Bizə Qarabağı gətirən 2020, əlvida!

COVİD-19-a baxmayaraq səni həmişə gözəl xatırlayacağıq!

2021, xoş gəlirsən!

# 8494 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #